Söyüşü sevdirən yazıçı - Orxan Saffari yazır...

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

2 dekabr 2022
# 13:07

Sevdiyim 10 müəllif içində yer alan bir müəllif də Sergey Dovlatovdur. Digər doqquz müəllif haqqında zamanla yazılarda məlumatlar verərəm, amma indi Dovlatovu qeyd etməyimdə bir amal var. Müəllifi həm əsərlərinə, həm həyat tərzinə görə sevirəm. Yaşadığı bəzi şeyləri ya yaşamışam, ya da yaşayacam.

Xarakterlərimiz də oxşardır deyə düşünürəm və bu da, onu mənə daha çox doğmalaşdırır. Sergey Dovlatov, bilməyənlər də bilsin ki, həm də 12 il mühacir həyatı yaşayıb. Kəsəsi, müəllifdən söz açmağıma səbəb Əli Əkbərin "Emiqrant" romanıdır. Ona görə ki, mühacirlik haqqında kitab oxuyanda yadıma ilk olaraq Sergey Dovlatov düşür.

Dovlatovun "Əcnəbi qadın" əsərini oxuyanlar artıq bu iki müəllif haqqında əlaqəni bildilər, oxumayanlar da, oxuyub bilsə yaxşı olar. Açığı, hər şeyi detallı demək də mənim işim deyil. Amma yenə də bir-iki tikə nəsə deyəcəm. Əsərin qəhrəmanı Marusya Sovetlər zamanı Kommunist bir ailədə doğulub.

Dovlatovun öz yazıçı ruhu da onu bu cür yaşamağa imkan vermir, belə ki, zamanla dissident yazıçı hesab olunur və aydın məsələdir ki, belə yerdə mühacirət da qaçılmaz olur.

Azərbaycan ədəbiyyatında Seymur Baycanla bərabər dissident hesab etdiyim, yaradıcılığı ilə yanaşı şəxsiyyətinə hörmət bəslədiyim, (lotu) gördüyüm bir yazıçı da Əli Əkbərdir.

Əli Əkbər də Seymur kimi gözümçıxdıya salınan, şablon olsa da, dəyəri sonra bilinən yazıçıdır. Seymura nisbətdə Əli Əkbər mənim üçün daha çox koloritlidir. Əli Əkbərin elitalığının mahiyyətində nədənsə, həmişə bir "avarə, strimliyaqa" görmüşəm.

İstər ədəbiyyata, istərsə də, Azərbaycandakı ictimai-siyasi proseslərə bir az Azərbaycansayağı, bir az elit, bir ədəbi, bir az lotu və sairə və ilaxır münasibəti həmişə ləzzət edib. O cümlədən də, əsərləri.
Qismət olsun, Əli Əkbərlə həm Bayılın "Faiq" kafesində, həm də Gürcüstanda, Türkiyədə (ən yaxşı halda hələ ki buralara getmək şansım ola bilər) vodka, rakı, ya da elə əzizlərimiz içən çaydan, sonra da kofedən qurtumlaya-qurtumlaya "liboy" söhbət eləmək olar.

Əli Əkbərin "Emiqrant" romanını da, digər əsərləri, yazıları kimi sevdim. Roman kommunist bir şəraitdə, totalitar rejimdə, siyasi intriqaların alovunda və bunların fonunda başqa-başqa hisslər keçirən bir mühacirin həyatından bəhs edir. Əsərin baş qəhrəmanı Rüstəm adlı obrazdır.

Rüstəm hadisələrə, proseslərə idealist yanaşan bir adamdır. Klassik insandan fərqli olaraq ətraf mühitə tamamilə fərqli yanaşır. Rüstəmin özünə olan inamı onu daim qabağa aparır, uğur qazanır, sonu isə hüsran (oxu: alzheimer). Haşiyəyə çıxıb, yuxarı qayıtmaq istəyirəm.

Yazının bu yerində Dovlatovun əsərini xatırladım və bu iki əsər arasında bənzərlik olsa da, ən təbiisinin bu olduğunu düşündüm.

Gəlin, baxaq. Müharicətlik, adətən, eyni proseslər uğrunda olur, mühacirət edən adamlar hiss, duyğu, düşüncə baxımından da eyni adamlar olur. Ona görə də bu mövzuda çox da fərqli şeylər yazmaq, bir qədər mümkün deyil. Bütün hallarda süjet xətləri, proses eyniliyi olur.

Hər iki əsəri oxuyanlar da Əli Əkbəri gərək ki, qınamasınlar. Necə ki, həbsxana haqqında yazılan kitablar da eynilik təşkil edir. Həbsdə olan yazıçılar eyni cür düşünür, eyni cür yazır, hiss edir. Çünki onlar bütün hadisələrə digər məhbuslar kimi baxmır. Çünki onlar bir az da eyni taleyi yaşayır. Yəqin ki, bu qismi də qismən aydın oldu, izah edə bildim.

Əli Əkbərin mühacirət söhbətləri bu kitabla yekunlaşmır. "Gilə" romanında da İkinci Dünya müharibəsi zamanı döyüşlərə yollanan azərbaycanlı əsgərin, Əşrəfin ağır əsirlik, mühacir taleyini də görmək olar. O cümlədən də, Gilənin faciəsini. Əli Əkbərin ən sevdiyim əsərlərindəndir. Bircə narazılığım odur ki, belə bir mövzuda söyüş yoxdur. Povest elə, demək olar ki, söyüşsüz keçir. Halbuki, Əli Əkbər söyüşü sevdirən müəlliflərdəndir.

"Gilə" romanını tənqid eləsəm, söyüşdən geninə-boluna istifadə etmədiyi üçün məmnuniyyətlə onun özünü söyərdim. "Emmiqrat" romanı bizə yeni nəsə verirmi, öyrədirmi? Məncə, o qədər də yox. Bu romanın bizə verdiyi ən böyük şey, zövq almaqdır. Zövqü həm də ona görə almaq lazımdır ki, bizdə belə roman, özü də bu cür maraqlı yazılmır. Çox güman da yazılmayacaq. Belə də, romandan, söhbətlərdən hali adam siyasi proseslər haqqında da öz nəsibini götürə bilər.

Sonda onu da deyim ki, çalışın, bu müəllifi oxuyun. Ən azından, əlinizdə nifrət etmək üçün səbəbləriniz olsun. Oxuyun və bilin ki, Əli Əkbər xaraktercə də, yazıda da lotudur, ədəbi lotu. Qəlbimdə özüm də bir dəfə taclandırdım. Mən isə öz növbəmdə müəllifə təşəkkür edirəm. Görüşənədək.

# 2545 dəfə oxunub

Müəllifin son yazıları

# # #