Həyatda yerimi tapmadım - Yafəs Türksəsin şeirləri

Yafəs Türksəs, şair

Yafəs Türksəs, şair

18 oktyabr 2022
# 17:00

Kulis.az dünən axşam vəfat edən şair Yafəs Türksəsin sevilən şeirlərini təqdim edir.

Qocala bilməmişəm

Özümə yaraşan günlərim az olub,
kasıbçılıq dolu kimi döyüb taleyimi.
Haqsızlıqdan doğan bir kasıbçılıqla
barışa bilməmişəm heç vaxt -
həmişə özümdən zəiflər at oynadıb
dörd yanımda.

Yaxşı oynamışam -
topum olmayıb,
yaxşı qaçsam da -
“ket”im olmayıb,
yaxşı oxusam da -
qızara-qızara almışam “beş”lərimi...
Köhnə paltarımdan utanıb
əzbər bildiyim dərsdən “iki” almışam.
həmişə gecikdirərdim sentyabrların 1-ni...

Uşaqlığımı
təzədən yaşamaq istəmişəm həmişə.
Həmişə qanadsız quş kimi çırpınmışam
taleyimin əlində.
Haqsızlıq içində boğula-boğula,
günlərimi poza-poza
əlli yaşıma çatmışam.
Dərd loto daşları kimi doldurub
ömür kartlarımı.
Duyğularım əcdaha kimi atılıb üstümə -
qoymayıb məni qocalmağa.

Futbol oynayanda
“ket”im olmayıb uşaqlığımda
indi də şairəm -
kitabım yoxdur.

Hardasan, ay ev yiyəsi?

ağac-ağacı saçlayıb
yoncaların ağaclayıb
darvaza
qol qulaclayıb
hardasan ay ev yiyəsi
güzgü sınıb
daraq ölü
məktub ölü
varaq ölü
sağsağanda soraq ölü
hardasan ay ev yiyəsi
quş cəftədə yuva qurub
hənir yoxdu
zaman durub.
başıma bəd hava vurub
hardasan ay ev yiyəsi?

quyu uçub
çarx sürüşüb
arxlara qarışqa düşüb
bayquş dinir
it hürüşür
hardasan, ay ev yiyəsi?

***
Darıxıram vağzallarda
Tıncıxıram havasız qalmış kimi
Qatarlar keçir ürəyimin üstiündən
Uzaq yollar üstümə ulayır
Lal bir mələrtiylə
Erkən ağramış saçlara
Baxa bilmirəm
Yurdda ölmək həsrəti boylanır
Bir-birinə qarışmış üzlərdən
Diksinirəm
Zirzəmi
Yataqxana çadır deyəndə
Q hərfindən səskənirəm
Kanalı dəyişirəm
Ekranda kənd görəndə
İlan kimi çalır məni
Soyuq diplomat gözləri
Gözümə dürtülür
Yuxuma dürtülür
Ölkə düşmənim
Sətir düşmənim
Məmur düşmənim...
Hər gün uduzuram
Meydansız
Döyüşsüz.

Bir günüm

Bir günüm də yalanla başladı...
Səhər-səhər yediyim sosiskadan,
İçdiyim çaydan yalan buğlanırdı.
Telviziya ekranından şortu bir müğənni
Məhəbbət dərsi keçirdi adamlara.
Sarsaq bir bəstəkarın «nanay» bir şairin
Sözlərinə yazdığı mahnı deşirdi qulağımı
Tale aparcının ütülü gülüşləri iyrəndirdi məni o
ki var.
Siyasi şərhçinin verdiyi xəbərdən
Qeyrətsizlik qoxusu gəlirdi.
Yalan bir dünya yeridiyi üstümə səhər-səhər.
Arvadının dayaz sual-cavabından bezib evi tərk
Eləyib
Şəhərə çıxdım.
Yalançı reklamlar köhnə şalvara köhnə yamaq
kimidir....
qəzetlərdə manşetlər qeybət qoxuyurdu.
Kaset satan mağazaların mənasız
Səs-küyündən qaçıb tini buruluram.
Üstümə yeriyir vecsiz, küt, müti, sırtıq,
Qeyrətsiz adamlar kütləsi...
Mağaza vitrinlərində saxta ərzaqlar
Gözümə dürtülür.
corabın da xaricdər gətirdiyi
bu ölkədə doğulduğuma xəcalət çəkirəm.
Saxta mineral suları QHT-lərin,
«2 Məmmədlik» konyakları siyasi partiyaların
bayraqların yapışdırmaq istəyirəm.
Şəhərin mərkəzindəki xarabalıqlar
Xarabalığımızın simvoluna dönüb
Asılıb gözlərim önündən.
Mersedesin qara şüşəli arxasından «xoşbəxt»
Adamlar keçir.
Gecə barlarından şərqə ölüm hökmü oxuyan
Musiqi sədaları gəlir.
Evə dönürəm. ANS-in yalançı hay-küyü
Evi başına götürüb. Yalanla başlayan gününə
yalanla nöqtə qoyur
Orxan Fikrətoğlu.

Oğlum Şəhriyar haqqında

Oğlum Şəhriyar necə də
Mənə oxşayır
Bəlkə də,
Hər dəfə dünyaya
Təzədən gəlmək istəyimdən yaranıb o
Geriyə buraxdığım səhvlərin çoxluğundan
Doğmuşdu bu istəyim.

İlk sevdiyim qızı qaçırmaq istəmədim
Əvəzinə bəxtimi əlimdən qaçırdım.

Yaman hikkəliydim o zamanlar
Ən balaca səhvin üstündə belə
Tez-tez döyərdim balaca qardaşımı
Hikkəmi yelə verdi zaman
Əzə-əzə muma döndərdi məni.
İndi balaca qardaşı Bəxtiyarı döyməyi
Qadağan etmişəm oğlum Şəhriyara.

Anamın son tikəsini də alardım əlindən.
Sanardım ki yeməyi var gizlində.
Bənna atamın divara uyğun axtardığı daşı
Ən tez mən tapardım
Həyatda yerimi tapmadım amma

On yaşlı bacımla anamın
Xalça toxumaqdan çıxardığı çörək
Acı dadırdı boğazımda

Kasıbçılıqdan xilasımıza
Yeganə ümidimiz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil ölümündən sonra uçdu
Bu dünyanın bənnasına bəslədiyim
İnam divarı.

Sevdiyim qızların heç birini
Ala bilmədim
Əlim çörəyə çatanacan uçub getdilər
Dünyanın ən aşılmaz səddiymiş
Kasıblıq.

Oğlumla eyni ölçülü paltar geyəndən
Əynim sevinməyib
Aldığım təzə paltarları
Birinci ona uzadıram.
Anası
onun cibindəki sevgi məktubunu cıranda
İçimdə nəsə qırıldı

O qədər yalanımı tutub ki oğlum
Düzlüyü öyrədə bilmədim ona.

Amma yaxşı ki,
Yaxşı ki öyrədə bilmədim.

Braziliya futbolçusu Roberto Karlosa

Taleyimiz əkizdir, Roberto
Mən də sənin kimi
Qovuram azadlığımı top kimi
Həyat meydançasında
Mən də sənin kimi yoldaşlarımın yerinə
Oynamaq zorundayam.

Hücumçu hücum edə bilməyəndə
Müdafiəçi qoruna bilməyəndə
Dözməyib çatdırırsan özünü

Ah, Roberto, Roberto
Yoldaşı özün seçmirsən
Addımı özün ölçmürsən
Futbol da bu həyat kimi
Haqsız bir oyundur, Roberto.
Azadlığın özgələr əlində

Uduzanda gözlərindən oxuyuram
Çətindir yoldaşı özün seçməmək
Çətindir addımı özün ölçməmək.
Özündən zərifə uduzmaq çətin
Çətindir, Roberto, çətin!

# 4504 dəfə oxunub

Oxşar xəbərlər

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
#
#
# # #