Xalq artisti: “Qorxdum, ora getmədim” – Müsahibə

Möhlət Müslümov, Xalq artisti, tarzən

Möhlət Müslümov, Xalq artisti, tarzən

30 avqust 2022
# 12:00

“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri, Xalq artisti, tarzən Möhlət Müslümovun APA-ya müsahibəsi

Möhlət müəllimlə telefon danışığımızda oğlu Rüstəm Müslümovdan da danışmışdıq. Bir neçə gün öncə yekunlaşan Muğam Televiziya müsabiqəsində oğlunun uğurlu fəaliyyətindən ağız dolusu danışan ustad tarzən xahişimizi nəzərə alaraq, müsahibəyə elə oğlu ilə birgə gəlmişdi. Biz də bu fürsəti qaçırmadıq, elə ilk sualımız həm bir ataya, həm də ustad tarzənə ünvanlanan sual idi.

– Möhlət müəllim, oğlunuzu görən kimi, ağlıma belə bir sual gəldi: oğlunuzun sənətindən bir ustad kimi nə dərəcədə razısınız?

– Mən oğlumdan həm bir ata kimi, həm də ustad kimi razıyam, amma həm də istəyirəm ki, o mən istədiyimdən də artıq olsun, mənim etmədiklərimi də eləsin. Düzdür, mən çox iş görmüşəm, çox səfər eləmişəm, ölkəmizi bacardığım qədər təmsil eləmişəm, tar sənətini tanıtmışam. İndiki dövr bir az başqadır, biz o vaxt qastrol səfərlərinə gedirdik, hansı ki bu səfərlər aylarla çəkirdi. İndi belə səfərlər yoxdur. Amma, istənilən halda, istəyərəm ki, oğlum da o yolu keçsin, o da bu sənətlə, onun təbliği ilə dünyanı gəzsin, tarı tanıtsın.

– İndi qastrol səfərləri olmur ki?

– Olur, sadəcə əvvəlki kimi deyil, üstəlik, son dövrlərdə həm də pandemiya mane oldu. Yəni nə qədər olsa belə, əvvəlki kimi deyil. Məsələn, pandemiyaya görə mənim özümün 10-15 səfərim təxirə salındı. Pandemiya hər sahəyə ziyan vurdu, amma incəsənətə vurduğu zərərin təsirini biz hələ sonralar hiss edəcəyik. Cabbar Qaryağdıoğlu o vaxt deyirdi ki, dünyanın o başında top atılanda onun qəlpəsi gəlir bu başda hansısa bir musiqiçiyə dəyir. Çünki belə qarışıq dövrdə xalq musiqini, incəsənəti unudur, yadlarına belə düşmür. Amma ümidvaram ki, bu mərhələləri də keçəcəyik.

Xalq artisti Möhlət Müslümov: “Qara Qarayevə də bəstəkar deyək, kompüterdə mahnı yığana da?” - MÜSAHİBƏ

– Tarda Möhlət Müslümovun adı ilə bağlı hansı yeniliklər var?

– Vallah, bu suala mənim cavab verməyim bir az təvazökarlıqdan uzaq olar. Bilirsiniz, mən özümdən danışmağı, “mən, mən” deməyi sevmirəm. Bu şeyləri xalq bilir, onlar qiymət verir. Mənim 24-25 yaşım olanda Əlibaba müəllim (Əlibaba Məmmədov – N.P.) məni özü ilə məclislərin birinə aparmışdı. Orda mən öz üslubumla hazırladığım “Dəşti muğamı”nı ifa elədim. Hansı ki o ifadan Əlibaba müəllim dəfələrlə danışıb. Və elə o ifadan sonra mənim gələcəyimin çox yaxşı olacağını vəd edib. Eyni sözləri illər keçəndən sonra mənim 50 illiyimdə də, 60 illiyimdə də deyib. Yubileylərimin birində dedi ki, şükür Allaha ki, o cavan oğlan – Möhlət məni doğrultdu.

Mən böyük tar ifaçıları ordusu yetişdirmişəm, onların içində nə qədər xalq artistləri, əməkdar artistlər çıxıb. Həm burada, həm də Cənubi Azərbaycanda günü bu gün özümə qarşı, öz sənətimə qarşı rəğbət hiss duyuram.

– Möhlət müəllim, bəs sizcə, oğlunuz necə, öz üslubunu, öz xəttini yarada bilib?

– Hərdən deyirəm ki, daha məni təqlid eləməyin bəsdir. O da cavab verir ki, öz atamın malıdır da, mən xərcləməyim, kim xərcləsin? (gülür) Bilirsiniz, getdikcə hiss edirəm ki, bəli, yeni nələrsə etmək istəyir. Məsələn, son iki Muğam Televiziya müsabiqəsinin öhdəsindən layiqincə gəldi. Canlı efir, çox ağır və məsuliyyətli iş qrafikini tam qarşılaya bildi. Düzdür, onu mən hazırlaşdırırdım, amma həm də görürdüm ki, özündən də yeni nələrsə qatır. İz ilə gedənin izi olmaz, bu faktdır. Yəqin ki, bu cəhdlər, yeniliklər 40 yaşından sonra artıq öz yolunu, öz xəttini tapmasına kömək edəcək.

Muğam müsabiqəsindən danışdığımız üçün Möhlət müəllimin oğlu söhbətə qoşulur.

– Son iki Muğam Televiziya müsabiqəsində mənə etimad göstərilməsi məni bir musiqiçi kimi çox məmnun edir. Bunun üçün özümü olduqca şanslı hesab edirəm. Çox məsuliyyətli bir layihə idi və sevinirəm ki, bu məsuliyyəti daşıya bildim, bacardığım qədəri ilə öhdəsindən gələ bildim. Final isə, bildiyiniz kimi, Şuşada oldu. Şuşada tar ifa eləmək, Şuşada o layihənin bir parçası olmaq əvəzsiz bir şeydir.

– Xalq artisti, tarzən Ramiz Quliyevlə də müsahibə eləmişdim. Ramiz müəllim yeni nəsil tarzənlərin gətirdiyi yenilikləri o qədər də qəbul etmədiyini deyirdi. Siz nə düşünürsünüz?

Möhlət Müslümov: Mən yeniliklərə açığam, düzü. Ramiz müəllimin sözlərində, yəqin ki, həqiqət var, amma fikirlərimiz üst-üstə düşməyə də bilər. Tar müqəddəs alətdir, tar mənim üçün ocaqdır, pirdir. Eyni sözləri saz üçün də deyə bilərəm, saz da mənim üçün doğmadır, bunlar bizim milli alətlərimiz, sərvətlərimizdir. Mən yeniliyin o halda tərəfdarıyam ki, bu yenilik professional formada edilsin. Yəni nə qədər yenilikçi olursan, ol, yenə də ənənəni, tarın özəyində olan milliliyi qorumalısan. Yox, bunları saxlamasan, əlbəttə ki, buna razı ola bilmərəm.

Bilirsiniz, hansısa musiqinin bir ingilisin, fransızın xoşuna gəlməsi üçün ənənədən imtina edə bilmərəm, bu mümkün deyil. Tələbə vaxtı dünya bəstəkarlarının əsərlərini tarda ifa eləmişəm, amma, dediyim kimi, tarın özünə məxsus olan milliliyini qorumuşam. Şopenin, Motsartın vətənində onların əsərlərini ifa elədim, ciddi qəbul edilmədi, muğam ifa elədim, heyran qaldılar. Ondan sonra qərara gəldim ki, tar ancaq muğam üçündür.

Məsələn, indiki gənclər Səid Rüstəmovun hansısa əsərini götürürlər, əvvəlini dəyişirlər, adına qoyurlar yenilik. Bu yenilik deyil, qətiyyən deyil.

– Gənc nəsildən kimləri izləyirsiniz? Kimlər gələcək üçün ümid verir?

– Mən istedad tərəfdarıyam. Yerlipərəst, dostumdur-tanışımdır deyə, kimisə tərifləyən adam deyiləm. Baxıram, izləyirəm, gənclərimiz çox-çox yaxşıdır, ümidvericidir. Mən özüm də müəlliməm. Hətta bizim Arazın o tayından da, İrandan da tələbələrimiz var. Adlarını konkret deyə bilməyəcəyəm, təəssüf.

– Möhlət müəllim, Azərbaycan tarını dünya tanıyır?

– Bir şey deyim. Yadımdadır, illər öncə Düşənbədə bir simpozium var idi. Orda həm musiqişünaslar, həm folklorşünaslar, həm də musiqi ifaçıları dünyanın dörd bir yanından təmsil olunurdular. Ermənistan musiqiçiləri də orada idi. Amma necə? “Erməni muğamı Bayati-Şiraz” adı ilə. Biz, əslində, “Rast dəsgahı” ifa etməli idik, amma sırf onların hərəkətinə görə “Bayatı-şiraz”ı ifa elədik, bütün zal şokda idi. Əvvəllər bu cür problemlərlə tez-tez rastlaşırdıq, hər addımda nəsə bir axsaqlıq yaşanırdı. O da ondan qaynaqlanırdı ki, bu cür simpoziumlar, beynəlxalq səviyyəli musiqi proqramları bizdə olmurdu. Amma indi, şükür Allaha, həmin o proqramlardan da yaxşıları bizdə var. Və bu gün dünya tarı Azərbaycan tarı kimi tanıyır, tanımalıdır. Bu da dövlətimizin bugünkü siyasətinin nəticəsidir. Heyran olmamaq mümkün deyil. Adicə Muğam müsabiqəsini dünyanın dörd bir yanında izləyirlər, məktublar, təşəkkürlər gəlir. Bilirsiniz, belə bir musiqisi, belə bir mədəniyyəti olan xalq heç vaxt pis xalq ola bilməz, heç vaxt başqasının malına-mülkünə göz dikə bilməz, mümkün deyil.

– Tar sizə solo alət kimi doğma gəlir, yoxsa müşayiət aləti kimi? Məsələn, Ramiz Quliyevi daha çox solo ifaçı kimi tanıyırıq. Sizin də həm solo, həm də müşayiət ifalarınız olub.

– Dediyiniz kimi, həm solo, həm üçlükdə, həm də böyük bir ansamblın bədii rəhbəri kimi ifa eləmişəm. Əhməd Bakıxanov adına ansamblı deyirəm. Mən 1994-cü ildən ora rəhbər təyin olunmuşam. Haradasa, 200-dən çox muğam ifasını qızıl fond üçün ifa edib yazdırmışam. Amma bir şeyi açıq deyim ki, müşayiət çox çətindir. Yəni bu saydıqlarımız içində ən çətini məhz müşayiət etməkdir. Çünki sən təkcə özünə yox, həm ifaçıya, həm kamançaya cavabdehsən, eyni anda üçünü də paralel izləməlisən. Sözsüz ki, ansamblın da öz çətinlikləri var. Son dövrlərdə isə artıq solo ifalara xeyli üstünlük verdim, bir xeyli ifalar elədim, yazdırdım.

– Onda belə çıxır ki, gənc nəslin soloya qaçmasına səbəb onun rahatlığıdır.

– Yox, belə konkret qərar vermək bir az ədalətli deyil. Onlar da müşayiət ediblər, edirlər. Yavaş-yavaş daha da püxtələşəcəklər. Mənim 20 yaşım olanda tələbələri müşayiət edirdim. Bir gün dedilər ki, Əbülfət Əliyev (tanınmış muğam və opera ifaçısı – N.P.) səni axtarır. Mən onda Əbülfət müəllimin adı gələndə ayağa qalxırdım. Heç adımı da bilmirmiş, deyib ki, o buruqsaç oğlanı gətirin, onunla “Humayın təsnifi” oxuyacam. Qorxdum. Getmədim. Bir də çağırdı, yenə getmədim. Üçüncü dəfə çağıranda güc-bəla ilə apardılar. Vallah, qorxurdum. Özünə də dedim. Dedi, qorxma, yaxşı olacaq. Yaxşı da oldu. Bəlkə, o vaxtkı o korifey sənətkarlar olsa, gənclərə belə meydan verilsə, onlar da öyrəşər, qorxmaz. Bax, məsələn, oğlum Rüstəm üçün on il qabaq indiki sözləri heç vaxt deməzdim. Amma indi deyirəm. Niyə? Çünki o mərhələni keçib. Üstəlik, Muğam müsabiqəsi də bunlar üçün çox böyük məktəb oldu, püxtələşdilər. Kənardan baxanda görürəm ki, bu müsabiqə dönəmində daha da inkişaf edib.

– Möhlət müəllim, müşayiət etmək baxımından Sizin üçün ən çətin xanəndə kim olub?

– Hə, bax bu yaxşı sualdır (gülür). İldırım Həsənov var idi, Allah ona rəhmət eləsin, dövrünün sevilən xanəndəsi idi. Nardaran kəndində bir dəfə onunla toya getmişdim. Onda hiss elədim ki, xamam, çətinlik çəkirəm. Amma sonralar ustad sənətkarlarımızın, demək olar ki, hamısını müşayiət etmişəm.

Səxavət Məmmədovu da müşayiət eləmək çətin idi. Çünki o məşqlə oxumurdu, bədahətən oxuyurdu, bu da çox çətinlik yaradırdı.

– Alim Qasımovu da müşayiət eləməyin çətin olduğunu deyirlər.

– Hə, hə... (gülür). Alim böyük sənətkardır, doğrudur, onu da müşayiət eləmək çətindir. Onunla biz gənc yaşlarından tanışıq, dostluq etmişik. Mən müəllim olanda o tələbə idi, amma dostluğumuz möhkəm olub. Alim Qasımovu da müşayiət eləmək adama çətin gəlir, razıyam. Amma Alim böyük xanəndədir, Alimdən yoxdur!

– İlk dəfə kimi müşayiət eləmisiniz? Xatırlayırsınız?

– Hə, əlbəttə. Mürşüd Abbasov, o da zamanının böyük xanəndəsi olub. 1973-cü ildə təyyarə qəzasında həlak oldu. 14 yaşım olanda onu el şənliyində müşayiət eləmişəm.

– Möhlət müəllim, toylara gedirsiniz, hə?

– Toylar məktəbdir e... (Əllərini yana açıb bir az ara verir) İranda toya gedənlərə pis baxırlar, amma çox nahaq. Necə olur ki, mən konsert verim, bilet alıb gəlib baxsınlar. Amma bizi toya çağıranda getməyək? Belə şey olmaz. Azərbaycanın ən böyük sənətkarları məhz toylarda yetişib.

– Kamança ifaçısı İmamyar Həsənov da toyların məktəb olduğunu deyirdi. Amma yenə də Ramiz Quliyevi xatırlayacağam: o toylara getməyi qəbul eləmirdi.

– Ramiz Quliyev özü də vaxtında toylara gedib. O vaxt indiki kimi konsertlər olurdu ki? Hamı toydan çıxıb da, hamısı toyda yetişib. Asəf Zeynallıda muğam sinfi açılana kimi məktəb var idi, məgər? O vaxt toya gedən musiqiçilər, xanəndələr Filarmoniyanın həyətinə yığışardı. Onda narazılıq edilib ki, bəs bu nədir? Ora-bura, Fikrət Əmirovla məsləhətləşiblər. O da deyib ki, işiniz olmasın, qoy getsinlər, toyun zərəri olmaz.

Yadıma gəlir, bir dəfə Nardaranda toyda idim, toyun ortasında adamlar, kənd sakinləri mənim səhvimi tutdular. Dedilər, bunu düz eləmədin. Gəlib Nəriman Əliyevə dedim, dedi ki, bəli, düz deyirlər, get öyrən. Bax, toy budur. Hansı konsertdə belə bir şey olur ki? Mümkün deyil. Özü də o vaxt toylarda musiqiçiyə başqa cür hörmət qoyulurdu, bütün bunlar xalqın böyüklüyüdür. O vaxtlar 2 günlük, 3 günlük toylar olurdu, yeməyimizə, içməyimizə qədər soruşurdular, qabaqcadan zövqümüzə uyğun hazırlayırdılar. Bu xalq başqa xalqdır, əzizim.

– Ümumiyyətlə, bir xeyli əvvəlki dönəmdən danışdıq. Sizcə, əvvəlki dönəmin sənətçiləri, musiqiçiləri, bəstəkarları indi niyə yetişmir? Siz bir tarzən kimi bu axsaqlığı hiss edirsiniz?

– Vallah, çətin sualdır. İndi yaxşı bəstəkar barmaqsayı qədər qalıb. Əvvəl konservatoriya bir yerdə idi, ola bilsin ki, onun da müəyyən təsirləri var. Bu gün simfoniya, opera yazılmır, indi hər şey kompüterlə idarə olunur, musiqi belə orda bəstələnir. İndi biz Qara Qarayevə də bəstəkar deyək, kompüterdə mahnı yığana da? Nə bilim, vallah.

– Bəs 10-15 il sonra necə olacaq?

– (Möhlət müəllim bir az susur və əlavə edir) Görünür, onda da yenə yüz il əvvələ qayıdacaqlar, yenə onları oxuyacaqlar, onları ifa edəcəklər. Nə bilim. Bilirsiniz, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun adı gələndə Avropada ayağa qalxırlar e. Bunlar zarafat gəlməsin. O adamlar Azərbaycan musiqisini elə bir səviyyəyə qaldırıblar ki, günü bu gün də Avropada Azərbaycan adı gələndə onlar yada düşür. Bax, bu məktəblərin itib getməyindən qorxuram, çox qorxuram. Yaxşı istedadlı gənclər var, amma nə bilim...

– Oğlunuzdan başqa ailənizdə musiqi ilə məşğul olan var?

Bu yerdə Möhlət müəllimin oğlu söhbətimizə yenidən qoşulur.

– Üçüncü sinfə qədər qardaşım tara gedib. Amma sonra davam eləmədi, həvəsi də yox idi. Atam məni tara qoymurdu, icazə vermirdi. Bilmirəm niyə? (Gülür)

Möhlət müəllim davam edir...

– Rəhmətlik atam mən səfərdə olanda Rüstəmi aparıb tara qoymuşdu. Sonralar gördüm ki, düz edib, yanılmayıb. Allaha şükür, indi də sözünü deməkdədir.

– Ustad tarzən kimi gənclərə nə məsləhət görürsünüz?

– Mən ciddi musiqini sevirəm. Bax, bu mənim nəvəmdir (Yanında oturan balaca qızı göstərir). Gedib-gəlir mənə deyir ki, mən bayağı musiqini sevmirəm, baba, mən ciddi musiqini sevirəm. Gənclərimizə də birinci növbədə bunu məsləhət bilirəm ki, ciddi musiqini sevsinlər. Bizim görkəmli sənətkarlarımızı yaşatsınlar.

Torpağımızı sevsinlər. Biz ilk dəfə Şuşaya gedəndə Filarmoniyanın həyətində yığışmışdıq. Bir nəfər mənə yaxınlaşıb soruşdu ki, məni tanıdın? Bir az baxdım, baxdım, tanıdım. Vasif Quliyev idi, “Şuşa” qəzetinin baş redaktoru. Soruşdu ki, axırıncı dəfə Şuşadan nə vaxt çıxmısan, yadında? Heç qoymadı mən deyəm, elə özü də cavabını verdi ki, sən Şuşada ən son mənim toyumda olmusan, sonra oradan çıxmışıq. Bunu deyib başladı ağlamağa. Məni də kövrəltdi. Sonra elə Şuşaya bir yerdə də getdik. Bax, torpaq sevgisi budur, Vətən sevgisi budur. Mən istəyirəm, bizim gənclərimiz elə bu formada yetişsinlər, bu cür tərbiyələnsinlər.

Nəvələrim mənim solo ifa elədiyim Fikrət Əmirovun “Lay-lay” əsəri ilə yuxuya gedirlər. Bunu reklam üçün demirəm. Sadəcə, belə olanda övladlarımız, nəvələrimiz vətənpərvər yetişirlər, torpaqlarını sevirlər.

# 6901 dəfə oxunub

Müəllifin son yazıları

# # #