Sübh kimi işıq saçan at idim... - Elham Eslaminin şeirləri

Sübh kimi işıq saçan at idim... - Elham Eslaminin şeirləri
5 oktyabr 2025
# 15:00

Kulis.az Məhəmməd Nurinin tərcüməsində İran şairi Elham Eslaminin şeirlərini təqdim edir.


Elham Eslami 1983-cü ildə Mazandaranda anadan olub. Sağlığında “Dünya gözünü bizdən çəkmir” adlı ilk şeir kitabı işıq üzü görüb. 2011-ci ildə həyat yoldaşı – şair Qulamrza Borusan və altı yaşlı qızı Leyla ilə birlikdə avtomobil qəzasında həlak olub. Son şeirləri ölümündən sonra çap olunmuş “Sən limon ağacı, mən sübh ağacı” adlı kitabda toplanıb.


Qəlbimi isidirəm

üzümü yandıran atəşin kənarında.


Mən mehriban bir fil idim –

ağ dişli.

Sübh kimi işıq saçan at idim.

Qədim İranda yaşamışdım.

Xəzərin sahillərində.

Və Əlburzun ətəkləri örtmüşdü məni.


Bir kuzəydim Əhəmənilər dövründə –

çiynimdə naməlum əlifba.

Nişapurda müşahidə edilməmiş ulduz idim.

Tus kitabxanasında monqolların yandırdığı

köhnə bir kitab,

şəhrivərdə sərin bir bulaq

və qızlarına ip əyirmək öyrədən

rəşadətli bir qadın idim bütün əsrlərdə.


***


Sənin gözəlliyin

çay sinisini devirər.


Qəmginəm,

dünyaya uşaq gətirmədən, qəmginəm.

Məni sev.

Elə barlı edərəm ki səni,

budaqların qırılmağa ümidvar olar.

Mən bir əkinçinin qızıyam.

Su ol və mehribanlıq et mənimlə.


Tərslik eləmə.

Mənim qəlbim ötüb-keçir sənin addımlarını.


Qoy gecə gəlsin və boşaltsın küçəni

sənə sarılım deyə.


Sən bir divarsan ki, qəmginliyini azaltmır heç bir qapı.

Həmişə çay içir, şeir oxuyursan.

Səsin məni darıxdırmır,

yalqızlaşdırır.


***


Pis xəbər gözləyəndə

yaxşı xəbərdir

adi xəbərlərin

hamısı.


***


Kaş ki, biz iki maral olaydıq.

Sevinərkən buynuzlarımızı bir-birinə sürtəydik.

Bir-birimizə göz zilləyəydik danışarkən.

Və balalarımız

ilin isti fəsillərində gələydi dünyaya.


Kaş ki, biz iki maral olaydıq.

İnciyərkən bir-birimizdən

yuxuya gedəydik.


***


Gah gülür,

gah da ağlayıram.

Amma daha çox ağlamaq üz verər.

Hər halda insan

paltarlarından birini daha çox sevər.


***


Saçımın sancağı eşqdən heç nə anlamır.

Məni

necə

gözəlləşdirəcəyini bilir təkcə,

sən gələndə.


***


Ayrılıq o qədər də çətin olmadı ki,

şeir yaza bilməyək,

ya da aclığı unudaq.

Nə qədər də dəhşətlidir

ayrılığın

çox da çətin olmaması.


***


Bir şeir de, Rza*.

Uzun bir şeir.

O qədər uzun ki, halım düzəlsin.

Qalxım,

qabları yuyum,

evə bir əl gəzdirim

və yamayım corabını...


*Rza – həyat yoldaşı şair Qulamrza Borusan.


# 2338 dəfə oxunub

Oxşar xəbərlər

İstəsəydim səni səndən alardım - Günün şeiri

İstəsəydim səni səndən alardım - Günün şeiri

11:56 12 iyul 2026
Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

16:20 10 iyul 2026
İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

17:21 9 iyul 2026
Alov rəngli qərənfillər... - Günün şeiri

Alov rəngli qərənfillər... - Günün şeiri

12:40 9 iyul 2026
Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

17:26 8 iyul 2026
Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

11:30 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər