Yuxu - Günel Məcidova (ELGÜSEL)

Günel Məcidova

Günel Məcidova

27 noyabr 2021
# 18:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Günel Məcidova (ELGÜSEL) "Yuxu" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ofisdən çıxıb maşın dayanacağına yollandı. Gözlərinə inanmadı. Səhər salamat qoyub getdiyi maşınının güzgüsü qırılmış, sağ tərəfi əməllicə əzilmişdi. Dilxor oldu. Binanın güvənliyinə getdi, görüntülərlə maraqlandı. Hündürboylu, dolucüssəli mühafizəçi çıxıb ona nömrə uzatdı. Maşını ehtiyyatsızlıqdan əzən xanımın nömrəsi idi. Bildirdi ki, xanım xahiş edib maşına dəyməsin. Sabah saat 10-da görüşüb birlikdə servisə gedərlər. Xərcini ödəyəcəyinə söz verib. Üzr istəyib.

Heç nə demədi. Sağollaşıb düşdü. Metroyla getməyə qərar verdi. Köşkdən qəzet alıb metroya daxil oldu. Birgedişlik kartın pulunu ödədi. Çoxdandır metro ilə evə qayıtmamışdı. Nostalji hislər, əlində tutduğu qəzetin xışıltısı və kağız qoxusu...

Bir neçə dəqiqə sonra artıq qatarda oturmuşdu. Köhnə adəti üzrə qəzeti açıb vərəqlədi. "Müharibə mövzusunda yazılmış hekayə müsabiqəsinin qalibi" başlığını gördü. Şəhid olan sinif yoldaşı gözləri önündən keçdi. Hərdən məktəbdə uşaqlar yarızarafat, yarıgerçək ona qaçqın deyəndə gülüb “Vallah mən qaçmamışam, bələkdə büküb gətiriblər, müharibə olsa gedib bayrağa bükülüb gələrəm, amma qaçmaram.” Şuşanın ətrini doya-doya ciyərlərinə çəkib, doğma elindən doymamış şəhid oldu. Xatirələrdən ayrılıb hekayəni oxumağa başladı.

"Müharibə bitmişdi. O,odda-alovda qovrulmuş, yoldaşlarını itirmiş, qələbəni dadmışdı, amma bircə dəfə də olsun ağlaya bilməmişdi. Daşlaşmışdı...

Ağrılı, iztirab dolu bədənini götürüb evə yollandı. Dünyada insanın evinə geri dönməsindən gözəl hiss ancaq yolunu gözləyənlərin olmasıdır.

Çatmışdı. Qapını döymək istədi. Bacarmadı. Əllərinin olmadığını xatırladı... Gözləri doldu..."

Qəzeti örtdü. Kədər qarışıq acı damarlarına axmağa başladı. Beynində bir neçə dəfə pıçıltı ilə təkrarladı: “Şəhidlər ölməz... Evdə sənin yolunu gözləyənlər...Bələk...Bayraq...”

Qatardan düşüb evə tələsdi. Binaya yaxınlaşanda əlində tutduğu açara və əllərinə diqqətlə baxdı. Bu əllər heç vaxt görünmədiyi kimi gözlərinə cazibədar göründü.

O, günün yorğunluğunu unutmaq üçün evə gəlib yuyundu. Boğazında olan ağrı yenidən şiddətləndi. Anasının kənddən göndərdiyi zoğal mürəbbəsi ilə çay içdi. Bir anlıq əllərini alnına, sonra saçına çəkdi. Gözlərini uzaqlara zilləyib xeyli dayandı. Bu gün Coviddən ölənlərin sayını düşündü. Əhvalı bir az da pozuldu. Bir az da darıxdı. Gərilmiş əsəbləri tarıma çəkilmişdi. İştahı yox idi. Qızdırmasını ölçdü. 38.2. "Bəlkə, mən də yoluxmuşam... Yox ola bilməz... Mənim o qədər borcum var ki, xəstə olmağa vaxtım yoxdur. Evin, maşının krediti... Yəqin adi qripdir."

O, yorğun bədənini sürüyüb mətbəxə gəldi. Ağrıkəsici, qızdırma əleyhinə və yuxu həbi qəbul etdi. Yataq otağına getməyə səbri çatmadı. Divana uzanıb üstünü örtdü. Düşüncələri onun üstünə gəlib arxasınca sürüməyə başladı...

Böyük şəhərlərin böyük dərdi var. Şəhər nə qədər böyükdürsə sən də bir o qədər cılız və kiçiksən. Meqapolisin balaca sakinləri. Ömür bitməz yollarla, saatların tıxaclarla, arzuların pullarla ölçüldüyü sonsuzluq. O titrədirdi. Gah qızdırma bədəninə yayılıb onu bərk susadırdı, gah da cimilləşən bədəninə üşütmə düşürdü.

Qaranlıq otağa böyük şəhərin işıqları yayılırdı. Üstünə gələn tənha divarların zindanından can qurtarmaq üçün həyətə düşdü. Bu gecə nə qəribədir... Küçədə hər kəsin boynunda bir xalta vardı. Kiminin xaltasından pullar, kiminin xaltasından narkotiklər, kiminin xaltasından telefon asılmışdı. Xaltalar cürbəcür əşyalarla bəzədilmişdi. Bəzilərinin boynu xaltaların ağırlığından onları yerə çəkərək heyvan kimi yeriməyə məcbur etmişdi. Elə insanlar var idi ki, onların xaltasına ip bağlayıb başqa xaltalı insanlar gəzdirirdi. "Bu nə qorxulu mənzərədir???" - deyə düşünüb saatına baxdı. Gecə iki. Belə saatda heç küçəyə çıxmazdı. Görən dünyanın axırıdır ya içdiyi dərmanların təsirindən heç vaxt görmədiklərini görür...

Əllərini boğazına apardı. Dəhşət içərisində boğulmağa başladı. Onun da boğazında xalta vardı. "İlahi bu nədir görən?!" Sağ tərəfdə dayanmış yaşlı kişi ona dedi:

- Hamının xaltası var.

O qorxudan və təəccübdən bərəlmiş gözlərini kişiyə zilləyib soruşdu:

- Axı, niyə? Bu... Bu nə xaltadır ki?

- Kimi nə idarə edir o da xaltasından asılıdır...

O, əllərini xaltasına sürtə-sürtə evə qalxdı. Qapını kilidlədi. Telefonuna gələn mesaja baxdı. "Hörmətli Rüstəm Aqilov sizin ayın 16.10.21-ci il tarixində verdiyiniz “Covid 19” analizinin cavabı pozitiv çıxıb. Karantin müddəti bitənə qədər yaşayış yerini tərk etməyin. Əks təqdirdə cinayət məsuliyyətinə cəlb oluncaqsınız."

Halı bir az da pisləşdi. Dostuna zəng etdi.

- Elçin, Covid olmuşam. Ölürəm. Halım yoxdur.

- Allah kömək olsun, qardaşım. Mən şəhərdə deyiləm. Sən yaxşısı xəstəxanaya yat. Kim baxacaq sənə evdə?!

Nişanlısını yığdı.

- Sevinc, analizin cavabı pozitiv çıxıb...

- Aaaa nə pis oldu... Gərək sonuncu dəfə görüşəndə öpüşməyə idik. Sənsən da...

- Sevinc, deyirəm xəstəyəm, halım yoxdur...

- Rüstəm, sən xəstəxanaya yat. Zəng et gəlib aparsınlar. İstəyirsən mən zəng edim?

Yenə telefonu bağladı.

Mətbəxə keçib uzandı. Telefona zəng gəldi. Adı oxuyan kimi gözləri doldu.

- Hə, ana, sən gecənin bu vaxtı niyə oyaqsan?

- Yuxuya gedə bilmirəm iki gündür, indi də yuxu görüb ayıldım.

- Nə yuxu, ay ana?

- Görürəm yoluxmusan o mərdimazara.

- Yox. Yaxşıyam. Lap turp kimi.

- Səhər çıx gəl evə, bir az qulluğunda dayanım. Bir- iki gün qal gedərsən.

- Yat, ana narahat olma. Səhər işlərimə baxaram.

- Yeməyin, içməyin var ay bala?

- Hər şey var, narahat olma.

- Narahatam, Rüstəm. Bir adam ki, çıxa otura quş yuvasında ondan niyə nigaran olmayım ki?

- Can, anam, can. Hamı göydələnlərdə yaşayır indi.

- Hamının ağlı çaşıb. Quş deyilik, insanıq. Mən olanmaram oralarda, ay bala. Elə bircə dəfə çıxıb düşəndə iki gün başım hərlənir. Torpağa yaxın olmadın havayı şeydi. Yaxşı, yat, səhər də dur gəl evimizə.

- Baxaram, ay ana, yuxun şirin, yat.

Rüstəm gicəllənən başını yastığa qoydu. Bir qalıb zombilər, bir də uçan boşqablar. Bunlar da olsa dünyanın sonu çatar.

Əlini boğazına sürtdü. Bu xalta nədire yapışdı məndən. O kişi necə dedi... Kimi nə idarə edirsə xaltasından o asılır. Mənim xaltamda niyə heç nə yoxdur???

Telefonunun səsinə yuxudan ayıldı.

- Hə, Elçin, sağ ol. Sən necəsən? Nə qədər lazımdır? Gəl götür.

Rüstəm sevindi. Dərindən nəfəs aldı. Yuxu imiş... Nə yaxşı. Az qala dəli olam. Bismillah...

Telefonuna gələn mesaj sevincini qursağında qoydu. Rüstəm mesaja baxıb dondu. Covid analizinin cavabı müsbətdir.

Qapı döyülürdü. Yerindən qalxdı. Elçin pulu götürməyə gəlmişdi.

- Sən niyə ruha oxşayırsan, ay Rüstəm?

Rüstəm telefona gələn mesajı göstərdi.

- Nə??? Covidsən? Sən pulu qoy yerə mən götürüm gedim. Keçirərsən mənə...

Rüstəm pulu yerə qoyub qapını bağladı.

Elçin:

- Yazarsan nəsə lazım olsa...

Rüstəm nişanlısını yığdı.

- Sevinc, xəstələnmişəm. Covid

- Görən mənə keçməyib ki...

Rüstəm heç nə deməyib telefonu bağladı. Əlacsız və çarəsiz görkəm alıb otağa qayıtdı. Halı pisləşmişdi. Boğazında olmayan xalta onu sıxmağa başlamışdı. Yuxunun təsirindən qurtula bilmirdi.

Mesaja bir də baxdı. "Bəs heç yana çıxmadan dərmanları necə alım?"

Yuxuladı. Qapının zənginə ayıldı.

- Anaaa?

- Can, ay bala, yuxuda gördüm Covid olmusan mənə də demirsən. Oturmusan bu quş yuvasında liftiniz də işləmir, zorla qalxmışam.

- Ana, Covidəm. Çıx get. Sağalaram, gələrsən.

- Başıma xeyir. Dəli-dəli danışma. Ana da balasını xəstə qoyub gedər? Tərin içindəsən. Əynini dəyişək uzan. Atan da bir azdan gələcək. Mən də yemək hazırlayım. Üç günə heç nəyin qalmaz. Dərmanları da alaq, həkim də çağıraq.

Nə yaxşı gəldim. Ürəyimə dammışdı...

- Ana..

- Can, ana.

- Yaxşı ki, varımsan...

- Get uzan, evim-eşiyim. Xəstəsən. Borc xaltası da boğazında.

- Ana, sən xaltanı görürsən?

- O görünməyən xaltadır, ay bala, boğazına keçib adamın ömrünü sıxır. Bu yaşda bu qədər borc qocaldacaq səni.

- Nə bilim, ana, düşündüm evim, eşiyim, işim olsun da...

- Ay bala, hərənin bir xaltası var onsuz... İndi həyat belədir. Əsas can sağlığıdır. Sağal...

- Ahugözlü anam, sənə qurban olaram.

Rüstəm otağa keçib çarpayıya uzandı... Yuxunun və həyatın ona keçdiyi dərsin təsiri canının ağrısını susdurmuşdu. "Sağalmaq lazımdır! Ağıllı- başlı insan kimi yaşamaq üçün..." deyə pıçıldadı...

# 4028 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #