Kulis.az Murad Köhnəqalanın "Xoşbəxt ada" adlı yeni hekayəsini təqdim edir.
Elitar qumarbazlar kazinonun ortasında "Yeeesss-yeeesss!” deyə bağıraraq tullanıb-düşən Samirlə birgə qışqırışdılar. Ruletkanın ətrafındakılar onu necə gəldi qucaqlayır, ehtirasla təbrik edirdilər. Onların bu çılğınlığı həlledici anlarda qol vuran futbolçunu sevincdən minən oyunçu dostlarının hərəkətinə bənzəyirdi.
Nəhayət, on ildən çox fəaliyyət göstərən kazinoda ruletin diyircəyi üçüncü dəfə "Xoşbəxtlik adası”na düşmüşdü.
Madridin mərkəzində yerləşən bu kazinonun sahibi məşhur ispan qumarbazı Qonsalo Qarsiya-Pelayodur. Kazino həvəskarı Qonsalo bir vaxtlar kazinoda qazanmağın məntiqi yollarını aramış və özünün kəşf etdiyi riyazi silsilə ilə yatırım edərək ən çox bəxti gətirən qumarbaza çevirilmişdi. Bu uğurlarından şübhələnən bəzi kazino sahibləri hətta onu fırıldaqçı kimi məhkəməyə də vermişdilər. Tezliklə zənginləşən qumarbaz paytaxtın ən böyük kazinolarından birinə sahib olmuşdu.
Qonsalonun kazinosunun başqa kazinolardan fərqi ruletində diyircəyin düşə biləcəyi deşiyin olmasıdı. Həmin deşik ruletin yuxarısında, diyircəyin ora düşməsinin ehtimal edilməyən bir hissəsində yerləşir. Deşik həm də diyircəyin zorla sığa biləcəyi ölçüdədi. Qonsalonun fantaziyasının məhsulu olan həmin sirli deşik bu kazinonu bütün qumarbazlar üçün cazibəli etmişdi. Məsələ burasındadı ki, yüksək məbləğ tələb edən və qazanmaq şansı təxminən sıfıra bərabər olan həmin sirli deşiyə düşən müştəri kazinonun hesabına, İndoneziyanın Hind okeanında yerləşən "Xoşbəxtlik adası”na birgünlük səyahət şansı qazanır. Dünyanın ən qeyri-adi yerlərindən biri olan həmin əfsanəvi adanın sakinlərinin rahatlığını pozmamaq üçün İndoneziya dövləti adaya sivil insanların buraxılmaması haqda rəsmi qərar qəbul edib. Lakin, adanın sivil dünyadan əlaqəsinin tamamilə kəsilməməsi üçün Qonsalo bir vaxtlar yaxından dostluq etdiyi İndoneziya prezidenti Coko Vidodoya maraqlı bir kazino turizmi təklif etmişdi. Prezident xüsusi azart sahibi olan köhnə dostunun ideyasını maraqla qəbul etmişdi. Həmin razılaşmaya görə kazinoda bəxti gətirən müştəri Madriddən Cakartaya, oradan da tərcüməçilər və qorumaçıların müşaiyəti ilə helikopterdə "Xoşbəxtlik adası”na aparılmalı idi.
Əslində "Xoşbəxtlik adası” adlandırdığımız həmin adanın rəsmi adı yoxdu. Adaya bəzən "Xoşbəxt ağac”, yaxud, sadəcə, "Xoşbəxtlər” adası da deyirlər.
Cəngəlliklərdən ibarət olan bu böyük və geniş adada altı minə yaxın insan yaşayır. Onlarin dilində çox az sayda söz var. Adanın böyüklüyünə baxmayaraq sakinlər əsasən, nəhəng göbələyə bənzəyən sıx budaqlı, həmişəyaşıl, qocaman bir ağacın ətrafında məskunlaşıblar. Ada sakinləri yalnız həmin Xoşbəxtlik ağacının təxminən ceviz böyüklüyündə olan yaşıl meyvəsi ilə qidalanırlar. Xoşbəxtlik ağacının meyvəsi insana lazım olan bütün qidaları əvəz etmək gücündədi.
Planetimizdə yeganə olan ağacın ən unikal xüsusiyətlərindən biri də onun meyvəsinin endorfin, serotonin və melatonin kimi xoşbəxtlik hormonları ilə zəngin olmasıdı. Elə buna görə qəbilə sakinləri tükənməz xoşbəxtlik içində yaşayırlar. Bütün bunlar Xoşbəxt qəbilə haqda yayılan cürbəcür məlumatlardan, gələn xəbərlərdən, danışılanlardan bir parçadı.
Kazinoda ara sakitləşdikdən sonra "Xoşbəxtlik adası”nı udan bu şanslı adamı məlumat otağına dəvət etdilər. Otaqda onunla iki vəkil aydınlaşdırma söhbəti apardı. Adaya getməyin şərtləri Samirə əvvəlcədən məlum olsa da ona bir daha xatırlatdılar: "Bilirsiniz ki, bu unikal səyahətin özünün qaydaları var. Sizinlə kimsə gedə bilməz. Özünüzlə heç nə götürmürsünüz. Sabah səhər arxanızca maşın gələcək və sizi təyyarə limanına aparacaq”.
Görüşdən dərhal sonra Samir başının dəstəsi ilə aşağıdakı restorana düşdü və girən kimi:
- Mənim hesabıma hamıya istədiyi spirtli içkidən süzün! Xahiş edirəm hamı şənlənsin! Kef eləyin! Mənimlə birlikdə kef eləyin! Mən bir daha əmin oldum ki, bəxtim var! – deyə şən səslə bağırdı.
Doğrudan da Samir biznes yoluna çıxandan bir-iki istisna olmaqla, heç vaxt səhvə yol verməmiş, uduzmamışdı.
O, əsgəri xidmətini sovet Yakutiyasında yerinə yetirmişdi. İki ildən sonra doğma Azərbaycana qayıdan Samir arzusunda olduğu universitetə qəbul ola bilməmişdi. Bir müddət rayonda veyilləndikdən sonra yenidən Yakutiyaya qayıtmışdı. O, əvvəlcə filiz mədənlərində fəhlə işləmiş, sonra qiyabi təhsil alaraq şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdi. Sovetlər dağıldıqdan sonra həyat yoldaşı, yakut qızı Bayananın təşəbbüsü ilə almaz və qiymətli filizlərlə zəngin olan kiçik bir yatağı özəlləşdirə bilmişdi. İllərlə Yaponiyaya, Çinə və bir neçə Avropa ölkəsinə qiymətli xammal daşıyan Samir qısa müddətdə böyük sərvət sahibinə çevrilmişdi. Düzdür, sonralar Rusiya özünə gələndə özəlləşdirilmiş filiz yataqları strateji ərazilər sayılaraq özəl şirkətlərin əlindən alınmışdı. Buna baxmayaraq, çoxlu sayda iş adamı həmin yataqlar hesabına kifayət qədər varlana bilmişdilər.
Yaşı əllini aşan Samir hələ də Yakutiyada yaşayır, oranı özünə ikinci vətən hesab edir. Bu enerjili, dinamik insan hər ilin yay və qış aylarında adəti üzrə doğma Azərbaycana, eləcə də xarici ölkələrə səfərindən qalmır. Rusiyada bir neçə böyük şirkətə sahiblik edən Samir bu dəfə Bayana və onun bir neçə xanım qohumu ilə birlikdə İspaniyaya gəlmişlər.
Kazinonun restoranında oturan kimi dərhal Bayanaya zəng edərək bu xoşbəxt şans haqda onu muştuluqlamışdı. Xoşbəxtlikdən az qala bayılan Bayana telefonda şən danışsa da qəlbinin dərinliyində onun bu sehirli səfərə tək getməsinə xəfifcə kədərlənmişdi.
Samir axşam otelə qayıdanda Bayana və qohumları onu bayram ovqatıyla qarşıladılar. Onun bu səfəri haqda danışıb şənlənir, hərə bir cür zarafatlaşırdı:
"Smartfon aparmağa qoymurlar, gərək gördüklərini gözlərinə yığasan!” "Düz deyir, eşitdiklərini də qulaqlarına yığarsan!” "Çalış o meyvədən birini oğurla!” "Onlara da siqaret çəkməyi öyrət, qoy, biraz bədbəxt olsunlar!” "Onların xoşbəxtliyindən oğurlayıb mənə də gətirərsən!” "Samir, qorxuram ordan elə xoşbəxt qayıdasan, arxanca çata bilməyəm!”
Beləcə, zarafatlaşa-zarafatlaşa gecənin bir vaxtı hərə öz otağına çəkildi.
Samir əllərini başının arxasında çarpazlayıb uzanmışdı. Bayana onun burnunu qıdıqlayaraq:
- Narahat olma, özümüz hamıdan xoşbəxtik, - dedi.
- Bilirsən, nə fikirləşirəm, Bayana? Deyirəm, gedib onları gördükdən sonra xoşbəxtliyin tamam başqa olduğunu, indiyə qədər səhv yaşadığımızı düşünərəm, ee. Təsəvvür edirsən? Adam qəfil anlayır ki, bütün ömrünü səhv yaşayıb.
- Yaxşı görək dəə, - Bayana onu dümsüklədi, - taleyinə belə bir macəra düşüb, hələ mızıldanırsan da. Yataq-yataq!
- Düz deyirsən, yataq!
***
Dostları səhər tezdən otelin qarşısında Samirin arxasınca gələn maşının ətrafına toplaşmışdı. Deyəsən, ən axırda elə Samirin özü gəldi. Dost-tanışı görüb gülə-gülə:
- Bahoo, məndən başqa hamı burdadı ki! Gecikdiyimə görə gərək bağışlayasınız, dedim, xoşbəxtlik qabağı bir duş qəbul edim, onun üçün gecikdim, - söylədi.
Samir qapını açıb oturan kimi maşın fırlanıb otelin qarşısından prospektə buruldu və sürətlə uzaqlaşdı.
Bacısı qızı Bayananı qucaqlayaraq bu ayrılığın xəfif təsüratından onu ayırmağa çalışdı:
- Yaxşı daa, sən də! Elə bil sevgilisini əsgərliyə yola salır, ee!
Qızın zarafatından canlanan Bayana sağ əlini yuxarı qaldırıb şən səslə qışqırdı:
- Gedək, qızlar, şənlənmək, oynamaq, yalnız şənlənmək!
Beləcə, deyə-gülə otelin fırlanan şüşə qapısından içəri doluşdular.
***
Madriddən qalxaraq iki enişlə uçuş edən xüsusi təyyarə təxminən 18 saatdan sonra İndoneziyanın paytaxtı əfsanəvi Cakartaya çatdı. Bütün yol boyu təyyarədə yatıb-duran Samirin könlündən Cakartanı biraz gəzib dolaşmaq keçsə də ada səfərinə hazırlaşmaq üçün oteldə rahat yatıb istirahət etməli idi. Otelə gecə yarı çatsa da o, gitlərin sorğusuna cavab verərək yorğun, yuxusuz olmadığını, sabah tezdən adaya uçuş üçün hazır olacağını bildirdi. Gecə yarı göydələn otelin pəncərəsindən şəhəri seyr edərək: "Eybi yox, ey Cakarta, tezliklə yenidən qonaq gəlməyə və səni yaxşıca gəzməyə söz verirəm!” – deyə, öz-özünə pıçıldadı.
Səhər tezdən hava limanında onu nəhəng bir helikopterə oturtdular. İçəridə iki nəfər pilot, üç nəfər gülərüz cangüdən və bir nəfər yaşlı tərcüməçi kişi vardı. Bu əsmər adamların işıqlı təbəsümü Samirə tamamilə yeni, ona tanış olmayan xoş duyğular yaşadırdı.
Cangüdənlərdən biri ona:
- Sizin kimi biz də bu adada heç vaxt olmamışıq. Ancaq bu cənab orda bir dəfə olub, - deyərək yaşlı tərcüməçini göstərdi.
Cangüdənin söhbətinə dəstək verən tərcüməçi:
- Elədir, bu heyətdən orda yalnız mən olmuşam, möcüzəli yerdi. Yəqin ki, sizi təlimatlandırıblar. Yəni, kənar adamların xoşbəxtlik meyvəsindən dadması qadağandı. Çünki o meyvələr qəbilədən kənar adamlar üçün ilan zəhərindən də kəskin effekt verir. Orda görəcəksiniz, ada adamlarının bədəni xırda yumru düyünlərlə bəzədilib. Bu, onlarda təbii peyvənd rolunu oynayır. Onlar lap körpə vaxtlarından dərilərinin altına zəhərli böcək yumurtalarını yeridirlər. Bir müddətdən sonra həmin yumurtalardan çıxan zəhərli böcəklər adamı tədricən zəhərləyir və beləcə, onlar ən kəskin zəhərə qarşı özlərində immunitet yaradırlar. Buna görə də ağacın xoşbəxtlik hormonları ilə zəngin olan zəhərli meyvələri ada sakinlərini zəhərləmir, əksinə, onları həddən artıq xoşbəxt edir. Tezliklə görəcəksiniz, onlar bizdən çox fərqli yaşayırlar, biri-birinə çox mehribandırlar. – Tərcüməçi fikrini bir az da aydın ifadə etmək üçün davam elədi: - Düzdür, mehribanlıq bizim insanlarda da var, ancaq onların mehribanlığı tamam başqadı, yəni öz daxilindən çıxıb başqasının daxilinə girmək, onu xoş etmək kimi bir hissdir. Yəni, bu adanın insanı başqasını özündən daha çox istəyir.
Qocanın söhbətindən təsirlənən Samir özünü ada adamının yerinə qoymağa çalışsa da alınmıdı, daxilində ziddiyət yaranırdı.
- Yəni, deyirsiniz, ordakı adamlar biri-birinə pislik edə bilmirlər, etməzlər də, həə? - Samir normal insan məntiqi ilə qoca tərcüməçidən soruşdu.
- Nə pislik, pislik nədi? Pislik nəinki o adada, hətta adanın səmasında belə, yoxdu! – deyən qoca tərcüməçi gülümsündü. – Bilirsiz, cənab, mən sizi yaxşı başa düşürəm, bu dəqiqə siz ada haqda uzaqdan öz təsüratınızı formalaşdırmaq istəyirsiniz. Öz təcrübəmdən bilirəm ki, bu mümkün olmayacaq. Biz adaya enəndən, o insanlarla qaynayıb-qarışandan sonra sizdə çoxlu suallar yaranacaq, bax onda biz sizin üçün hər şeyi izah etməyə çalışacağıq. Əsas odur ki, siz o xoşbəxt insanları görməlisiniz, onları görmək kimi əvəzsiz bir şans qazanmısınız.
Kişinin ingiliscə şirin ləhcədə danışması Samiri sanki nağıllar aləminə apardı. Qoca nədənsə, ona çıraqdan çıxmış xeyirxah cini xatırlatdı. O, üzünü cangüdənlərə sarı tutub səbirsizliklə:
- Enməyimizə nə qədər qalıb? – soruşdu.
- Təxminən, yarım saatdan az qalıb! – arxaya qanrılan pilot oturduğu yerdə dingildəyərək bağırdı. – Narahat olmayın, cənab, gülün fırlanaraq düşməyi kimi gözəl bir eniş edəcəyik.
***
Pərlərinin küləyi ada sakinlərinə və xoşbəxtlik ağacına zərər verməsin deyə helikopter xeyli aralıda, talaya bənzər geniş çəmənlikdə yerə endi. Əvvəlcə cangüdənlər, arxalarınca Samir, sonra tərcüməçi və pilotlar helikopterdən aşağı endilər. Göbələyə bənzər yaşıl və nəhəng ağacı uzaqdan görən Samiri xoş həyəcan bürüdü. Qəbilə sakinləri kiçikdən böyüyə qat-qat çevrələr yaradaraq ağacın ətrafında tərpənməz dayanmışdılar. Qonaqlar onlara yaxınlaşarkən ağacın gövdəsinə yaxın düzülən balaca uşaqlar qəfil başlarını irəli əyərək qollarını ağacın gövdəsinə dirədilər. Bu zaman arxadakı çevrədə dayananlar əllərini yuxarı qaldırıb başlarını azacıq arxaya əydilər. İçəridəki halə uşaqlarının hər birinin başında çiçəklərdən hörülmüş qırmızı çələng vardı. Arxadakıların isə hər biri əllərində yaşıl yarpaq tutmuşdu. Onların bu hərəkəti nəhəng bir qönçənin gül açmasını imitasiya etdi. Sonra orta çevrələrdəki qadınlar əllərində tutduqları sarı çiçəkləri yuxarı qaldırdılar. Arxa halələrdə dayanmış kişi cərgələri əllərindəki qırmızı rəngli salxım çiçəkləri havada titrədib yellədilər. Bununla da onların yaratdığı nəhəng gül tam açdı və ətrafa adamı bihuş edən ətir yayıldı. Bu, adətə görə xoşbəxt adanın öz qonaqlarını qarşılama mərasimi idi.
Sonra onlar uzun ikitərəfli cərgədə dayanaraq ağaca tərəf yol açdılar. Tərcüməçi qoca qabağa düşərək:
- Gedək, ağacı salamlayaq – dedi və cərgə ilə düzülmüş lüt adamların arası ilə nəhəng gövdəli ağaca tərəf addımlamağa başladı. Qonaqlar da kişinin arxasınca getdilər. Xoşbəxt sakinlər əllərindəki gülləri yelləyərək onları salamlayır, müxtəlif quş səsləri çıxarırdılar. Qonaqlar qocanın salamlaşmasını təkrarlayaraq gedib bir-bir xoşbəxtlik ağacını qucaqladılar. Bundan sonra xoşbəxt qəbilənin adamları qəribə rəqslər və sevinc içərisində cərgələrdən dağılışdılar. Hiss olunurdu ki, sakinlər bununla da qarşılama mərasimini bitirdilər.
Buranın havası o qədər təmiz və xoşbəxtliklə zəngin, şənliklər o qədər könüləyatan idi ki, Samir az qalırdı xoşbəxtlikdən bayılsın. Burada nəfəs alan adam xoşbəxtliklə dolurdu. Sakinlərin hər birinin bədəninin gözəl və mükəmməl biçimdə olması da Samirin diqqətini çəkmişdi. O, heyrət içində tərcüməçiyə dedi:
- Bunların uşaqdan böyüyə, hər birinin bədəninin gözəlliyi məni valeh edir. Baxıram, yaşlıların da bədəni qırışsız və mükəmməldi.
- Hələ fikir verin, hər birinin dişləri sağlam və ağdı. Dişləri sağlam edən, qadınların məməsini dik saxlayan, kişilərin baldırını əzələli tutan da bu ağacın meyvəsidi.
- Maraqlıdır, bunlar sanki, bizim gəlişimizi bilirdilər.
- Bəli, - tərcüməçi təbəssümlə təsdiqlədi, - onlar gözlənilməz hadisələri əvvəlcədən yuxuda görürlər.
- Ay amaaan, görün təbiət bunlara nə qədər gözəllik bəxş edib! – Samir heyrətlə pıçıldadı.
Qoca:
- Gəlin, onlarla biraz şənlənək, sonra nə soruşsanız özləri məmnuniyyətlə cavablandıracaqlar, - deyib, ağacın ətrafındakılara tərəf getdi. Samir ətrafa boylana-boylana, bədənləri müxtəlif naxış formasında xırda düyməcik vaksinli şən adamların arası ilə tərcüməçinin yanında addımladı. Onlar uzanan, oturan, rəqs edən, deyib-gülən, istədikləri formada istirahət edən adamların içərisinə gəldilər.
Tərcüməçi gülümsəyərək Samirə:
- Bax, indi sizi nə maraqlandırır soruşun, mən də özlərindən soruşub cavabını sizə tərcümə edəcəm.
Samir üzü üstə uzanıb ovcunda yeritdiyi iri, bəzəkli böcəklə oynayan cavan oğlanı göstərib dedi:
- Xahiş edirəm soruşasınız, hazırda o neyləyir?
Tərcüməçi aşağı əylərək bəzəkli böcəyi biləyində yeridən oğlana öz dillərində nəsə dedi. Oğlan onlara təbəssümlə baxıb ayağa durdu və yağış, su, külək, quş səslərinə bənzəyən sözlər söylədi. Tərcüməçi üzünü Samirə tutub dedi:
- Deyir ki, bu böcək mənim neçə illik dostumdu. Mən onun üst qanadının bəzəklərinə çox heyranam. O, uçarkən üst qanadını açır və zərif, bəzəkli alt qanadı görünür, bu zaman mən həddən artıq xoşbəxt oluram. Mənim böcəyimin dostu da var, onlar həmişə yarpaqlar üstündə görüşüb buynuzlarını toxunduraraq söhbət edirlər. Onların söhbəti məni valeh edir.
Oğlan başqa heyvanların, ağacların, güllərin gözəlliyindən, onlarla söhbətindən danışır, gözləri xoşbəxtlik içində parıldayırdı.
Oğlandan ayrıldıqdan sonra Samir qocadan soruşdu:
- Görəsən, bunlar nə qədər yaşayır? Ölürlərmi bizi kimi?
Qoca tərcüməçi gülüb dedi:
- Əlbəttə, ölürlər. Ancaq bunlar ölümün nə olduğunu bilmirlər. Bunlar ölən adama "torpaq ömrü bitdi” deyib, "su ömrü”nə göndərirlər. Yəni, ölən adamı quru bambukların üstündə okean sularına buraxırlar. Bunların inancında həmin adam bir həyat da su ömrünü yaşayıb qəbilədə yenidən doğulur. Ona görə ölən adamı gül-çiçəklə bəzəyərək böyük şənliklə sulara buraxırlar. Bu adada doğulan uşaqlar diş çıxardana qədər ana südü ilə qidalanır, dişləri çıxandan sonra xoşbəxtlik meyvəsi yeyirlər. Bunlar həmin meyvədən və şirin bulaq suyundan başqa qida qəbul etməzlər. Hər adam gündə bir meyvə və azacıq su qəbul edir, beləcə bir ömür xoşbəxt yaşayırlar. Görürsənmi, həm də necə səliqəlidirlər!
- Doğrudan da maraqlıdı, bu səliqəni hardan alırlar? – Samir soruşdu.
- Bunlar daima okean sularında üzürlər. İstəyirsən gedək, bir o yaşlı qadınla da söhbət edək.
Qoca ilə Samir yaşıllıqda oturub şənlənən başqa bir dəstəyə yaxınlaşdılar. Tərcüməçi Samirdən soruşdu:
- Başqa nəyi soruşmaq istərdiniz?
- Soruşun görək, bəs, vəhşi heyvanlar onlara təhlükə yaratmır ki?
Başında gül çələngi olan xoş üzlü yaşlı qadın dilləndi:
- Bizim bədənimizdəki zəhərli böcək yumurtalarına görə heyvanlar heç vaxt bizə toxunmazlar. Əksinə biz onların yanına gedir, başlarını sığallayırıq.
- Bəs, ən çox nələri sevirsiniz? – Samir qadından soruşdu.
- Bizim adada sevmədiyimiz heç nə yoxdu. Al bu gülü, - qarı əlindəki gülü Samirə uzatdı, - görürsənmi necə gözəldi! Biz bu gülləri qopardıb qışqırtmırıq, gül ağacının özü onu bizim üçün kənara atır, biz də götürürük. Onun ləçəklərinə bax, ortasındakı ətir tiftiklərinə bax, gör necə ətirli və gözəldi! Mən bəzən bir gülə Ay on dəfə batıb çıxana qədər baxıram.
Qarının söhbətinə onun yanındakı qız da qoşuldu:
- Mən kəpənəklərlə yan-yana qaçmağı sevirəm. Həm də ulduzlarla söhbət etmək üçün həmişə üzügöyə yatıram. Ulduzları çox sevirəm, onlar da məni sevir. Qarışqalar üstümdə yeriyəndə xoşbəxtlikdən dəli oluram. – Onun bu sözlərinə hamı güldü.
- Bunlar kəpənəyə "uçan çiçək” deyirlər, - tərcüməçi bu sözlərdən sonra biraz aralıda lüt sakinlərlə şənlənən cangüdənləri və pilotları Samirə göstərib zarafatla:
- Onları adadan qoparmaq çətin olacaq, - dedi.
Samirlə tərcüməçi təzədən başqa bir dəstəyə yaxınlaşdılar. Nisbətən yaşlı kişiyə çatanda Samir:
- Çox xahiş edirəm ondan soruşun, məsələn, gecə yaxşıdı, yoxsa gündüz?
Tərcüməçinin sualından canlanan kişi belə danışdı:
- Əlbəttə gündüz gözəldi, çünki gecə ondan da gözəldi. Burada olan hər şeyi, hər kəsi sevirəm. Otlar gündüz gözəl, gecə isə möhtəşəmdi! Biz həmişə ağaclarla söhbətləşirik, quşlar bizim sevgimizi göy üzündə saxlayır. Ulduzlu qaranlıqlar heyvanların, böcəklərin, quşların səsi ilə naxışlanır, rənglənir. Mən gözümü yumanda dalğaların səsindən məst oluram.
- Soruşun, bəs, onlar nədən kədərlənirlər?
Tərcüməçi bu qocaya öz dilində uzun-uzadı nələrisə deməyə çalışırdı. Lakin aydınca hiss olunurdu ki, kişi onun sualını anlamır. Axırda tərcüməçi Samir tərəfə dönüb mülayim səslə dilləndi:
- Bilirsiz, cənab, bunlarda kədərlənmək sözü, kədər hissi yoxdu. Bu meyvə kədər hissini onlardan tamam silib. Ona görə bu xoşbəxt qocaya sizin sualınızı izah edə bilmədim. Bunların beyni yalnız sevinclə çalışır, gözlərinə görünən hər şey xoşbəxtlik iksiridir. Bu adanı gördükdən sonra həyatda gəldiyim ən böyük qənaət belədir: xoşbəxtlik insanın beynindədir, daxilindədir!
Tərcüməçinin bu sözlərindən azacıq kədərlənsə də Samiri qəfil acı gülmək tutdu. O, güldükcə əyilib qalxır, kənardan ağlını itirmiş adam təsiri bağışlayırdı. O, hiss edirdi ki, ağlı bu gördüklərini hələlik isti-isti dərk etməkdə acizdi...
Axşama yaxın pilotlar artıq, getmək vaxtının yetişdiyini bildirdilər. Qəbilə adamları helikopterin ətrafına toplaşmışdılar. Qonaqlar kövrələrək bu paltarsız, şəffaf, səmimi xoşbəxt insanları bir-bir qucaqlayıb vidalaşdılar. Adanın sakinləri isə onları təbiətdən götürdükləri müxtəlif səslərlə alqışlayıb yola salırdılar.
Nəhayət, helikopterin qapıları bağlandı və nəhəng pərlər işə düşdü. Adanın xoşbəxtləri böyük bir quş kimi qalxıb uzaqlara uçan helikopterin arxasınca uzun müddət aşağıdan gül-çiçəkli əl elədilər...
***
Cakartanın hava limanında helokopterdən düşənlərə tərəf qaçan bir dəstə jurnalist ən birinci Samirin qarşısını kəsib:
- "Xoşbəxtlik adası”ndan hansı hisslərlə ayrıldınız? – deyə soruşdular.
Dünyanın ən şanslı insanlarından sayılan Samir mikrofonu özündən kənara itələyərək:
- Biz çox bədbəxt adamlarıq! – dedi.
(Qaynarinfo)