Bütün kitabları ləğv etmək istəyən kitab

Bütün kitabları ləğv etmək istəyən kitab
28 sentyabr 2013
# 07:15

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin IX hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə

Dördüncü hissə

Beşinci hissə

Altıncı hissə

Yeddinci hissə

Səkkizinci hissə

63) İstənilən əhvalatda mütləq anlaşılmayan səbəbdən bizə ağır təəssürat bağışlayan personaj var, biz ona nifrət etmirik, yox, sadəcə o bizim xoşumuza gəlmir, “niyə”sini isə Allah bilir.

Etiraf etməliyəm ki, “Rədd” təmayülündə məndə antipatiya oyadan çox az personaj tapılar, tapılanlar da ovqatımı çox az təlx edər. Amma haqqında yazılanları oxuduğum zaman ürəyimi bulandıran insanın adını çəkmək lazım olardısa, mən o dəqiqə Vitqenşteynin adını çəkərdim. Günah da onun məşhur ifadəsindədir, çünki bu qeydləri yazar-yazmaz mən dəqiq bilirdim ki, əvvəl-axır ona şərh yazmalı olacağam.

Hamı tərəfindən ağıllı adlandırılan insanlara ehtiyatla yanaşıram. Xüsusən də, Vitqenşteynə, çünki bu insanın ən çox sitat gətirilən ifadəsi heç də mənə ağıllı görünmür.

“Danışa bilmədiyin nəsnə barədə susmaq lazımdır”, – demişdir Vitqenşteyn. Söhbəti yox, bu sitat, həqiqətən də, Yox tarixində hörmətli yerə layiqdir, amma bir qədər fikirləşəndən sonra mən onun sentensiyasını gülünc və hətta cəfəng adlandırmağa risk edərdim. Çünki Moris Blanşo demişkən, “Vitqenşteynin həddən artıq məşhur və sürtülmüş ifadəsi belə bir nəticəyə gətirib çıxarır: bəlkə belə ifadə demək əvəzinə susmaq yaxşı olardı, halbuki susmaq üçün əvvəl gərək nəsə deyəsən. Amma iş ondadır ki, hansı sözlərin köməyi ilə?”. Blanşo ispanca bilsəydi, fikrini daha sadə ifadə edə bilərdi: “Yol qısadı, yük ağır”.

Doğrudan da, nəyə görə Vitqenşteyn sükuta qərq olmadı? O, az danışırdı, amma hər halda danışırdı. Bir dəfə isə çox qəribə metafora səsləndirdi: əgər haçansa kimsə hansısa bir kitabda etik həqiqətləri təcəssüm etsə, xeyir və şərin ali mənasını aydın və inandırıcı ifadələrlə izah etsə, o zaman həmin kitab dərhal bütün başqa kitabları puç edib dağıdacaq. Sanki o özü başqa kitabları puç edən bir kitab yazmaq istəyirmiş. İşə bir bax! Bunun presedenti də var – Musanın Kitabələri, amma axı orada da sözlər ideyanın bütün əzəmətini təcəssüm etmək gücündə olmadılar. İndi oxuduğum bir məqalədə Daniel A.Attala yazır ki, Vitqenşteynin yazılmamış kitabı, bütün başqa kitabları ləğv etmək məqsədi ilə yazmaq istədiyi kitab – mümkünsüz kitabdır, çünki milyonlarla kitabın mövcudluğu faktı onlardan heç birinin özündə həqiqəti daşımadığını birbaşa sübut edir. Bundan əlavə, indi özümə deyirəm, təkcə Vitqenşteynin kitabı mövcud olsaydı və biz onun qanunları ilə yaşamağa məcbur olsaydıq, bu necə də dəhşətli olardı. Mən seçim qarşısında qalıb bir kitab seçməli olsaydım, Rulfonun iki kitabından birini Vitqenşteynin Musanın ucbatından yazmadığı kitabından üstün tutardım.

72) Karlo Emilio Qadda hər tərəfə dağılan və sonsuz olan romanlar yazırdı, bu onu paradoksal situasiya qarşısında qoyurdu: o, sonu görünməyən əhvalatların məşhur şahı, yazılarını yarımçıq qoymaq məcburiyyətində idi, dərhal bundan sonra isə o, özü də istəmədən, dərin ədəbi sükuta qərq olurdu.

Mən bunu Bartlbi sindromunun əksi adlandırardım. Yazarların çoxusu öz sukutuna haqq qazandırmaq üçün müxtəlif bəhanələr uydururdular, amma Karlo Emilio Qadda onların tam əksidir, çünki o, bütün həyatını İtalo Kalvinonun “çoxaltma sənəti” adlandırdığı nəsnəyə, başqa sözlə, sonu görünməyən hekayət sənətinə həsr etmişdi. Bu təhkiyə üsulunu vaxtilə “Tristam Şendi”də Lorens Stern icad etmişdi. Orada o deyir ki, yazar əhvalatı “sahib eşşəyini qabağa qovan kimi qova bilməz”, çünki əgər insanda heç olmasa zərrə qədər istedad varsa, o, yol ərzində azı əlli dəfə kənara çıxacaq, düz yoldan dönəcək ki, gah o, gah bu kompaniyaya qoşulsun.

Öz növbəsində Karlo Levi “Tristam Şendi” kimi sonsuz hekayət barəsində demişdir ki, bu kitabın əsas simvolu saatdır, axı Sternin qəhrəmanının təməli onların vasitəsilə qoyulub. Sonra Levi əlavə edir: “Tristam Şendi ölmək istəmədiyi üçün doğulmaq istəmir. Ölümdən və zamandan qurtulmaq üçün bütün üsullar, bütün vasitələr yararlıdır. Əgər düz xətt iki faciəli nöqtə arasında ən qısa yoldursa, o zaman dolaşmalar bu yolu uzada bilər və əgər nəticədə yol elə qarışıq, çətin, dolanbac olduğu üçün o yolu izləmək mümkün olmasa, o zaman, kim bilir, bəlkə də ölüm bizi tapa bilməz? Biz bir yerdən o birisinə qaçıb gizləndiyimiz halda ölüm sadəcə azıb qalacaq”.

Qadda özü istəmədən Yox təmayülü yazarına çevrildi. “Heç nə əsl deyil, heç kim yoxdur, heç nə yoxdur”, – deyir Bekket. Qadda əks və radikallıqda heç də geri qalmayan mövqe tutur. O, qəti əmindir ki, ətrafda hər şey əsldir. Qadda durmadan deyir ki, dünyada çoxlu şeylər var və onların hamısı əsldir, heç də süni deyil; amma bu mövqe onda ümidsizlik doğurur, çünki o bütün həddsiz-hüdudsuz dünyanı əhatə etmək istəyir, hər şeyi dərk edib təsvir etmək istəyir.

Yox təmayülünün antiyazarı Qaddanın yaradıcı manerası üçün rasional dəqiqlik və dünyanın dərkolunmazlığı arasında gərgin qarşıdurma xasdır. Bu onun hər şeyə baxışını təşkil edən əsas komponentlərdir. Həmin illərdə başqa bir yazar, Qadda kimi mühəndis olan Robert Müzil “Xüsusiyyətsiz insan” romanında eyni qarşıdurmanı təsvir etmək istəmişdir, amma tamamilə başqa formada – axıcı, ironik, çox yaxşı düşünülmüş nəsrdə.

Tərs, ipə-sapa uymayan Qadda və Müzilin necə də olmasa kəsişmə nöqtəsi var: hər ikisi kitablarını birdən bitirmək məcburiyyətində idilər, çünki kitablar sonsuz alınırdı, hər ikisi istəmədən romanlarında son nöqtəni qoydular – Bartlbi sindromunun təsiri altında, hər ikisi də ən çox nifrət etdikləri sükut növünü seçdilər. Mən də gec-tez bu növ sükutu yaşamalı olacağam, istəyib istəməsəm də. Özümü aldatmaq istəmirəm: şərhlərim getdikcə Mondrianın kvadratlarla dolu kətanlarını xatırladır (tamaşaçıda elə bir təəssürat yaranır ki, sanki bu kvadratlar kətanı tərk edib özlərində sonsuzluğu cəmləmək istəyirlər). Mən də bu sayaq işlə məşğul oluramsa, bu məni paradoksa gətirib çıxaracaq: yalnız bir hərəkətlə qane olmaq – yox olmaq, sönmək. Bu baş versə, oxucu mənim üzümdə qəzəbimin qaşları arasında şaquli qara qırışın əmələ gəlməsini təsəvvür edə bilər. Qaddanın “Merulan küçəsindəki xoşagəlməz hadisə” adlı möhtəşəm romanının kədərli və gözlənilməz sonunda məhz belə bir qırış peyda olur: “Qızın ağappaq üzündəki qəzəb qaşlarının arasındakı bu qara şaquli qırış kişini iflic etdi, hansısa fikirlərə sövq etdi – ən azı peşmançılığın astanasına gətirib çıxardı”.

Ardı var...

Tərcümə: Nicat Məmmədov

# 1738 dəfə oxunub

Müəllifin son yazıları

# # #