Həyat sahib olmadıqlarımızın vergisini istəyir – Fəridin yeni şeirləri

Həyat sahib olmadıqlarımızın vergisini istəyir – Fəridin yeni şeirləri
21 oktyabr 2021
# 17:33

Kulis.az tanınmış şair Fərid Hüseynin yeni şeirlərini təqdim edir.

Təlaş aynası

Şeirin həyatda çox şeydən vacib olduğunu
hiss etdirən şairləri sevirəm.
Yaddaşı gözəl günlərin ziyarətgahı olan
qadınları sevirəm.
Neynim, mənim də zövqüm budur.
Adam ən tez özünə qayıdacağı yolu unudur.

Bir uzun və soyuq gecədir yazdıqlarım,
çox gözəl bilirəm.
Qızınıram susduqlarımın oduna.
Qürbət məşuqədi -
ona görə xatırlayanda
çox zaman gecələri düşür yadına.

Eh biz də qocalırıq,
oxuduğumuz məktəblər
soyub apardılar gəncliyimizi.
İndi “çölə boşaldın” deyirlər
yorğunluqla dolu çiblərinmizi.

Necə də qaçılmazdır ölüm -
sevdiyim çiçəklərə baxa-baxa soluram.
Xatirələrlə baş-başa qalım deyə
özgələr arasında özüm olmuram.

Tanrının qucağıdırmı sükut?
Hər kəs orda rahatlıq tapır.
Ömür istəklərini ağlamaqla bildirən uşaqdır,
Yəqin ondandır ki, çoxu arzularına göz yaşlarıyla çatır.

Qızıl ağaclarını haqq yeyən hörümçəklər pərdələdilər,
lənət bir ada kimi çıxıb su üzünə.
Həyat sahib olmadıqlarımızın vergisini istəyir,
kim nizam verəcək dağılmış vicdan səfinə?

Bezginəm, sanki hər şey bir-birinə qarşıdır,
hər kəs bir-birindən qeybət edir,
Yağış ələnir nagümanlığıma,
sular könlümdəki odu keyidir.

Yalvarıram Tanrım,
mənə səni doyunca düşünməyə bir gün saxla, -
sübhdən ta axşamacan
damarımdakı qana qarış,
beynimdəki damarlara dol,
qayğıların üstünə pərdə sal,
qoyma bu günün nəfsini
sabaha ümidin çarxında itiləyim.
Bir dəmir zindanı üstündə
sənin adını zikr edə-edə
könül yaralarımı ütüləyim.

Cəsarətsiz giley

Bu dəfə bircə sən yox idin həmişəki görüşdə
və hər şeyin əvvəlki kimi olması
yaman üzdü məni,
sanki qorxaqcasına səni unutmağımızı
bayram edirdi işıqlar
sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.

Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,
kimsə gəlməyəydi,
birimizin halı pisləşəydi,
amma olmadı.
Dostlar şərab süzdü
və hər şeyin əvvəlki kimi olması
məni yaman üzdü.

Sənin baş qəhrəmanı olduğun lətifəni danışdılar,
adını çəkmədən,
arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.
Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə
və mənim bağrımın başı göynədi
hər şey əvvəlkitək davam etdiyinə görə.

Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs, -
Dağılışdıq evə.
Mənsə üzümü qaranlığa tutub pıçıldadım:
xatirələrini halal elə.

Usandım lirik olmaqdan

Usandım lirik olmaqdan,
özümü başqası vasitəsilə tanımaqdan,
indi ancaq özüylə danışan adamlardır dərd ortağım.
Qağayının, yağışın, gülün, bülbülün,
islanan saçların üzünə bağlıdır şeir otağım.
Usandım lirik olmaqdan,
Daha hüzn yaraşmır mənim şeirimə,
darıxmaq kəsir gəlir şənimə.
Özümçün yaşadığım günləri saysam
hələ bələkdəki körpəyəm,
həyatla ölüm arasında
altından zaman axan körpüyəm.
Usandım lirik olmaqdan,
çoxdandır çevrilib qara günlərim kölgəmə,
ağ günlərim nəfəsimə,
narahat olmayın, ey bir-birinə bənzəyən bəndələr,
heç kəs daha heç kəsi xatırlatmır mənə.
Usandım lirik olmaqdan,
ömrüm bir daş lövhədir sadəcə,
adamların adı qalıb üstümdə.
Zəhərli günlər qanıma qarışıb,
yumruğum boyda deyil daha ürəyim,
qəzəbim yorğunluq sobasında kül olub.
Usandım lirik olmaqdan,
köhnə şeirlərimi belə oxuya bilmirəm,
yadırğamışam keçmişin əlifbasını.
Rəhmim kimsəsizlər qəbiristanlığıdır
tutmuram heç kəsin günah yasını.
Usandım lirik olmaqdan,
çatdığım arzular soyutmur qəlbimi,
naşükürlüyün girovuyam,
həyatda məna axtarmışammış əbəs yerə
əslindəsə, əyləncə üçün atılmış bir güllənin “ov”uyam.
Usandım lirik olmaqdan,
əsən əllərimə,
zəifləyən gözlərimə,
astaca ağaran saçlarıma yaraşır elə lirika.
Çoxdan zəncirləyib məni həyat
daim təzələnən qorxularıma.
Usandım lirik olmaqdan,
bacardığım qədər döyüşmüşəm qədərlə,
şeirlərimsə ağ yaylıqdı,
yellənir aqibətimin sərhədlərində,
bir lirik ölüb,
amma kübar olun bir az – vurmayın üzümə.
Usandım lirik olmaqdan,
daha qəlbim sağa bilmir göz yaşlarımı,
dövran göyərçini dənlədi hövsələsizləri ömrümdən
və mən ürək rahatlığıyla söykəmişəm
səbrin çiyninə başımı.

Sima xəritəsi

Üzümün xəritəsində
sevgim gözlərin rəngdədir,
incimə,
demə ki, heç soruşmursan,
“ölmüsən, ya qalmısan?”
Sənin yerini ən yaxşı mən bilirəm:
sətirlərim arasındasan.

Qanımı soyunub yatıram ki,
barı gecələr axmayasan damarlarımdan,
sənsə boşluğun araladığı qapıdan
sızırsan qəlbimə.
Şükür, şükür,
bizə səhvlərimizi sevdirən günlərə.

Nə demişdimsə hamısı
bir-bir gəldi başımıza,
amma yenə də biz,
fil qulağında yatdıq.
Bu da az şey deyil ¬ -
arzularımıza olmasa da,
ehtimallarımıza çatdıq.

# 6984 dəfə oxunub

Oxşar xəbərlər

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
# # #