Qaçmaq da kişilikdəndir - Orxan Cuvarlı yazır...

Orxan Cuvarlı

Orxan Cuvarlı

17 yanvar 2022
# 10:00

Kulis.az Orxan Cuvarlının “Boz parklar və ya üç asiyalı arasında” adlı yazısını təqdim edir.

Ötən günlərin birində Nizami parkında oturmuşdum. Külək bala-bala üzümə vurur, özüm üçün bir balaca nostalgiya yaşayıram. Bəh!

Buradan əvvəl sənəd üçün bir az gözləməli olduğum Sahil bağı və Malakan bağında da vaxt keçirmişdim.

Bu parkların hər birinin tələbəlik dövrümdən saysız-hesabsız xatirəsi var. Malakan bağında oturanda parklar haqqında ağlıma qəribə fikirlər gəldi. Bizim parklarımızın əksəriyyəti bir-birinə bənzəyir: Zövqsüz, beton, boz, adamsız, yaşıllıqsız.

Parkdakı adamların üzündən yazıqlıq yağır. Arabir yeniyetmələr gözümə dəyir. Bir-iki körpəli ana görürəm. Uzaqdakı polis məntəqəsində siqaret tüstülədən iki polis nəfəri də səmirsizdir.

Malakan bağında təkcə quşların səsi gəlir. Onlar hərdən hansısa səsdən perik düşür, dəstəylə bir ağacdan o birinə uçuşurlar.

Bakıda parklar fağır adamların son ümid yeri kimidir. Səssiz oturan, ətrafa baxan, qırışlarında kədər gizlənən insanlar. Sağ tərəfimdəki skamyada əyləşən yaşlı biri hansısa qəzeti oxuyurdu. Külək asta-asta qəzeti və onun ağ tellərini tərpətdikcə qəzetdən daha möhkəm yapışır, diqqətlə gözünü ayırmadığı səhifəni oxumağa davam edirdi.

Onun o üzündəki skamyada iki gənc qız əyləşib. Sifətlərinə müxtəlif mimikalar qondurur, dodaqlarını fərqli formalarda büzüb selfi çəkirlər.

Parkda ən çox diqqətimi çəkən bir-birinə bənzəyən yeniyetmə oğlanlar olur. Onların saçları, geyimləri, hətta yerişləri də oxşardır. İçlərində biri telefonunda qoşduğu mahnının səsini artırır. Qol-qola gedən üç oğlan mahnıdan vəcdə gəlir, qəribə hərəkətlər etməyə başlayırlar. "Elə bil qollarının altına qarpız vermisən", – zəndlə onlara baxa-baxa ağlımdan keçirirəm. Fəqət, bu bənzətmə məcazi mənada deyil. Həqiqətən, qolları bədənlərindən xeyli aralı görünür.

Bir neçə ərəb yüksək səslə danışa-danışa yanımdan ötür. Səsləri elə ucadan gəlir ki, bir anlıq digər ağaca uçuşan quşların onlardan vahimələndiyini düşünürəm.

Əllərimi cibimdə cütləyib "Soyuq əllər, isti ürəklər" yarmarkası ilə Nizami parkına tərəf yol alıram. Bu yarmarkada bir-iki dəfə olsam da, heç bəyənmirəm. Yeni ildən bir neçə gün ötsə də, burada bayram əhval-ruhiyyəsi hələ də davam edir. Burnuma müxtəlif təamların – çubuğa keçirilmiş çipslərin, çörəkarası balığın, qovrulmuş şabalıdın qoxusu gəlir.
Bura ləzzət labirintini xatırladır. Sağda və solda fəaliyyət göstərən onlarla yemək köşkü, önlərində növbə, bir-birinə qarışan iylər, əzəmətli yolka, gur musiqi səsi, müxtəlif cizgi film qəhrəmanlarının paltarını geyinmiş adamlar.

İzdihamı yara-yara bu darısqal yerdən çıxıram. Özümü Nizami parkına çatdıranda basırıq şəhərin ürəyimi sıxdığını duyuram. Əvvəllər qələbəlikdən zövq alır, asudə vaxtlarımı hay-küylü yerlərdə keçirməyə can atırdım. İndi sakitlik axtardığımı anlayıram. Gənclikdən uzaqlaşma əlamətləri…
Nizami parkı Malakan bağından fərqli olaraq adamsız idi. Burada Nizaminin heykəli və məndən savayı bircə allah bəndəsi də gözə dəymirdi. Yarmarkadan çıxan adamlar sola burulur, sanki yollarını buradan salmağa ehtiyat edirdilər. Onların çoxu Kukla teatrına sarı gedir, alt keçidlə bulvara çıxırdılar.

Parkın o biri başındakı yaşlı süpürgəçi diqqətimi çəkir. Sanki aram-aram təkcə yarpaqları, siqaret kötüklərini yox, parkın yorğunluğunu, adamların ayaq izlərini də süpürürdü.

Gözümü ondan ayıra bilmədiyim bir vaxtda üç asiyalı mənə doğru yaxınlaşdı. Salam-əleyküm, əleyküm-salam.

Biri əlindəki dəftərdən höccələyə-höccələyə nəsə oxumağa çalışır: "Siziiiin adınıııız nədir?".

Gülüb adımı dedim. Bu dəfə yaşımı soruşdu, yenə bənzər təbəssümlə cavab verdim. Aralarında biri azacıq ingiliscə bilirdi. Növbə, deyəsən onun idi.

İçərişəhəri soruşdu, əlimlə Qala divarları tərəfi göstərdim.

Turist olduqlarını güman etdim. Həmişə turistlərlə haqqımızda yanlış təsəvvürləri formalaşmasın deyə səmimi ünsiyyət qurmağa çalışıram.

Həvəslə tariximizdən, şəhərimizdən, insanlarımızın qonaqpərvərliyindən hüdüləməyə başladım. Dil boğaza qoymuram, birini qoyub başqasına keçirəm.

Arabir gözucu mimikalarına baxmağa çalışıram ki, nəsə başa düşüb-düşmədiklərini aydınlaşdırım.

Amma söhbətin məcrası məni açmırdı. Üçü də açıq havada möhkəm-möhkəm taxdıqları maskanın arabir aşağı düşməyinə də imkan vermirdilər. Ümumiyyətlə, pandemiya dövründə rastlaşdığım bütün asiyalıların maska barəsindəki ehtiyatlarına ciddi təəccüblənmişəm.

Əlqərəz, mən danışıram, bunlar döyüküb bir-birinə baxır. Hücum növbəsi onlara keçir. Məni sual atəşinə tuturlar. Lap yəqin edirəm ki, işlər fırıqdır.
Məlum olur ki, dostlarımız Cənubi Koreyadandır. O biri dəftərdən qırıq-qırıq nəsə oxumağa davam edir: "Allah sizi çox sevir". Pah atonnan, işə düşmədik? Sevir, sevir də. Nə deyirəm ki?!

Biri növbəsiz-filansız söhbətə qoşulur: "Biz Cənubi Koreyadan olsaq da, Şimali Koreyanı sevirik".

Gözəl insanlar, sevin, sevin. Nə olar ki?!

İkisi tez məni qucaqlayıb foto üçün poza verir. Aralarında nisbətən yaşlı olanı səmimiyyətimizi göstərmək üçün əlimi qaldırıb çiyninə qoyur.

1-2-3:

"Cheese".

Daha bir foto çəkilir.

Onlardan biri telefonunun hansısa proqramında müxtəlif suallar yazıb türkçəyə tərcümə edir, mənə göstərir: "Tapınaklara gitmeyi seviyor musun?",

"Hangi sıklıkla gidiyorsun?".

Başımla yox işarə etsəm də, vəziyyətin "rusca" olduğunu lap dəqiq hiss edirəm.

İlahi, Pxenyanda zorla hansısa dini sektanın ayinlərində iştirak etmək üçün çox gəncəm!

Bu əndişə içərisində zülmət çökmüş beynimdə bir fikir işarır. Tezbazar "Votsap"dan dostumu köməyə çağırıram: "Mənə zəng elə!".

Dostum SOS çağırışımı cavabsız qoymur.

Sol tərəfimdəki yoldaş növbəti mənasız sualını verməyə macal tapmamış telefonum səslənir.

İlk dəfədir ki, bir zəngə bu qədər sevinirəm.

Bəlkə də, Qraham Bell bu səsi ilk dəfə eşidəndə mənim qədər sevinməyib.

Həyəcanla dostumun zəngini açıb tələsik ayağa qalxıram.

Eyni tələskənliklə telefon qulağımda şəhərimizin qonaqları ilə dilucu sağollaşıb dabanıma tüpürürəm.

Qaçmaq da kişilikdəndir.

Asta qaçan namərddir.

# 2198 dəfə oxunub

Müəllifin son yazıları

# # #