Onda mən də doyunca ağlaram - Güneydən hekayə

Onda mən də doyunca ağlaram - Güneydən hekayə
4 avqust 2021
# 17:20

Kulis.az “Sözün Güneyi” layihəsindən Xoylu yazar Ruqiyyə Kəbirinin “Almanda Sinohə varmı?” hekayəsini təqdim edir. Hekayədə orijinallıq naminə yazıçının ləhcəsi olduğu kimi saxlanılıb.

Gənc şair Sayə Muqəddəsinin məsumiyyətinə sunulur.

Almanda Sinohə var?
Klimancaro olasan, yoxsa Everest
Dincəlməyivə bir kölgə olmasa
bir ovuc torpaqdan artıq deyilsən.

Sayə Muqəddəsi

«Adımı yazım?»

Səhər deyir: «İşin qutulub?»

Səhər bilmir adam mərizxana təxtinə düşəndə, özünə iş axtarar. Təxtdə yatmaqdan sonra hər iş olur-olsun. Mərizxana evimiz kimi deyil. Allaha söz vermişəm qoy evimizə dönüm, dünyanın lap çətin işlərini görəcəyəm. Həyəti süpürəcəyəm, mamanın sərdiyi paltarları şəritdən yığacağam, üç saat oturub, hamının paltarına ütü çəkəcəyəm, hətta toz almaq üstündə səhərlə dükkə-dük eləməyəcəm.

«Görəsən desəm evimizi Allah kimi sevirəm, günah olar?!»

Səhər dodağını dişləyir. Nə dediyini düşünmür. Ama mən bilirəm Allah nə dediyimi anlayır. Allah bilir ki, mən evimizə dönəndə, başımı astanasına qoyacam; Allah bu işə görə alnıma günah yazmaz, deməz evimizi pərəstiş elirəm.

Evimizi Allah kimi tanıyıram. Gözü yumulu, hər yerinə cütayaqlı yox, naqqışlı gedə bilərəm. Ama mərizxana qəribədi. Aqay-i Konsul kimi. Mərizxanayla heç yoldaşlıq eləyə bilmirəm. Səhərin deməyinə deyil, «sən gələninən yoldaş, gedəninən qardaş olusan.» Ev, dağ, daş, dəniz, elatın qara çadırları... Hər yer olu-olsun, illah mərizxana. Özü də özgə bir ölkənin mərizxanası.

İki havalıyam. Evimizinən mərizxananın havası kimi. Qalmışam kimə yazım? Allaha yoxsa aqay-i Konsula? Heç birini görməmişəm. Gözümü yumanda Allahı his elirəm. Hər şeydə, hər yerdə var, Allah məndə də var. Amma nəmənədən gözümü yumub, aqay-i Konsulu təsəvvür eləyəndə, bir miz görürəm, bir də nəmənə yekəlikdə fırlanan səndəllərdən. Səhərə deyəndə gülür.

«Yanı deyisən, o qədər kiçikdi ki, miz dalısında itir?»

«Bəlkə də o qədər böyükdi ki, mən görə bilmirəm!»

«Bəlkə də sən fikirləşəndə xəyalında aqay-i Konsul səsə, səninsə gözlərin qulağa dönür? Təbiətdəki qısa dalğa, uzun dalğa kimi... Haa zəlzələ olanda fəqət heyvanat o dalğaları eşidər...»

Mən ciddi bir namə yazmaq istirəm; ama həmişəki kimi, deyəsən Səhərin mırtının başı yarımdı. Belə vaxtlar mamanın qaşların yığıb «Səhər! Hər şeyi mırta qoyma» deyər. Mən mırtın mənasını bilsəm də, yorqan-döşəyə düşəndən bəri çox şeylər kimi mırtınan da barışa bilmirəm.

«Aqay-i Konsul babamca olsaydı, mən onu görə bilərdim, o da məni görə bilərdi, onda işlərini yubatmazdı.»

«Sənin başın bir yerə dəyib? Axı adam da konsula namə yazar? Hələ tutaq ki, yazdın, o hara, sən hara?.. Uuuf! Qutb-i Cənubdan, Qutb-i Şimalacan məsafəsi var.»

Səhərə deyirəm Allaha yazsam, konsul görə bilməyəcək naməmi, amma konsula yazsam, Allah da görə bilər. Səhər gülməkdən başqa bir iş başarmır. «Başıva hava gəlib» deyir.

Düz deyir. Hamamda saçımı övkələyəndə, tüklərim bir kol yemlik kimi əlimdə qaldı. Doktor demişdi töküləcək, amma bilmirdim belə əlimdə qalacaq, deyirdim bəs darağın dişinə ilişəcək. Onda başıma hava gəldi. Qışqırdım: «Mamaaaaaaaaa!..»

Aynadan küsdüm. Şəkil albomuma vuruldum. Şəkillərdə fəqət tüklərə baxırdım. Öz tüklərimə, mamamın, Səhərin, babamın... Albomumdan iki şəkil götürmüşəm. Biri Nefernefer olmamışdan əvvəl, birisi də Nefernefer olandan sonra.

«Büyünnən adın Neferneferdi!» - babam dedi. «Olmaz ki albomumuz Misir gözəlinin şəkilindən boş olsun. Sinohə kimi bir həkim də tapa bilsəm, bir-iki aya toxtarsan.» Babam bilmədi ki, mən onun qan çanağına dönmüş gözlərini gördüm.

Ümumiyyətlə, biz gizlicə ağlayan bir ailəyik. Mamam soğan soyanda, babam televiziyondan intihari ölümlərin xəbərini eşidəndə, mırtın mənası Səhərin yadından çıxanda, ya kitab-dəftərilə savaşanda... Hər kəs gizlicə ağlar, mənsə əlimi tüklərimin boş yerinə çəkəndə, qızdırma ilan kimi ətimlə dərimin arasına sızanda, yorğanımı başıma çəkib ağlayıram. Göylüm istər bir gün yemək süfrəsinin başında oturan kimi hamımız birlikdə doyunca ağlayaq.

«Almanda Sinohə var?» - soruşdum.

«Mən də sabahdan Nefernefer olacağam» - Səhər dedi.

Maman dedi: «Üçümüz də!»

Babam: «Allah köməyim olsun... Üç Misir gözəli...»

Evdə çətindi. Qohum-qonşu gəlib adama rəhmgöyüllü baxanda, ağlamağım gəlir. Amma mərizxanada ürəyim tutulsa da, darıxsam da, Nefernefer olmaq rahatdı. Oğlanlar da Neferneferdirlər. Fəqət qızların çərqədləri bir də çöhrayı uzun donları onları oğlanlardan ayırır. Mərizxanada olanda, Neferneferə şeir yazmağım gəlir. Yusif-Züleyxanı da şeirin bir parçasında yerləşdirməyə nə qədər çalışsam da, olmur. Şeirimə Yusif-Züleyxa girəndə, yamaq kimi görünür. Babam deyir: «Xəyal qanadlanıb dörd nala çapanda, sözlər şeirə dönər.»

Səhər babamın sözünü ayrı cür məna edir. Səsini xırxırasında bəmlşdirib, babamsayaq deyir: «Sayə! Bir gün gələcək ki, birisi sənə vurulub, kölgən tək sənnən ayrılmıyacaq. Onda xəyalın qanadlanıb, dörd nala çapacaq...»

Deyirəm: «Gəl, sən mənim yerimə şeir yaz, sən qafiyələri yaxcı düzürsən.»

«Müzəkkər Sayə... Müənnəs Sayə...» - deyib gülür. Səhər babamın sözlərini göydə qapıb, sonra onları mənə, mədrəsədə yoldaşlarına yedirdər.

«Qoy bu şimidərmaninin zəhər dadı ağzımdan getsin, qızdırmam kəsilsin, doktor peyvənd-i məğz-i ustuxan eləsin, xəyalım qanadlansın... Onda şeirlərim yaraşıqlı don geyəcək!»

«Qafiyələrə bax! Belə ki sən qafiyələri dalbadal düzürsən, bir gün ALL-ə də şeir qoşacaqsan!»

Qafiyə oyunu oynamağı çox sevsəm də, Səhərin mırtları hərdən çox duzsuz olur.

Yan otaqdakı qıza tüklərini dibdən qırxdıran Misir gözəllərindən dedim. Ancaq xəyalını qanadlandıra bilmədi. Pətunu başına çəkib, «Mən utanıram» - dedi. Böyüklərin otağında, şimidərmani olan pərəstara «Babam məni Nefernefer çağırır» - dedim. Dodağı qaçdı. Əlini Nefernefer başıma çəkib soruşdu: «Yanı nəmənə?.» dedim: «Yanı tüklərini dibdən qırxdıran Misir gözəli!»

«Sən istər tühlü, istər tühsüz, köhlü-dibli gözəlsən. Ama bax mənə!..»

Axsaq ayağını görsədib, «Gözəl ağa çox gözəliydi, vurdu çiçək də çıxatdı» - dedi. Danışa-danışa çatlamış dodağı qanadı.

Mamam deyir: «Belə pərəstarlar iynə kimidilər, hamını bəzəyib, özləri lüt gəzərlər.»

Səhər isə deyir: «Maman özü iynədi daaa...»

«Kaş ki konsullar da iynəyə bənzərdilər!»

«İynə... Konsul... Qanun... Sistem... Nəmnə yekəlixdə miz... Gör heş buları iynənin deşiyindən keçitmək olar?»

«Biməni də artır. Bimə də iynə deşiyindən keçmir deyəsən.»

«Namə yazmax çətindi. Gəl şeir yaz aqay-i Konsula!» səhər gülə-gülə deyir. Ama mən nə qədər çalışıramsa xəyalımdakı ona deyilən sözlərimə şeir donu geydirə bilmirəm. Ona görə namə yazmağım gəlir...

«Aqay-i Konsul, salam!

Mən abırlı-həyalı, gizlicə ağlayan bir ailənin qızıyam. İndiyəcən heç bir sistemə namə yazmamışam. Səhər deyir sistemə namə yazmaq, dostuva namə yazmaqdan fərqlidi. Amma indiyə kimi dostuma da namə yazmamışam. Mən deyirdim bəs şeir yazmaq, namə yazmaqdan çətindi. Ama indi yazmağa başlayanda, düşündüm ki, namə yazmaq şeir yazmaqdan da çətindi. O da sistemin bir konsuluna namə yazasan!

Bilmirəm adımı Nefernefer yazım yoxsa Sayə!.. Səhər deyir: «Sayə yaz, çünki sicillində Sayə yazıblar. Aqay-i Konsul qanun adamıdı, o nə bilsin ki şimidərmani olanlar Misir gözəllərinə bənzəyirlər.» ancaq mən naməmlə bərabər iki şəkilimi də sizə göndərirəm. Baxsaz özüz bilərsiz ki, şəkillərin hansı Sayə olan zəmandı, hansı Neferneferə döndüyüm zəman.

Aqay-i Konsul! Səhər deyir ki, sistemin hər hansı bir məqamına namə yazmaq istəsəm, gərək qanunda qeyd olunmuş dildə yazım. Amma Səhərin deməyinə deyil, mən bilirəm ki, sistemdə dilmanc da var. O, mənim naməmi sizə tərcümə edər. Səhər deyir ki, tizhuşan mədrəsəsində dərs oxumağıva deyil, yazdığın namə sistemin otaqlarını dolana-dolana, itib-batacaq, aqay-i Konsulun əlinə yetişmiyəcək. Babam deyir, Səhər siyasətmədar olacaq, sənsə şair. Səhər kimi sistemdən başım çıxmır, ancaq mədrəsədə ictimai dərsində üç qüvvənin dərsini oxumuşam. Qüvvey-i Müqənnənə, Qüvvey-i Qəzaiyyə, Qüvvey-i Mücriyyə. Səhər deyir aqay-i Konsul Mücriyyə qüvvəsinin min-bir qolundan biri sayılır. Onun min-bir sözü “Min-bir gecə nağılları”nı mənim yadıma salır. Öz-özümə deyirəm, kaş ALL-də bir zalım padşah olardı, mənsə Şəhrizad. Hər gecə yorğanımın altında xısın-xısın ağlamaq yerinə, zalım padşaha nağıl deyərdim. Bilirsiniz, mən çox nağıl bilirəm. Anam deyən nağıllar, özüm oxuduğum kitablar. Qarı nənənin nağılından tutdu Jul Vernin nağıllarının hamısı əzbərimdi. Səhər deyir, belə sözləri sistemə yazılan namələrdə yazmazlar. Deyir, qüvvələr üçbucaqlı kimi bir sistemdir. Bir-birinə bağlıdırlar. Deyir, sistem dediyin zəncir halqalarına bənzər. Bir halqa laxlayıb qırılsa, sistem bütövlüyündə qarmaqarışıq düşər. Namələr öz məqsədlərinə çatmaz. O deyir, sözün varsa, ürəyində Allaha de. Adamın canı Allah əlindədi. Deyir, necə ki, nənəm dediyi nağılda, Allah dəli Domrulun canını bağışladı, istəsə bir saniyə çəkməz, sənin də sağlamlığını qaytarar. Daha Səhərin ağlına çatmır ki, Allah sizdən böyük olsa da, mənim bimə olmağım üçün siz gərək Almanın bimə sisteminə namə yazasız. Mamam deyir: «Allah təhrim çıxardanın evini yıxsın!».

Deyirlər, günahların çoxu təhrimdədi. Təhrim olmasaydı, mən elə Təbriz mərizxanasında dərman olardım. Burdakı kimi darıxmazdım. Təbriz mərizxanasında hər gün sevdiyim adamlar görüşümə gəlirdilər. İndi burda nə Almanca danışa bilirəm, nə də bir nəfər görüşümə gəlir. Babam burda Sinohə kimi bir həkim tapıb. Amma Almandakı Sinohələr biməsiz dərman eləmirlər. Babam elə qüssəlidi ki, yadından çıxır məni Nefernefer səsləsin. Mamamın gözlərinin ağı həmişə qıpqırmızıdır. Ona baxanda az qalıram deyəm, məndən gizlin yox, məni qucaqlayıb, elə üzümə baxa-baxa ağlasın. Onda mən də doyunca ağlaram. Aqay-i Konsul! Babamınan mamama deməmişəm ki, qorxuram gözlərimi yumub, bir də aça bilməyim.

Səhər deyir, belə sözləri sistemin Konsuluna yazmazlar. Sistem konsullarının qızları ALL naxoşluğu tutsalar, onları göydə götürərlər Almana, İngilisə, Amerikaya. Səhər deyir axı bizə nə aqay-i Konsulun qızı var, ya yox, sən özümüzə fikirləş. Dünya doludur bizim kimi qızlarınan.

Səhərin deməyinə deyil. Mən elə bu sözü soruşmaq üçün sistemin min-bir Konsulundan birinə namə yazıram.

«Aqay-i Konsul! Sizin heç Sayə adlı bir qızınız var?»

# 8237 dəfə oxunub

Oxşar xəbərlər

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
Gecələr yuxuma girərdi Allah - Günün şeiri

Gecələr yuxuma girərdi Allah - Günün şeiri

14:00 20 noyabr 2024
Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

18:40 16 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

12:40 16 noyabr 2024
Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

18:43 15 noyabr 2024
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

18:40 13 noyabr 2024
# # #