İçində qohumlarla seks varsa...

İçində qohumlarla seks varsa...
3 may 2013
# 10:30

Qəribə birləşmədir : Magik Realizm ! Magizm hara, realizm hara ?! İlk baxışdan bu iki söz bir-birini inkar edir, itələyir, amma ədəbiyyat oksimoronları sevir. Bizimki kimi mədəniyyətlərdə isə nəinki ədəbiyyat, cəmiyyət də oksimoronlarla idarə olunur. Kim bilir, elə bəlkə buna görə də Latın Amerikasından sonra magik realizmin ən atəşin tərəfdarları, vurğunları bizdə olub. Hərçənd, mənə görə bu vurğunluq şifahi səviyyədən yazılı səviyyəyə keçə bilməyib, olsa-olsa bir-iki romanın, üç-dörd də hekayənin künc-bucağından nəsə markesfason şeylər görünür, vəssalam. Amma bizim ədəbiyyatda o qədər adam var ki, salam verirsən, bir Markes deyir, ağzından min Markes tökülür, əhvalını soruşursan, magik realizm deyir. Bu sürəkli vəcd halından ayrılıb bir nəfər də soruşmur ki, həzərat, nədir axı bu magik realizm ? Yaxın oturun, görək neynirik.

Magik realizm anlayışını haqqında ilk dəfə 1923-cü ildə Karl Haiderin rəsmləri haqqında yazdığı "Magik realizm" adlı məqaləsində Frans Roh işlətmişdir. Frans Roha görə magik realizm ən sadə şəkildə real olan şeylərin gündəlik həqiqətlə uyuşmayan ifadəsidir. Rohun fikrini belə açıqlamaq olar : Roh kitabının üz qabığına Anri Russonun məşhur bir rəsmi var. Rəsmdə bir ərəb səhrada yatıb. Bir tərəfində mandolin, o biri yanında bir aslan var. Uzaqdan ay da görünür. Roh yazır ki, bu qeyri-mümkün, irreal bir obrazdır, amma bu qeyri-mümkün görüntü gözümüzün qabağındadır, realdır və buna görə bu magik realizmdir.

Magik realizm anlayışını ədəbiyyata tətbiq edən isə italyan yazıçısı və tənqidçisi Massimo Bontempelli hesab edilir. Massimoya görə ədəbiyyat reallığın iki mərhələsinin - real dünya və xəyali dünya - birləşməsi ilə yeni bir atmosfer yaratmaq gücünə sahibdir. Bu anlayışın fantastika və sürrealizmlə sərhədləri tam aydın olmadığı üçün araşdırmaçılar üçün çətinlik yaradır. Magik realizmi təyin etmək elə də asan deyil. Bunun səbəbi isə hər yazıçının magik realizmi öz cəmiyyətinin adət-ənənələri çərçivəsində başqa cür ifadə etməsidir. Əlbəttə, yeganə səbəb bu deyil : bəzilərinə görə magik realizm reallığın magik və real tərəflərinin iç-içə olmasıdır, bir başqası üçün isə təzadların cəmlənməsidir.

Nə qədər fərqli fikirlər olsa da, magik realizmin də ümumi gözə çarpan özəllikləri var:

1. Metafizikaya inam

2. Qohum-əqrəba, nəsil-şəcərə əlaqələri

3. İntuisiya ilə, fəhm ilə qərarlar vermək, olacaqları öncədən sezmək

4.İnsest (qarmaqarışıq, böyük şəcərələrdən bəhs etmək, istər-istəməz insestə gətirir, Markesin "Yüz ilin tənhalığı" romanını xatırlayın )

5. Batil inanclara, şəhər əfsanələrinə, sehrə-caduya inam, folklora söykənmək

6. Kollektiv təhtəlşüurla oynamaq

7. Tarixi hadisələrin alternativinin yaradılması

Siyahını bir az da uzatmaq olar, lakin bir məsələ var ki, bütün sadalananlar yüzdəyüz qayda, akademik təsdiqini tapmış şeylər deyil. Bunlar daha çox dünyanın ayrı-ayrı yerlərində magik realizmi nəzəriləşdirmək cəhdlərindən doğan nəticələrdi.

Magik realizmdə ən gözə batan məsələ qohum-əqrəba əlaqələrinə önəm verilməsidir.Bu əsərlərdə bütöv mətn bir soy ağacı, şəcərə ağacı üstündə qurulur və əsərdəki hadisələrə bu soydan gələn qohumlar istiqamət verir. Lui Parkinson Zamora "Magik realizm" adlı antologiyanın giriş yazısında magik realizmdə təzadların yan-yana gəldiyini, hadisənin baş verəcəyini əvvəlcədən sezən intuitiv qənəatlərin dalbadal düzüldüyünü və siyasətin fantaziya ilə toqquşduğunu yazır. Zamora yazır ki, magik realist əsərlərdə şişirtmə, hiperbola, qrotesk üslubun ən əsas elementidir. Məsələn, Latın Amerikada insanlar miflərlə, əfsanələrlə, batil inanclarla iç-içə yaşayırlar. Onlar üçün qeyri-adilik həyatın ən adi həqiqətidir. Bu kontekstdə, Zamoraya görə metafizika bəsit yox, adidir, sıradandır. Magik realizmdə sehr-cadu adiləşir və normalmış kimi qəbul edilir. Magik realizmdə tarix xronoloji ardıcıllıqla təsvir edilmir.

Magik realizmdə baş verməsi qeyri-mümkün olan hadisələrin özü metafora kimi əsərdə iştirak edir. Bu cür əsərlərdə yazıçı xarici reallığı, gördüklərini olduğu kimi əsərinə salmır, onu qarmaqarışıq hala salır, şişirdir, sonra əsərinə daxil edir.

Magik realizm ətrafındakı mübahisələrin biri də budur ki, ilk magik realist əsər hansıdır ? Bəzilərin görə magik realizm Servantesin "Don Kixot" əsəri ilə başlayır və yel dəyirmanlara hücum etmək ilk magik realist aktdır. Anhel Floresə görə magik realizm Kafkadan çox təsirlənmiş Borxesin "Alçaqlığın bəşəri tarixi" əsəri ilə başlayır. Paradoks burasındadır ki, Flores həm yazır ki, magik realizm sırf Latın Amerikasına məxsusdur, həm də bu cərəyanın köklərini Kafkada axtarır.

Latın Amerikasında magik realizmin banisi Kuba yazıçısı Aleho Karpentieri hesab edirlər. Karpentier "real maravilloso", yəni "möcüzəli realizm" cərəyanının yaradıcısı hesab edilir ki, bu cərəyan sonradan magik realizm adlandı. Onun " Dünya hökmranlığı" adlı romanında tarixdən, ənənədən bəslənən, kollektiv inanca möhkəm bağlı olan, kökünü Latın Amerika mifologiyasından alan bir təhkiyə hakimdir. Karpentier görə magik realizm üçün ən əsas inancın olmasıdır. Karperntier sürrealistləri tənqid edib yazır ki, onlar qeyri-adini reallıqda axtarmırlar, sadəcə qəribəlik hissi yaratmaq üçün istifadə edirlər.

Magik realizmlə fantastik əsərlərin arasındakı əsas fərq təhkiyəçinin və personajların magik elementləri qavrama, onlara reaksiya vermə formalarıdır. Bu mənada magik realizmlə fantastikanın arasında əsas üç fərqdən danışmaq olar : birincisi, magik realizmdə metafizikanın təbii, adi bir hal kimi qəbul edilməsi, ikincisi, magik və real olan elementlərin bir-birinin içində rahatca yerləşməsi, üçüncüsü isə yazıçının təmkini. Fantastikadan fərqli olaraq magik realizmdə məntiqi paradoks yoxdur, çünki fantastika əsasən iki bir-birinə zidd kodun bir yerdə olmasından yaranır, amma magik realizm üçün bu adidir. Fantastik əsərlərdə yazıçı yazdıqlarının fantastik olduğunu əsər boyu oxucuya sezdirir, magik realizmdə isə təhkiyəçi bütün qeyri-adi hadisələri adi qəbul edən, bunları həyatın tərkib hissəsi kimi təklif edən bir mövqedə olur.

Magik realizm mənə görə Avropa rasionalizmi ilə Latın Amerikanın ibtidai elementlərinin kokteylindən yaranmış bir dünyagörüşdür, bizimki kimi inkişaf etməkdə olan üçüncü tip ölkələrin çağdaş sənət təmayyüllərinə canatımıdır. "Başqası, o birisi" kimi olmağa çalışan, amma sona qədər də öz köklərinə bağlı qalmaq istəyən magik realizm, ədəbi infantilliklə yetkinliyin arasında bir mərhələdir.

# 7839 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #