Kulis.Az Xalq yazıçısı Anarın yazılı müsahibəsini təqdim edir.
- “Biz ona görə yazmağa başladıq ki, narazıydıq”. Bu sözü 60-cıların devizi saymaq olarmı?
Bu sözlər ispan yazıçısı Anna Mariya Matutenin bir yazısındandır. Həmin yazını mən dilimizə çevirib “Azərbaycan” jurnalında (1980, №2) çap etdirmişdim. Tərcüməmə kiçik bir ön söz də əlavə etmişdim: “Hələ faşist Franko quruluşunun son süqut dövründə yeni ispan ədəbiyyatının istedadlı gənc nümayəndələri öz etiraz səslərini qaldırmış və bütün dünyada şöhrət qazanmışdılar. Faşist quruluşunun boğucu mühiti hər cür azad fikrə qənim kəsilsə də, gənc ispan yazıçıları mənsub olduqları xalqın həyatı, problemləri, taleyi haqqında həqiqəti deməyə bu ya digər dərəcədə nail oldular. A.M Matute mənsub olduğu nəslin azad düşüncə, fikir sərbəstliyi, insan ləyaqəti uğrunda çətin mübarizəsindən, öz həmyaşlarının ağrılarından, əzablarından, ümid və arzularından söz açır”.
Bu yazının dərcindən düz 25 il sonra, dünya, zaman, ideologiya, siyasət, mənəvi anlayışlar, əxlaq ülgüləri kökündən dəyişdiyi dövrdə “Azərbaycan” jurnalında (2005 №1) Zemfira Əsədullayevanın «Atalar və oğullar» yazısını oxudum. Bu yazıdan bir parçanı burda gətirsəm sualınıza cavab vermiş olaram. Z.Əsədullayeva yazır:
“Vaxtilə “Azərbaycan” jurnalında… Anna Mariya Matutenin maraqlı bir yazısı dərc olunmuşdu. Həmin məqaləni dilimizə çevirib, yazar haqqında qısa məlumatla bizə təqdim edən isə Anar idi. Məqalədə təsvir olunan mühit elə o zaman bizə yaman tanış gələcəkdi və fikirləşəcəkdik ki, yəqin Anar bu məqaləni bizlərə boş yerə təqdim etməyib. Məqalədə təsvir olunan dövr süquta labüd kommunist rejimi dövrünün bir başqa üzü deyildimi?... O zaman isə bunu ancaq beləcə dolayısı ilə söyləmək mümkün idi. Çünki azad düşüncə, fikir və əqidə sərbəstliyi Anarın təmsil etdiyi ədəbi nəslin də arzu və ümidlərini yaşadırdı. Anna Mariya Matute “Biz ona görə yazmağa başladıq ki narazıydıq” -demişdi.
“Biz – o vaxtın gəncliyi ətrafımızı sarmış riyakarlıq, saxtakarlıq, yalan, nadanlıq, cəhalət, anlaşılmazlıq mühitində, hər azad düşüncənin boğulduğu bir şəraitdə yaşayırdıq, nəfəs alırdıq, daha doğrusu nəfəs almağa çalışırdıq”. -Anarın bu sözləri həmin o ispan yazarının fikirlərinin davamı kimi səslənirdi”.
Mənə elə gəlir ki, bu sözlər sizin sualınıza ən dolğun və dəqiq cavabdır. Bircə onu əlavə etmək istərdim ki, bu sözlərlə tanış olanda, dünyadan əfsus ki, vaxtsız getmiş bir həssas qələm sahibinin müşahidəsindən çox mütəəssir oldum. Bir daha dərk etdim ki, heç bir təşəbbüs hədər deyilmiş, heç bir iş boş yerə görülmürmüş, heç nə əks-sədasız qalmırmış. Torpağa atılmış toxumlar cücərib baş qaldırdığı kimi beyinlərə səpilən fikirlər də zamanında yetişəcəkmiş. Sovet qılıncının dalı da qabağı da kəsən illərdə oxuculara çatdırılmış bu yazı - qoy lap bir ya iki nəfər düşünən insanın olsun – yadında qalıb, düşündürüb, nəticələr çıxarmağa vadar edib, deməli ismarışlar ünvana çatıb. Bu mənimçün çox vacibdir. Bəzən səsinin səhrada eşidilməyəcəyi haqqında bədbin fikirlərə qapılanda bunu və bu kimi şeyləri xatırlayıb təsəlli tapırsan. O ki, qaldı deviz məsələsinə, böyük və önəmli bir nəslin fəaliyyətini yalnız narazılıqla bağlamaq bu nəslin etdiklərini müəyyən çərçivə içərisinə salmaq olardı. Əlbəttə rejimdən, siyasətdən, mühitdən narazılığımız vardı, amma bununla bərabər ümidlərimiz, sevinclərimiz, yaşamaq, yaratmaq, sevmək ehtiyacımız da güclüydü. Axı cavan idik. Bir dəfə hardasa yazmışdım ki, altmışıncılar nəslinin özəl cəhəti o idi ki, biz Gənclik illərimizdə gənc idik və bu söz oyunu deyil. Axı pasportda doğum ili cəhətdən cavan olub ruhən erkən qocalmış, heydən düşmüş, hər şeydən bezmiş, bıkmış, hamıdan, həyatın özündən belə küsmüş, incimiş, ömürlərində heç vədə gənc olmamış adamlar da var.
- 60-ci illər nəslinin Cəlil Məmmədquluzadəni ədəbi varisi saydığınızı dəfələrlə vurğulamısınız. Bu varislik estetik varislikdirmi?
- Mirzə Cəlil estetikası – yəni adi, sıravi insanlardan, onların gündəlik qayğılarından, bəsit görünən ciddi, ağrılı problemlərindən, sıravi hadisələrdən, sadə, anlaşıqlı, hər kəsə aydın olan danışıq dilində yazmaq meyarları əlbəttə bizə yaxın və doğmaydı. Amma 60-cılar nəslinin nəsrində də, dramaturgiyasında da Mirzə Cəlil estetikasına sığışmayan cəhətlər – lirizm, psixologizm, romantika, mifologiyaya, əfsuna meyl çalarları da var. Mirzə Cəlil Məmmədquluzadədən şəxsən mənim aldığım ən böyük və vacib dərs – estetik keyfiyyətlərdən daha çox və daha qabarıq vətəndaşlıq qayəsi, öz xalqına ayıq gözlə baxa bilmək cəsarəti, yalançı patriotizmdən, popülizmdən, saxta pafosdan uzaq olan həqiqi sevgi dərsləridir. Xalqı dəbədəbəli, təmtəraqlı sözlərlə tumarlamaq yox, onun dərdlərinə ürək ağrısıyla yanmaqdır - Mirzə Cəlil məktəbinin bizlərə öyrətdikləri.
- Bəs “60-cılar” arasında yaradıcılıq stixiyası baxımından sizə ən doğma yazıçı kimdir?
- Bizim nəsildən mənə yaxın və doğma olan yazıçılar haqqında vaxtilə “Nəsrin fəzası” adlı essemdə ətraflı yazmışam. Amma “ən” sözünü işlədirsinizsə, mənə ən doğma yazıçı kimi ilk növbədə mərhum Yusif Səmədoğlunun adını çəkərdim.
- 60-cılardan əvvəl və sonra ədəbiyyatda nələr dəyişdi?
- Hər şey. Mövzular, məzmunlar, qəhrəmanlar, dil, üslub özəllikləri, ideyalar, problemlər, dünyaduyumu və dünyagörüşü. Bunun məhz belə olduğuna əmin olmaq üçün əvvəlki dövrlərin, xüsusiylə də otuzuncu, qırxıncı, əllinci illərin ən məşhur nəsr örnəklərini (ayrı-ayrı istisnalar olmaq şərtilə) və altmışıncı illərdə yaranmış ən mühüm əsərləri ard-arda mütaliə etmək yetərlidir.
- Sizin nəsli Azərbaycan modernistləri adlandırmaq olarmı?
- “Modern” sözü hərfi mənada müasirlik, çağdaşlıq deməkdir, bu mənada əlbəttə bizim nəsil öz çağının yazarlarıdır. Modernizm sözünün bədii estetik anlamına gəldikdə isə mən ümumiyyətlə, ədəbiyyatı çeşidli “izmlərlə” damğalamağın əleyhinəyəm. İllah da Qərb ədəbi cərəyanlarını mexaniki olaraq bizim ədəbiyyata tətbiq etməyi düzgün saymıram. Hər ədəbiyyatın öz inkişaf mərhələləri, öz spesifik cəhətləri var və dünən (bəzən də hətta srağagün) ya bu gün Qərbdə dəbdə olan hər hansı bir cərəyanın Azərbaycanda analoqunu axtarmaq zənnimcə səmərəli iş deyil.
- Borxes ədəbiyyatda varisliyin əhəmiyyətini vurğulamaq üçün deyir ki, Homerin də Homeri var. Bəs Anarın Anarları kimdir?
- “Kitabi-Dədəm Qorqud”.
- Hər oxucu bir əsərinizi sevir. Əksəri də “Dantenin yubileyini”. Bəs siz necə? Ən yaxşı kitabınız hansıdır?
- Düz deyil. Bir yox, bir çox əsərlərimi sevən oxucular saysız-hesabsızdır. Əksəriyyətin məhz “Dantenin yubileyi”ni sevməsi fikri də dəqiq deyil. O ki qaldı mənim hansını sevməyimə, əsərləri yazıçının balalarıdır. Şablon söz olsa da belədir, kim deyə bilər ki, bu balamı o birilərindən çox istəyirəm.
- Sizi realist yazıçı adlandırmaq olarmı? Ümumiyyətlə, özünüzü hansı ədəbi cərəyana məxsus sayırsınız?
- Yazılarımla az-çox tanışsınızsa, təsdiq edə bilərsiz ki, mənim sırf realist üslubda qələmə alınmış əsərlərimlə yanaşı fantastik, satirik, qrotesk, folklor, utopik və antiutopik, memuar və s. üslublarda yazdıqlarım da var. Bunların hamısını eyni bir cərəyana aid etmək vacibdirsə, bu yəqin “anarizm” cərəyanı adlana bilər.
- Bəziləri deyir ki, esseist Anar yazıçı Anardan güclüdür, bu barədə sizin fikriniz maraqlı olardı.
- Əvvəla esseistika da ədəbiyyatın bir janrıdır və təbii ki, esseist də yazıçıdır. İkincisi bu müqayisə oxucunun bədii zövqü, ədəbi marağı və dərk etmək səviyyəsindən asılıdır. Essedə birbaşa, müstəqim deyilənlər oxucuya tez çatırsa, roman, povest ya hekayənin alt qatlarına enə bilmək daha çətindir, daha böyük dərrakə tələb edir. Elə oxucular da var ki, ara-sıra atmacalara verdiyim sərt və kəskin cavablarımı ən güclü yazılarım sayır.
- Siz zamanında yetəri qədər çılpaq səhnələr yazmısınız. Amma sanki indi ədəbiyyatda açıq-saçıqlığa qarşısınız.
- Bilmirəm siz vaxtilə “çılpaq səhnələr” deyəndə hansı “vaxtiylə yazdıqlarımı” nəzərdə tutursunuz. Bu yanaşma bucağından ən son vaxtda yazdığım “Göz muncuğu” povestimdəki bəzi səhnələri də “yetərincə çılpaq” saymaq olarmı? Mən ədəbiyyatda ən intim səhnələrin təsviri əleyhinə deyiləm, bu təsvirlərdə bayağılığın əleyhinəyəm. Təbii ki, ədəbiyyata zoofiliya, nekrofioiya və bu kimi iyrəncliklərin gətirilməsinə qarşıyam.
- Oxucu bəzi yazıçıları ömrünün bir hissəsində sevir, sonra isə bu sevgi yerini başqalarına verir. Xəyanət etmədiyiniz uşaqlıq yazıçınız varmı? Siz bir zamanlar Heminqueyin heyranıydınız...
- Heç kəsə xəyanət etmədiyim kimi sevdiyim yazıçıların da heç birinə heç vaxt xəyanət etməmişəm. Amma təbii ki, uşaqlıqda, tutalım Cırtdan nağılından, ya Baron Münhauzenin sərgüzəştlərindən zövq aldığın kimi ahıllıq çağında onlara valeh olmaq mümkün deyil. Bu xəyanət deyil, insanın yaşa dolması kimi təbii haldır. Gənclik yaşına çatanda deyə bilərikmi ki, uşaqlığımıza xəyanət etdik, yaxud yaşlı çağımızda gəncliyimizdən üz döndərdik? Əlbəttə yox. Gəncliyimdə haqqında esse yazdığım Heminqueyi o illərdə bəyəndiyim kimi, indi də bəyənirəm, dəyərini bilirəm, amma onu da bilirəm ki, dünyada ondan böyük yazıçılar var.
- Sizi daha çox fransız ədəbiyyatının pərəstişkarı kimi tanıyırlar, bu qiymətdə bir mübaliğə, ya da təhrif varmı?
- Görəsən hansı adını çəkmədiniz anonimlər nəyin əsasında və nədən nəticə çıxararaq bu qənaətə gəliblər? Təbii ki, Rablenin, Molyerin, Balzakın, Stendalın, Floberin, Marsel Prustun adlarıyla parlayan fransız ədəbiyyatını sevirəm, amma Puşkininin, Lermontovun, Qoqolun, L.Tolstoyun, Dostoyevskinin, Çexovun, Buninin, Mayakovskinin, Pasternakın, Bulqakovun, Zoşşenkonun əsərləriylə zəngin olan rus ədəbiyyatını orijinalda oxuyaraq, daha yaxından tanıyıram və təbii ki, fransız ədəbiyyatından az sevmirəm. Yaxud dünyaya Şekspiri bəxş etmiş ingilis ədəbiyyatını, Danteni yetişdirmiş italyan ədəbiyyatını, Tomas Mann və Frans Kafkanın yazdıqları almandilli ədəbiyyatı sevməmək olarmı? Mevlanə, Yunis İmrə, Qaracaoğlan, Nazım Hikmət, Aşıq Veysəlin mənsub olduqları türk ədəbiyyatı isə mənə Azərbaycan ədəbiyyatı qədər doğma və əzizdir.
- Xahiş edirəm ki, bu yazıçıları bir sözlə ifadə edəsiniz, Tolstoy, Dostoyevski, Hüqo, Folkner, Kamyu və Orxan Pamuk.
- Axı bunlar müxtəlif çəkili yazıçılardır… Həm də Tolstoy və Dostoyevski kimi nəhəngləri bir sözlə, bir cümləylə, bir absazla, ya hətta bir iri məqaləylə ifadə etmək mümkündürmü? Amma madam ki soruşursunuz, sualınızı cavabsız qoymaq istəmirəm: Tolstoy - genişlik, Dostoyevski - dərinlik (bu əlbəttə o demək deyil ki, Tolstoy dərin deyil, yaxud Dostoyevski geniş deyil), Hüqo - daha çox gənclik dövrünün romantikası, Folkner - sadə şeylərin qəliz ifadəsi, Kamyu qəliz şeylərin sadə ifadəsi, Orxan Pamuk isə Nobel mükafatı laureatıdır.
- Kafkaya münasibətiniz çox maraqlıdır...
- Mənimçün də dünyaya Kafka baxışı maraqlıdır. Dünyanın adiliklərinə qeyri-adi gözlə baxa bilmək bacarığı, hamımızın yaşadığımız və gördüyümüz aləmdə heç birimizin görmədiyimiz aləmi açmaq məharəti. Bu yazıçı dünyaduyumu etibariylə mənə çox məhrəmdir və mənə elə gəlir ki, onun təlaş və vahimələrini anlaya bilirəm.
- Anar gənc yazıçılara dünya ədəbiyyatından bir neçə, tutaq ki, on kitablıq bir siyahı verə bilərmi?
- Belə bir əməl iddialı görünə bilər. Bəzi cavan yazıçılar elə hesab edir ki dünya ədəbiyyatında hər şeydən xəbərdardırlar və mənim kimi yaşlıların heç bir məsləhətinə ehtiyacları yoxdur. Amma əgər bir, ya iki nəfər gənc yazıçı üçün tövsiyəm faydalı olarsa onlara dünya ədəbiyyatının təməl əsərlərindən başlamağı məsləhət görərdim. Əlbəttə ilk növbədə öz ədəbiyyatımızı “Kitabi-Dədəm Qorqud”dan bu günə qədər dönə-dönə diqqətlə oxumağı vacib bilirəm. Dünya ədəbiyyatından isə – madam ki, on deyirsiz, on olsun – Homer, Firdovsi, Dante, Şekspir, Servantes, Puşkin, Balzak, Tolstoy, Dostoyevski, Çexov… Bunların əsas əsərlərini oxuyandan sonra XX və XXI əsr ədəbiyyatını da, bu gün dəbdə olub sabah unudulacaq yazıçıları da daha ayıq gözlə qavraya biləcəklər. Ədəbi ev tikmək istəyirsənsə, damdan başlamamalısan, əvvəlcə təməl, özül qoyulmalıdır ki, bina onun üzərində möhkəm ucala bilsin.
- Roman yazmamışdan qabaq araşdırmalar aparırsınızmı? Ümumiyyətlə, yazmağa necə hazırlaşırsınız?
- Hər hansı əsərə başlamazdan öncə müəyyən hazırlıq işləri görürəm. Bəzən bu hazırlıq prosesi yazı prosesinin özündən dönə-dönə uzun olur. Məsələn “Kərəm kimi” sənədli romanımı yazmamışdan əvvəl illərlə araşdırmalar aparmışam. Nazım Hikmətin bütün yazılarından başqa onun haqqında Türkiyədə, Rusiyada, Azərbaycanda, Avropa ölkələrində (sonuncuları tərcümədə) yazılanların 90 faiziylə tanış olmuşam. Sırf belletristik əsər isə ayrı hazırlıq tələb edir - uzun illərin müşahidələri, təəssüratları, xatirələri və bütün bunların yaradıcılıq süzgəcindən keçməsi, fantaziyaya, təxəyyülə zəmin yaratması…
- Yazı prosesi zamanı maraqlı vərdişləriniz varmı?
- Bir dəfə yazmışdım ki, üç şey çətindir - səhər yuxudan durmaq, soyuq dənizdə suya girmək və yazıya başlamaq. Yazıya başlayanda başlamamaq üçün yüz bəhanə axtarıram, amma elə ki, başladım gün ərzində on –on iki saat yerimdən durmadan işləyə bilərəm. Bu əlbəttə yay aylarına, yəni idarə işlərindən azad olduğum məzuniyyət vaxtına aiddir.
- Bilgisayara alışa bilirsiniz?
- Bilgisayar olmasaydı son illər heç nə yaza bilməzdim. Əlifba dəyişəndən sonra yəni kirildən latına keçdiyimizdə əllə bir cümlə belə yazanda hərfləri qarışıq salıram. Bu cəhətdən dadıma bilgisayar çatır. Klaviaturada köhnə əlifbayla yazıram ekranda yeni latın əlifbasıyla çıxır.
- Yazmaqdan qabaq qeydlər aparırsınızmı?
- Əlbəttə. Özü də illərlə. Tək indi yazacağım əsər haqqında deyil, ümumiyyətlə ağlıma gələn, müşahidə etdiyim, eşitdiyim, bildiyim bir çox şeyləri qeyd edirəm. “Gecə düşüncələri” də məhz bax belə qeydlərim, fikirlərim əsasında yarandı. Sual verməsəniz də bir məsələni deyim: Uzun ömür sürmək - Tarixin şahidi olmaqdır. Uzun yaşamağın – mən isə uzun bir ömür yaşamışam - bəlkə də ən böyük özəlliyi odur ki, doğrudan da Tarixin gedişatını izləyə bilirsən. Tarixin, Zamanın, insanların, anlayışların necə dəyişdiyini, başqalaşdığını özün öz gözlərinlə müşahidə edirsən.
- Əsərlərinizin ilk oxucusu kim olur? Oxucuların bildirdiyi iradalara qayıdırsınızmı?
- Uzun illər boyu ilk oxucularım yaxın dostlarım və ailə üzvlərim – olub. Amma təəssüf ki, dostlarımdan çoxu artıq yoxdur. Bir dəfə dediyim kimi bir qismindən ölüm ayırdı məni, bir qismindən həyat. Zövqünə inandığım, yaradıcılığıma yaxşı bələd olanların rəyi mənimçün çox önəmlidir. Yeni yazımla bəzən iş prosesində belə onları tanış edəndə tərif istəmirəm, təhlil, təklif, hətta irad gözləyirəm, çünki deyəcəklərinin səmimi və obyektiv olacağına inanıram. Mübaliğəli təriflərin, illah da təmənnalı mədhiyyələrin, bəlağətli tostları andıran məqalələrin hətta istedadlı yazıçı üçün necə böyük təhlükə olduğunu çox misallarda müşahidə etmişəm. Ağlıma batan tənqidləri həmişə münnətdarlıqla qəbul edirəm.
- Hansı yaradıcılıq planlarınız var?
- Çoxdur, çoxdan da çoxdur. Təki tale onları həyata keçirməyə imkan versin. Rəhmətlik anam demişkən “niyyət olmasın, qismət olsun”.
10 noyabr 2016