“Tarix və tale”də keçmişin “zombi”ləri

“Tarix və tale”də keçmişin “zombi”ləri
8 sentyabr 2020
# 12:03

Hərdən gözünü açıb dünyanı “endirimlər”dən, “sərfəli kampaniyalar”dan ibarət görən Z nəslinin nümayəndələri universitetin bufetində məni yanlayıb xala-xətrin qulaq asdıqları mühazirənin “hədiyyəsini” istərcəsinə maraqlı suallar verirlər.

Məsələn, qladiator saqqalı saxlayan biri soruşur: “Müəllim, bu Platonun ideyalar nəzəriyyəsini loru dildə başa salmaq olarmı?” Yarımfabrikatların, fast-foodların dünyasında böyüyən gənclər get-gedə hər şeyi zəhmətsiz, tez-bazar, qısa yoldan əldə etmək istəyirlər, ən çox da bilgini. Olsun, bu da reallığın bir üzüdür.

Gülümsəyirəm, çarəsiz şəkildə Platon fəlsəfəsindən “klab-sendviç” düzəltməyə başlayıram: “Platon təxminən belə deyir: bu dünyadakı hər şey “second hand”dir, Çin malıdır, “Sədərək” bazarındakı “podorginal” şeylərdir, bu dünyadakıların orijinalı, əsli, başqa yerdədir – ideyalar aləmində.”

Ekzistensial sısqalıqda başqa bir tələbə soruşur: “Bəs Sartr necə?” Eynəyimi silməyə başlayıram: “Sartr təxminən belə deyir: cəmiyyətin ənənəvi sistemləri tozsorandır, onların gözündə insanın azadlığı toz kimi bir şeydir, ona görə bizim içimizdəki azadlığı boşaldıb, yerinə öz qanunlarını doldurmağa çalışır, dərimizə saman yox, “köhnəlmiş zaman” təpmək istəyir, bizi özünə sərf edən formada əhliləşdirməyi arzulayır.”

Həyəcanlı eynəyi tez-tez burnundan sürüşən bir başqası tələsik söhbətə qoşulur: “Bəs Aqşinin sonuncu kitabını bəyəndinizmi?” Deyəsən, söhbətimiz uzun çəkəcək, bufetçiyə əl edirəm: çay, dörd stəkan. Üzləri gülür, sevinirlər.

Bu yazı hələlik asan yolla əldə etmək istəsələr də, ciddi kitablarla maraqlanmaqdan vaz keçməyən bütün tələbələrin işıqlı sevincinə ithaf olunur.

***

Aqşinin romanıyla bağlı örtülü, yaxud açıq iradların daha çox süjetin, hadisənin azlığı haqqında olması düşündürücüdür. Deyəsən, pis-yaxşı şeirin təkcə qafiyə ilə, heca vəznində yazılmadığını anlayan ədəbiyyat dünyamız özünə bu dəfə roman sənətiylə bağlı bir ehkam yaradıb: sujet, hadisə. Halbuki poeziya kimi roman sənəti də bircə ənənə üstündə deyil. Məcazi dildə desək, sərbəst şeir kimi sərbəst roman da var – bunun nəzəri dildəki adı “sujetsiz romandır.” İngiliscə “plotless novel”, rusca “бессюжетный роман” deyirlər və faktiki olaraq Aqşinin romanı bu istiqamətin hələlik yeganə ciddi nümunəsidir, ikinci nüsxəsi yoxdur. Çağdaş dövrdə bir az kinematoqrafiyanın, bir az da reklam dünyasının, PR sistemlərinin təsiriylə hamı özünə hekayə düzəltmək, hekayə yaratmaq istəyir, buna görə də tənqidi qeydlərdə tez-tez “hekayəsizdir, hadisəsizdir” kimi iradlar eşidirik.

Aqşinin əsəri kökləri Volterə, Russoya, Lourens Sternə gedib çıxan, ötən əsrdə əvvəlcə Herman Broxda, Allen Rob-Qriyedə, sonra isə Milan Kunderada davam edən roman ənənəsi üstündədir. Əlbəttə, tutalım, Stern və Brox bu istiqamətin daha radikal qanadını, Kundera qismən ənənəvi romanla sintez içindəki cinahını təmsil edirlər. Məsələn, modernist romanın əcdadlarından sayılan Lourens Sternin “Cənab Tristram Şendinin həyatı və düşüncələri” əsəri oxucuya vəd etdiyini axıra qədər danışmayan, həmişə ertələyən, el dilində desək, “onu qoyub bunu danışan” bir təhkiyəçinin dilindən yazılıb, vahid süjet xətti yoxdur. Təhkiyəçi fasiləsiz şəkildə ana əhvalatı ertələyir.

Bir başqa misal estetik modernizmin şedevrlərindən sayılan Herman Broxun “Vergilinin ölümü” romanıdır. Roman klassik şair Vergilinin ömrünün son on səkkiz saatında yadına düşənlər, ağlından keçənlərdir, vahid sujet xətti yoxdur, əsərin süjetini nəql etsək, heç beş-altı səhifə etməz, amma roman 500 səhifədir.

XX əsrin ikinci yarısında usta yazıçılar ənənəvi, xətti roman ilə süjetsiz, qeyri-xətti (non-linear) roman ənənəsinin hər ikisindən bəhrələnməyə başladılar. Poeziya üzərində forma məsələləri izah etmək asandır deyə, şərti bir analogiya aparmalı olacağam: çarpaz qafiyəli, ABAB qafiyə sxemi ilə yazılan şeirin romandakı formal qarşılığı, təxminən, Bulkaqovun “Master və Marqarita”sı, yaxud bizim son dövrlərdəki ən uğurlu romanlarımızdan olan böyük yazıçımız Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanıdır. Bu romanlarda axıra qədər iki paralel xəttin inkişafı gözlənir, şeir dilində desək, birinci misrayla üçüncü misra, ikinci ilə dördüncü qafiyələnir. Axıra qədər bütün tək rəqəmlərlə işarələnmiş hissələr öz aralarında, cüt rəqəmlərlə işarələrmiş hissələr öz aralarında qafiyələnirlər.

Ancaq, tutalım, eyni formanın daha sərbəst formalarında, məcazi desək, həmişə bəzi misralar sərbəst buraxılır. Məsələn, Lyosanın “Culiya xala və cızmaqaraçı” romanında əsas əhvalata paralel xətdəki radio-pyeslərin hər biri müstəqil hekayələrdir, aralarında çox cüzi bağlılıq var. Həmin ənənə üstündə olan Orxan Pamukun “Qara kitab” romanında əsas əhvalata paralel hissədəki köşə yazılarının hər biri başqa problemə həsr edilib, ardıcıllıq yoxdur. Culian Barnsın “10,5 hissə dünya tarixi” adlı kitabı hər fəsli başqa mövzuya həsr edilmiş alternativ-tarix kitabı kimi qurulub, heç bir əhvalatın digəriylə əlaqəsi yoxdur. Nabokovun “Solğun atəş” romanı bir şairin şeirlərinə yazılmış şərhlərdən ibarətdir, formanın daxili gücü və üslub süjetin yerinə keçib. Siyahını uzatmaq istəmirəm, kəsəsi, həm forma, həm də süjetə yanaşma baxımından roman belə də ola bilər, əsas məsələ bunu başa düşməkdir.

Aqşinin romanı modernizmdən əvvəlki dövrün “qafiyəli sxemləriylə” düşünən, yaradıcı axtarışlar əvəzinə, ənənənin komfort zonasında qalmağı seçənlər üçün deyil. Zəruri qeyd: estetik modernizmə aid romanlar çox vaxt ənənəvi yollardan qaçdıqları üçün həm də “eksperimental ədəbiyyat” başlığı altında ifadə olunur. “Sujetsiz roman”la maraqlananlar, nümunə kimi, məsələn, ötən əsrdə Tanizaki ilə Akutaqava arasındakı məşhur polemikaya baxa bilərlər.

***

Sözün düzü, hələ də sentimental xatirə qırıntılarının bədii mətn, təəssüratdan o yana keçməyən predmetsiz yazıların tənqid adına təqdim olunduğu fərəhsiz ədəbi mühitimizdə Aqşinin sonuncu kitabı təhlil olunası azsaylı fərəhli hadisələrdəndir.

“Tarix və tale” dünyanın yaranmasıyla bağlı kanonik əhvalatın tərsinə təqdimatıyla başlayır. Klassik variantda tanrı dünyanı və insanı altı günə yaradır, bazar günü isə dincəlir. Aqşinin romanı bazar günündən başlayır, bu dəfə dincələn insanlardır, ancaq nəsə yaratdıqları üçün yox, yaşamaq uğrunda bir həftəlik mübarizəni sağ-salamat yekunlaşdırdıqları üçün istirahət edirlər. Elə birinci fəslin əvvəlindəcə romanın nə haqqında olmasıyla bağlı ipuclarıyla tanış oluruq:

“Bəzən bütöv bir ailə məskunlaşdığı şəhərdə, hətta bütöv bir xalq yaşadığı coğrafiyada adadakı Robinzonun vəziyyətinə düşür; bizim müqəddəs xristian üçlüyünü xatırladan ailəmiz də belələrindəndir.”

Bu sitatdan da göründüyü müəllif bir ailə modelində bir coğrafiyanın – Qafqazın problemlərindən danışacağını və bunu atan-ana-oğul üçbucağından ifadə edəcəyini xəbər verir. Təcrid mexanizminin ardıcıllığına fikir verin: ailə şəhərdə, xalq coğrafiyada... Yeri gəlmişkən, romanın narratoru oğuldur; əsər evdəkilərdən gizlin hekayələr yazan oğulun non-linear daxili monoloqu şəklində yazılıb.

Aqşin bütün roman boyu heyrətamiz bədii enerjinin müşayiəti ilə Nabokovyen stilistik gedişlər edir. Tutalım, “Tarix və tale”də mətbəxdəki taxta çömçənin “sən de yeyə bilərsən” mənasına gələn heroqlifə bənzədilməsi, “Lolita”da Humbert Humbertin çıxılmaz vəziyyətdə olanda əl-üz yuyana düşən saç telini sual işarəsinə oxşatması kimi zərif üslubi analogiyadır.

Romanın narratoru öz kamera gözlərini evin içində gəzdirdikcə, təkcə zahiri predmetləri təsvir etmir, Məlikməmmədin quyusuna – ailənin şüuraltısına da enməyə başlayır və bu bədii enişdə, bu intellektual dalğıc əməliyyatında bütün saxta kimliklər sıradan çıxmağa başlayır, beləcə, üzləşməkdən qaçdığımız, soğan qabığı kimi qatbaqat yaddaşın dərinliklərində zəncirə vurduğumuz milli kimliyin problemləri bir-bir aşkara çıxır. Soğanı nahaq yad etmədim, dünya ədəbiyyatında soğan yaddaşın, xatırlamağın ədəbi qarşılıqlarındandır; Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın” şeirini xatırlayın, yaxud Günter Qrassın “Soğanı soyarkən” adlı məşhur avtobioqrafiyasını. Aqşin romanın sərlövhəsinə qədər çıxardığı “tarix” “tale” ayrımı ilə deyir ki, biz “soğan olsun nağd olsun” prinsipiylə taleni, yəni əsərdə ananın timsalında təqdim olunanı (ona Zəmanə xanım da demək olar) seçdiyimiz üçün, tarixə, yəni əsərdə şərti olaraq atanın timsalında təqdim edilən (ona Zaman müəllim də demək olar) milli kimliyin min soğan qabığı altında gizlənmiş problemlərinə biganə qalmağımızın cəzasını çəkirik.

Müəllif romanda “həyatı bir gün gec...”, “Azərbaycan Rusiya vaxtı ilə...”, yəni təxminən slow-motionda yaşayan atadan tutmuş, geyindiyi bahalı kürkün yırtıcı keçmişindən güc alan yarım-şamanik anaya, milli diribaşlığın simvolu olan dayıya qədər, eləcə də ədəbiyyatın UZİ-sinə saldığı bütün personajları “Edip əməliyyatı”na salır...

Bir-birindən çox fərqli yozumları olsa da, Sofoklun “Çar Edip” pyesi kimlik problemləri haqqındadır. Xatırlayaq: Teb şəhərinə taun yayılır, bir kahinin dediyinə görə, bunun səbəbi Tebin kralı Layın Delfi yolunda müəmmalı şəkildə qətlə yetirilməsidir. Elə bu ərəfələrdə Edip Teb şəhərinə gəlir və Sfinksin suallarını cavablandıraraq şəhəri xilas edir, kral seçilir və dul kraliça İokasta ilə evlənir, ondan iki oğlu, iki qızı olur. Edip kor kahin Tiresini kralın müəmmalı ölümünü aydınlaşdırmağa çağırır, ancaq kahin sirli şəkildə deyir ki, müəmma onun özüdür, özünü dəf etməlidir. Edip şübhələnir ki, Tiresi İokostanın fırıldaqçı qardaşıyla əlbir olaraq ona kələk gəlmək istəyir, ancaq İokasta araya girərək davanı sakitləşdirir və deyir ki, mərhum ərim “üç yol ağzında” quldurların hücumuna məruz qalaraq öldürülüb. Bu sözlər Edipin yadına tanımadığı bir neçə adamı öldürdüyü günü salır. Onlardan biri sağ qalmış və Teblilərin yanına qayıtmaq əvəzinə meşəyə buraxılmaq üçün yalvarmışdı, Edip də onu əfv etmişdi.

Sonrakı səhnədə Korinfdən gələn çapar xəbər verir ki, Edipin atası ölüb. Bu xəbərdən sonra Edip danışmağa başlayır ki, Delfidən bir kahin mənə “atanı öldürüb, ananla evlənəcəksən” demişdi, ona görə də ordan qaçmışdım. İndi də anamla evlənmək qorxusundan ora qayıtmaq istəmirəm. Ancaq Korinfdən gələn çaparın Edipə xoş xəbəri də var: o, Korinf kralı ilə kraliçasının oğlu deyil, başqa yerdən tapılıb, sən demə, övladları olmayan kral ilə kraliça onu oğulluğa götürüblər. Əgər Tebli bir çoban onu tapmasaymış, şişmiş ayaqlarıyla çox yaşamayacaqmış, adı da buna görə Edipdir. (Edip – şiş ayaq deməkdir.)

Beləliklə, yeni bir sual yaranır: kimdir bu Tebli çoban? İokasta qəfildən dəhşətli həqiqəti başa düşür və Edipə yalvarır ki, bu araşdırmadan vaz keçsin. Ancaq Edip inad edir, “kim” olduğunu öyrənməlidir. İokasta həmin gün özünü asır. Edip fəryad edir:

“Özümdən başqası olmaq istəmirəm, necə doğulmuşamsa elə olmalıyam, kim olduğumu tapacağam.”

Tebli çoban tapılır və Edip hər şeyi öyrənir: yolda öldürdüyü kral onun atası, evləndiyi qadın isə anası idi...

Edip özünü kor edir və həyatının qalan hissəsini Afinadan kənarda ibadət edərək keçirir.

Sofoklun pyesindəki əsas məqam budur: “Kim olduğumu tapmalıyam.” Buna görə də mən kimlik axtarışlarıyla bağlı bütün araşdırmalara, təhlillərə “Edip əməliyyatı” deyirəm. Edipin soyub üzə çıxardığı hər “kimlik” ona bir həqiqəti əyan edir: sən demə o, əslində, nə uğurlu rəhbər, nə normal həyat yoldaşı və ata, nə də şəhərin xilaskarıdır. Əslində o, əvvəlcə qatil, sonra alt təbəqədən bir kölə, gəlmə və nəhayət taleyin əlindəki oyuncaqdır. Onun gözləri bunları görmür, amma kor kahin Tiresininki görür, elə ki, bunları başa düşür, o da kor olur.

Aqşin də “Tarix və tale”də “saxta kimlikləri” deşifrə edir; əsərdə ana özünü həkim hesab etsə də, tibb bacısıdır, keçmiş siyasi məhbus özünü həyatın mənasını başa düşmüş filosof hesab edir və s.

Roman keçmişin yekunlaşmayan, başa çatmayan çöhrələrdən, “hər şeyin xəstə və şikəst” olmasından, amma canını tapşıra bilməməsindən bəhs edir. Məncə, romanın bu qatını da “mifo-poetik”, yaxud başqa adıyla “arxetipik tənqid” metoduyla oxumaq olar. Prinsipcə, romandakı elektrik ustası ata tanrılardan odu (oxu: işığı, bilgini) oğurladığı üçün Qafqaz dağlarına zəncirlənmiş Prometeydir. Mifoloji dünyagörüşündə Qafqaz əsasən cəza düşərgəsidir. Aqşinin romanında Prometeyin ciyərini didən qartal mentalitetdir, tarix boyu taleyə təslim bayrağı qaldırmış adamlardır.

Bu cəzanın bitməməsi, qapalı dövrədə təkrarlanmasının səbəbi tarixlə üzləşməkdən qaçmaqdır, keçmişin bizə ünvanladığı Sfinks tapmacalarını məişət “krossvord”larına dəyişməyimizdir, yəni heç cürə başa vura bilmədiyimiz, yarımçıq qalmış modernizm layihəsidir. Sizi bilmirəm, bu hiss məni heç vaxt tərk etmir: elə bil, Qafqazda daim hər şey ertələnir, sonraya qalır, həmişə bir not çatışmır, qocalar vaxtında ölmür, cavanlar vaxtsız vəfat edir deyə nəsil anlayışı baş-ayaq olub, sanki biz mifik qəhrəman Sibillanın aqibətinə düçar olmuşuq: o, əbədi həyat istəmişdi, amma əbədi gənclik deməyi unutmuşdu deyə, qocala-qocala çəyirtkə boyda əzik-büzüş bir varlığa çevrilmişdi...

Aqşinin romanı öz həqiqi simamızla qarşılaşmaqdan qorxduğumuz üçün saf-çürük etməkdən qaçdığımız, “o da olsun, bu da” deyərək heysiyyətsiz bir tamahkarlıqla gözardı etdiyimiz, yəni, tutalım, ötən əsrdə ilk dəfə başqa millətlər içində özümüz kimi olmaqla bağlı narahatlıq keçirərək “Yox millətimin xətti bu imzalar içində” deyərək öz vətənində itkin düşən Məhəmməd Hadi ilə “Lenin kitabında görürəm aydın, xoşbəxt millətimin imzasını mən” deyərək Ali Sovetin sədrliyinə qədər yüksələn Süleyman Rüstəmi eyni ədəbiyyat tarixində tədris edən müstəmləkə əxlaqının nəticələri haqqındadır. Kassa filmlərində keçmişdəki bir günaha görə xortdayıb çıxan zombilər kimi, biz də özümüzlə üzləşmədikcə, kimlik axtarışlarımızda dürüst olmadıqca, yaxamızdan hələ çox xortdanlar sallaşacaq.

6.09.2020

# 5583 dəfə oxunub

Müəllifin son yazıları

# # #