Kulis aktrisa, aparıcı, bu günlərdə türk dilində “P.S. Zaten boyun da küçüktü...” adlı kitabı çap olunan Gülay Hüseynova ilə müsahibəni təqdim edir. Qeyd edək ki, “P.S. Zaten boyun da küçüktü...” romanı “Əli və Nino” mağazalar şəbəkəsində aprel ayının ən çox satılan kitabı olub.
- Ədəbiyyata marağın necə yarandı? İnsan hər halda birdən-birə durub kitab yazıram demir...
- Uşaqlıqdan yaxşı aktrisa olmaq istəmişəm. Radioya da belə gəldim. Filmlərdə, seriallarda oynayırdım, amma səsimi bəyənmirdim. Səsimlə oynaya bilmirdim çünki. Baxışları, mimikaları verirdim, amma səsim oynaya bilmirdi. Həddindən artıq tələbkaram özümə qarşı. Fikirləşdim ki, səsimlə oynamaq, o emosiyanı verə bilmək üçün radioda özümü sınamalıyam. Araz FM-ə layihə üçün yazdım və fikrimi bəyəndilər, aparıcılıq üçün OK verdilər. “Radioskop” əyləncəli və maarifləndirici bir veriliş idi. Biz, üç qız olaraq verilişə birlikdə başladıq. Həyatda da münasibətimiz yaxşı olduğuna görə, düşünürəm ki, veriliş kifayət qədər uğurlu alındı. İyul ayında Media FM-dən mənə aparıcılıq təklifi gəldi. Ümumiyyətlə, heç vaxt aktiv radio dinləyicisi olmamışam. Radio mənim üçün tamam yad bir anlayış idi deyə aparıcıları da tanımırdım. Araşdırdım və məlum oldu ki, gələn təklif DJ Fatehlə Rəvan Bağırovun təqdimatındakı, ölkənin ən reytinqli səhər şousundan imiş. Verilişin formatı və ümumiyyətlə, bu aparıcılar haqqında məlumatım olmadığından əvvəl çətin gəldi. Həm çətin, həm də dinlənilən efir olduğundan daha çox məsuliyyətli. Məsələn, Araz FM-də üç qız idik və ən əsası da, rəfiqə idik. Bir-birimizi tanıyırdıq. Həm tanımadığım insanlar, həm əks cinsdən olmaqları, həm də ən reytinqli radio efiri... Düşündüm ki, mənə olan etimadı doğrultmalıyam. Onların proqramı “qaqaşfason” idi, biz isə qızlarla kino, kitablar, teatr, dəb və s. bir sözlə, incəsənət və mədəniyyətdən danışırdıq. Sanki bunlar tində əlində təsbeh oturan qaqaşlar idi, biz isə göz süzdürən incə-mincə qızlar. Əvvəl-əvvəl düşünürdüm ki, bacarmayacam. Onlar çox yaxşı paslaşırdı, çünki uzun müddət birlikdə yaratdıqları obrazları mənimsəmişdilər. Mənə isə uyğunlaşmaq çətin idi.
- Kitab necə oldu?
- Bu da yaxşı aktrisa olmaq üçün. Xarici ölkələrdən müxtəlif xarici dillərdə kitablar sifariş edirdim. Hətta bir dəfə fransız dilindəki kitabı belə çətinliklə də olsa oxumağa çalışmışdım. Aktrisalığı kitablarla öyrənirdim. Kitablar mənə çox şey verirdi. Oxuduğum kitablardan, daha dəqiq desəm, Maykl Pauelin aktyorluq haqqında kitabında belə bir cümlə var idi; yaxşı aktrisa olmaq üçün yazmağı da bacarmalısan. Sən ssenarini özün yazmalısan ki, dərk edə, mənimsəyə və ən əsası, yaşaya biləsən. Öz-özümə araşdırdım, bəyəndiyim aktyorların hamısında rejissorluq, prodüserlik, ssenaristlik təcrübəsi və s. vardı. Demək ki, peşəkarlar özünü bu sektorun hər qolunda sınamışdı. Düşündüm ki, arzusunda olduğum rolu özüm yazmalıyam və yazdım da. İnandırıcı olmağı üçün gündəlik həyatımdan parçalara yer ayırsam da, ümumilikdə, hadisələrin 60-70 faizi fantaziyamın məhsuludur, real deyil. Kitabdakı Yaya obrazı, arzusunda olduğum roldur. Yazarkən bunu kadr-kadr görərək yazmışam. Hər bir detalını film üçün hesablamışam.
- Aktrisa kimi ideal qəbul etdiyiniz kimdir?
- Sözün düzü çoxdur.
- Birini deyin.
- Al Paçinonun oyunu çox xoşuma gəlir.
- Aktrisaları soruşdum.
- Kişilərin oyunu daha çox xoşuma gəlir axı. Öyrənmək üçün Morqan Frimana baxıram.
- Qadınlardan kimdir?
- Meq Rayan. O qadın mənim üçün ideal bir aktrisadır. Çox gözəldir. Həm plastikası, həm mimikaları, həm də oyunu çox xoşuma gəlir. Ona baxanda dərhal “kameraları qurun, çəkilmək istəyirəm” fikri yaranır.
- Həyatda qadınlar daha çox artistlik etməyi bacarır.
- Razıyam. Həyatda artistlik qadınlarda daha güclüdür. Qadınlar göz yaşlarına rahat imkan verir çünki. Ona görə qadın göz yaşları yox, kişi göz yaşları mənə təsir edir. Kişi ağlayanda ortada ciddi və böyük bir səbəb olur. Qadın isə dükanda xoşuna gələn paltarın bitməsinə görə də ağlaya bilər.
- Kitabla bağlı bir çox iradlar qarşıma çıxdı. Ən böyük irad kitabın türkcə olmasıdır. Siz rusca təhsil alıb, türkcə kitab yazmısınız.
- Orta məktəbdə Azərbaycanca təhsil almışam. Sonra rus dili və ədəbiyyatını oxumuşam. Amma türk dili mənim hislərimin dilidir. Bu dilə uşaqlıqdan simpatiyam var. Kitabı yazmağa başlayanda Azərbaycanca yazmaq istədim. Alınmadı. Beynimdə türkcə fikirləşirdim çünki.
- Bu necə formalaşır? Baxdığınız filmlərdən, dinlədiyiniz mahnılardan formalaşır? Hətta bildiyimə görə kitabı yazdıqdan sonra Türkiyəyə getmisiniz.
- Bəli, kitabdan sonra getmişəm Türkiyəyə.
- Necə formalaşıb bu dildə yazmaq istəyi?
- Bunu müəyyən qədər uşaqlığımla bağlayıram. Uşaqlığım 90-ların türk popuyla keçib. Türk dilinə, Türkiyəyə, türkçülüyə olan sevgim hər zaman daha özəl və əziz olub. Həm də ən vacibi, kitabımın janrı romantik komediyadır. Bu janrda Azərbaycan dilində, ümumiyyətlə, yaza bilməzdim. Orda elə incə, sətiraltı yumorlar var ki, türkcə çox daha uğurlu alındığını düşünürəm.
- Bu zarafatlar, yumor hardan gəlirdi?
- Son vaxtlar oxuduğum kitablar, eləcə də, burda tapa bilmədiyim bütün kitablar Türkiyədən gəlirdi. Türkcə söz bazam daha zəngin olmağa başlamışdı. Ona görə türkcə yazmağa qərar verdim və bir günə 17 bölümü bitirdim. Düşündüm ki, elə Türkiyədə də çap etdirərəm. Səhərdən axşama yazdım və yazdıqca daha da əmin oldum ki, bu kitabın dili elə türkcə olmalıdır. Aprel-iyun ayları arasında yazıb bitirdim. Gündüzlər o qədər də alınmırdı deyə gecələr yazırdım. Gördüm, yazmaq özü alınır məndə. Sistemli şəkildə bu kitabın üstündə gecə-gündüz çalışdım və iyunda bitirdim. Ən yaxın 2 rəfiqəmdən başqa, heç kəsə də heç nə demirdim kitab barədə. Bədnəzərə çox inanıram deyə, işi bitirmədən, qabaqcadan danışmıram heç vaxt. Tam bitirdikdən sonra isə Türkiyə Yayınevləri ilə əlaqə yaratmağa başladım və şərtləriylə maraqlandım. Mənə uyğun olan ikisini seçdim sonunda. Türkiyədə bizdəki kimi deyil, orda güclü rəqabət var. Çünki, minlərlə yazarları var və uzunmüddətli növbələr olur. İyunda göndərdiyim maildən dekabr ayına qədər cavab gəlmədi. Tam əlimi üzmüşdüm ki, dekabrın sonu müqavilə üçün dəvət etdilər. Yeni il tətilindən istifadə edib, Türkiyəyə getdim. Çox ciddi və hazırlıqlı qrafiklə getmişdim. Kitabımda İstanbula aid bəzi bölümlər var idi ki, internetdə dəqiqliklə araşdırıb yazmağıma rəğmən, yenə də beynimdə sual işarələri var idi. Gözlə görmək bir başqadır, istər-istəməz. Məhz həmin suallara cavab tapmaq üçün yazdığım məkanlara tək-tək gedib gözlərimlə gördüm, detallarıyla maraqlanıb öyrəndim, qeydlərimi apardım, hətta arxayın olmaq üçün foto və video çəkilişlər də etdim ki, birdən nəsə nəzərimdən, diqqətimdən qaçar.
- Getmədiyiniz yerləri necə yazmışdınız?
- Əvvəl xəyal edərək, sonra isə bir az internetdən araşdıraraq, bir az da orda olanlardan soruşaraq uyğunlaşdırıb yazmışdım. Amma dediyim kimi, ürəyimdə xal qalmışdı. Müqavilə üçün çağırmasaydılar belə, çapa verməmişdən yazdığım məkanları mütləq gedib görəcəkdim. Görməliydim də. İstanbulda olduğum müddətdə bir yandan yayınevləri ilə görüşürdüm, bir yandan da yazdığım yerləri araşdırırdım.
- Yazıb, sonra araşdırdın...
- Əslində ümumilikdə götürsək, böyük bir qismi filmlərdən , kliplərdən gördüyüm yerlər idi. Amma gözlərimlə də gördükdən sonra rahat oldum.
- Türkiyəyə gedəndən sonra kitab çıxdı və düşündüm ki, sən çox operativsən.
- Yox, kitab iyun ayından hazır idi. Düzəlişlər və ya əlavələr üçün yazdığım yerləri araşdırırdım sadəcə. Bu ekskursiya və ya yoxlama zamanı maraqlı bir hadisə oldu. Deməli, kitabdakı kişi qəhrəmanım qəzaya düşür və xəstəxanada, reanimasiyada yatır. Mən internetdən öyrənmişdim ki, Özel Yunus Emre xəstəxanasında reanimasiya (yoğun bakım) ikinci mərtəbədədir. Yanvar ayında gedəndə isə, ikinci mərtəbədə reanimasiya qapısının önündə xeyli adam var idi. Maraqlandım, məlum oldu ki, uşaq gözləyirlər və bura doğuş şöbəsinin yoğun bakımıdır. Bildiyimiz reanimasiya isə dördüncü mərtəbədədir. Sevindim ki, nə yaxşı gəlib araşdırdım. Yoxsa o boyda kişini doğum şöbəsində yatırdacaqdım.
- Bu qədər detala nə ehtiyac var? Məsələn Jül Vernin vaxtında böyük gəmilər yox idi, amma bunu fantastik bir şey kimi yazmışdı. Bu qədər dəqiq yazmağa nə ehtiyac var? Bu ancaq həmin xəstəxanada çalışanların biləcəyi şeylərdir.
- Tələbkaram özümə qarşı. Həm də sosial şəbəkələrdə çox qınaqlar olacaqdı. Bizdə xırdaçılar çoxdur və bunu mütləq nə vaxtsa üzümə vuracaqdılar.
- Sosial şəbəkələrdə bir irad da vardı: Boyum küçüktü olmaz, boyum kısadır olar deyə yazırdılar.
- Buna, ümumiyyətlə, fikir vermədim. Çünki, kitabım İstanbulda peşəkar redaktədən çıxıb. Və ən maraqlısı da budur ki, iradların hamısı azərbaycanlı oxuculardan gəlir. Türk oxucularımdan isə gözləmədiyim dərəcədə, hədsiz gözəl fikirlər və təşəkkürlər alıram bu kitaba görə. Bu, mənə böyük stimul verir. Yeri gəlmişkən, onu da deyim ki, kitabımın üz qabığı Türkiyədə hazırlanıb. İllüstratorum Burak Ağdemir Türkiyənin ən məşhur müğənnilərinin albom qapaqlarını və cover-lərini hazırlayan biridir. Yəni səhv olsaydı, elə birinci etiraz Burakdan gələrdi. Növbəti hədəfim də elə Türkiyə bazarında kitabımı sevdirməkdir.
- Zarafatları bu qədər yaxşı bilməyiniz maraqlıdır.
- Çünki hər yaşımda çoxlu türk dostlarım, hətta türk qonşularım olub.
- Canlı dili öyrənmək çətindir...
- Əlbəttə, dil üçün ünsiyyət vacib amildir. Dediyim kimi, türk qonşular, türk dostlar, Tərcümə Mərkəzində işləyəndə türk müştərilər, hətta türk tələbələrim olub. Türklərin qrammatikasını da elə o zamanlarda işim üçün öyrənmişdim. O vaxtlar kitab yazmaq kimi bir niyyətim də yox idi.
- Kitabı bir cümlə ilə necə izah edə bilərsən?
- Hamının həyatından nəsə var.
- Bu çox klişe oldu. Daha konkret?
- Sosial şəbəkələrdə yaranan sevginin müsbət və mənfi tərəfləri barədə yazmışam. Sətiraltı da olsa çatdırmışam ki, canlı, real ünsiyyətin yerini heç nə vermir. Darıxmağı layklaşmaq, mesajlaşmaq ovutmur. Darıxdınsa görüşüb çay içməlisən, söhbət etməlisən, o adama sarılmalısan. Real ünsiyyət tamam başqadır mənə görə.
- İnternetdə hamımız çox insanlarla ünsiyyət yaratmışıq. Bu çox yaxşıdır axı.
- Dostluq üçün yaxşıdır, amma sevgi üçün yaxşı deyil. Kitabdakı qəhrəmanlarım bir-birini uzaqdan sevir və bir-birini heç vaxt görməyiblər. Oğlan Türkiyədədir. Vəziyyət elə gətirir ki, hər dəfə son anda nəsə tərslik çıxır və bunlar bir-birini heç vaxt görə bilmirlər. Kitabın finalını isə elə bitirmişdim ki, sevilsə, davamını da gətirə bilim. Üz qapağındakı tramvayın üzərindəki 1 rəqəmi də təsadüfi deyil. Oxuyan hamı özündən nə isə tapdığı üçün, bu qədər doğmalıq duyduqları üçün və davamını istədikləri üçün, ikinci tramvayı da gətirməyi düşünürəm.
- Bu da virtual olacaq?
- Yox, burda qəhrəmanları görüşdürəcəm. Ümumiyyətlə, bu kitab seriyasının filmini düşünürəm. ATV-də 2 il əvvəl “Həyat çiçəyi” serialı yayımlanırdı. Mən orda Fəxriyyə obrazı ilə Fəxrəddin Manafovun gəlinini oynayırdım. O serialı gürcü komandası çəkirdi. Gürcü rejissor Levan Kitia yazdı ki, çox aktivsən, hamı Bakıda sənin kitabından danışır, nə məsələdir? Mövzusunu qısaca danışdım. O dəqiqə təklif etdi ki, gəl bunun filmini çəkək. Qeyd edim ki, Levan təkcə Gürcüstanda yox, Parisdə də çox tanınmış bir rejissordur. Levanın xətrini çox istəsəm də, onunla işləmək rahat olsa da, izah etdim ki, bu film Azərbaycan və Türkiyədə çəkilməlidir. Çünki əsər bu düşüncə üçündür. Orda əsas qəhrəmanım olan Metehan Koç Qaradənizlidir. Qız ona görə Qaradənizlilərin adət-ənənəsini, ləhcəsini, yeməklərini, bayramlarını, gəzməli məkanlarını və s. öyrənir. Hadisələr Bakı, İstanbul və Trabzonla birbaşa əlaqəli olduğuna görə, türk olmayan, türk dilini, adətlərini və s. bilməyən biri, kitabdakı o ruhu verə bilməz. Çox istərdim ki, bunu türk rejissor çəksin.
- Rejissor yox, ssenarist olmaq istəyirsiniz?
- Sözün düzü, özümü heç yazıçı da adlandırmıram. Cəmi 25 yaşım var. Öz zövqüm və marağım üçün yazmışam bu kitabı. Mənim üçün böyük fəxr və uğurdur ki, yazıçı olmaya-olmaya, sadəcə səmimi yazı tərzimlə insanların ürəyinə, ən dəyərli hisslərinə toxuna bilmişəm bu kitabımla.
- Heç mən də özümü yazıçı adlandırmıram.
- Mənim babam yazıçılar birliyinin üzvü, şair, yazıçı, publisist Məmməd Kazımdır. Bu mənim qanımdan gəlir yəqin. Hazırda Masallıda yaşasa da, 20 il Azərbaycan Dövlət Televiziyasında “Hünər” hərbi-vətənpərvərlik verilişini aparıb. Bəlkə də həm yazarıq, həm də aparıcılıq qanla keçən istedaddır.
- Babanız oxuyub kitabınızı?
- Bəzi yerləri başa düşsə də, tam olaraq türkcəni başa düşmür. Həm də mən sokak türkcəsindən, danışıq dilindən, hətta bəzən arqolardan da istifadə etmişəm deyə başa düşmür, təəssüf ki.
- Siz İncəsənət Universitetini qurtarmamısnız. Çətin olmadı ki aktrisalıq?
- Çətinliklər var idi. Kastinqlərdən xəbərsiz idim. Eyni zamanda, kino terminlərini də bilmirdim deyə mənə çətin gəlirdi. Nə məktəb keçənlər bunu izah etmirdilər, nə də mən özümü sındırıb soruşmurdum. Bəlkə də fikirləşmirdilər ki, mənim aktrisalıqla bağlı böyük planlarım və arzularım var. Nəzəriyyəyə aid çoxlu sayda kitablar oxusam da, bilmədiyim praktik şeylər var idi və bu işin içində olmayan üçün çətin idi. Məsələn, adicə “vosmerka” (səkkizlik) nədir bilmirdim. Bilmirdim “vosmerka vurmaq” və ya “balans vurmaq” nə deməkdir. İşlədikcə özüm öyrəndim zamanla.
- Bu yəqin seriallarda belə idi.
- Daha çox seriallarda belə olur, işin tez bitməsi üçün. Sorğu-sualsız...
- İki serialda oynamısan?
- Dörd serialda. İlk işim “Ləkə” idi. Kənan MM-lə işləmək çox rahat idi. Serialın həm rejissorluğu, həm də baş rolu Kənanda idi. Mənim də demək olar ki, bütün səhnələrim Kənanla idi.
- Həm baş rol, həm də rejissorluq çətindir serialda.
- Kənan çox yorulurdu. Eyni şey Mahsun Kırmızıgüldə, Özcan Dənizdə, Emrahda da var.
- Onlar film çəkirlər. Amma serialda yəqin daha çətindir.
- Ondan sonra Kənan tövbə elədi serial çəkməyə. Kənan sərbəstlik verir aktyorlarına, improvizələrə maksimum şərait yaradır. Bir dəfə göstərirdi, mən tuturdum obrazdan nə istədiyini. Ondan dinamikliyi öyrəndim. Aktrisanın birinci dubldan hazırlıqlı olmasını öyrəndim. İmprovizələri öyrəndim. Mətni oxuyurdum, tam mənimsəyirdim və gündəlik həyatda işlətdiyim formada deyirdim. Məsələn, bu nə cəfəngiyatdır əvəzinə, bu nə boşboğazlıqdır deyirdim. Və ya kamera bicliklərini öyrənirdim. İki cümlə sözümü bir az uzadıb 4 cümlə edirdim ki, kadr məndə çox qalsın. Ulduz xəstəliyi...
Elə “Ləkə”dən bu yana da improvizələrə davam edirəm. Çox sevdiyim Hollivud koçu (coach) Erik Morrisin kitablarını oxuyuram və dərslərini video görüntüylə izləyirəm. Hər çəkilişdə onun o məşhur sloqanı qulağımda cingildəyir. NO ACTİNG, PLEASE! O, deyir ki, oynama, özün ol, anı yaşa. 10-cu dublunu belə birinci kimi hiss et. Replikanı güdmə, gözlənilməz ol, sürprizli ol. Hədsiz sevirəm bu metodu, amma tərəf müqabillərim çox zaman çaşırlar bu improvizələrdə.
Sonra yenə ATV-də Levan Kitianın rejissorluğu ilə “Həyat çiçəyi”ndə oynadım. Ardınca Lider TV-də Sain Qəhrəmanın rejissorluğu ilə “Tufanlı Səma” serialında çəkildim. Ən sonuncu serialım isə Elmir Süleymanovun rejissorluğu ilə, köhnə “Əhməd haradadır” filminin müasir forması “Bizim Əhməd hanı?”dır. Çəkilişlər bitib, bu yaxınlarda Region TV-də yayımlanacaq o da. Səbirsizliklə gözlədiyim rollarımdan biridir, yeri gəlmişkən. Serialda Leylanın rəfiqəsini oynayıram. Orda adım Gülərdir. İlk komedik rolum idi. İkinci komedik rolumu da elə Elmir Süleymanovla işlədik. 1 Maydan şəhərimizin bütün kinoteatrlarda olacaq “1.000 000 Manat” filminin həm çəkilişi zamanı, həm də kameraarxasında böyük zövq aldıq. Tamaşaçıların da bəyənəcəyini ümid edirəm.