Onun bir baxışıyla yazmağın daşını atdı

Onun bir baxışıyla yazmağın daşını atdı
15 avqust 2013
# 10:53

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin VI hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə

Dördüncü hissə

Beşinci hissə

45) “Səyahət et və bu barədə yazma” – Rober Deren öz “Ədəbi güntutulmaları”nda bu hədisi Rite Maludan eşitdiyini deyib əlavə edir ki, hekayə “Qüssəli benqal gecələri” toplusuna daxildir. Orada söhbət Hindistanda səyahət edən və kiçik bir kəndə düşən xarici haqqında gedir. Kənddəki həyətlərin birinə daxil olan xarici orada bir qrup hindli görür. Onlar əllərində musiqi alətləri tutub yerdə oturub çox sürətli ritmdə ovsunedici mahnı oxuyurlarmış. Bu mahnı sirli və dəfolunmaz tərzdə dərhal səyyahın qəlbinə hakim kəsilir.

Orada qoca, çox-çox qoca bir insan da varmış, o xarici ilə salamlaşır, amma mahnı ilə ovsunlanmış xarici onun salamını çox gec eşidir. Musiqinin tempi getdikcə daha da dəlisov olur. Amma birdən xarici anlayır ki, yenidən öz üzərində qocanın nəzərlərini duymaq istəyir. Həmin qoca isə zəvvar imiş. Birdən musiqi dayanır, xarici isə bir növ ekstaza qapılır. Gözlənilmədən qoca yenidən ona nəzərlərini dikir, sonra isə asta-asta həyəti tərk edir. Xariciyə elə gəlir ki, qocanın baxışında nəsə birbaşa ona aid olan xüsusi bir məna gizlənirmiş. O, qocanın nə demək istədiyini dəqiqliklə anlaya bilmir, amma başa düşür ki, bu nəsə çox vacib və təsadüfi olmayan bir şeydir.

Xarici yazar idi və kitablarında etdiyi səyahətlər barədə danışırdı. Birdən o başa düşür ki, qoca onun taleyini öncədən görüb əvvəl-əvvəl gördüyünə sevinir – bu onun salamlaşmağının tonunda özünü biruzə verir, – fəqət sonra o, xaricinin taleyini tam görə bilir və bu səbəbdən qocanın ona bərk yazığı gəlir. Yazar qərara gəlir ki, qocanın ikinci baxışı ciddi təhlükədən xəbər verirdi, bu baxışda taleyi aldatmaq məsləhəti var idi, bu səbəbdən də tezliklə həyat tərzini dəyişmək, başqa sözlə səyahətlər haqqında yazmağı atmaq lazımmış, çünki məhz bu yol ona gələcəkdə bədbəxtlik gətirə bilərdi.

“Müasir Hindistanda bax belə bir rəvayət gəzir, – deyə Rita Malu öz hekayəsini bitirir. – Qoca zəvvarın baxışının mənasını anlayan xarici ədəbiyyatla bağlı hər şeyə qarşı iyrənclik duyur və bir daha heç nə, səyahətlər barədə bircə kitab belə, ümumiyyətlə kitab yazmır və bir daha qələmi əlinə almır. Hər ehtimala qarşı”.

46) “Petroni” hekayəsi Marsel Şvobun “Xəyali ömürlər” kitabına daxil edilib, Borxes – əvvəl-əvvəl o Şvobu təqlid edirdi, sonra isə üstələdi – bu kitab haqqında demişdi ki, Şvob orada maraqlı metod icad edib: qəhrəmanlar real olmalıdırlar, əvəzində hadisələr isə uydurulmuş, bəzən isə fantastik ola bilər. Borxesin fikrincə, “Xəyali ömürlər”ə xüsusi tamı məhz bu vəhdət verir – müəllif ora-bura, reallıqdan təxəyyülə, uydurmadan reallığa gedir-gəlir, bu da ən uğurlu şəkildə “Petroni”də alınıb. Hekayənin baş qəhrəmanı bizə tarixi əsərlərdən məlum olan həminki Petronidir. Amma Şvob deyir ki, o heç də Neronun sarayındakı nəzakətlik rəmzi və “incəlik arbitri” olmayıb və imperatorun poeziyasına daha dözə bilməyərək mərmər vannada uzanıb abırsız şeirlər deyə-deyə intihar edən də o olmayıb.

Yox, Şvobun Petronisi doğulandan çoxlu üstünlükləri olan bir insandır. Bircə onu demək yetər ki, uşaq illərində o nəfəs aldığı havanın məhz onun üçün gözəl ətirlərlə doldurulduğuna əmin idi. Başqa sözlə, Petroni bütün uşaqlıq boyu göylə gəzirdi, sərt keçid isə Siro adlı qul ilə tanışlıq günü baş verdi.

Qul sirkdə qulluq edirdi, o Petroniyə qəribə şeylər öyrətməyə başladı: saqqallı qladiator, bazar fırıldaqçıları, qarmaqlardan cəmdəkləri çıxaran qəssablar, senator dəstələrindəki qıvrımsaç oğlanlar, küncdə-bucaqda yığışıb şəhər xəbərlərini müzakirə edən qoca çərənçilər, əyyaş nökərlər və uzaqdan gəlmiş fahişələr, meyvə satanlar və karvansarayların sahibləri ilə, yoxsul şairlər, özlərini kahin kimi təqdim edən qadınlar və yollarda gəzən əsgərlərlə tanış etdi.

Məhz o zaman Petroninin nəzərləri – bu yerdə Şvob bizə qəhrəmanının çəpgöz olduğunu deyir, – bütün bu insanların xasiyyətlərini və fırıldaqlarını dəqiq görməyə başladı. Bir qədər sonra şəhər darvazalarından çıxıb qəbristanlığa, qəbirlərin əhatəsinə gələndə Siro ona əslində ilan olan və dərilərini dəyişən insanlar haqqında əhvalatlar nəql etdi, bu azmış belə zəncilər, suriyalılar və meyxana sahibləri barədə bildiyi bütün rəvayətləri danışdı.

Günlərin bir günü artıq otuz yaşına çatan Petroni şəhər dibi ilə tanışlıq zamanı gördüyü bütün şeyləri qələmə almaq fikrinə gəlir. O, əvvəldən axıracan uydurulmuş on altı kitab yazır, işini bitirəndən sonra isə onları dəlicəsinə gülən və əl çalan Siroya oxuyur. Məhz o zaman Siroyla Petroni bir plan qururlar: onlar nə bahasına olursa-olsun Petroni tərəfindən uydurulmuş bütün sərgüzəştləri həqiqətən yaşamaq fikrinə gəlirlər, yəni onları perqamentdən həyata köçürmək istəyirlər. Libaslarını dəyişmiş Petroni ilə Siro şəhəri tərk edirlər, onlar yollarda avaralanıb yazdığı əhvalatları reallıqda yaşamağa başlayandan biryolluq yazıçılıqdan imtina etmiş Petroninin uydurduqlarını həyata keçirirlər. Başqa sözlə, bizim qarşımızda “Don Kixot”un mövzusudur – özü özünü xəyala çevirməyə cəhd edən xəyalpərəst; yəni Petroninin mövzusu uydurduqlarını yaşamağa cəhd edən və bu səbəbdən yazmağı atan bir yazıçının əhvalatı şəklini aldı.

47) “Mövcud olmayan əvvalatın əhvalatı”nda (Antonio Tabukkinin “Beato Ancelikonun uçan aparatları” hekayələr toplusundan) söhbət bütün bartlbilərin – Yox təmayülü yazarlarının yüksək qiymətləndirdiyi kabus-kitabların birindən gedir.

Təhkiyəçi deyir, – “Mənim mövcud olmayan bir romanım var, nəql etmək istədiyim əhvalat da məhz ora daxildir”. Söhbət ilk öncə “Kapitan Nemonun məktubları” adlandırılmış, sonra isə adını “Qapı arxasında kimsə yox” adına dəyişmiş romandan gedir. Roman 1977-ci ilin payızında dünyaya gəlmişdir, Siyenanın yaxınlığındakı bir kənddə cəmi iki həftəyə yazılmışdı.

Yazıçı romanı bitirib onu naşirə göndərir, amma naşir yazını çox qəliz və anlamsız sanıb rədd edir. O zaman qəhrəman mətni bir yeşikdə gizlətmək qərarına gəlir (“çünki fikrimcə, qaranlıq və unutqanlıq əhvalatların yalnız xeyrinədir”). Bir neçə il sonra tamamilə təsadüfi şəkildə roman yenidən qəhrəmanın əlinə düşür və bu tapıntı ona çox qəribə təəssürat bağışlayır, – axı o tamamilə öz çoxdankı yazısı barədə unutmuşdu: “Əlyazma birdən komodun qaranlığından dənizin qaranlıq sularından çıxan submarina kimi çıxdı”.

Təhkiyəçi burada xüsusi bir işarə görür (romanda da söhbət submarinadan gedirdi) və hazır yazıya final şərh əlavə etmək fikrinə gəlir. Sonra o, bəzi ifadələri düzəldib yenidən əlyazmanı naşirə göndərir, amma bu dəfə başqasına. Yeni naşir romanı çap etməyə razılıq verir, qəhrəman isə Portuqaliyadan qayıtdıqdan sonra son variantı təqdim etməyə söz verir. O, əlyazmanı özüylə götürüb Atlantik okeanın sahilindəki köhnə evdə məskən salır. O, burada təklikdə, öz əlyazması ilə birgə yaşayır, gecələr isə onun yanına kabuslar gəlir, uydurduğu yox, əsl kabuslar.

Vəhşi fırtınaları özü ilə gətirən sentyabr gəlir, yazıçı isə köhnə evində tək-tənha oturub elə hey əlyazmanın yan-yörəsini düzəldir – düz evin qarşısında sıldırım sahil var idi, – əvəzində isə gecələr onun yanına söhbət üçün darıxan kabuslar qonaq gəlir, yazıçı da onlarla ən ağlasığmaz dialoqlar aparır: “Kabuslar söhbət etmək istəyirdilər, mən də müxtəlif əhvalatlar dinləyib onların alt mənasını yozmağa çalışırdım, çünki bu əhvalatlar bəzən qaranlıq, qarışıq və əksərən bədbəxt əhvalatlar idilər – buna mən dərhal fikir verdim”.

Bax, beləcə sözsüz söhbətlərlə dolu vaxt keçdi, payız gecə-gündüzünün bərabərliyi gəlib çatdı. O gün dənizdə tufan idi; səhər alatoranından başlayaraq qəhrəman stixiyanın bağırtısına qulaq asırdı; amma dəhşətli tufan heç axşam belə yatmadı; gecə isə üfiq sıx buludlarla tutuldu və kabuslarla olan əlaqə qırıldı – bəlkə də əlyazmanın, yaxud submarinalı kitabın ərsəyə gəldiyi ucbatından. Okean qulaqları batıran səslə bağırırdı, sanki onun dərinliyindən kimlərinsə çığırtıları və nalələri azadlığa çıxmaq istəyirdi. Öz sualtı romanını əlində tutan təhkiyəçi uçuruma yaxınlaşıb – bu bartlbi sənəti üçün əsas andır – yazısını səhifəbəsəhifə küləyin ixtiyarına buraxır.

Ardı var...

Tərcümə: Nicat Məmmədov

# 2376 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #