“İncəsənət axmaqlıqdır deyib” özünü vurdu

“İncəsənət axmaqlıqdır deyib” özünü vurdu
25 iyul 2013
# 12:18

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin dördüncü hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə

BARTLBİ VƏ KOMPANİYA

25) Bir yağışlı bazar günündən başqa yağışlı bazar gününə keçirəm. 1804-cü ilin həmin bazar günü on doqquz yaşlı Tomas De Kuinsi ilk dəfə tiryək dadır. Çox sonra o günü xatırlayaraq o yazacaq: “Bu kədərli və yağışlı bazar gününün axşamı baş verdi. Dünyada Londondakı yağışlı bazar günü axşamından daha darıxdırıcı mənzərə yoxdur”.

De Kuinsidə Bartlbi sindromu tiryək düşkünlüyü formasında özünü göstərdi. On doqquz yaşından otuz altı yaşınacan De Kuinsi narkotiklərin ucbatından heç nə yazmaq gücündə deyildi, o saatlarca uzanıb xəyala dalırdı. Əvvəllər, Bartlbi sindromunun yaratdığı fantaziyalara qərq olmaqdan öncə o yazar olmaq fikrindəydi, amma buna artıq heç kim inanmırdı, onu itirilmiş sanırdılar, axı tiryək onu qəbul edənə səbəbsiz şənlik versə belə şüuru dumanlandırır, baxmayaraq ki, bəzən bunu ecazkar ideyalar və zövq vasitəsi ilə edir. Aydın məsələdi ki, şüurun dumanlanıb tilsimə düşubsə, sən yazmaq iqtidarında deyilsən.

Amma ədəbiyyatın narkotikaya güc gəlməsi də olur. Günlərin bir günündə özünü Bartlbi azarından qurtulmuş hiss edən De Kuinsiylə məhz bu baş verdi. Onun azarla mübarizə üslubu çox orijinaldı – o məhz xəstəlik haqqında yazmağa başladı. Əvvəllər tiryək tüstüsünün buxarlandığı yerdən “narkotik” ədəbiyyatın şah əsəri sayılan “Tiryək düşkünü olan bir ingilisin etirafı” peyda oldu.

Mən siqareti yandırıb bir neçə dəqiqəmi tiryək tüstüsü barədə düşüncələrə həsr edirəm. Mən yada salıram ki, Siril Konnoli öz azarına o azar haqqında yazaraq qalib gələn insanın bioqrafiyasını yumorla bitirib: “Tomas De Kuinsi, ingilis dekadent esseisti yetmiş beş yaşında haqqında yazdığı azar ucbatından dünyasını dəyişdi, gəncliyində tiryək qəbul etdiyindən nəhayət ki, öldü”.

Tüstü gözümə girir. Anlayıram ki, nöqtə qoymaq lazımdı – bu şərhin sonuna çatdım. Amma mən demək olar ki, heç nə görmürəm, yazını davam edə bilmirəm, elə çıxır ki, tüstü mənim üçün Bartlbi xəstəliyinin qorxunc növünə çevrildi.

Yetər. Siqareti söndürürəm. İndi işi sona çatdırmaq olar. Sonda isə Xuan Benetdən sitat gətirim: “Əgər kiməsə yazmaq üçün siqaret çəkmək, yaxud tüstünün gözə girməyi lazımdı – o zaman Boqartı yada salaq (bunun nəticəsində üslüb kobudlaşır), siqaretin külqabıda yanıb-getməsiylə barışmaq lazımdı”.

26) “İncəsənət – axmaqlıqdır”, – bu sözləri deyəndən sonra Jak Vaşe özünü öldürdü. Bu yolla da sükut tanrısına çevrilmənin ən qısa yolunu seçdi. Bu kitabda intihar etmiş bartlbilərə çox yer ayırmaq fikrində deyiləm, onlar məni o qədər də maraqlandırmırlar, axı fikrimcə, insan özünü öz əli ilə öldürürsə – belə ölüm çalarlarla kasaddır, çünki başqa yazıçıların əl atdığı tapıntıların, boyunqaçırmaların bütün geniş qamması ixtisar edilir. Axı öz sükutunu doğrultmaq zamanı gələndə oyun, nə deyirsən de, beyinə açılan güllədən daha maraqlıdı.

Fəqət Vaşe üçün mən öz dəftərimdə yer taparam, yəni onun üçün ixtisar edərəm, çünki onun “İncəsənət – axmaqlıqdır” sözləri məni heyran edir. Üstəlik məhz o mənə bir vacib məsələni açıb: bəli, bəzi yazarlar susmağı seçir, amma bu onların yazılarının üstündən xətt çəkmir; əksinə, onların imtina etdiklərinə əlavə güc və məna verir, yazıçılıqdan imtina aliliyin yeni formasına, əhəmiyyətliyin sertifikatına çevrilir. Vaşe mənə bu əhəmiyyətliyi göstərdi, onun mənası odur ki, incəsənəti əbədi, dəyişilməz mənası olan bir nəsnə kimi, məqsəd kimi, iddiaların daimi təkanverici qüvvəsi kimi qavramayasan. Suzan Sontaq yazır: “Həqiqi əhəmiyyəti olan fəaliyyət incəsənəti vasitə kimi dəyərləndirir, halbuki ola bilsin, məqsədə yalnız incəsənətdən ayrılandan sonra çatmaq olar”.

Mən Vaşe üçün ixtisar edirəm, çünki intihar etmiş bu insan əsərləri olmayan sənətçinin ideal variantıdır; o bütün ensiklopediyalarda yer alıb, halbuki vur-tut Andre Bretona cəmi bir neçə məktub yazıb, vəssalam.

Mən bir ixtisar da edəcəyəm – intihar etmiş dahi meksikalı Karlos Dias Dufoo üçün. Bu qəribə yazar da incəsənəti yanlış yol, səhv hesab edirdi. Son dərəcə qəribə “Epiqramma”larındakı epitafiyasında – onlar 1927-ci ildə Parisdə nəşr olunub və güya elə orada da qələmə alınıb, halbuki sonrakı araşdırmalar göstərir ki, Karlos Dias Dufoo ömrü boyu Meksikanı tərk etməyib, – o deyir ki, əməlləri anlamsız, sözləri isə dəyərsiz olub və başqalarını da özü kimi olmağa səsləyir.

Bu bartlbi, o isə əsl bartlbi idi, – mənim ən sevimli ədiblərimdən biridir. Onun intihar etməyinə rəğmən o, bu dəftərdə yer almaya bilməz. Meksikalı tənqidçi Kristofer Dominqes Mikael onun haqqında belə söyləmişdi: “O, bizim aramızda həqiqətən də özgə idi”. Əgər həmişə və hər yerdə özgə olan meksikalılar (ən azı mən həmişə belə düşünmüşəm) sənə özgə deyirlərsə, deməli, sən doğrudan da həddən artıq özgəsən.

Bu yazını onun ən sevdiyim bir epiqramı ilə bitirəcəyəm: “Faciəvi ümidsizliyə qapılanda o şiddətlə parikindəki saçlarını yolardı”.

29) Mən Nyu-Yorkda Selincerlə rastlaşmağım barədə yazmaq istəyirdim, amma birdən fikrim bu gecə gördüyüm qorxulu yuxuya yönəldi, o da öz növbəsində maraqlı və gözlənilməz nəticələrə gətirib çıxardı.

Kontorda simulyasiya etdiyimi haradansa öyrənib məni birdəfəlik işdən bayıra atıblar. Qorxunc drama, soyuq tər, dəhşət, amma bayıra atılmağımda dərhal məzəli tərəf də üzə çıxdı. Onu da deyim ki, mənə üz vermiş bu bədbəxtçiliyə gündəliyimdə bircə sətir belə ayırmaq fikrində deyiləm, çünki o buna layiq deyil. Amma özümü saxlaya bilmədim, gülməkdən cırıla-cırıla götürüb yazdım: “Bundan sonra bu axmaq hadisəyə, işdən qovulmağıma diqqət ayırmaq fikrində deyiləm. Əvəzində kardinal Ronkalliyə bənzəmək lazımdı. O, katolik kilsənin başçısı seçilən gün gündəliyində cəmi bir sətir qeyd etmişdi: “Bu gün məni papa seçdilər”. Böyük uzaqgörənliklə fərqlənməyən XVI Lüdovik də nümunə ola bilər. Bastiliya alınan gün o gündəliyində bircə “Heç nə” kəlməsini yazmışdı.

Ardı var...

Tərcümə: Nicat Məmmədov

# 2258 dəfə oxunub

Müəllifin son yazıları

# # #