Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
16 noyabr 2024
# 12:00

Kulis.az dünən dəm qazından dünyasını dəyişmiş şair və esseist Rauf Ranın şeirlərini təqdim edir.

Yuxu yozmaları

Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,
aypara qaranlıq tərəfindən - yoxluğundan diksinər.
Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.
Can atar pəncərədən göyə - suyun yuxusuna
sönən şamın son qığılcımı, xəyalında ulduza dönər.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Tumurcuqlar yol olar, uzanar torpağa, Vinsent,
beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu,
çəpər gecə-gündüz dikər gözünü budaqlara
daş tutmuş yuxusunda kök atar torpaq boyu.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Tarlalar yol olar, uzanar küləyə, Vinsent,
titrəyən sünbülə cəllad olar aypara,
yaslanası divar bilər özünü ot tayası.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Quşlar yol olar, uzanar üfüqə, Vinsent,
cığır hər gün özündən keçər, sonuna çatmaz.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”


Fraqment

dünən
uşaq ikən ən sevdiyim
cizgi filminə baxdım,
nədənsə heç bir personaj
böyüməmişdi.

Süjet

uşaq idim,
həkimlər atamın bir ay
ömrü qalıb demişdilər.
divar saatının
daşını çıxarmaq istəyirdim,
qorxdum ki, anam
işə gecikər.

Külqabı

qəribə idi,
babam ölmüşdü,
mən ağlayırdım,
atam üzülürdü.


Anons

Da Vinçi də
sonuncu şam yeməyi
olduğunu bilmirdi.


Şəxsiyyət vəsiqəsi

Sabah səhər durub,
əvvəl ayaqyoluna
sonra mətbəxə gedəcəm.
təsadüfdən dünən də
belə etmişəm, bu gün də.

# 315 dəfə oxunub

Oxşar xəbərlər

Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

12:40 16 noyabr 2024
Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

18:43 15 noyabr 2024
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

18:40 13 noyabr 2024
Orxan Camalın Afrikadan gələn narahat ruhu - Günün şeiri

Orxan Camalın Afrikadan gələn narahat ruhu - Günün şeiri

16:37 12 noyabr 2024
Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

18:40 11 noyabr 2024
Yaradan püşkümü atıb - Yeni şeirlər

Yaradan püşkümü atıb - Yeni şeirlər

15:30 7 noyabr 2024
# # #