Ultrasondakı görüntülərə baxanda - Günün şeiri

Qismət Rüstəmov

Qismət Rüstəmov

15 mart 2023
# 11:47

Bu gün şair-esseit Qismət Rüstəmovun doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun qızına yazdığı “Qızım Dəfnə üçün” şeirini təqdim edir.

Ultrasondakı görüntülərə baxanda

çaşıb qalmışdıq ananla,

izaholunmaz bir sevinc bürümüşdü bizi.

Bu səndin, qızım,

zülmətin içində işaran

çeçelə barmaq boyda bir işıq gilizi…

Günü-gündən böyüyən,

ürəyi döyünən bir işıq!

Sən doğulan gün

bumeranq kimi öz üstümə qayıtdım,

duaların ətəyindən yapışdım,

və üzündəki ilahi cizgilərə baxıb

növbədənkənar göz yaşları axıtdım.

Qızım, indi elə əl-qol atırsan ki,

üzməyi öyrənirsən sanki.

Havanı təpikləyirsən,

elə bil, dünyada özünə yer eləyirsən…

Amma sən doğulan gün mən də böyüdüm,

o qədər böyüdüm ki,

indi sənin təsbeh dənəsi gözlərindəki

əksim boydayam.

# 1782 dəfə oxunub

Müəllifin son yazıları

# # #