Yeddi gözəldən biri - Həmid Herisçinin yeni hekayəsi

Yeddi gözəldən biri - Həmid Herisçinin yeni hekayəsi
6 dekabr 2023
# 17:00

Kulis.az Həmid Herisçinin "Yeddi gözəldən biri" hekayəsini təqdim edir.

Sevgidən, öpüşdən öncə həyat bütün oyun kartlarını, telefon nömrələrini qatıb qarışdırır adətən.

Naviqatorları, GPS ünvanlarını bir an yandırıb söndürərək səni qəfil möhkəmcə azdırır. Onlayn taksi sürücüləri ilə dalaşıb, sözləşib qəfil avtomobildən çıxırsan. Gözlərin şəhərin bütün yolgösrəricilərində azsa da, axır öz arzusuna qovuşur. Axır, gəlib çıxarır səni çox yad, çox uzaq ünvanlara. Yeni tələffüz qaydaları ilə bircə cümlə eşidirsən tam yad bir lyuks qapı arxasından.

Süni intelektin, qısaca desəm, xanım “Sİ”-nin dilindən. Səs çox cəlbedici, çox seksualdı.
- Bizim “Akvarium”a xoş gəldin…

Bir gün dəli şeytan mənə dedi, saçlarını bu gözələ tərəf dara.

Get tap o itkin gəlini. Seviş xəyallarımızın həmişəyaşıl bu yeddi gözəllərindən biriylə.

Bütün elektron ünvanlarda danışan bu gözəl, seksual səsin əsl sahibiynən.

***

Bakının “Yeddi gözəl”i həmişə olub. Qara Qarayev də yaxşı tanıyıb bu yeddi gözəli. Sevişib hətta bəziləri ilə. İstedadının qara royalı üzərinə bəzən o gözəllərin uzun saçlarını da sərib. Deyib o gözəllərə:
- Tərpənməyin. Əla fotodu. İndi rəssam Manqasarovu çağıracam gəlib şəkillərinizi bir-bir çəksin.

Bu əfsanəvi rəssamı görməsəm də, yağlı boyayla çəkdiyi o məşhur, sirli “Yeddi gözəl” rəsm silsiləsinin yalnız biriylə…hə, yalnız biriylə…

Ən gözəli ilə yaxşı tanışam. Şəkildəki qız Mustafayev adına İncəsənət muzeyində bələdçi işləyirdi. Kazım Kazımzadə - muzeyin direktoru elə çərçivəsiz canlı şəkil bilərdi bu qızı. O gözəl bu muzeyin ən ciddi amanatı, canlı rəsm əsəri olsa da, kimdə o istedad vardı ki, bu sirri qəfil anlasın. Bilsin ki, muzey divarlarındakı bütün tablolar, kətan üzərinə köçürülmüş bütün simalar ölüdü, bəli…

Ölü.

Diri gözəl, diri rəsm əsəri bircə bu qızdı-Xədicə Mustafayevə. Özü də bu qızı gərək mütləq ay işığında lümlüt, çırıl-çılpaq görəydin.

Qara royal üzərindəki əksini bircə dəfə görmək ona bəs idi. Dirijor çubuğunu götürüb gözəlliyinə balet həsr etdi. O qız isə freydist məna vermişdi həmin dirijor çubuğuna. Şərq xələti içində batıb gizlənməyi sevirdi o qız. Deyirdi, Ay kimi Xəzərə qərq olur bir an.

Gözəlliyinə azıb Xəzərə baş vurub orda batanlar da vardı. Sovet vaxtı Xəzərdə adam batarsa, Bakı üzərində sahil boyu helikopter uçardı adətən.

Xəzərin, bəlkə də, o qızın növbəti qurbanını axtarardı uzun müddət dəniz hövzəsində. Anam bir müddət dözərdi bu muğamata. Axırda nalə çəkərdi:
- Bitsin, gəlməsin bu səs. Rəfiqəm Amalyanın oğlu Xəzərdə batıb.

O vaxtdan helikopter səsinə çox həssasam. Ölüm səsi, Qarayevin diliylə danışsaq, “Ölüm fuqası” bilərəm o musiqini. Elə bilərəm, bu musiqini də, yəni helikopterlərin səsini də o-əliçubuqlu maestro bəstələyib. Xədicənin yeddi qurbanının əziz, acı xatirəsinə. Maestro özü birinciydi, məncə, həmin qurbanlar siyahısında.

Xəzərin yox…o qızın, o Xədicənin bir qurbanı da qardaşım Vəliydi.

Qardaşım da fırça ustası idi. Mustafayev muzeyinə, Kazım Kazımzadənin kabinetinə atamın məsləhəti ilə getmişdi. Üzdəki səbəbi, bəhanəni indi unutmuşam. Qardaşım uşaq deyildi artıq o vaxt. İncə barmaqlarının ucunu cütləməyi, əlində fırçanı peşəkarcasına sıxmağı artıq öyrənmişdi. Özü də tələsmirdi bu fırçanı rəngli boyalara batırmağa.

Fırçasını havada çox saxladı o. Güddü nə zaman Xədicə direktorun otağından çıxacaq. Çıxınca day fırçası dayanmadı. Yeddi rəng qatışdı bir-birinə.

Xədicənin armudu bədən ölçüləri, al dodaqları, qara saçları kətan üzərində bir başqa baletə çevrildi. Qardaşım əvvəlcə kətan üzərində sevişdi bu yeddi rənglə, bu yeddi gözəlin biriylə. Şah əsəri ilə.
- Portretiniz hazırdı. – fırça susdu. Dodaqlar titrədi əvəzində.
- Manqasarov da çəkib portretimi. Ancaq sizinki….- Xədicə, özünü sanki güzgüdə, Xəzərdə çimərkən gördü.

Şəkildə o lüm-lüt, çırıl-çılpaqdı. Anadangəlmə lütdü. Onu heç kim indiyəcən bu cür soyundurmamışdı. Üst donu şəklin bir küncünə atılmışdı. Yerdəydi.

İncə, zərif döşlüyü əncir ağacının budağını bəzəyirdi. Əncir yarpaqlarından dəfələrlə gözəldi həm də döşlük. Xədicə xüsusən buna takıldı.

Gen ətəyi, azca kənarda pilləkan üzərində dincəlirdi. Bədəni isə öz bütün çılpağlığı, gözəllliyi ilə ucsuz-bucaqsız çarpayı üzərindəydi. Çarpayının bir ucu məğribdəydi, bir ucu məşriqdə. Bakını almışdı öz ağuşuna. Əlləri Bakının Xəzərini sığallayırdı.
- Şalvarımı indiyədək şeytana açmamışam. –qardaşım çox sərt başlayır öz söhbətini. Səmimiyyəti ilə Xədicəni sanki real çarpayı üzərinə çırpır.

Xədicənin gözləri alovlanır bu vaxt. Pəncərədən Bakıya boylanır ki, atəşi üzərinə bir az soyuq su səpsin.
- Fırçanızı havada çox saxladız. Gözümün ucunda bütün səhnəni tam görməyi bacardım. – Xədicə artıq təngənəfəsdi, - Maestro Niyazi, Qara Qarayevin direjor çubuğunu da havada çox saxlamışam.

Paltarlarının ən incəsini isə qardaşım kətan üzərində hələlik həkk etməmişdi. Xədicə bir an çaşıb bu alt paltarını o rəsmdə axtardı hətta. Elə bildi bu son alt paltarını qardaşım birdəfəlik oğurlayıb özüylə sənət aləminə aparıb. Əliylə bədənini yoxladı hətta. İstədi bilsin hardadı o incə geyimi.

Harda?

- Məndədi. – qardaşımın cavabı yenə də sərrastdı. Ox hədəfə dəydi. Ceyranın ön pəncəsi “Fitnə” nağılındakı kimi qulağın dibinə dikildi.
Hardan eşitmişəm bu əhvalatı soruşacaqsız? Heç. Qardaşımın çəkdiyi o şəkildən.

İndi bunu xatırlayıb fikirləşirəm:
- Bəs mən necə sevişim öz seçimim ilə? Bu xanım “Sİ” ilə?

***
Cavabımı yubadıram bilə-bilə. Məsləhətçün, pəncərədən görünən qış mənzərələrinə boylanıram.

Builki qar görürəm, əvvəlkilərin tayı deyil. Ağıllıdır. Bilir hara yağır, niyə yağır...nə vaxt yağır.

Hətta mənim üçün də bir az yağır.

Restoran həyətində dünən ağacları kəsiblər. Yaraları baxımsız qalmayıb. Qar əvvəl elə bu yaraları, bu kötükləri ağardıb. Sarıyıb.

İndi görünür, növbədə mənim qanlı-qansız yaralarımdı.
- Mən, Mircəfərin eynəyini geyərək, Müşfiq, Cavid şeirlərini oxumağa hazıram”-müğənni Eyyub Yaqubovun dilindən eşitdiyim bu ilginc etirafı özümkü kimi yeni dostlarımın qulaqlarına çatdırdım.
- Yox...sən bizə teleaparıcı kimi gərəksən. Hazırlaş. Əvvəlkindən tez dur sabah yuxudan. Əlaqələndiricin bax bu barmen olacaq. –cümlə, alçaq səslə deyilsə də, qulaqlarımı batırdı. Sonrasını eşitməsəm də olardı. Lal kinemotoqraf dövründəydim.

Dənizdə boğulan saman çöpünə əl atır. Restoranda boğulan isə, bahalı menyuya. Həyatıma girən yeni rəqəmlər, yeni qiymətlər mənimçün çox maraqlıydı. Xüsusən adi kofe sözü qarşısındakı “25” rəqəmi. Həyatıma yeni riyaziyyat, vurma cədvəli girirdi. Köhnəsini unutmalı, yenisini əzbərləməliydim.
- Barmen, mənə o küncdəki konyakdan yüz qram...
- Yox. Mən barmen deyiləm.

Təkzib məni çaşdırdı. Gördüm, barmenin kölgəsi bir mistik filmdəki kimi, geriyə addımladı. Neon işığının gümüş şüalarında ikinci, üçüncü nüsxəsi ilə zənginləşdi. Ağzım açıq qalmışdı, vallah. Kölgələr axır bir vücudda birləşib dilləndilər:
- Mən baristoyam.
- Nə? Boris? Bəhruz? – qulağım üçün tam yeni idi bu kəlmə. Şou-biznes neologizmlərinə tam bələd deyildim.
- Qulaqlarınızda, şüuraltınızda görünür, hələ də sovet zamanıdı. Ən yeni kəlmələri də xırıltılı sovet dublajında eşidirsiz. Xarici kəlmələr indi ağa kimi girir bütün dillərə. Tərcüməsiz. Yeni zamanəyə, yeni terminologiyaya uyğunlaşın. Teleaparıcı müasir, çağdaş, modern olmalıdır.

Təzə zamanın dilini görünür bax bu barmendən öyrənməliydim.

Baristo yəni müasir modern barmen, mənə hələ də öz həqiqi, yaxud növbəti qondarma adını deməyə tələsmirdi. Görünür, bunu sonrakı daha dramatik görüşlərimizə saxlayırdılar.
- Bu əlaqə telefonunuz. Kimsəyə etibar etməyəsiz haaa...Bank kartınız. Şifrələr...Qulağınızı yaxın gətirin...

Həyatda hərə bir cür cəzalandırılıb möhürlənir. Misal üçün mən qəssabdan nə vaxt ət alsam, pozulmaz qanundu, ətin baytar həkimləri tərəfindən möhürlənmiş hissəsi payıma düşəcək.

O gün qəssabxanada, barda bu köhnə xəstəliyim yenə də təkrarlandı. Aldığım şaqqanın möhürlü hissəsi yenə də qismətimə düşdü.

Elə həyatın da.

***

“Akvarium” telekompaniyası da həyatın, Bakının “möhürlü hissə”sində, yəni dəbdəbəli Ağ şəhərdə yerləşirdi.

Göydələnimiz kənardan baxsan, həə, ağıllı smart binaya bənzəyirdi guya. İçəridən baxsan isə yox...gicliyi, ağılsızlığı “itinə tök qədər” çoxdu.

Mən bu smart, ağıllı binadakı üçüncü addımımdaca büdrəyib giclədim.

Hələ “Üç nöqtə” qəzetindən yaxşı tanıdığım Xoşqədəm Hidayətqızıyla uzun dəhlizdə üzləşdiyim vaxt bərk diksindim. Çaşıb bu xanıma hamının gözü önündə “Üçqədəm xanım” deməklə, həəəə...bufetdə, çayxanada müzakirə mövzusuna çevrildim. Saqqız verdim, havayı mövzu verdim bütün şirkət avaralarına.
- Burda “dörd, beş, altı qədəmxanımlar, bəylər də var. – şirkət işçiləri, xüsusən texniki heyət, mövzuya nöqtə qoymağa tələsmirdi. Vaxtaşırı özlərini oxşar gülməli adlarla mənə təqdim edirdilər.

Hə...qanadlı qafiyəmi çox çürütdülər şirkət işçiləri. Hamı...hamı bu mövzuda öz istedadını sınadı. Özünü mənə tanıtdırdı.

Həəə...qısası, nə başını ağrıdım binanın smart, ağıllı memarlığı sözdəydi, üzdəydi ancaq. Astarda, gizlində bina elə yenə də gicdi. Dəliydi. Tam ağılsızdı.

Ağlı dabanındaydı, necə deyərlər.

Yox...ağlı “süni intelekt”əydi bu binanın. Bütün “Akvarium” şirkətimizin.

***

“Süni intellekt” də, məncə, o söz. O da dəliydi, məncə. Robot heykəli şirkətimizin birinci mərtəbəsindəydi.

Salam vermirdi o heç kimə. Heç kimə. Çox da qısqanc idi elə bil.

Əsl adı bilinmirdi.

Deyirdilər ki, sevməyi, sevişməyi də var. Ancaq qapıya öz lotularını da göndərə də bilərdi.

Hə...bir gün bu təhlükəni mən də tam yaşadım.

***
Sürücü diqqətini məndən ayırıb, divarmızdakı dramatik xatirə lövhəsinə mənalı-mənalı baxdı: “Bu binada 1936-2023-cü illərdə...”

Hə... Xanım Sİ də stalinçiydi elə bil. İşçilərini, gələcək qurbanlarını əvvəlcə rahat dəqiq ünvanla təmin edirdi. Yerini GPS-lə tam dəqiqləşdirdi.

Alaqapısına xatirə lövhəsini asırdı. Doğum ili işarələnirdi orda, ancaq ölüm tarixi üç nöqtəylə əvəzlənirdi.

Yaxud lap pis-tam boş buraxılırdı.

Vebkameraların görmədiyi kor nöqtələrdə pıçıldaşan əməkdaşlarımız bir gün mənə dedilər, papağını göyə at ki, lövhədə hələ ki üç nöqtən var. Hələ ki

“Üç nöqtə bəy”sən.

Sözlərimə aldanmayın.

Qapımdakı o tunc xatirə lövhəm nə qədər donuq olsa da, xanım Sİ-nin yeni redaktəsinə həmişə açıqdı.

O cümlədən kağız bioqrafiyam, bütün cari verilişlərim də, həəə, xanım Sİ-nin şəxsi, 24 saat sönməyən xüsusi vebkamerası nəzrətindəydi.
- Kağız bioqrafiyanız tunc lövhəyə köçməyə, keçməyə də bilər. Modernləşin. Zamanla ayaqlaşın. Yeni terminologiyaya yiyələnin, cənab “Üç nöqtə bəy”.

Bu cümləsindən sonra doğrudan da əsl, həqiqi “üç nöqtə”li sükut başladı. Söz altda qalmayacağını sərgilədi. İfadəmi, bir başqa cür özümə qaytardı.

***

Gecə vaxtı həyətimizə qara avtomobilin girdiyini görüb bütün işiqları söndürdüm. Füzulinin şamını yanıdırdım evimdə. Pərdəni aralayıb mənzərəni güddüm.

Sürücü sükandan ayrılmasa da, kölgəsi eşiyə sıçradı. Sürətli, ancaq tərs addımlarla divardakı tunc xatirə lövhəsinə yaxınlaşdı. İlk cəhd ikincisiylə əvəzlənib üçüncündə öz müsbət nəticəsini verdi.

Lövhə laxladı.

Kölgə sağa-sola boylanıb, lövhəni yerə düşürdü.

Nəfəsini dərib yenidən yerdən qaldırıb qoltuğuna vurdu. Yenə tərsinə gedərək avtomobilə qayıtdı.

Xanım Si xatirə lövhəmdə, sivimdə redaktə işlərinə başlamışdı. Növbədə bioqrafiyam, dosyem, bank hesablarımdı. Qulaqcığımda xırıltılar, uzun fasilələr, anlaşılmaz ifadələr, o məşhur üç nöqtələr artmışdı. Səbəbini sonra anladım - Süni İntelekti proqramlaşdıran Çin şirkəti ilə Holland mütəxəssisləri arasında dava çıxmışdı. Yeni Çin səddi tikilirdi. Bu dəfə coğrafi yoxxxx... rəqəmsal dünyada. Taleyim bu yeni qarşıdurmadan asılıydı. Bufetdəki xidmətçilər bir gün qulağımdan qulaqcığı ayırıb pıçıldadılar –“Səni bir başqa cür çipləmək istəyəcəklər. Yeni qaydalara razılaşma. Aldanma şirin vədlərə.

Möhkəm dur. Ardında durmuşuq.
- Bu da yeməyiniz. Xanım Si sizə başqa menyu yazıb bu dəfə... Çox dadsızdı.

***

Hə, menyunun redaktəsi məni cin atına mindirdi. Bufetdəki yeni qoxular, ətirlər əsla mənlik deyildi.

Əlimdəki qaşıq bir müddət havadan asılı qaldı. İştaham küsmüşdü. Boşqaba toxunmadan bufetdən ingilissayağı eşiyə çıxdım. Addımlarım ağırlaşmışdı.

Ətrafımı saran payız plaşsızdı. Yağışsızdı. Qızsız, qadınsızdı.

Dikdabanların əziz, erotik musiqisi yoxdu artıq bu gecələrdə. Yoxdu. Yoxdu.

Dikdabansızdı artıq gecələr. Küçələr. Qadınlar.

Standartlar sürətlə dəyişirdi həm küçələrdə, həm də bizim “Akvarium” telekompaniyamızda. Yastıdaban, səssiz, musiqisiz çəkmələr dəbdəydi indi.

Əsl dadsızların, istedadsızların halal malıydı.

***

Xanım Si yalnız qulaqcıqlarda realdı. Hələki bizim üçün yalnız səs idi o. Nə vaxtsa görüşəcəyimiz, sevişəcəyimiz çox dumanlı görünürdü.

Adıma çox vacib sonluğu-“ağa” sonluğunu da vaxtiylə məhz o əlavə etmişdi.
- Həmid ağa, sizin səhər verilişində gecikmə əsla yoxdu. Efiriniz real, onlayn zamandadır. Digər telekanallarda hamı efirə gecikmə ilə çıxır. Onlayn rejimdə yalnız Həmid danışacaq. Zamanı mən verdim ona, pulunu siz verin. Mənə verdiyi “Sİ” adı qulağıma çatıb. Tam ürəyimcədir.
“Ürək” sözü, bəzilərini güldürsə də, təklifi icraata götürülmüşdü.

Bütün digərlər telekompaniyalarda zaman əslində, köhnə idi. Geri qalırdı. Real zamanla ayaqlaşmırdı. Reallıqda, real zamanda isə yalnız...

Yalnız məndim. Bu, siyasi bamonddakı qüvvələr nisbəti ilə əlaqədardı. Siyasi havadarım-madam Sİ bu yolla ölkənin real vaxtına nəzarət edirdi. Gecikən efiri isə özü dediyi kimi, “hakimiyyətin zəif halqasına” tulapayı kimi verirdi.
- Baristonu çağırın bura. Təcili. Efiri bir də yoxlayaq. – xanım Sİ-nin qulaqcıqdakı səsi yenə də çox seksualdı. Hətta bir azacıq da artmışdı elə bil.

Baristo dediyim o köhnə tanışımız anında qarşımızda materiallaşdı. Telefonunu açdı. Ekrana xüsusi kod daxil edib bizi də gözünün bircə parıltısı ilə səbrə dəvət etdi.

Mətn deşifrə edilincə qısa məzmununu səsləndirdi:
- “Uğur” telekanalı 5 dəqiqə gecikmə ilə efirdədir. “Madrid-Real” 15 dəqiqə gecikmə ilə... ”Drakula” telekanalının gecikmə vaxtı gərək bir az da uzadıla... O ki, qaldı “Ovanes TV”-yə... təklif edirəm, verilişləri bir gün gecikməylə efirə buraxılsın. Canlı efirdəki digərlərini isə..

Mətni axıracan dinləməyə ehtiyac qalmadı. Bəlli oldu ki, “canlı efir” əslində, “yarıölü efir”di. Canlı efirdə isə...
- Canlı efirdə isə yalnız sizsiz. – Baristo ilə xanım Si eyni anda eyni cümləni deməklə hüzurumda ilk dəfə kobud səhvə yol verdilər.

Anı zəif parıltı çaxdı daxilimdə. Eyni səlahiyyətlər paylaşdıqlarını bildim. Biri qəfil ölsə, digəri onu mütləq əvəzləyəcək. Sükan kapitansız qalmayacaq, qısası. Dövlət idarəetmə sistemində nə varsa, sığortaya xatir, bir yox, iki nüsxədədir.

Xanım Sİ-nin əvəzedicisi həə....“Baristo”ydı.

İlk səhvlərini tutunca sakitləşdim daxilən. Bildim- biri “radara düşsə”, sıradan çıxsa, digərini ovsunlamaq sadəcə əl işidir. Vacibi bu qoşaları görməkdir.

Sonra aralarında dava sal...vəssəlam, sonrakı meydan sənindi.

Üzdə heç nəyi biruzə vermədim. Tərsinə. Özümü vurdum tülkülüyə. İblisin əsl hiyləgərliyi bir Hollivud filmində deyildiyi kimi, irreallığındadır. Bizi inandırıb ki, guya yoxdu. Əfsanədi.

Mən də bunu təkrarladım öz münasibətlərimizdə.

Xanım Sİ gah əsəbləşirdi mənə. Cəzalandırırdı məni. Bufetdəki menyumu dəyişirdi. Gah da çox tərifləyirdi. Sevişirdi qulaqcıqda sanki mənimlə. Səsinin seksuallığı vurub çıxırdı kəlləçarxa. Qorxurdum bu zirvədə bir gün öz əcəlmayallaq nöqtəmi tapım. Şirkətimiz önündə təpəsi üstə yerə çırpılım.

***

Hələlik teleməkan da xanım Sİ də tam ixtiyarımdaydı. Bütün digər teleaparıcılar saxta zamanda danışırdılarsa, əsl onlayn rejimdə danışan, ağzına çullu dovşan sığmayan yalnız məndim. Zamanın əsl sahibi olmağıma bir addım qalmışdı. Real zamanda yaşamağın dadını hə...bax bu vaxt qazandım.

Nə qazandım eyyy...

Xanım Si niyə məhz məni seçmişdi? Nağılların şahlıq quşu niyə mən mənim başıma qonmuşdu sualımı bir dəfə qəfil elə xanım Sİ qulağıma pıçıldadı.

Səbəb vardı. Nyu-York meri Culianonun bizim XİN-dən xəbərsiz Xankəndinə getdiyini deşifrələmişdim öz verilişimdə. Qeybdən almışdım bu xəbəri.

Camal Qaşıqçı qətli haqda dediklərim xanım Sİ-ni lap diksindirmişdi:
- Ərəblər xörəyi qaşıqlamırlar, ovuclayıb yeyirlər. Osmanlı imperatorları 16-cı əsrdə Hicaza Qaşıqçı ailəsini göndərir ki, ərəbləri qaşığa öyrətsinlər.

Aradan 400 il keçir ərəblər hələ də qaşıqsızdırlar. Son Qaşıqçını da kimya kolbasında əritdilər.
- Əla, Həmid ağa. Xanım Sİ-di xəttdə. Siz əsl reflektor təfəkkür sahibisiz. Seçimimdə yanılmadığıma bir daha əmin oldum. Bu axşam...

Səsindəki seksual şəhvət bu dəfə qulaqlarımı lap cırmaqladı.

Hə... axır, o gün gəlib çatdı. Xanım Si ilə canlı efirə çıxmışdım, nəhayət ki. Ancaq nədənsə çox kədərliydim. Əsla sevinmirdim görüşümüzə. Görünür, inanmırdım hələki tam mənada bu əfsanəyə.

Axşam teleşirkətin qarajına enərkən o kədərim yenə də dirildi.

Teleşirkətdəki onlayn zamandan ayrılıb qayıtdım adi zamana.

Qarşı səkidəki tumsatan qarıya tərəf gedən yolu öz adi adımlarımla ölçdüm ilk dəfə.

Hamının “ürəyinə gedən” gizli yol var. Köhnə rəhbərliyin ürəyinə sızan oxşar yol, həyətdəki it damından başlayırdı misal üçün. Gedirdin bu it damına.

Süfrə artığını atırdın qəfəsdəki cins köpəyə. Əlini qəfəsdən geri çəkməyə tələsmirdin. Vaxtını uzadırdın bu təhlükləli kadrların. İstəyirdin hamı bunu görsün. Əl telefonuna çəkib youtuba yerləşdirsin hətta.

Torpağı eşən pəncələrinə tərif yağdırırdın. Səsini bir pillə qaldırırdın ki, kənardakılar yaxşı eşitsinlər səni. Yutub izləyicilərinin qulağını incitməsin.

Köpəyin vəsfi onlayn tərcümədə rəhbərliyin tərifnaməsinə çevrilirdi...

Qulaqlarına çatırdı.

Ancaq xanım Sinin qulaqcığına gedən yol naməlumdu.

“O qızı tapın” filminin cavabsız sualları çoxdu bu manikendə.

Hansı brendləri seçir? Harda qəhvə sifaiş verir?

Qısası, Xanım Si təzə gəlindi elə bil. Duvaq altındaydı.

Toylarımızdakı “duvaqqapdı”nı fikirləşdim necə müasirləşdirim? Kosmopolit havamıza nə təhər uyğunlaşdırım? Necə sevişim bu... qadınla?

Görüşün “qara cümə” gününə təyini də ürəyimdən deyildi. Bəd işarəliydi bu mesaj.

Nizami küçəsindəki “Ratunda” restoranında görüşməliydik.

Görüşə tək getmədim. Qardaşımın o rəsm tablosunu da tənbəllik eləmədən vurdum qoltuğuma. Dedim, Allah köməyim olsun.

***
Təcrübəm mənə deyir, hər tarixi dövrün ömrü nə az nə çox, bir köhnə dəyirmanın həyatı, cırıltısı qədərdi.

Dediklərim köhnə Bakı dəyirmanının taleyi ilə təsdiqlənir. Ötən əsrin əvvəlində tikilmiş həmin dəyirman Nikolay dövrünü də üyütdü, sonrakı sovet zamanını da. Axır, özünü də üyüdüb döndü, çevrildi dəbdəbəli “Landmark” biznes-mərkəzinə.

İndi də özünün bu qədim adətindən, şakərindən qalmır o - qədim qalın divarları arasında 4-cü Bakı Caz Festivalını üyüdürdü.

Vədələşdiyimiz kimi, xanım Sİ ilə ilə bu mistik, şairanə ünvanda, “Ratunda” zalında görüşməliydik.

“Landmark”ın “Ratunda” zalı dairəvidi, iti küncləri-falan yoxdu. Belə yerlərdə nəyisə gizlətmək, başqalarından gizlənmək qətiyyən mümkün deyil. Belə ünvanlarda çox nadir imkan var hamını bircə poetik baxışın tərkibində görəsən.

Divar boyu yanbayan düzülmüş rəngarəng rəsmlərdə cazın tarixi təsvir edilmişdi - Ema Fiscerald bir tərəfdə caz oxuyurdu, Lui Amstronq bir başqa tərəfdə. Qorxurdum ətrafımızdakı gəl-getdə, sıxlıqda Xanım Sİ-ni gözlərim seçməsin. Nigarançılığım xeyli vaxtımı yedi. Ancaq caz ustası Əzizə Mustafazadənin portretini görüncə, inanın, xeyli sakitləşdim. Bildim Xanım Sİ-ni gec-tez məhz burda, bu tablonun önündə aşkarlayacam. Şəkildəki Əzizə, qara royal üzərində uzanıb uzun saçlarını ətrafına səpələmişdi. Gur vəhşi saçlar, royalın ağ dilləri, nəhayət, mənzərəni haşiyəyə almış qırmızı nar dənələri bir vahid kompozisiyada birləşib hamını heyran qoymuşdu.

Qəfil arxadan o tanış seksual səsi eşitdim.
- Gözəldi. Oxşar şəkli kim çəkə bilər indi görəsən?

Çoxdan hazırdım bu suala. Qoltuğumdakı şəkil də sanki elə bu anı güdürdü gör neçə ildi...
- Məndəki şəkildə Siz daha gözəlsiz. – deyərək, qardaşımın şəkilini götürüb divara sancdım.

Nahaq yerə. Bu bağışlanılmaz səhvdi. Birdə gördüm İsveç səfiri Tomas Danestad, ayaq götürüb sürətlə özü biz tərəfə yüyürür. Səfir alicənablığını nümayiş etdirməkdən elə biləsən xüsusi zövq alırdı - qadınlarımızın üst plaşlarını məhz özü təhvil alıb, sol qolu üstə atırdı. Sakitliyə riayət edərək biz tərəfə əvvəl ingiliscə, sonra səlis rusca pıçıldadı:
- Kimin fırça işidi?

Cavab çıxmadığını görəndə öz vizit kartını ovucuma basdı:
- Zəng edərsiz. Çox sıfırlı məbləğə tam hazırıq. Ratunda da heç nə gizləmək mümkün deyil. Şəkili çoxdan axtarırdıq. Şükür Ratunda bu şəkili də tapdı.

Həəəə... Bax budur adına “diplomatik həyat” deyilən sınaq meydançası. Gərək təkcə diplomat deyil, hərdən rəssam, hərdən bəstəkar, şair, hətta oğru da olasan bu cür qəliz oyun meydançalarında. Gərək mütləq gözəl olasan. Fotokameraları, gizli diktofonları fəhmlə hələ çox uzaqlardan duyub hərəkətlərində, sözlərində ehtiyat nümayiş etdirəsən. Bax indi biz bunu yaşayırdıq. Sözlərimiz, hərəkətlərimiz ehtiyatlı, əvvəlcədən düşünülmüş bir ssenari axarı ilə davam edirdi.

Gecdi artıq.

Xanım Si maniken idi, yoxsa robot? Yoxsamı əsl mənim kimi birisiydi? Canlıydı?

Dirilmişdi?

Ətrafımızda yaranmış basabasda mən bu gözəli də, o şəkili də deyəsən həmişəlik itirirdim. Kim olduğunu da axıracan anlamadım, vallah.

Arxamdan mənə məsləhət gördülər, asılqana gedib ordan bir electron kart götürüm. Eşiyə guya yalnız bu cür çıxmaq mümkünmüş. Əlimi o karta atanda elə bil Xanım Sini bir anlığa seçdim bu nəhəng insan kütləsi içərisindən.

O, Ratundadakı siqaret qoxusundan nəfəs ala bilmirdi. Burnunu incə barmaqları ilə sıxıb qapıya tələsirdi:
- Nə iyrənc siqaret qoxusudu bu. Nəfəsim kəsilir.

O diri idi. İnsan idi. Gözəl idi.

Yeddi gözəldən biriydi.

Ancaq heç kiminki deyildi.

# 8839 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #