#

Dərmanın təsiri gedəndə isə...

Dərmanın təsiri gedəndə isə...
11 iyun 2023
# 16:00

Kulis.az Orxan Adıgözəlin yeni yazısını təqdim edir.


Kinorejissor Neil Burger 2011-ci ildə çəkdiyi “Limitless”(“Hüdudsuz”) filmi ilə adını dünya kino inciləri yaradan müəlliflər siyahısına qızıl hərflərlə yazıb. Kommersiya məhsulu olsa da, “Hüdudsuz” bədii filmi olduqca öyrədici və zövqverici sənət əsəridir. Çəkinmədən bu filmə “sənət əsəri” demək cəsarətini onu dəfələrlə izləməklə almışam. Buna görə rejissor Neil Burgerə ürəkdolusu təşəkkür düşür.

Bütün hallarda, bu estetik ləzzətin başlanğıc nöqtəsini də təqdir etməliyik. İrlandiyalı yazıçı Alan Glynnin qələmə aldığı və artıq 2001-ci ildə nəşr olunan “The Dark Fields” romanı olmasaydı “Limitless” filmi də çəkilməyəcəkdi. Faktiki olaraq Alan Glynnin yazdığı bu roman dünya ədəbiyyatının qızıl fonduna daxil olub. Eləcə də Neil Burgerin həmin ssenari əsasında çəkdiyi film, istər kinosevərlər, istərsə də kinotənqidçilər tərəfindən xeyli bəyənildi.

Ancaq və lakin 2015-ci ildən Amerikanın məşhur CBS kanalında yayımlanmağa başlayan və hələki bir sezon gedən “Limitless” serialı heç də isti qarşılanmayıb. Serial kütləvi tənqidlər alıb və elə də bəyənilməyib.

Elmi-fantastik və triller janrında olan “Hüdudsuz” filmi Nyu-Yorkda yaşayan Eddie Morra adlı yazıçının həyatından bəhs edir. O, kontrakt bağladığı nəşriyyat üçün təqdim etməli olduğu kitabı yazmaq üçün motivasiya tapa bilmir. Səfil həyatı yaşayan Eddinin ümumiyyətlə hər hansı fəallıq üçün ilham mənbəyi yoxdur. Özünü bədbəxt hesab edən bu gənc kişi, bir gün keçmiş arvadının qardaşı ilə rastlaşır.

Eks-qayın Eddiyə farmakoloji olaraq heç yerdə təsdiqlənməyən NZT-48 adlı yeni həb verir. Eddi həbi içəndən sonra onun şüuru hüdudsuz şəkildə genişlənir və o, sərhədsiz intellekt ilə xariqüladə işlər görməyə başlayır. Bu işlər fantastik əməllər sırasına daxil deyil. Eddi nə uçur, nə də suyun üzərində gəzir, o, sadəcə beyninin fövqəl şəkildə işləməsi nəticəsində çoxsaylı işlər görür. Tükənməz enerji sayəsində Eddi dörd saata kitab yazıb qurtarır, bir neçə dil öyrənir, yarım sutka ərzində dayanmadan yeriyir və s. Dərmanın təsiri gedəndə isə, o, yenə süstləşir.

“Hüdudsuz” filmi fantastikadan çox, utopik məzmuna malikdir. Öyrənmə prosesində inqilabın olması ilə təsəvvürlər bir çox adamın fikirlərin çulğayıb. Hüdudlar aradan qalxır və insan hər hansı məlumatı görülməmiş sürətlə mənimsəyir və öyrənmək qat-qat asanlaşır. Belə potensialın üzə çıxmağı bir həb ilə olsaydı görün nələr baş verərdi.
Film həm də “kim ki, məlumatlara sahibdir, o, dünyaya da sahibdir” deyimini təsdiqləyir. Eddi super həb hesabına çoxlu məlumat əldə etməklə yanaşı, eyni zamanda onları mükəmməl şəkildə tətbiq edə bilir. Praktikanın vacibliyi aydın şəkildə ortaya çıxır və sadəcə məlumatlı olmaq kifayət etmir.

Azərbaycanda bir ildə 100 kitab oxuyanlarla bərabər, qəbul imtahanında 700 bal toplayan gənclər var. Sadəcə həmin şəxslərin həm iş, həm də şəxsi həyatda çox da uğurlu olmadıqları üzə çıxır. Bəli, təkcə məlumat bəs eləmir. Bilgiləri yerindəcə istifadə edə bilmirsənsə, çifayda?!

İnsan beyni çoxsaylı tədqiqatlara rəğmən yenə də tam öyrənilməyib. Beyin əsl tapmaca kimi sirli-ələmli statusunu qoruyub saxlamağa hələ də davam edir. İstər alimlər, istərsə də müdriklər nə qədər baş sındırsalar da, günümüzün yüksək texnoloji resursları olan dövrümüzdə belə beynin tədqiqi bizə tam məlum olmur.

Götürək elə yaddaşın özünü. Elə şeylər var ki, çox asan yadda saxladığımız halda, bəzi şeyləri heç xatırlaya bilmirik. Elmi tədqiqatlar göstərir ki, elektrostimullaşdırıcılar vasitəsi ilə yaddaşı qıcıqlandırmaqla, hətta üç yaşımızdakı hadisələri belə xatırlaya bilərik. Bu məsələ ondan xəbər verir ki, əslində heç bir informasiya buxarlanmır. O sadəcə haradasa yer alıb qalır. Xatirələrin üzə çıxması üçün isə hansısa gərəkli stimul verə bilən alət lazımdır.

“Limitless” filmindəki bu alət super həb NZT-48-dir. Hələ ki, belə bir şey kəşf olunmayıb. Hətta olunubsa belə, biz xəbərdar deyilik.

“Forbes” jurnalının təqdim etdiyi “dünyanın ən varlı və nüfuzlu” şəxslərinin siyahısına baxanda düşünürəm ki, görəsən bu adamlar da NZT-48 qəbul edirlər ya yox?! Filmin süjetinin təkamülü bir növ “Forbes”ın məlum siyahısındakı adamlarının nüfuzunun bədii təsvirini super həb hesabına göstərir. Bu, sadəcə subyektiv ehtimalın fantaziyasıdır, vəssalam.
İnsan təbiətcə nizamsevər varlıq deyil. “Hüdudsuz” filmi dolayı yolla onu da göstərir ki, nizamlı olmaq, rejimlə işləmək bizi necə effektiv şəxsiyyətə çevirə bilər. Amerikalı yazıçı Stephen King öz “Yazı sənəti” kitabında qeyd edir ki, “mən jurnalistlərə Milad bayramı və öz doğum günüm istisna olmaqla, hər gün yazıram, deyəndə yalan danışırdım. Çünki elə bir gün yoxdur ki, mən yazmayam”.

Stephen Kingin kitablarının bestsellərə çevrilməyi hansısa super həb hesabına yox, məhz nizam hesabına baş verib. Effektivlik - zəhmət və nizamın məhsuludur.

Rejissor Neil Burger öz qəhrəmanını bizə situativ olaraq çox rəngarəng şəkildə göstərməyi əla bacarıb. Aktyor Bradley Cooper isə öz rolunun öhdəsindən ideal şəkildə gələrək kinosevənləri məmnun etməyi bacarıb. Bəlkə də heç kim Cooper kimi uğursuz adamdan nüfuzlu şəxsiyyətə çevrilmə rolunu belə uğurlu şəkildə oynaya bilməzdi. Onun ifasının hər saniyəsi düşünülmüş və peşəkar formada çatdırılmışdır.

Sizi olduqca maraqlı film gözləyir. Hüdudsuz həzz diləyirəm!

# 3561 dəfə oxunub

Müəllifin son yazıları

# # #