Yazar Şərif Ağayarın “Haramı” romanı barədə yəqin “kulis” oxucularından əksəriyyətinin xəbəri var – romanı oxuyanların da, oxumayanların da. Ən azından romanla bağlı yazıları oxumusunuz. Mənim də xəbərim vardı, saytlarda bu romanla bağlı yazıları, resenziya-tənqidləri oxumuşdum. Amma kitabı yox. Nə vaxtsa oxuyub-oxumayacağımı da bilmirəm. “Haramı”nı bugünlərdə, romanın hansı hadisədən bəhs etdiyini biləndən sonra oxudum.
Məsələ belədir ki, mən 2009-cu ildə “Məhbusələr” rubrikası adı altında Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsindən ayrı-ayrı qadınların həyat hekayətlərini yazmışdım (Lent.az-da yayımlanıb). Şərif Ağayar “Haramı” romanını həmin hekayətlərdən birinin – “Sevgilisilə bir yataqda öldürdüyüm ərimə indi “Yasin” oxuyuram” adlı hekayətin üstündə qurub (http://www.lent.az/news.php?id=57409).
Bu, məhz elədir. Çünki romanı oxuya-oxuya hekayətdə əsas hadisə və faktlarla bağlı “cızdığım” çevrədən kənara çıxma görmədim, Şərif çevrənin daxilində çox ehtiyatla hərlənib.
“Haramı”nı oxuya-oxuya fikirləşirdim ki, mən Şərifin yerinə olsaydım neylərdim? Əlbəttə ki, yazmağa başlamazdan əvvəl gedib əsərin ikinci qəhrəmanı sayılan və indi həbsxanada olan Xalidə Hətəmova ilə görüşərdim. Amma Şərif görüşməyib…
Görüşsəydi, roman indiki kimi olmayacaqdı (və ya alınmayacaqdı). Səbəbi budur: mənim həbsxanada görüşdüyüm Xalidəylə Şərifin “Haramı” romanında yaratdığı Xalidə obrazı başqadır! Demirəm ki, görüşdüyüm Xalidə daha maraqsızdır, yox (bəlkə də o daha maraqlıdır), sadəcə olaraq Şərifin Xalidəni əsərin baş qəhrəmanı Səməndərə uyğun yaratdığı qənaətindəyəm.
Axı Səməndər əsas qəhrəmandır və Şərif də məhz birinci onu yaradıb. Səməndərin həyat yoldaşı isə mənim həbsxanada gördüyüm Xalidə deyil.
Şərifin yaratdığı Xalidənin əli avtomatla oynayır; mənim gördüyüm Xalidə xeyli fağır təsiri bağışlayır. O, hətta əlinə ilk dəfə avtomat götürdüyünü deyirdi mənə.
Kim bilir, bəlkə də Şərif real - fağır Xalidə obrazını yaratsaydı, daha maraqlı olardı: fağır və bədbəxt bir qadının üsyanı - ərilə sevgilisini güllələməsi həm reallığı əks etdirən, həm də oxucu üçün cəlbedici olardı.
Görünür, dediyim kimi, Şərif Xalidəni Səməndərə uyğun yaradıb. Səməndər çox maraqlı obrazdır, o, daha realdır. Amma mənim həbsxanada gördüyüm qadının əri deyil. Əgər Xalidənin əri məhz belə igid, qoçaq olsaydı, bu barədə mənə “ucundan-qulağından” deyərdi.
Səməndərin mərdliyi demişkən, əhvalatı çoban İdrisin dilindən nəql edən yazıçının da baş qəhrəmanın bu xüsusiyyətinə simpatiyası hiss olunur – sanki daxildən gələn gizli simpatiya. Amma baş qəhrəman heç də “mərd, igid və qeyrətli” birisi deyil. Səməndərə “tərbiyəsiz və çox kobud Cahandar ağa” da demək olar. Ancaq onun etdiyi qələti heç başqasının arvadını qaçıran Cahandar ağa da etməzdi.
Səməndərin sadəcə bir günah – özünə çoban olaraq obasına gətirdiyi bir kiişinin qızına tamah salması mərdliyə, igidliyə sığmır. Onun ən böyük faciəsi də elə budur; çoxsaylı düşmənlərilə döyüşüb-vuruşan və qalib gələn baş qəhrəmanı yatağında öz qadını – Xalidə öldürür. Kimə görə? Məhz həmin çobanın qızından ötrü! Hansı ki, nəfsini saxlaya bilməyib o qızı yatağına salmışdı.
Yazıçı özü də yazır ki, Səməndər sanki başqa zəmanədən gəlib. Ancaq o, özündən əvvəlki zəmanənin qanunlarına əməl edirmi? Yox, necə ki, indiki qanunları saymır...
Əslində bütün bu ziddiyyətlər yaradan elə Şərifin özüdür, bu, onun ustalığının göstəricisidir.
Bəlkə də bunu daha əvvəl deməliydim, amma indi çatdırıram fikrimi: mən inanıram ki, Səməndəri məhz qadın - Xalidə öldürüb.
“Haramı” Rəcəb İvedikin monoloqu, e-mail parolun axtarışı və digər bu kimi məqamların “ixtisarı” ilə çap olunsaydı, daha maraqlı alınardı.
Bir də, Şərifin ara-sıra, bəzən arada 20-30 səhifə intervalı ilə Türkiyə türkcəsindən istifadə etməsi. Çox uğursuzdur...
Bununla belə, romandakı müxtəlif kiçik əhvalatların ustalıqla yazıya “oturdulması” əsəri oxunaqlı edir.
İdeal heç nə yoxdur, necə ki, Səməndər ideal deyil. İdeal əsər də yoxdur, sadəcə üstün olanı var. Şərifin “Haramı” romanı üstündür – adlarını çəkmək istəmədiyim, bəlkə Şərifdən də məşhur gənc yazarların çoxunun yazdıqlarından. Qısacası, halal olsun!
P. S “Haramı” romanının bir hissəsi bir saytda verilmişdi, oxudum. Həmin hissəni “erotik səhnə” adlandırırlar, bu, səhvdir. Burada yalnız pornoqrafik hissədən danışıla bilər. Roman özü isə həmin qısa hissəni oxuyanların yanlış təsəvvürünün əksinə olaraq erotik-filan deyil: açıq-saçıq səhnələr yalnız bir hissədədir.
Şərifin halalı(-)“Haramı”
24 avqust 2011
14:56
3424 dəfə oxunub