Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsdən yeni şeirlər

Qulu Ağsəs, şair

Qulu Ağsəs, şair

11 aprel 2022
# 17:00

Kulis.az şair Qulu Ağsəsin yeni şeirlərini təqdim edir.

***

Hava haqda proqnozu -
buluddan öyrən,
ayının ağız dadını -
armuddan öyrən.
Ustanın əl işi -
şəyirddi,
davadan gələn xəbər -
şəhiddi.
Külü ancaq göz yaşı -
təzədən alov eləyər,
oxa bələdçiliyi -
ov eləyər.
Cənnətin qapısını döyən -
demək, orda deyil,
arxada qalan göz -
düz yolda deyil.
Ba-ax, ikisi də tərs keçidi:
biri -
gündüzdü,
biri -
gecədi.
Gecə -
səhəri su kimi üzünə çəkər,
Gündüz -
gecənin çiynindən ulduzları sökər.

***

Bir də baş qoşan deyiləm
gecə ulduza, Aya,
Aldığım son xəbəri də
verdim getsin yuxuya.
Yatmamış instaqramdakı
hekayə nəydi - baxdım,
Bu arada votsapa da
barmağım dəydi - baxdım.
Baxmaqdan ağı qarışdı
gözümün qarasına
Tez uzandım... siqnal girdi
yuxumun arasına.
Düşündüm, görən O neynir,
hardan tapır dincliyi?
Gecə Ona,
gündüz Ona,
saat Ona işləyir!
Pəncərəmdə Günəş doğdu -
üzünə töküb telin,
Olan-qalan ağlımı da
qarışdırdı sübh yeli.
Uzaqda göy guruldadı
qəfil, yağış çilədi
Qalxıb fərman imzaladım,
hamını əfv elədim...

***

...Və bir gün qərq olarsan sulara
burulğan çəkər aşağı,
arxanca hürüb ağlaşar
suiti uşağı...
Burda köməyə kimi çağırasan -
qalarsan gözünü döyə-döyə,
başını balıq ağzından çıxararsan
dişin dişinə dəyə-dəyə.
Saçların quruyar qorxudan
yolarsan, bir ocaq catasan,
əlin gedər alışqan
qoyduğun cibə...
"Sənə lazımıydı,
siqareti atasan?!"

***

Dirəşmisən ki:
sevgi nədi,
mənə anlat!
Döyüşdə
son patronunu
beyninə sıxacaq qədər
cəsur əsgərə,
sülh zamanı
göyərçin xanıma
"patron" dedirəcək qədər
məsumdu həyat...
Görürsən,
səni sevməkdən də vacib
işlərim var əlimdə,
amma yenə səni sevirəm...
tənbələm dəəə!

***

Güzgü qabağında
ağlayar gözəllik -
boyası qarışmasın deyə;
Qapısını əlcəklə
bağlayar yalan -
birdən tüpürən olar dəstəyə;
Gecələr sürətini
azaldar dünya -
əyləcin işığı düşər göyə;
Və çox şeyi görər əhli-hal -
amma qarışmaz çox şeyə...

***

Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
"Olmadı,
bu ki olmadı!".
...Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı...

***

Çətirim səma,
"Yaxşı qalmısan!"
nə tez oxşadı
"Yaxşı ki, qalmısan"a?!
Səma çətirim,
bir inandığına
bir də inanmaqdı,
bir sevdiyini
biryolluq sevməkdi -
ən çətini...
Çətirim,
səmam,
üzünə baxdım,
halım qarışdı,
əynini qalın elə,
sənin də üst-başın yaşdı...

***

Əkinçinin
havaya atdığı
bir ovuc toxumdu ulduzlar -
bar vermədiyindən qızarar.
...Şeir sirdi, Adam,
sirri bağırmazlar -
ulduzlardan utan...

***

Günəş
meşənin üstündən
çəkdi duman-pərdəni
öz şöləsiylə,
quşlar səhnəyə çıxdı
yarpaqların alqış səsiylə...

***

Dönüb baxırsan ki:
sevgidə üçüncü yox,
ikinci adam artıqmış...
Unudun rəvayəti,
yalandı "Leyli və Məcnun" məhəbbəti,
var Məcnun sevgisi:
- hansı Məcnun?
- Leyli Məcnun!
var Leyli sevgisi:
- hansı Leyli?
- Məcnun Leyli!..
Şeirdə artıq sözü
kəsib atırdım bir vaxtlar,
indi baxıram,
şeirdə bütün sözlər artıqmış -
sevgidəki ikinci adam kimi.
...Gəl, təzədən yaşayaq şeiri,
Gəl, təzədən yazaq sevgini...

***

Gül uzadır
başdaşındakı şəklə
üç yaşında uşaq:
- Ata, ata,
anam almır,
gedək, sən mənə velosiped al da!..

Minaaxtaran

İyirmi ildi
ayağının ağrısından
gecələr yuxu getmir gözünə,
son vaxtlar
maraqlı türkəçarə tapıb özünə:
arvad-uşağı
şənbə-bazar bir yanda azdırır
çəkilir şəhər kənarına -
evdən gətirdiyi bir balon sidiyi
ocaqda qızdırır...
Sonra baxır havalı kimi,
sidiyi iki əskiyə süzür
dədə malı kimi.
Birin sağ qıçına bükür
(bükdükcə ödü ağzına gəlir),
o biriynən
sol qıçını kəsdiyi bıçağın
tiyəsini silir...

***

Ümidimi ütüləmişdim
barmağımı cütləmişdim
subay vaxtı:
iki oğlum olasıdı
birinin adı Tezol,
birinin adı Təkər.
Tezol -
zamandan iti,
Təkər -
maşından yekə.
...Qayğılar basdı başımdan
özümü güclə atdım
zaman - maşından.
Baxdım ki,
aləm qarışıb,
ümidimin ütüsü cəhənnəm
barmağımın cütü qırışıb!
Baxdım ki,
ömür yarıda...
...qızımın adın Su qoydum
ciyərim yanırdı övlad sarıdan...

***

Bu dünyada
heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən?
- gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...

***

Çox da salıb dünyanı eynəyim gözdən - noolar
Ağız suyuyla bitir dodaqda söz də - noolar...

Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var...

Yer tərpənir - tərpənsin, sallanarsan budaqdan
Bir də gördün əl edir kimsə sənə uzaqdan...

Nə lazım, uzaqbaşı bircə otağın ola
Gecənin bir yarısı qəfil qonağın ola...

Sevəsən bu gəlişi başdan-ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi...

Gedəndə könlünü də yalvar-yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara...

...Gedə, bir də qapından əcəl girəndə gələ
Günəş xəstə dünyaya şüa verəndə gələ...

# 7432 dəfə oxunub

Oxşar xəbərlər

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
Gecələr yuxuma girərdi Allah - Günün şeiri

Gecələr yuxuma girərdi Allah - Günün şeiri

14:00 20 noyabr 2024
Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

18:40 16 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

12:40 16 noyabr 2024
Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

18:43 15 noyabr 2024
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

18:40 13 noyabr 2024
# # #