Əsəd Cahangir: “Kəramət Böyükçöl yazıçı olmadı, satıcı oldu” – Müsahibə

Əsəd Cahangir, tənqidçi

Əsəd Cahangir, tənqidçi

21 iyun 2022
# 15:00

Kulis.az tənqidçi Əsəd Cahangirin APA-ya müsahibəsini təqdim edir.

– Əsəd bəy, bu yaxında ədəbi tədbirlərin birində alovlu, etiraz dolu çıxışınız oldu. Bir xeyli emosional danışdınız. Açığı sizi bu cür çıxış edən görməmişik. İstəyirəm elə o çıxışdan başlayaq. Maraqlıdır, uzun müddətdir, deyə bilmədiyiniz həqiqətlər nələrdir?

– Mənə elə gəlir ki, orada özümdən Amerika açmadım və dediklərim sadəcə mənə aid deyil. Bizim ədəbi mühitimizdə düzənsizlik var və bu bütövlükdə cəmiyyətdəki duruma anolojidir. Çünki ədəbiyyat, sözün bütün anlamlarında, gerçəkliyin güzgüsüdür. Hər bir xalqın həyatı necədirsə, onun ədəbiyyatı da elədir.

– Mən istəyirəm, bir az açıq danışaq. Sizcə, bu duruma səbəb nədir?

– Məncə, bu sual doğru ünvana verilməyib. Çünki bunun dəqiq səbəbini mən də bilmirəm. Bu cür ciddi məsələ barədə isə gümanla danışmaq istəmirəm. Bu suala belə durumu yaradanlar cavab verməlidir. Çünki əsl səbəbi onlar daha yaxşı bilir.

– Əsəd bəy, söhbət kimlərdən gedir?

– Ramiz Rövşənin bir sözü yada düşür: hamı günahkardır, amma heç kəsin günahı yoxdur. Bunu deyə bilərəm ki, özümü “Kafka situasiyası”nda, yəni Kafkanın “Qəsr” romanının qəhrəmanı özünü necə hiss edirdisə, mən də 30 ildir ki, elə hiss edirəm.

– Hansı qəsrdir o?

– O qəsr ki, ondan ədalət gözləyirik, hər kəsin haqqının doğru-dürüst veriləcəyini gözləyirik.

– Konkret ad, ünvan demək istəmirsiniz.

– Onda gərək tanıdığım və tanımadığım on minlərlə adamın adını çəkəm.

– Çıxışınızda demişdiniz ki, qurultay qabağı məruzənizə münasibət birmənalı olmayıb.

– Bu normal idi, çünki məruzə sadəcə mənim fərdi mövqeyimi deyil, 2500-ə yaxın üzvü olan nəhəng bir təşkilatın hesabat xarakterli fikrini ifadə edirdi. Amma mənim də o təşkilatın üzvü kimi bu hesabatı öz baxış bucağımdan təqdim eləmək haqqım var.

– Və o həqiqəti deməyə imkan vermədilər?

– Yox, mahiyyətcə buna imkan verildi, çünki məruzəni elədim və o, “Ədəbiyyat qəzeti”ndə dərc olundu. Bütün məruzələr arasında rezonans doğuran da məhz mənim məruzəm oldu. Məncə, bunu hamı etiraf edər.

– Onda belə çıxır ki, o biri məruzələr zəif idi?

– Əsla! Mənim dinlədiklərim və ya oxuduqlarım arasında Elçin Hüseynbəyli, Azər Turan, İbrahim İlyaslı, Əkbər Qoşalının məruzələri ciddi zəhmətin nəticəsi idi. Sadəcə, bunların bir qismində müəyyən fərqlərlə daha çox “Nə yazılıb?” sualına cavab verilmişdi, “Necə yazılıb?” məsələsi ikinci planda idi. Amma əksinə olmalı idi. Tənqidi ruhun güclü olmasına ehtiyac var idi. Bəlkə də, bu mənim professional vərdişimdən irəli gəlir, amma mənə elə gəlir ki, hər şey əsla yağ kimi getmir.

– Əsəd bəy, sizcə, bu gün Azərbaycanda kimi tənqid etmək olmaz?

– Mənim üçün Anar, Elçin, Ramiz Rövşən, Afaq Məsud, Mövlud Süleymanlı, Vaqif Bayatlı Odər və adlarını unutduğum digər bir neçə nəfər tənqid dairəsindən çıxmış imzalardır.

– Belinski o boyda Qoqolu belə tənqid eləməkdən çəkinmirdi.

– Nəticəsi nə oldu ki? Yazıçı əlyazmalarını yandırdı, ağlını itirdi və dəlilik əzabları içində öldü. Belinski Allaha və hakimiyyətə qarşı üsyana çağırmaqla bolşevizmin ədəbiyyatdakı banisi idi.

– Qayıdaq sualımıza. Məsələn, Anar niyə tənqid oluna bilməz?

– İnsan həyatının müəyyən dövründən sonra tənqid və tərif müstəvisini aşır. Ömrünün 70 ilə yaxın bir dövrünü ədəbiyyata həsr eləmiş, onun 35 ilini AYB-də sədr kimi fəaliyyət göstərən, Azərbaycan mədəniyyətini dünyada yetərincə təbliğ edən birini nə deyib tənqid eləmək olar?

– Tənqidçinin “Nə deyib tənqid eləmək olar?” sualını qəbul edə bilmirəm. Anarın yaradıcılığını mən də sevirəm, yazıçı kimi qəbul edirəm. Amma Anarın 35 il AYB-də sədr kimi qalması, sözügedən qurumun ədəbi fəaliyyəti tənqid oluna bilməz?

– İlk baxışdan, sənin sözlərin məntiqi səslənir. Amma hər hansı nəzəri fikir praktikaya gələndə özünü yüzdə yüz doğrultmur. Höte necə deyirdi: “Dostum, nəzəriyyə quru bir şeydir, həyat ağacı isə daim yaşıldır”. Məsələn, müəyyən yazıçılar və ədəbi faktlar barədə Anarla hələ 20 il öncə söhbətimiz olub və onun haqsız olmadığını mən zamanla öz-özümə etiraf etmişəm. İnsanın ədəbi təcrübəsi, dünyagörüşü xırda məsələlər deyil. Müəyyən gəncləri görürəm, 20-30 il əvvəl mənim Anara bəslədiyim münasibəti mənə göstərirlər. Öz cavanlığım yadıma düşür deyə, onları başa düşürəm. Bilirəm ki, onları da 20-30 ildən sonra idrakın hansısa dolanbacında mənim indiki qənaətlərim gözləyir.

– Mövlud Süleymanlı və Məmməd Orucla müsahibə zamanı Anar və AYB haqqında verdiyim suala, demək olar ki, eyni cavabı aldım: Anar AYB-də böyük bir uçurumun qarşısını alır.

– Mən də bu suala orijinal cavab verə bilməyəcəyəm. Haqlıdırlar. Çünki Anarın gedib-qalmaq məsələsi özündən asılıdır. Amma bu qeyri-müəyyən durumda belə o qədər intriqalar baş verir ki, dediyimiz fikri hamı dəstəkləyər, yəni hamı “Anar o uçurumun qarısını alır” qənaətinə gəlir.

– Əsəd bəy, söhbət hansı uçurumdan gedir?

– Yazıçılar Birliyi söz məbədidir, o, fikirdə öz nüfuzunu qorumalıdır. 1996-cı ildə Anar müəllim öz kabinetində Yazıçılar Birliyinə üzv olmağı təklif edəndə mənə qəribə gəlmişdi. Demişdim ki, Hüseyn Cavidin, Səməd Vurğunun, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Ramiz Rövşənin üzv olduğu quruma üzv olmaq üçün nə etmişəm? Mənə dedi ki, sən buraya tənqidçi kimi üzv olacaqsan. Amma buna baxmayaraq, sənədlərimi aparmadım. Üstündən 2 il keçdi, Anar müəllimlə növbəti görüşümüzdə təkrar xatırlatdı ki, bəs, niyə sənədlərini gətirmədin? Və yalnız bundan sonra sənədlərimi gətirdim. Demək istədiyim odur ki, mən 25 il əvvəl Yazıçılar Birliyini necə görürdümsə, bu gün də o cür görmək istəyirəm.

– Axı indi AYB-yə üzv olanlar bir xeyli təəccüb doğurur.

– Görünür, mən çox saf olmuşam. Mən hər şeyi idealizə eləməyi, məsələni bir az romantikləşdirməyi sevirəm. Bəlkə də, ondan irəli gəlir. Amma bunu öz səhvim yox, əksinə, üstünlüyüm sayıram. Düşünürəm ki, Yazıçılar Birliyində hər şey ideal olmalıdır.

– Ümumiyyətlə, dünyada Yazıçılar Birliyi anlayışı var?

– Var, əlbəttə, pen-klublar olsun, fərqi nədir ki? Əsas məsələ eyni yolda olan adamların birləşməsidir. Bu təşkilatlanma olmadan yazıçılar özünü nəhəng bir dəryada yelkənsiz qayıq kimi hiss edərlər.

– Bəs niyə mühitdə “AYB köhnəlib” kimi fikirlər var?

– Köhnəlib, yaxşı, qoy bunu deyənlər təzə bir qurum yaratsınlar. Buna kim nə deyir ki? Bu gün fərqli siyasi platformaya malik siyasi partiyalar var. Mətbuatda, televiziyada, kinematoqrafçılar arasında bu proses artıq gedib. Düşünürəm ki, bu proses eynilə ədəbiyyatda da gedə bilər. Məsələn, mən öz yaşıdlarımın 20 il öncə Azad Yazarlar Ocağını yaratmaq ideyasını təqdir elədim və indi də edirəm. Təşkilatların çox olması rəqabətdir və bu, inkişaf deməkdir.

– Kinematoqrafiya İttifaqlarına toxundunuz. Sizcə, onlar arasındakı çəkişmə normaldır?

– Bu cür qarşıdurmalardan qorxmaq lazım deyil. Harada inkişaf varsa, orada bu cür parçalanmalar olur. Bu qarşıdurmalardan yeni Azərbaycan kinosu doğulacaq.

– AYB-nin qurultayı gözlənilir. Necə fikirləşirsiniz, növbəti qurultayda kim sədr seçiləcək?

– Bəyəm, Anar gedir ki, başqası sədr olsun? Və nə qədər ki, getmir, kiminsə öz namizədliyini irəli sürməsi elə bir anlam daşımır. Əgər gedəsi olsa, qurultay kimi seçsə, o da olacaq. Bu barədə öncəgörənlik eləmək istəmirəm.

– Hər halda, öz səsinizi kimə verəcəyinizi deyə bilərsiniz.

– Əgər bilsəm ki, mənim səsim nəyisə həll edir, bunu deyərdim. İndiki halda, buna lüzum görmürəm.

– Tənqidçi kimi özünüz özünüzə qiymət verəsi olsanız, 2000-lərin əvvəli ilə indiki Əsəd Cahangir arasında nə kimi fərqlər var?

– O vaxtlar cavan və emosional idim, yazılarımı tələsik yazırdım. “Vətəndaş həmrəyliyi”, “Yeni Azərbaycan”, “Xalq cəbhəsi”, “525-ci qəzet” kimi qəzetlərdə həftəlik yazılarla çıxış edirdim. Həftə ərzində yazını təhvil verməli idim deyə, çox düşünməyə o qədər də vaxtım olmurdu. Bu gün onları redaktəsiz qəbul edə bilmirəm. Ona görə onların mühüm bir qismini kitablarıma daxil eləməmişəm. Halbuki o yazılar ictimai fikirdə o dövrdə ciddi rezonans doğururdu.

– Məsələn...

– “Yeni əsrin ibtidası”, “Kim yatmış, kim oyaq,” “İsgəndərnamə”, “Minillərin ayrıcında” silsiləsindən olan yazılarım. Onlar hərəsi necə-neçə qəzet səhifəsi yazılar idi.

– Orada kimlər tənqid olunurdu ki?

– Tənqid yox, təhlil olunurdu. Məsələn, Vaqif Səmədoğlu. Amma bu təhlillərdən sonra “Xalq cəbhəsi” qəzetində silsiləni davam eləməyə qoymadılar. Çünki mən Vaqif Səmədoğlunda dekadentçilik ruhu hiss elədiyimi yazmışdım. Ədəbiyyat təkcə gülüş, sevinc demək deyil axı, burada ölüm də var, kədər də var. Amma o vaxtkı “sovet nikbinliyi”nin qalıqları bu istiqamətdə təhlillərə icazə vermədi. “Vətəndaş həmrəyliyi” qəzetində gənc bir xanım şairi yüngülvarı tənqid elədim, orada da yazılarıma qadağa qoyuldu. Demə, o xanım həmin partiyanın üzvü imiş. Bu tip yazıları hazırda redaktəsiz qəbul eləməsəm də, onlar ədəbi mühitə təsir elədi, yeni-yeni anlayışlar ortaya çıxardı, məsələn, postmodernizm, dekonstruksiya, simulyakr və sair və ilaxır... İndi hamı postmodernist olub, mən olmuşam gerizəkalı.

– Bəs, sizcə, niyə sizin son dövrlər yazılarınız birmənalı qarşılanmır?

– O vaxtın özündə də birmənalı qarşılanmırdım. Son vaxtlar yazdığım yazılar kifayət qədər rezonansla qarşılanır. Xalq Yazıçısı Elçin, Kamil Əfsəroğlu, Rəşad Məcid, Elçin İsgəndərzadə, Həmid Herisçi, Nəzakət Məmmədli, Leyla Əliyeva, Aləm Kəngərli, Pərvin, Musa Urud, Ramiz Qusarçaylı, Vəli Qaraçaylı, Adil Şirin, Aqşin Yenisey və digərləri haqqında təhlillərim, gənclərin antologiyasına yazdığım ön söz, “Səs” essesinin yeni versiyası, haqqında danışdığımız məruzə, çoxsaylı müsahibələrim... Sənin dediyin birmənalı qarşılanmama fikri daha çox dəstəbazlığa meylli müəyyən qrup gənclərin mövqeyini ifadə edir. Təəssüf ki, indiki gənclərin düşüncəsi məhduddur. 60-70 yaşlı bir müəllifi oxumadan onu tənqid edirlər, məncə, bu qətiyyən yolverilməzdir.

– Azərbaycan ədəbi mühiti sizi qane edir?

– Mənim arzu etdiyim mühit deyil. Müəyyən qruplaşmalar var, bu qruplaşmalar da yaş və yerliçilik prinsipi ilə qurulub. Yəni zaman və məkana hesablanıb. Ədəbiyyat isə öz mahiyyəti ilə zaman və dışındadır. Bircə hərfin yerini dəyişsən. o, əbədiyyətə çevrilir.

– Bəs əvvəllərdə ədəbi mühit necə olub?

– Necə olduğunu deyə bilmərəm, amma Sabir Əhmədlinin “Yamacda nişanə”, ”Qanköçürmə stansiyası”, İsa Muğannanın “Saz”, “Tütək səsi”, “Məhşər”, “İdeal”, Anarın “Gürcü familiyası”, “Mən, sən, o telefon”, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi”, “Macal”, “Əlaqə”, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Toyuğun diri qalması”, “Talvar”, “Gül dedi bülbülə”, “Parisdə avtomobil qəzası”, “Baş”, “Bayraqdar”, “Ölüm hökmü”, Yusif Səmədoğlunun “Qətl günü”, Mövlud Süleymanlının “Səs,” “Şeytan”, “Ceviz ağacı”, “Dəyirman”, “Köç”, “Yel Əhmədin bəyliyi”, İsi Məlikzadənin “Dədə palıd”, “Yaşıl gecə”, “Quyu”, “Talisman”, “Qatarda”, Afaq Məsudun “İzdiham”, “Sərçələr”, “Dovşanın ölümü”, “Azadlıq”, Məmməd Orucun “Oyun havası”, “Şanqo”, “Köçürülmə”, Azər Abdullanın “Gül yağışı”, “Qəmərlidən keçən qatar”, Sabir Azərinin “Dalanda” əsərləri yaranıb. Bunların qarşısına gənclərin yazdığı hansı əsərlər qoyula bilər?

– Yəni heç yoxdur?

– Var, amma bunlarla qarşı-qarşıya qoyula bilməz.

– Gənc yazıçı Şamxal Hüseynov var. “Səs və ya qırmızı” romanı çox tərifləndi.

– Kitabı təzə əldə eləmişəm, oxuyub rəyimi deyərəm. Amma çox təriflənirsə, artıq ona şübhə eləyirəm.

– Az əvvəl oxumadan ittiham etmək olmaz deyirdiniz.

– Məncə, mən ittiham eləmədim. Çox roman olub ki, səs-küy yaradır. Amma oxuyuram, məyus oluram. Məsələn, Aqşinin “Tarix və tale”si haqqında o qədər təriflər deyildi. Amma hanı o roman? Yaxşı deyirlər ki, yalançını mənzilinəcən qovarlar. Gənclərdə təbəssüm doğuran bir adət var ki, vaxtaşırı müəyyən bir müəllifi şişirdib göylərə qaldırır, baxın, bizdən də nasir çıxdı demək istəyirlər. Bu öz-özlüyündə normaldır, amma ortada ədəbiyyat olmalıdır. Bir ara Seymur Baycanı o şəkildə təqdim edir, onun “Quqark”ını Markesin “Tənhalığın yüz ili” ilə müqayisə edirdilər az qala. Bir müddət Cavid Zeynallının “Leyla”sını reklam eləməyə başladılar, sonra Qan Turalının “Fələk qırmancı”nı, sonra istinad Şərif Ağayar oldu. Hətta bəzi tənqidçilər də çaşıb bu kampaniyaya qoşulmuşdular. Bəzilərinin təqdimində Şərif, az qala, Fransanın xalq yazıçısı oldu, amma möhür qoyan bir romanın müəllif ola bilmədi. İndi də, deyəsən, Şamxalın timsalında təzə istinad nöqtəsi tapıblar, ona söykənib dünyanı yerindən oynatmaq istəyirlər. Arzu edirəm ki, bu növbəti aldanış, daha bir xəyal qırıqlığı olmasın.

– Yazıçıların sərgilərdə, yaxud ümumiyyətlə şəhərdə kitab satması ilə bağlı status yazmışdınız. Sizcə, bu proses indiki acınacaqlı durumdan çıxış yoludur, yoxsa ümumiyyətlə biabırçılıq?

– Mənim o gün paylaşdığım şəkil, həqiqətən, adamı məyus edirdi. Kitabları qabaqlarına qoyub, müştəri gözləyən adamlar baş sağlığı qəbul eləyən ölü sahiblərini xatırladırdılar. Kitab satmaq üzrə hazırda nömrə bir Kəramətdir. O ədəbiyyata bazar kimi baxır. Yazıçı olmaq istədi, amma satıcı oldu.

– Ümumiyyətlə, Kəraməti yaxşı yazıçı hesab edirsiniz?

– O müstəqillik dövrü Azərbaycan ədəbiyyatına gəlmək istəyənlərin ən qeyri-adisidir. Qeyri-adiliyi də budur ki, ədəbiyyata bu qədər dəxli olmaya-olmaya bu boyda bir iddia sərgiləyir.

– “Çöl” romanı pis romandır?

– O nəinki roman deyil, ümumən ədəbiyyatın, bədii fikrin çölündə qalmış bir şeydir. Amma hətta bunun özü də Kəramətin öz məhsulu deyil.

– Bunu nəyə əsasən deyirsiniz?

– Ona əsasən ki, Kəraməti tanıyıram. “Səkkizinci gün” romanının mövzusu, ideyası, süjetini ona mən vermişəm. Amma yazıb gətirəndə gördüm ki, qətiyyən alınmayıb. Bundan sonra bildim ki, roman adı ilə üzə çıxardıqlarını o özü yazmır, ikincisi isə yazıçı istedadı yoxdur.

– Müstəqillik dövründən bu yana sizi təəccübləndirəcək və yaxud da ümidləndirəcək hansı imzaların adını çəkə bilərsiniz?

– Məsələn, Həmid Herisçi mənim üçün həmişə maraqlı olub.

– Həmid Herisçi yazıçıdır, ya şair?

– Həmid dindir, fəlsəfədir, sosiologiyadır, poeziyadır, nəsrdir, psixologiyadır.

– Bu sadaladıqlarınızın qarşılığı olaraq haqqını ala bilib?

– Oxucular tərəfindən, məncə, alıb, rəsmi qiymətdən isə özü imtina edib. Murad Köhnəqalanın adını çəkə bilərəm – postmodernist şeirdə Murad səciyyəvi imzadır. Sonra yenilikçi ruhu ilə Azad Yaşar, katalizator rolu ilə Rasim Qaraca, geniş rezonans doğuran hekayəsi ilə Rəşad Məcid, gözlənilməzlik effekti ilə Salam Sarvan, fəlsəfi əsasa, gözəl dilə malik romanı ilə Etimad Başkeçid, sözə bələdliyi, az sözlə çox məna ifadə etməyi ilə Qulu Ağsəs, bədii mətndəki qeyri-adi tənhalığı ilə Xanəmir, intellektual eksperimentləri ilə Səlim Babullaoğlu, universal savadı və istedadı ilə İlqar Fəhmi, axıcı dili ilə Kənan Hacı... Yenə sayım?

– Sizcə, Ramiz Rövşəndən sonra Salam Sarvan oxucu üçün həmin o kürsüyə çıxa biləcək?

– Məncə, Salam kürsü yox, meydan adamıdır. O, bu meydanda sözün sehrini göstərir. Onun əlində sanki sehrli çubuq var, daşlaşmış frazemlərə, atalar sözlərinə toxunub onları öz ilk formasına qaytarır. Ona görə mən bu şairləri müqayisə eləmək istəmirəm. Şairin bir misrasından əzəldən-əbədə qədər hər şey bir nəhr kimi axıb keçməlidir. Salamda belə misralar az deyil.

– Əsəd bəy, müsahibə boyu sizə elə gəlmirmi ki, ancaq öz ədəbi yaşıdlarınızdan danışdınız.

– Gənclərdən Aqşin Evren, Allahşükür Ağanın şeirləri, Müşfiq Şükürlü, Fəridə Məmmədova, Təvəkkül Boysunar, sənin hekayələrin mənə maraqlıdır.

– Hazırda nə yazırsınız?

– Bir neçə ay öncə “Dionisin şərəfinə” kitabım işıq üzü görüb. Bu, 25 il ərzində incəsənət və dramaturgiya mövzusunda yazdığım məqalə, portret, müsahibə, resenziya, məruzə və esselər toplusudur. Hazırda isə Rusiya-Ukrayna müharibəsi ilə bağlı fəlsəfi-siyasi-ideoloji bir yazı haqqında düşünürəm.

– Azərbaycanlı ədəbi tənqidçi niyə bu müharibə haqqında yazsın ki?

– Niyə yazmasın ki? Mənim “Səs” essem də müharibə mövzusunda idi. Baxır sən müharibədən necə yazırsan, politoloq, yoxsa yazıçı kimi. Əsas mövzu yox, onu necə işləməkdir. Bir də ki bizim taleyimizlə Ukraynanın taleyi arasında paralellik var. Bu baxımdan, fikrimcə, yazmaq lazımdır.

– Qalib ölkə haqqında yazılan əsərlər haqqında söz-söhbət oldu. Tənqidçi olaraq, hansı əsərlərimiz diqqətinizi çəkib?

– Əgər söhbət mənəvi qələbədən gedirsə, söz bizi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Sabir Əhmədlinin “Ömür urası” Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Kamil Əfsəroğlunun “İt qanı” romanlarına aparır. Yox əgər birbaşa hərbi qələbədən söz gedirsə, ilk yada düşən Ramiz Qusarçaylının “Vətən” poemasıdır.

– Sizə elə gəlmirmi ki, poemaya olan hazırkı təqdiredici münasibət onu təzədən dəbə çevirəcək? İndi poema nə dərəcədə aktualdır?

– Görünür ki, bundan qaçmaq olmur, hətta “Nəsimi İli”ndə Nəsiminin özünü belə dəbə çevirdilər. Məncə, bütün olub-bitənlərə rəğmən Ramiz Qusarçaylı öz əsl qiymətini hələ almayıb.

– Yaxşı, qiymət demişkən, Əsəd Cahangir 35 ildir ki, ədəbiyyatdadır, özünə verilən qiymətdən razıdır?

– Mən qiymət üçün, ad üçün çalışmamışam. Haqqım çatandan artıq heç kimdən heç vaxt heç nə istəməmişəm. Amma haqqım çatanları almaq arzusundan özümü məhrum eləmək fikrim də yoxdur. Çünki insanam, qanadlarım yox, əllərim, ayaqlarım var.

– Bəs Vaqif Bayatlı deyir ki, qanadlarım var axı...

– Vaqif abimizə hamımızın hörməti böyükdür. Amma aldanma ki, şair sözü, əlbəttə, yalandır.

Foto: Kerimsson

# 7533 dəfə oxunub

Müəllifin son yazıları

# # #