Boş qalmış qucağım meydanın olsun... - Eminqueydən yeni şeirlər

Eminquey Akif, gənc şair

Eminquey Akif, gənc şair

28 oktyabr 2021
# 15:15

Kulis.az gənc şair Eminquey Akifin yeni şeirlərini təqdim edir.

Quyudan Allaha çağırış

bir dəvə belinə bənzər gözlərim,
canında su saxlar ağlamaq üçün.
ürəyim Tur dağı, Hira dağıdı
- səninlə əlaqə saxlamaq üçün.

bu quyu ömürdən hey qışqırıram,
"səsimi duyursan, ey?!"
- qışqırıram...
başını quyuya əy, qışqırıram,
varmısan? yoxmusan? yoxlamaq üçün.

göydən adam endir, düzünü göstər,
haqq bizdən gizlənib, izini göstər,
nurun göz tuturmuş...
üzünü göstər,
bir gün gözlərimi bağlamaq üçün...

Eybi yoxdu

qaldır yuxarıya başını dik tut,
əyilmə, səsini çıxart!
yaxşımı?

qışqır, sinəmi döy, yorul, düş əldən,
hirsini içindən at,
eybi yoxdu.

devir qaşlarının düyün yerini,
şirin gülüşünü oyat,
yaxşımı?

bu gün tərs üzünü göstər, dözərəm,
sabah əllərimi tut,
eybi yoxdu.

əsən əllərində sığal var, sığal,
küskün gözlərində barış görsənir,
uzat əllərini, uzat,
yaxşımı?

boş qalmış qucağım meydanın olsun,
sevgi tələb elə, susdurum səni,
bir ömür cəza çək, yat,
eybi yoxdu.

Güzgünün buxarı

tez qaçdım hamama... xeyli ağladım,
ürəyim boşaldı, dincəldi biraz.
qazın xorultusu kiridi biraz,
suyun qalınlığı incəldi biraz.

susdum bir anlığa, təşvişə düşdüm,
görəsən səsimi eşitmədilər?
əşşi, cəhənnəmə, onlar mənimtək
bu isti hamamda üşütmədilər.

dünya dağılmayıb, keçəcək bu da,
bundan da ağırı başına gəldi.
qalxdım ki, güzgüdə özümə baxım,
məni bu halımla məndən gizlədən
güzgünün buxarı xoşuma gəldi.

İnsan olmuşam uşaqlıq çağımda

mən dəli olmuşam uşaqlıq çağımda,
heç kimin duymadığı musiqilərə oynayanda,
saçlarını yolanda anamın,
danışanda oyuncağımla.

mən ahıl olmuşam uşaqlıq çağımda,
yıxıla-yıxıla gəzəndə,
divardan yapışıb ayağa qalxanda,
altıma batıranda,
inciyəndə,
küsəndə.

mən qatil olmuşam uşaqlıq çağımda
oyuncaqlarımın qollarını qıranda,
mən manyak olmuşam uşaqlıq çağımda,
"Barbi" gəlinciyini soyunduranda,

mən oğru olmuşam uşaqlıq çağımda,
anamın qəpik yığdığı dovşan kassanı sındıranda,

atam at olurdu hərdən,
gəzirdim belində,
atam it olurdu hərdən
qışqıranda anamın üstünə,
ağlamışam,
qaçıb anamı bərk-bərk qucaqlamışam,
mən insan olmuşam uşaqlıq çağımda,
insan...

Məni yarsan görərsən ki...

məni yarsan, görərsən ki,
içimdə milyon ölü var - hamısı mənəm.
birində sinəm göyərib,
birində qolum keyiyib,
birində çənəm.

məni yarsan, görərsən ki,
içimdə milyon ilim var - əlimdən çıxan.
birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam.

məni yarsan, görərsən ki,
içimdə milyon dilim var - anlaşılmayan...
birində sözü kəsilən.
birində deyə bilməyən,
birində susan.

məni yarsan, görərsən ki,
içimdə milyon əlim var - hamısı bağlı,
birinə doğmam zəncir vurub,
birinə dostum qıfıl vurub,
birinə ağlım.

məni yarsan, görərsən ki,
içimdə milyon ölüm var,
sağam hələ ki...
biri ürəyimi yeyir,
biri ümidlərimi,
biri Günəşi.

Sevdim səni, öpdüm səni, qucaqladım

biz Qəribik bu ölkədə, cinlərindi bu ölkə
mən unutdum bu ölkədə bir daxmalıq yuvamı.
sərhədlərin, əngəllərin, dinlərindi bu ölkə,
qollarımda güc qalmadı, yarım qoydum duamı -
sevdim səni,
öpdüm səni,
qucaqladım...

Günəşinə pərdə tutan günüqara ölkənin,
bütlərini sındırmamış adamların içində,
üstümüzə hücum çəkən baxışlardan uzaqda,
gözdən itən döngələrin beşində, ya üçündə -
sevdim səni,
öpdüm səni,
qucaqladım...

gördüm, qaranlıq şığıyır ömrümün ağ vaxtına,
bezdim, dedim öz-özümə:
- sən axmaqsan, incimə!
dönüb baxdım laap geriyə, getdim uşaq vaxtıma,
Günəş çəkdim boz ömrümün yuxarı sağ küncünə -
sevdim səni,
öpdüm səni,
qucaqladım...

Şəhid mənzərələri

doğum günündə,
bayraqla bəzənmiş qırmızı tabutda
qızına hədiyyə gəldi şəhidim,
zavallı qız,
sanmışdı ki, atası gözlərini yumub gizlənqaç oynayır,
"ata, gözlərini aç,
oynamaq istəmirəm..."

dostum,
heç darıxma qaziliyindən,
şəhid dostlarının şəkillərinə baxıb köks ötürmə,
dostum, üzülmə,
hanı qolların?
dostlarınla birgə şəhid oldular.

ikiyə bölünən şəhid bədənlərinin arasından axır Araz çayı,
qovuşur Qarabağa Azərbaycan.

Üç min

o adamın qürurunda qəlpə var,
o adamın sevincindən qan damır.
ovucları diz çırpmaqdan yaradı,
falçı baxır, baxır, baxır...

sayı üç min deyil, üç min görünür,
biri dərdən üç min yerə bölünür,
ha başını dik tutsa da, bilinir,
öz içinə yağır, yağır...

abırından, həyasından dil udmuş,
ümidini külək udmuş, yel udmuş,
bir el boyda oğul vermiş, el udmuş,
əzab... zülm... çətin... ağır...

bomboş qalan cibdən qaçır bu adam,
qoyun olub divdən qaçır bu adam,
Vətənindən - evdən qaçır bu adam,
axır... axır... axır... axır...

Allah baba

həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...

atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!

əslində,
İsanın yox,
bütün atasız uşaqların atası - Allah imiş,
biz xoşbəxt olanda
Allah baba olur...

# 9099 dəfə oxunub

Oxşar xəbərlər

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
#
#
# # #