Dünya şeirindən seçmələr
Mark Strand
1999-cu ildə “Blizzard of One” kitabı ilə Pulitser şeir mükafatını qazanan Mark Strand 1934-cü ildə Kanadada doğulub. Uşaqlığı ABŞ və Cənubi Amerikada keçib. Yale, Princeton və Harvard Universitetlərində müəllim kimi çalışıb.
Özümdən vaz keçmək
Vaz keçirəm şüşə kimi yumurta gözlərimdən.
Vaz keçirəm dilimdən.
Vaz keçirəm dilimin ədəbi yuxusundan – ağzımdan.
Vaz keçirəm səsimin köynəyindən – qırtlağımdan.
Vaz keçirəm qızmar kürədən – ürəyimdən.
Vaz keçirəm ayı heç görməmiş ağaclara bənzəyən ciyərimdən.
Vaz keçirəm yağışda gəzişən bir daşın qoxusu kimi öz qoxumdan.
Vaz keçirəm on dua olan əllərimdən.
Vaz keçirəm məni onsuz da buraxmaq istəyən qollarımdan.
Vaz keçirəm ancaq gecələr sevişə bilən ayaqlarımdan.
Vaz keçirəm uşaqlığın ay parçası olan gündəyməzimdən.
Vaz keçirəm baldırlarıma cəsarət pıçıldayan fallasımdan.
Vaz keçirəm paltarlarımdan, küləkdə uçuşan divarlardan,
o paltarların içində yaşayan kabusdan vaz keçirəm.
Vaz keçirəm. Vaz keçirəm.
Sən onların heç birinə sahib olmayacaqsan, bu saat başlayıram
heç nəsiz, təzədən.
Şeiri yemək
Mürəkkəb axır ağzımın qırağından.
Məndən xoşbəxti yoxdu.
Şeir yeyirəm.
Kitabxanaçı xanım inanmır gördüyünə.
Gözləri hüznlü,
yeriyir əlləri cibində.
Şeirlər yeyilib qurtardı.
İşıq solğun.
Pilləkənə çatdı köpəklər, yuxarı çıxırlar.
Köpəklərin gözləri hədəqəsindən çıxıb,
pəncələri sarışın olan od vurur hər yana.
Ayağını yerə döyüb zırıldayır zavallı kitabxanaçı qadın.
Başa düşmür.
Diz çöküb, əlini yalayanda,
qışqırmağa başlayır.
Mən artıq yeni bir insanam.
Qadının yan-yörəsində hərlənib, hürürəm.
Nəşəylə qaçıram atılıb düşə-düşə kitabi qaranlığa.
Yeni şeir bələdçisi
1 Bir şeiri anlasan,
başın bəlaya girər.
2 Bir şeirlə yaşasan,
tənha ölərsən.
3 İki şeirlər yaşasan,
o birini aldadarsan.
4 Bir şeir çıxardım desən,
Uşaqlarının sayısı bir azalar.
5 İki şeir çıxardım desən,
uşaqlarının sayı iki azalar.
6 Tac taxsan yazı yazanda,
səni tezcə ilişdirərlər.
7 Tac taxmasan yazı yazanda,
heç kimi aldatmaz özündən başqa.
8 Bir şeirə əsəbləşsən,
gülüş hədəfi olarsan kişilərin.
9 Bir şeirə əsəbləşməyə davam etsən,
gülüş hədəfi olarsan qadınların da.
10 Şeiri aşağılasan ortalıq yerdə,
ayaqqabıların nəcislə dolar.
11 Güc sahibi olmaq üçün şeiri tərk etsən,
çox güc qazanarsan, çox.
12 Öz şeirinlə öyünsən əgər,
axmaqlar sevər səni.
13 Öz şeirinlə öyünüb, həm axmaqları sevsən.
artıq yaza bilməzsən.
14 Şeirinə görə təriflənmək istəsən,
eşşəklikdən doymazsan.
15 Şeir yazsan, başqasının şeirini öysən,
gözəl sevgilin olar.
16 Şeir yazsan, başqasının çox öysən,
qaçırarsan sevgilini əldən.
17 Başqasının şeirini müdafiə etsən,
qəlbin iki dəfə böyüyər.
18 Şeirlərini ayazda buraxsan,
ölümdən qorxarsan.
19 Ölümdən qorxsan,
şeirlərin səni xilas edər.
20 Ölümdən qorxmasan,
şeirlərin səni bəlkə xilas edər, bəlkə də yox.
21 Bir şeiri bitirsən,
boşalar sənin üstünə alışqanlığın buraxdığı boşluq,
öpər səni bomboş bəyaz kağız.
Andrzej Bursa.
Polyak şair Andrzej Bursa (1932-1957) çağdaş polşa şeirində ənənəvi estetizmə üz çevirən və latınca “turpe” (çirkin, formasız) sifətindən əmələ gələn, “turpizm” deyilən şeir cərəyanının, yəni “çirkin şeirin” ən önəmli şairlərindəndir. Çirkin və biçimsiz olana heyranlığını ifadə etdiyi şeirlərində, Bursa xeyli fizioloji terminlərdən istifadə edir, bayağı, vulqar dillə yazır. 25 yaşında ölən şair polyak ədəbiyyatının əfsanələrindən sayılır.
Şənbə.
Tanrım, nə gözəl axşam idi;
kalan araq, kalan pivə.
Özümü babat buraxmışam sən demə,
yadıma düşür ki, qurtulmuşam sonra
plyuş pərdəylə
barmaqlıqların arxasındakı mətbəxin
arasında gəncliyimin
mənə yüklədiyi lüzumsuz enerjidən.
Mümkün idi
enerjimi başqa cür dəyərləndirmək də.
4 reportaj yaza bilərdim məsələn
balaca qəsəbələrin inkişaf perspektivləri haqqında.
Amma
balaca qəsəbələr şeyimə də deyil!
balaca qəsəbələr şeyimə də deyil!
balaca qəsəbələr şeyimə də deyil!
Düşük bir sillogizm.
Gözəl olan heç nəyi havayı ala bilmirsən.
Günəşin batması havayıdı,
deməli gözəl deyil.
Amma prima sorta bir kafenin unitazına qusa bilmək üçün
nə qədər pulun varsa arağa basmalısan.
ergo
Rəqs salonunun unitazı gözəldi, amma
günəşin batması yox.
Amma bunun yalan olduğunu deyəcəm sizə.
Günəşin batmasını da,
gecə klubunun tualetini də görmüşəm.
aralarında çox da fərq yoxdur.
Uşaq oyunu.
Ürəyin hər şeydən sıxılsa,
“Bir Mələk Bir Qoca” oyununu yoxla
qaydası belədir:
bir badalaq gəlirsən qocaya
sifətiynən asfaltı öpür
mələk başını əyir
5 qəpik verisən qocaya
mələk başını qaldırır
daş vurub eynəyini qırırsan qocanın
mələk başını əyir
qocaya tramvayda yer verirsən
mələk başını qaldırır
qocanın başına bir qab sidik əndərirsən
mələk başını əyir
“Allah rizası üçündü” deyirsən qocaya
mələk başını qaldırır
və beləcə oyun davam edir
sonra başını atıb yat
yuxuna ya bir mələk ya da bir əcinnə girəcək
mələk girsə qalibsən
əcinnə girsə məğlub
yuxu görməsən bil ki
heç-heçədir.
Umberto Fiori.
1949-cu ildə İtaliyada, Sarzanada doğulub. Ədəbiyyatdan başqa rok musiqisi ilə maraqlanıb, bəstəkar kimi 80-ci illərdə tanınıb. “XIX əsr İtalyan poeziya antologiyası” hazırlayıb. Şeirləri İngiltərədə və İrlandiyada iki ayrı kitab şəklində çap olunub.
Uçuş.
Bəzi yaz axşamları, masa
çöldə qurulanda, hava
qaralıb elektriklənməmiş, torpaq
və fırtına qoxusu gəlir, (yağmur
yağmır hələ, amma göy gurultusu
eşidilir uzaqdan), saçlarınızın
və qulaqlarınızın xəfifcə
sığallandığını hiss edirsiniz.
Masa örtüyünü
qanadlı qarışqalar bürüyür.
Mədəni bulandırır onların orda,
bir stəkanın içində
dəlicə uçuşduqlarını
və üzümlərin üstündə titrəşməsini görmək.
Mən də belədə düşdüm
buludlardan
otuz yaşlarımda
gerçək insanların içinə.