Bu gün şair Şəhriyar Del Geraninin doğum günüdür.
Kulis.az bu münasibətlə şairi təbrik edir və ən məşhur şeirlərini təqdim edir.
Pıçıltı...
dəcəl uşaq bir daş atıb bu yuvanı uçursa,
gələn bahar bu eyvanda bir qaranquş kəm gələr.
nəsə çatmaz göy üzündə, bir quş yeri boş qalar,
səni də başqa şəhərin yağışları isladar...
səni də başqa şəhərin yağışları isladar,
başqa küçəyə açılar sərxoş pəncərələrin.
kimsə çatmaz bu şəhərdə hər gecə “səhv düşməyə”:
“bu sevgini qışqırma... pıçıltısında qalsın...”
bu sevgini qışqırma... pıçıltısında qalsın,
bu gedişin, bu yoxluğun bir adı da olmalı.
bir adı da olmalıdı bir ömür yorğunluğun,
bu təkliyə yoluxmağın bir adı da olmalı...
bu təkliyə yoluxmağın bir adı da olmalı,
bir əlinlə başına döy, o biriylə sığal çək.
güzgüyə bax, gülümsə, de ki: “səndə alınmadı,
nəsə... nəsə... olmadı! nəsə... nəsə... olmadı”...
1, 2 və başqa rəqəmlər...
belə olmalı deyildi, dostum,
bunca hündür olmayacaqdı divarlar,
indi mənim qısıldığım küncdən heç kimsə görünmür
deyirəm ki, belə olmur...
onda lap çoxdan idi
onda hamı sağ idi
yaxşı yadımdadı
anamızın qarğışı da heç kimsəni tutmazdı
Allah da heç kimi öldürməzdi
sən deyirdin: uzaqlar olmayacaq...
amma
mən qorxurdum
qorxurdum ki, hamı birdən susa bilər...
qorxuram
qorxuram ki
hamı birdən susa bilər
səsini itirə bilərəm, dostum
“hardasan”ını, “necəsən”ini eşitməyə bilərəm
bir də görərsən ki
heç kimin səsi yoxdu
mən sənin səsinə sığınıb bir ömür ovunduraram özümü
deyirəm ki, məni səsinsiz qoyma...
mən sənin nə etdiyini
hara getdiyini
kiminlə içdiyini bilmək istəyirəm
bilmək istəyirəm nə geyindiyini, nəyə baxdığını
niyə gülümsədiyini...
əllərinin hərəkətini görmək istəyirəm
bilirsənmi
indi gələn yoxdu - quruca yollar var
qucaq yoxdu - quruca qollar var
büsbütün yiyəsiz bədənlərdi indi yataqlar...
bir də görərsən ki
heç kimin əli qalmayıb
mən sənin əlindən tutub
bir ömür yeriyə bilərəm
deyirəm ki, məni əllərinsiz qoyma...
belə olmalı deyildi, dostum
belə olma...
Xatırlanmağın şeiri
Elə nigaranam - səndən nigaran,
yaşaram ömürdən-gündən nigaran.
Qayğına qalıram öz aləmimdə -
nə vaxt soyuqlasan, çay dəmləyirəm.
Ürəyim əlimdə, canım əlimdə
yanına gəlirəm, gülümsəyirəm.
Deyirəm, "Darıxma, yaxşı olacaq...".
Yaxşı olmayacaq, özün bilirsən.
Sən özün bilirsən necə olacaq...
Sən özün bilirsən necə olacaq,
zalımın zülmü çox, məzlumun ahı.
Sən özün bilirsən necə olacaq,
kimin boynunadı kimin günahı.
Şahid çağıraram ora Allahı,
mən sənin üstünə günah almaram.
Nə qədər istəsən,
neçə istəsən,
mən özüm yanaram necə istəsən,
heç bircə tikə də sənə qalmaram.
Eh... Sənə bu qədər uzaq olunca,
günəşə su qədər uzaq olunca,
gedib dayanaram külək tərəfdə,
saçını öpərəm külək tərəfdən.
Beş-on xatirəyə ümid olmaram,
Sən necə istəsən,
hardan istəsən,
yadına düşərəm haçan istəsən.
Mən belə sevirəm, unudulmaram...
Uzaqlar…
üzü qibləyə durmuşam
ki,
bəlkə qovuşum sənə.
bu qədər sənsizliyin
hansınnan danışım sənə?..
sərsəri əllərimin
odası omuzların.
uzaqlara öyrətmə gəl
bu süləngi təkliyi...
daha mənim sevgiyə
aldanan vaxtım deyil ki...
bacarırsan anam kimi
bacım kimi qucaqla,
qolların doğmalığın qala divarı olsun...
heç bilmirsən buludlardan niyə incikdi balıqlar
axı kimin yolun gözlər bu kimsəsiz uşaqlar?...
gəl sənə bir söz də deyim
deyim xəbərin olsun,
biləsən sənə oxşayır
indi bütün uzağlar...
gəl sənə bir söz də deyim
deyim, xəbərin olsun,
bu tənhalıq min illərin divar tənhalığıdı...
Üzündən irağ...
sən axı bilmirsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...
sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.
sən axı bilmirsən
əlim qurusun –
sənə açmadığım zəng zəhər olur...
günəş zəhər olur
gün zəhər olur,
yağış zəhər olur
yol zəhər olur,
bir qurtum arağla
bir siqaretlə
gecələr uzanır
taa... səhər olur...
sən axı bilmirsən
hardan biləsən
üzünnən irağ –
it kimi darxımağ nə təhər olur...
Nə bilsin külək?!
Kirli köynəyimi yumuşdu anam,
külək bulamışdı... nə bilsin külək?
Mənsə, hirslənmişdim anama onda,
anam ağlamışdı... nə bilsin külək?
Bir gün dalaşmışdım qonşu uşaqla,
üstəlik anasın söymüşdüm onun.
Oysa hikkəsindən bir yekə torba
yarpaq tıxamışdı buxarımıza.
Sobamız yanmadı fevral gecəsi,
çayım soyuq oldu, atamız qrip,
mən dedim: "küləyin işidi yəqin..."
Anam da inandı,
nə bilsin anam? -
"Yiyəsi ölsün bu küləyin" - dedi.
O vaxtdan yiyəsiz qalıb küləklər,
bu yetim küləklər nə bilsin axı...
Sən üşüməyəli ikinci qışdı,
ay Allah, kəs görüm bu nə yağışdı?!
Yığışdım özümə, elə yığışdım
para buğdasına söykənib yatan
qarışqa misali elə yorğunam...
Soruşma neçənci qərib soyuğun,
neçənci dostumun uzaqlığıyam.
Həminki qayğıdı bu tifil qayğı,
Kipriyimə qədər yorğunam anam...
Bir pişiyim də yox qucaqlayası,
qucağım sinəmdə bayquş yuvası,
barı dost da ölmür yas saxlayasan,
hamı salamatdı, hamı yaxşıdı.
Di gəl, darvazanı külək açdımı,
Bu "darıxmaq” ki var, itin balası!
Hər gün qapımızda gəlib ulayır.
Yox əşi, nə külək... nə bilsin külək?
Kirli köynəyimi yumuşdu anam,
külək bulamışdı... nə bilsin külək?
Mənsə, hirslənmişdim anama onda,
Anam ağlamışdı... nə bilsin külək?