Kulis.az Sait Faik Abasıyanıkın Orxan Vəli haqqında yazdığı "Rakı şüşəsində balıq olmaq istəyən şair" reportajını Həmid Piriyevin tərcüməsində təqdim edir.
Xeyli müzakirə edilmiş, hərdən ələ salınmış, hərdən özünü qəbul etdirmiş, sonra yenə inkar və yenə qəbul edilmiş, vaxtikən həm pis, həm də yaxşı şöhrətə çatmış bir şair var.
İki nazik ayaq, qısa plaş, sarıköynək rəngli şərf, sısqa sifət, qabardılmış sinəyə oxşayan kürək - belə demək olarsa - ərgənliklə gənclik arasında sima: Orxan Vəli belə görünür.
Şeirlərini təhlil etmək mənim işim deyil. Onu bəyənənlərmi haqlıdır, ya bəyənməyənlərmi? Bunu müzakirə etmək də bizim işimiz deyil. Nurullah Ataç onu kifayət qədər məşhurlaşdırıb. Amma özü Orxan Vəlini tanımırmış. Keçən müsahibələrindən birində:
- Orxan Vəli kimdir? - soruşub.
Mən də Orxan Vəlidən soruşdum, tanımadı.
Kaş biri çıxıb şairlə tənqidçini tanış eləsə. Daha doğrusu, barışdırsa... Amma deyəsən, Nurullah Ataç çox da kin saxlaya bilmir, çünki bığaltı gülümsəyib: "Haqqını danmayaq, yaxşı şairdir", deyir. Orxan Vəli bığaltı gülmürdü. Gülmürdü, amma o da: "Haqqını danmayaq, şeirdən başı çıxan adamdır", dedi.
İstanbulda hərdən bir şey dəbə düşür. Hərdən bir mahnı, hərdən "Volvo" kəlməsi, ya da "...bilmirəm kimə maşallah" ifadəsi kimi bir şey...
Orxan Vəlinin "Heyif oldu Süleyman əfəndi" misrası da məşhurlaşmışdı. Biz oxucular, görəsən şair bu misranın məşhurlaşacağını bilib belə yazıb, deyə öz-özümüzdən soruşmuşduq. Mən də şairdən soruşdum.
O:
- Mən sadə həyat yaşamış sadə bir adamın həyatından söz açmaq istəmişdim. Qəribə bir şey olsun deyə yazmamışam. Şeiri çap etdirməmişdən əvvəl də bu qədər səhv başa düşüləcəyi ağlıma gəlməmişdi.
Mən:
- Səhv başa düşülməyib. Məşhurlaşıb, - dedim. - Bir şey də deyim, əziz şair, bunu soruşmaq istəməzdim, amma sizdən danışan hamı hətta məndən də bunu soruşur. Qabarı ədəbiyyata gətirməklə nə demək istəyirsiniz? Qabar belə vacib şeydir? Başa düşürsünüz də, cavan qızlara bu çox maraqlı gəlir.
Orxan Vəli müztərib bir hal aldı. Yerdən ayrılan durnalar kimi uçdu.
– Həyatında böyük mənəvi əzablar olmayan bir insan üçün əlinə qabar çıxmasının əhəmiyyətli olduğunu hesab edirəm, – dedi.
İnsan bir şairlə söhbət edərkən belə bir sual vermək bəlkə ayıb olar, amma öz-özümə dedim ki, soruşacağam:
– O zaman sizin əlinizdə qabar var idimi?
– Süleyman Əfəndi şeirindən sonra ahı tutdu. Məndə də qabar çıxdı.
– Yaxşı, gəlin, rakı şüşəsində balıq olmaq məsələsinə keçək...
– Onu da qəsdən yazmamışam. O şeir o zaman yoxsulluq içində yaşayan bir adamın həyatını təsvir edir. Ürəyi çox şey istəyir, eyni zamanda, rakı içmək də. Bu arzu mübaliğəli bir şəkildə izah edilmişdir.
– Qabar qədər təsirli olacağını düşünürdünüzmü?
– Bunu bəlkə də düşünmüşəm. Bəzi sözlər, bəzi cümlələr istifadə edildikcə mənasını itirir. Daha oxucuya təsir edə bilmir. Bax, elə o zaman şair oxucunu silkələmək, adiləşmiş sözlərin içinə batdığı qəflət yuxusundan oyatmaq istəyir. "Rakı şüşəsində balıq olsam" misrası da bu məqsədlə deyilmiş ola bilər.
Şairə demədim, amma düşündüm ki, şair oxucunu silkələmək, onu qəflət yuxusundan oyatmaq yerinə, eləcə adiləşmiş sözləri desə, daha yaxşı olmazmı?
– Rakını sevirsinizmi?
– Ürəyim gedir.
– Mənim də... Ucuzlaşmasına nə deyirsiniz?
– Heç cür inana bilmirəm.
– Bəs Fahrettin Kərim bəyə?
– Ay can, deyərəm.
– Yayınlanmamış yeni şeirlərinizdən birini bəxş edə bilərsinizmi?
Şirin-şirin oxudu:
MAQQAŞLI ŞEİR
Nə atom bombası,
Nə London konfransı;
Bir əlində maqqaş,
Bir əlində güzgü;
Guya çox vecinədir dünya.
Oxuyub-yazan xanımları hiddətləndirəcək şeirdir. Orxan Vəli bəlkə hirslənər. Dünən axşam Fikret Adilin yığıncaqda bu şeiri bir xanıma oxudum. Pis oldu. Əlindəki vodkanı masaya qoydu. Sonra o da bədahətən:
Nə əlində qabar var
Nə ailəsi-uşağı
Bir əlində rakı
Ayaqlarında qabaq
Guya vecimədir Orxan Vəli…
tutuzdurdu.
Elə bu vaxt milyonlarla misra yazmış, özünü riskə atmaqla da olsa, yolunu tapmağa çalışan gənc şair Suavi Koçer bizə yaxınlaşdı. İki şair əl verib görüşdülər.
– Suavi Koçer necədir sizcə? – soruşdum.
İki şair bir-birinə baxdı.
Orhan Vəli:
– O, bir möcüzədir! – dedi.
– Ən çox hansı şairləri sevirsiniz?
– Ən çox adı bilinməyən şairləri sevirəm. Daha çox xalq şairlərini, məsələn, türküləri qoşanları.
– Birini oxuya bilərsiniz?
Şair aldı və baxın nə dedi:
Axşam olur, həbsxana bağlanır,
Kimi kart oynayır, kimi bitlənir,
Kiminin məhkəmədən sənədi gəlir,
Düşdüyüm meşədə yol bəlli deyil,
Yatıram, yatıram, gün bəlli deyil.
Kimə məxsus olursa olsun, gözəl bir şeirdir!
İnsan gözəl bir şeir oxunduqdan sonra bir müddət susur, danışa bilmir. Bir az keçdi, sonra soruşdum:
– Şeir yazmağa nə vaxt başlamısınız?
– Bu xəstəlik məndə on bir, on iki yaşlarında başlayıb. O vaxtlar yazdığım şeirlər adi tərzdə idi. Düzünü desəm, pis şeirlər idi. Pis şairlərin təsiri altında yazırdım. Gün gəldi, köhnə şeirlərdən bezdik. İstədik ki, bir az fərqli olsun.
“Əcəb “bir az”dır ha!” demədim.
Davam etdi:
– O vaxtlar qəribə şeirlər oxuyurduq.
– On iki yaşında?
– Xeyr. Sonralar. Kimi deyim? Bodlerdən sonrakı nəsillərin, daha çox müasir şairlərin kitablarını. Bir də sürrealistləri. Bax, elə hər kəsin qəribə hesab etdiyi şeirləri o vaxt yazdıq.
– İndi o şeirləri bəyənirsiniz?
– İndi onları bəyənmirəm. Forma baxımından zəif sayıram. Şeirin bir də ustalıq tələb etdiyini o zaman bilmirdik. Bu gün həmin şairlərdən uzaqlaşmışıq. Xalq ədəbiyyatından faydalanırıq. Amma bir sıçrayış etmək, köhnəlikdən xilas olmaq üçün o şeirləri də yazmaq lazım idi.
– Ən çox sevdiyiniz bir şeiri oxuya bilərsiniz?
Hansı şeiri oxuyacağını bir müddət qərarlaşdıra bilmədi. Sonra bu şeiri oxudu:
Uzanıb yatıb,
Baldırı bir az açıq,
Qolunu qaldırıb, qoltuğu görünür;
Bir əliylə də sinəsini tutub.
Pis niyyətlə eləmir, bilirəm.
Mənim də pis niyyətim yoxdur, amma…
Olmaz ki!
Belə yatmazlar axı!
Bu sevimli şeirə də qulaq asandan sonra şairdən soruşdum ki, yenə qafiyəli şeir yazmaq ehtimalı varmı?
- Hələlik vəznə, qafiyəyə bağlanmaq lazım deyil. Gələcəkdə faydalanmaq olar.
- Nə üçün?
- Vəznsiz, qafiyəsiz şeir şairi məcbur edir ki, ağırlığı sırf mənaya versin. Bu zərurət də şeirin təsir dairəsini genişlədir. Gələcəkdə haçansa qafiyəli, vəznli şeirə qayıtmaq lazım olsa, onda həmin şeirlər bizim nəslimizin təcrübəsindən yararlanacaq.
Orxan Vəli kədərli təbəssümlə əlindəki şüşəyə baxdı. Dibində az qalmışdı. Qalanı qədəhlərə süzdü. Şüşə boşaldı. Boş şüşəni pəncərədən bayıra atdıq. Şüşə sınanda elə səs-küy saldı ki, elə bil Orxan Vəlinin oxucunu qəflət yuxusundan oyatmaq üçün işlətdiyi misra da o şüşənin içində idi. İçindəki kilkə oyandı. Quş olub uçdu. O, sarıköynək rəngli şərfini boynuna doladı. Mən köhnə papağımı başıma basdım. Küçəyə çıxdıq. Məhz bu vaxt gənc şair özünün ən yaxşı misralarını mızıldadı:
İstanbulun mərmər daşları;
Başıma da qonur, qonur, aman, qağayı quşları;
Gözlərimdən tökülür hicran yaşları;
Ədalım,
Sənə görədir bu halım.
Artıq nə oxucunu qəflət yuxusundan oyatmaq var, nə də rakı şüşəsində balıq olmaq məsələsi:
İstanbulun mərkəzində sinema;
Qəribliyimi, məzhunluğumu bildirməyin anama;
Deyirlər ki, sevişirmiş; mənə nə?
Sevdalım,
Boynuna babalım.
Nə yatan qızın şeiri, nə də Maqqaşlı şeir mənə təsir etməmişdi. Nə edək, başa düşmürük də. Biz ancaq beləsini başa düşürük. İçimizə qəriblik çökür. Anadolu uşağıyıq da, nə edək? Breton, Tristan Tsara, Anri Mişo bizlik deyil.
- Ustad, sən o adını bilmədiyimiz xalq şairlərindən bir dənə də türkü de də.
- Yaxşı…
Həbsxana həyətində üç əncir
Qollarım qandal, anam, boynumda zəncir
Zəncir tərpəndikcə hər yanım sancır
Düşdüyüm meşədə yol bəlli deyil,
Yatıram, yatıram, gün bəlli deyil.
Orxan Vəlini vapura mindirib qayıdanda iyirmi il əvvəl başqa bir şairin yazdığı bu misra yadıma düşdü:
Göllərdə bu dəm bir qamış olsam
Bu şairlərin istəkləri yarım əsrdə eyni imkansızlığı davam etdirmək şərtiylə nə qədər dəyişib…
Yaxşı ki, şair deyiləm! Göllərdə qamış, rakı şüşəsində balıq olmağı bir şüşə qara şərab qarşısında bəni-adəm olmağa dəyişə bilməzdim.
1947