"Ölsəm, bağışla"nın ulduzu 54 yaşında

"Ölsəm, bağışla"nın ulduzu 54 yaşında
24 iyul 2024
# 14:00

Bu gün Yuğ Dövlət Teatrının aktrisası, əməkdar artist, aparıcı səhnə ustası Gülzar Qurbanovanın doğum günüdür.
Onun 54 yaşı tamam olur. Kulis.az bu münasibətlə aktrisanı təbrik edir.

Gülzar Qurban qızı Qurbanova 24 iyul 1970-ci ildə Bakıda anadan olub. O, Moskva ÜmKİ-da teatr və kino aktyorluğu ixtisası üzrə Aleksey Batalovun kursunu bitirib.

1990-cı ildən Yuğ Dövlət Teatrında çalışır. Gülzar Qurbanova “Oğul” (Banu Çiçək, “Kitabi Dədə Qorqud”), “Salam” (Şəhriyarın həyat yoldaşı, M.Şəhriyar), “Səma” (Səda, Ş.İ.Xətainin), “Açar” (Tülkü, G.Nizami), “Ümid” (Qadın), “Dad” (Şıltaq qız, M.Füzuli), “Sentemental vals” (Nataşa, A.P.Çexov), “Arabir görüşməyə kişi axtarıram” (Qadın, R.İbrahimbəyov), “Can üstə” (Yazıçı, A.Məsud), “Vəsl” (Qadın, M.Füzuli), “Yar” (Qadın, M.Füzuli), “Naməlum Axundzadə” (Şəhrəbanu, Xacə Məsud, M.F.Axundzadə), “Medeya” (Medeya, V.Klim), “Səsimi unutma” (Qadın, K.Abdulla) və s. tamaşalarında uğurla çıxış edib.

İlk dəfə yeniyetmə vaxtlarında "Qəm pəncərəsi" filminə çəkilib. Kinoda 20-dən çox obraz yaradıb.

"Yarımçıq xatirələr" filmində yaratdığı obraza görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatına və Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.

Aktrisa “Qəm pəncərəsi” (1986), “İmtahan” (1987), “Ölsəm, bağışla” (1989),“Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996),“Ərazi” (2005),“Dovşanın ölümü” (2008),“Bir addım” (2009),“Əlavə təsir” (2010),“Qardaşımdan yaxşısı yox idi” (2010),“Kabusun gözüylə” (2010),“Dolu” (2012),“Mayak” (2-12),“Sübhün səfiri” (2012), “Çaqqal nəfəsi” (2013),“Yarımçıq xatirələr” (2015),“Qırmızı bağ” (2016) və s. filmlərdə yaratdığı maraqlı obrazlarla tamaşaçıların sevgisini qazanıb.



O, aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır.

















# 1641 dəfə oxunub

Müəllifin son yazıları

# # #