Yaralansam, göydən duz yağacaq - Xuraman Hüseynin yeni şeirləri

Yaralansam, göydən duz yağacaq - Xuraman Hüseynin yeni şeirləri
28 dekabr 2023
# 10:14

Kulis.az Xuraman Hüseynin yeni şeirlərini təqdim edir.


Sevgi çiçəyi

Yenə günəş sönür, hava qaralır,
Ulduzlar duz kimi səpilir göyə.
Günəşin yerini yenə ay alır,
Həyat qara günü görməsin deyə.

Ana təbiət də gedir yuxuya,
Yumulur sarmaşıq göz qapağıtək.
Həyat möhtac olur ulduza, aya,
Könül nur içində yaşasın gərək.

Qonsun ürəklərə eşq kəpənəyi,
Heç vaxt görünməsin həsrətin yeri.
Açsın könüllərdə sevgi çiçəyi,
Ətri bihuş etsin daş ürəkləri.


***

Dünyanın
dörd yol ayrıcındayam.
Bütün yollar ürəyinə aparır
hara gedim?


O yol

Bu yolun başlanğıcı
o yolun bitdiyi yerdi.
O yol mənim gəldiyim,
sənin getdiyin yerdi.
Biz o yolda görüşməliydik.
Mən gəldim,
sən getmədin.
Orda bir yol yoruldu
səni gözləməkdən,
məni gözlətməkdən.

***
Gözlərimi yığ yollardan,
səp buludlara,
sən gələndə
toz olmasın.


Pəncərəm

Pəncərəm günah iş görür
külək gəlir otağıma,
tumarlayır jalüzləri.

Heç belə görməmişdim mən
ehtiraslı gecələri,
üzüyola gündüzləri

Sevgi yatır pəncərəmdə -
gecə düşəndə yumulur
güllərin ləçək gözləri.

Açır günəş düyməsini -
göyün yaxasında qalır
buludların əl izləri...


***
Susuz səhrada çiçək açdı,
xarabalıqda bülbül oxudu,
bir yetimin saçına
bir əl sığal çəkdi.
Elə təkdim
sən gəldin.


Bir ovuc arpa

Anasının qoynuna sığınan körpə kimi
buludların arxasına sığınıb ay...
Otağımda sükut var
sanki səssizliklə boyanıb divarlar
hərdənbir səslər qopur gecənin bağrından,
uzaqdlardan gəlir gecəyə keşik çəkən
itlərin səsi...
Göy üzünə dən kimi səpilib
ulduzlar.

Bir azdan gecənin bağrı yarılacaq
bir ovuc arpa kimi dağılacaq
yuxusu gecələrin.


Sabahım

Çək əlini əllərimdən get daha
Əllərimi mən də çəkim əlindən.
Ümid etmə açılmayan sabaha,
Sonra da nə mən ağlayım, nə də sən.

Hər sabahım bir gecədə boğulur,
Hər tərəfi yara yeri, qan yeri.
Günəşi də qan içində doğulur
Yarasından boy göstərir dan yeri.
Yenə günüm göy əskiyə bükülür,
Şimşək mənim ürəyimdə çaxacaq.
Gözlərimdən sevinc göyə çəkilir,
Yaralansam, göydən duz da yağacaq.

Ölü doğub sabahımı göy üzü
Tanrı “qara kağız”a da bəxt yazır.
Qara geyib yas saxlayır göy özü,
Yeriyirəm, yeridiyim yol azır.


Meh əssə

Həmişə məni aldatdı ümidim
daha ona inanmaq
Istəmirəm.
Ondan əllərimi üzmüşəm artıq
İndi ipdən asılı qalıb ümidim.
Bir az meh əssə qopub düşəcək.
Hava haqqında məlumatda isə
Xəzri əsəcəyi deyilir...


Saman çöpü

Bulud aldı göy üzünü, batdı yenə günəşim,
Ruhumdakı son ümidi əsən yellər qopardı.
Mənim işim səninlədi, başqasıyla nə işim?
Saman çöpü, səni sular məndən əvvəl apardı.

Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?
İlk evimiz beşik olur, son evimiz də məzar.
Dayağım yox bu dünyada, kimə ümid eyləyim?
Dost da bəzən düşmən olub adama quyu qazar.

Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,
Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.
Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,
Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.


# 1784 dəfə oxunub

Oxşar xəbərlər

"Bəs kim içəcək bizim araqları?" - Xosrov Natilin yeni şeirləri

"Bəs kim içəcək bizim araqları?" - Xosrov Natilin yeni şeirləri

15:26 19 noyabr 2025
Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

12:00 16 noyabr 2025
"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

13:00 15 noyabr 2025
Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

12:23 14 noyabr 2025
İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri

İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri

10:00 14 noyabr 2025
İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı

İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı

10:38 12 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər