Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri
13 sentyabr 2025
# 10:00

Kulis.az Mir Kamil Ağazadənin şeirlərini təqdim edir.

Bir söz hanı dünyada adından lətif olsun?
Bir gül hanı bağçanda özündən zərif olsun?

İnsafmı soyuq bir külək əssin aramızda?
Bizdən sizə, sizdən bizə get-gəl zəif olsun?

Daim yaşasın ilk görüşün ilk həyəcanı,
Söhbətlər utancaq, toxunuşlar xəfif olsun.

Dillərdə bir əfsanədir: "Eşq əhli qovuşmaz",
Gəl, biz qovuşaq, yerlə bərabər bu mif olsun!

Vaxtında "şükür" kəlməsi nitqində gül açsın,
Düşməz, gözəlim, sonra dilindən "heyif olsun".

Dünyada hamı Allahı bir cür sevə bilməz,
Bu sevgidi, qoy tərzi elə müxtəlif olsun.

Səndən bu Siraci o qədər "olmaz" eşitdi,
Şeirində yazıq istədi "olsun" rədif olsun.

***

Həyatın adi gözəlliklərin bir az duyasan,
Yanından ötməyəsən laübali, göz qoyasan.

Bu yarpağın, məsələn, titrəşən ədası gözəl,
Küləklə rəqsi gözəl, sevgi macərası gözəl...

O tək qız indi xəyalən kiminlə söhbət edir?
Əlində köhnə kitab tozlu bir səyahət edir.

Sətir-sətir yol alır personajlar ölkəsinə,
Düşüncəsin qoşur obrazların düşüncəsinə.

Bu lampalar günəşin yerdəki xəlifələri,
Vərəqlənir işığında şəhər səhifələri.

O döngə şahid olub, kim bilir, nə çox kədərə,
Bu yolda kimsə görüb sevdiyin sonuncu kərə.

Bu axşamın könül oxşar sevimli mənzərəsi,
Binaların gözə çarpar işıqlı pəncərəsi.

Hər evdə fərqli hekayə, hər evdə fərqli həyat,
Birində arzu təzə, başqasında sevgi boyat...

Ən incə qum dənəsindən ən ülvi ulduzadək
Həyatı duymalıdır, məncə, çırpınan hər ürək.

Cahanın ilmələnib xalçasında min bir rəng,
Əgər pozulsa biri, korlanar bütün ahəng.

Sinən ki, dolmadı var olmağın sevinci ilə,
Səni sevindirə bilməz behişt zövqü belə...

***

Ruhum gəzəri dərviş olub bir yola çıxdı,
Olmuş - olacaq fikrini ardında buraxdı,
Gah büdrədi, gah getdi, çox əngəlləri yıxdı,
Bir yolçudu, bir yolçudu, bir yolçudu ruhum.

Söz xəlq eləmək qəlbimin ilk ülvi məramı,
Sarsılmadı boş tənələr üstündə inamı,
"Olmaz" dedi, "olmaz" dedi, "olmaz" dedi hamı,
Əl çəkmədim, əl çəkmədim, əl çəkmədim ondan.

Tale özü sevdiklərimi ömrümə yazdı,
Barmaqsayı dost-aşna, şükür, azsa da sazdı,
Bir də biri var, söz onu vəsf etməyə azdı,
Gördüm onu, sevdim onu, bağlandım o ruha.

Bihudə həvəslərdən ətək yığmağım üçün,
Hər gün doğuşunda yenidən doğmağım üçün,
Nəfs əjdəhasın birdəfəlik boğmağım üçün
Güc ver mənə, güc ver mənə, güc ver mənə, Tanrım.

***

Biz de İstanbula bir gün tepeden bakmıştık,
Bakarak baktığımız şehre isim takmıştık:

"Kubbeler şehri", "Boğaz yurdu", "Fetih memleketi..."
Doymadan seyrine ihmal ile yaktık bileti.

Durup el salladık ardından o kaçmış vapurun,
Simit ismarladım ahbaplara: haydi, buyurun!

Çay, simit, martı, burunlarda tüten tuz kokusu,
Her taraf işleme, her işlemede naz dokusu.

Sultan Ahmetteki sessizliğe ram olmak için,
Aranan şairi dal-dal arayıb bulmak için.

Önce Gülhane gülüstanına olduk azım,
Şarkı söylerdi ceviz dalları: Nazım, Nazım...

Ayasofyaydı bizim sonraki sermenzilimiz,
Yakarışlarla alevlendi gönül kandilimiz.

Türlü ikramda bulunmuşdu bize çarşı - pazar,
Ordan ilhamla döner duygu ve hiss yüklü yazar.

Çıngıraklarda ledünni gecenin tatlı sesi,
Sular üstünde mehabetle duran Kız kulesi…

Doymamıştık tepeler şehrini seyr etmekten,
Ayrılık pençesi tutdu yakamızdan erken…

Doldu hasretle gönül, doldu şiirlerle bavul:
– Hoşçakal, ey beni benden koparan İstanbul...

***

Bir gün gələr sənin də bəxtin gülər, gözəl qız,
Bəxtin gülər, gözəl qız, yarın gələr, gözəl qız.

Yarın yatar hər axşam qoynunda yaylığınla,
Gül ətrini səhərlər mehdən dilər gözəl qız.

Hər saniyə bir ildir indi sənin gözündə,
Yol gözləyən zamanın qədrin bilər, gözəl qız.

Təklik də bir sınaqdı, ömrün bir ağ varaqdı,
Hər kim yazıb bu dərdi bir gün silər, gözəl qız.

Söz-söhbət incidəndən göz incin oldu dən - dən,
Ah, qonşudan, qohumdan çəkdin nələr, gözəl qız.

Son məktubun əlində, yatdın ilan belində,
"Tez gəl" sözü dilində qaldı mələr, gözəl qız.

Xoşmüjdə bir sabaha, gül, saxla bir gülər üz,
Məşhur bu söz: "Ümidlər sonda ölər", gözəl qız.

***

Simit sata-sata dolanan dayı,
Qaçırmı üstünə uşaqlar evdə?
Gülürmü üzünə həyat yoldaşın?
Bütün gün durursan "Maqomayev"də.

Sən toxluq satırsan ac adamlara,
Özün heç yeyirsən öz nabatından?
Üzündə gülüş var, gözündə kədər,
Sən Allah, razısan öz həyatından?

Düşmüsən evindən qaçaq, ay dayı,
Qaçaqlar olurlar qoçaq, ay dayı.
Çatılan qaşınla çəkirsən hərdən
Dərdlərin üstünə bıçaq, ay dayı.

Nə çiyin vermisən həyat yükünə...
Belini bükməsin bu tale payı.
Bir dünya səadət istərəm sənə,
Özümə bir isti simit, ay dayı.

***

Bir ovucluq ürəkdə bir dünyalıq ümid var,
Nə qədər ki, nəfəs var, olmalısan ümidvar.

Görünən, görünməyən hər nə ki, var, sənindi,
Heç rəvamı heç nəyim yoxdu deyəsən indi?!

Təklik bataqlığında boğulmağın yerinə
Yaşamaqçün bəs edər tutunasan birinə.

Burax bütün işləri taleyin axarına,
Axır bu çətinliyin çıxarsan axırına.

Bir nəfər bir nəfərə, əlbəttə, bəs eləyər,
Evə yorğun gələrsən, "gəl, çay süzmüşəm", deyər.

Sən çayını içərsən, o gününü danışar,
Danışdığı hər sözə könlün bir nəğmə qoşar.

Nə gərək öz yuvandan bezib cana doyasan,
Yerlə yetinməyəsən, göylərə göz qoyasan?!

Qoyasan sevdiyinin başına ulduz tacı?!
Yox, əsl xoşbəxtliyin yox buna ehtiyacı.

Axtarma səadəti qəlizlikdə, çətində,
Zövqü dünyaya dəyər sadə bir söhbətin də.

# 3066 dəfə oxunub

Oxşar xəbərlər

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

11:30 22 avqust 2026
"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

16:30 21 avqust 2026
"Hər adamın sığınmağa bir qalası olsun gərək..." - Rəşad Məcidin şeirləri

"Hər adamın sığınmağa bir qalası olsun gərək..." - Rəşad Məcidin şeirləri

10:30 21 avqust 2026
"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

17:10 20 avqust 2026
"Di gəl ki, ürəyimdə ölümün də yeri var..." - Salvatore Kvazimodonun şeirləri

"Di gəl ki, ürəyimdə ölümün də yeri var..." - Salvatore Kvazimodonun şeirləri

14:10 20 avqust 2026
"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

15:00 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər