Şikayətçi qadınların başına oyun açan məmurlar

Şikayətçi qadınların başına oyun açan məmurlar
6 oktyabr 2023
# 21:00

Bu gün görkəmli yaponiyalı rejissor Akira Kurasavanın doğum günüdür.

Kulis.az bu münasibətlə Ömər Xəyyamın “Yaşamaq” filmi haqqında yazısını təqdim edir.

Akira Kurosava - rejissor, prodüser, ssenarist.
Yaponiya kinosunun klassiki…

23 mart 1910-cu ildə Ota şəhərində doğulub, 6 sentyabr 1998-ci ildə 88 yaşında vəfat edib.
57 illik yaradıcılığı dövründə 30 film çəkib.

Kurosavanın məndən ötrü ən doğma filmi 1952-də Tolstoyun “İvan İliçin ölümü” əsərinin motivləri əsasında çəkdiyi “Yaşamaq” filmidir.

Film bürokratik əngəllərdən, yaşamın intəhasız boşluğundan bəhs edir.

“İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Vatanabe 30 ildir ki, hər gün eyni şeyi edir: kağız-kuğuzun arasında eşələnir, bürokratik əngəllərlə həşir-nəşir olur; sənədlər, sənədlər…. - yazır, peçatlayır, imzaladır, yazır, peçatlayır, imzaladır və iş saatının bitməyini gözləyir… Vatanabe bir növ, ofis sıçovuludur, yaxud belə demək olar: o, vərdiş halında yaşayır.

Əslində, o özü də bu idarənin faydasız iş əmsalından agahdır, möhürlərin, sənədlərin mənasızlığını yaxşı bilir, fəqət bürokratiya onun seçimi yox, taleyidir, daha doğrusu həyat tərzidir.

Və nəhayət, Vatanabe mədə xərçəngi olduğunu, 6 aydan sonra öləcəyini öyrənir…

Belənçi məmurlar məsuliyyətli olurlar, öz ömürlərindən kəsib ağ kağızlara calayırlar, ağ kağızlara canlarından can verirlər, lap özümü yazıçılığa qoyub deyirəm: qanlarını mürəkkəbə çevirirlər.

Mənə qalsa, onların özü də səhv yazılan, Vatanabenin büküb zibil qutusuna tulladığı sənədlər kimidir: ölü, cansız, əhəmiyyətsiz. Əzilən, əyilən və zibil qutusuna atılan ömür.
Bu mənada Vatanabe çoxdan ölüb, fəqət Kurasava bu həqiqətə kameranı elə yerdən tuşlayıb ki, məsələn, mən onu bu gün yad edirəm, üstəlik, heç zaman unutmayacam…

Vatanabe tezliklə öləcək… - Bu xəbər onu dirildir. Yəni Vatanabe bu vaxtacan yaşamırdı, eləcə yaşlanırdı…

Daha doğrusu, Vatanabenin bu vaxtacan öldürdüyü vaxt dirilir, ona yaşamaq üçün şans verir: altı ay…

Vatanabenin yanından ötdüyü, gözünü yumduğu həqiqətlərdən biri də - ki, haman səhnə, əslində, hekayənin bədii həlli üçün zəmindir, - şikayətçi qadınlardır: istəyirlər ki, məhəllədəki çirkli su gölməçəsi təmizlənsin, uşaqlar üçün oyun parkı salınsın. Fəqət haman qadınları bürokratik iyerarxiyanın karuselində fırladırlar: Fövqəladə hallar şöbəsi şikayətçiləri səhiyyə şöbəsinə göndərir, səhiyyə şöbəsi onları tikinti müdirliyinə, tikintidən məsul olanlar parklar və xiyabanlar şöbəsibə, ordan su-kanalizasiya şöbəsinə… sonra həşəratlar və hörümçəklərlə mübarizə şöbəsinə - beləcə ora-bura, ora-bura və nəhayət, təzədən əvvələ…
Nə əli sənədli, qalstuklu, eynəkli “sıçovulların” klişe cavabları arasında yorulub-əldən düşən qadınların, nə də onların mübhəm arzularının Vatanabe üçün, daha doğrusu, bürokratiya üçün önəmi var.

Vatanabe tezliklə dünyadan köçəcəyini öyrənir. Qəsdən belə yazdım. Bu cümlənin xətrinə: axı belənçi ofis “sıçovullar”ı, sənəd kölələri, sənədli kölələr dünyadan yox, olsa-olsa kreslosundan, otağından köçür…

Üstəlik, onun bir ağsaqqal kimi, ata kimi evdə də hörməti yoxdur, - o ev əhli üçün də çoxdan ölüb.

Beləcə azala-azala ölübmüş…

Nəhayət, işə getmir və yaşamağa cəhd edir…

Təsadüfən tanış olduğu yazıçının köməyilə ötürdüyü, gözünü yumduğu həqiqətləri xatırlayır, təzədən yaşamağa, dünyaya, insanlara toxunmağa başlayır…

Qumarxanaya, barlara gedirlər, içirlər, rəqs edirlər… Həqiqətin ortasında Vatanabenin əl-ayağı dolaşır, dili söz tutmur, sözün əsl mənasında gözləri kəlləsinə çıxır. İnsanlar, həyat onu təəccübləndirir…

Yavaş-yavaş dirilməyə başlayır… Həyat şilləsini isə Toyo – istefa vermək istəyən gənc qız vurur.

Onun imtina cəsarəti Vatanabeni ayıldır: 30 illik boş, rütubətli otaqlarda sənəd-sənəd xırdalanan, bir hissəsi əzilib zibil qutusuna atılmış, bir hissəsi möhürün altında qalmış mənasız ömür…

Nəhayət, o ömrünün son günlərini haman çirkli su gölməçəsini qurudulmasına, yerində oyun parkı salınmasına həsr edir…

Və elə o parkdakı yelləncəkdə,
yellənə-yellənə donub ölür…

Və elə o parkda dirilir, o parkdaca yaşamağa başlayır.

Yaşamaq budur…

# 4743 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #