Təzahür qanunları necə işləyir? - Amerikalı spiritual filosofdan sitatlar

Təzahür qanunları necə işləyir? - Amerikalı spiritual filosofdan sitatlar
7 yanvar 2026
# 13:30

Bu gün "Yeni çağ" ("New Age") hərəkatının öncüllərindən sayılan, tanınmış amerikalı spiritual filosof, yazıçı Devid Spanqlerin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Təzahür qanunları" kitabından birinci bölümü Sevinc Mürvətqızının tərcüməsində təqdim edir.

Təzahür (təcəlli) sehr və ya əfsun deyil; o, enerjinin bir reallıq səviyyəsindən digər reallıq səviyyəsinə (qatına) ötürülməsi məqsədilə təbiəti idarə edən prinsiplər və qanunlarla əməkdaşlıq şəklində baş verən bir prosesdir.

Məsələn, bir yazıçının bir ideyası olur. Bu ideya onun daxilində zehni enerji halında mövcuddur. O, bu ideyanı pyes və ya roman formasında yazıya köçürür. Beləliklə, həmin enerji artıq fiziki forma alır və çap olunmuş kitab halına gəlir.

Bir ixtiraçı yeni bir maşın təsəvvür edir (layihələndirir). Uyğun materiallarla işləyərək bu fikrinə fiziki forma verir.

Bir sənətçi təbiət mənzərəsindən ilhamlanır; onun daxilində subyektiv bir duyğu, bir reaksiya halı yaranır. Bu, emosional enerjidir. O, bir tablo və ya hər hansı bir sənət əsəri yaratdıqda, ideyasına və duyğusuna fiziki səviyyədə forma vermiş olur.

Bir natiq zehni bir anlayışa malikdir. Xalq qarşısında çıxış edərkən bu anlayışla (məsələn, azad seçkilər mövzusu ilə) bağlı olaraq insanları həyəcanlandıra, coşdura bilər. Beləliklə, zehni enerjini emosional enerjiyə çevirə bilər.

Bir kömür parçası soyuqdur. Lakin o yana bilir; onun daxilində potensial istilik mövcuddur (istilik potensial haldadır). Alovlandırıldıqda bu istilik azad olur. Beləliklə, fiziki enerji radiasiya enerjisinə çevrilmiş olur.

Bu nümunələr bizə təzahür mövzusunda mühüm məqamları izah edir. Birincisi, təzahür və ya təcəlli varlığın forma, hal və vəziyyətində baş verən dəyişiklikdir; bu, heç nədən bir şey yaratmaq demək deyil. Lüğəvi mənası belədir: görünən hala gətirmək, göz və şüur üçün aydın və müəyyən etmək. Buradan çıxan məna budur ki, təzahür edən və ya təcəlli edən şey əvvəldən mövcud idi, sadəcə olaraq aydın və gözlə görünən deyildi. O, başqa bir mövcudluq halında idi.

Təzahür hadisəsinin baş verməsi üçün bizdən istənilən, təzahür etməsini arzuladığımız şeyin gözlə görünmədiyi halda belə, yaxud yaxın mühitimizdən kənarda olsa belə, əslində mövcud olduğunu qəbul və təsdiq etməyimizdir. Bu halda bizim görəcəyimiz iş, onun bizim həyat mühitimizə daxil ola bilməsi üçün bir yol açmaq və ya prosesi başlatmaqdır.

Bu proses inam tələb edə bilər ki, bu da bir çoxları üçün mücərrəd və gizəmli, hətta qorxuducu bir anlayışdır. Lakin Yeni Əhdi-Cədiddə iman belə tərif olunur:
“İman ümid edilən şeylərin əsasıdır, görünməyənlərin dəlilidir”.

Başqa sözlə: “İnam ümidlərimizi gerçəkləşdirən elementi bizə verir və görmədiyimiz reallıqlara əmin olmağımızı təmin edir”.

Beləliklə, təzahür prosesi kataloqa baxaraq poçt vasitəsilə bir şey sifariş etməyə bənzəyir. Biz onu görməmiş ola bilərik, lakin onun mövcud olduğunu bilirik.

Bir insandan mövcud olan bir şeyi özünə çəkməsini (cəzb etməsini) istəmək, ondan sehrbaz olmasını və ya yoxdan bir şey yaratmasını istəməkdən tamamilə fərqlidir. Təzahürü fövqəltəbii və ya sehrli bir hadisə kimi qəbul etmək, bir çox insanın bu qanunu effektiv şəkildə istifadə etməsinə mane olan əsas səbəblərdəndir. Təzahür sehr və ya cadu deyil; o, bir şeyin dəyişməsinə və ya bir mövcudluq halından digərinə keçməsinə vasitəçilik edən təbii bir prinsip və ya prosesdir.

İkincisi, təzahür yalnız maddi mövzularla bağlı olan bir anlayış deyil, lakin nədənsə bu mövzu çox vaxt maliyyə ilə əlaqələndirilir.

Halbuki, bir fikrin insan şüurunda qeyri-müəyyən haldan çıxaraq aydın və dəqiq anlayışa çevrilməsi də təzahür prosesidir. İnsan yalnız maddi obyektləri deyil, eyni zamanda fikirləri, ruh halını və sağlamlığı da təzahür etdirə bilər.

Üçüncüsü, biz adətən təzahürü “mövcud olanı aşağı endirmək”, yəni abstrakt keyfiyyətlərə maddi forma vermək kimi anlayırıq. Lakin təzahür prosesi eyni zamanda fiziki olanı yüksəltmək, incəldirmək və ruhiləşdirmək vasitəsi də ola bilər. Bu hal adətən “intiqal” termini ilə ifadə edilir, lakin bu da təzahürün başqa bir formasıdır.

Təzahür enerjinin bir səviyyədən digərinə ötürülməsi prosesidir. Bu ötürülmədə “aşağı” və ya “yuxarı” anlayışı yoxdur. Kömürdən istilik və işığın ortaya çıxması enerjinin daha aşağı səviyyədən daha yüksək səviyyəyə keçməsinə nümunədir. Bu prosesdə kömür görünməz olur, lakin əvvəldən potensial halda mövcud olan istilik azadlığa çıxır və şüur tərəfindən dərk edilən hala gəlir.

Eyni şəkildə, insan fiziki və emosional təcrübələrini hikmətə (müdrikliyə) və ruhani anlayışa çevirə bilər. Bu da enerjinin aşağı səviyyədən daha yüksək idrak mərhələsinə yüksəlməsidir. Bunların hamısına təcelliyat deyə bilərik.

Bu nümunə bizə dördüncü mühüm məqamı göstərir: təzahür potensialın azadlığa buraxılması prosesidir. Bu, artıq mövcud olanın üzə çıxarılması deməkdir. İstilik kömürdə potensial olaraq mövcuddur. İlahi mahiyyət insanın daxilində potensial haldadır. Təzahür isə bu potensialı aktual, əlçatan və aktiv hala gətirir.

Beşinci məqam budur ki, bu proses yüksək səviyyəli ezoterik və ya yalnız seçilmiş insanların edə biləcəyi mürəkkəb bir əməl deyil. Bu, hər birimizin düşüncələri, duyğuları və əməlləri ilə hər zaman etdiyi bir prosesdir. Bunun əsas vasitələrindən biri dildir. Dil təzahürün həm vasitəsi, həm də nümunəsidir.

Söz yaradıcı bir alətdir; o, birbaşa təzahür enerjisidir. Bu səbəbdən ruhani müəllimlər daim sözlərimizə diqqət etməyi tövsiyə ediblər. Biz danışarkən mütləq bir şey təzahür etdiririk. Sözlərimiz həm də algıladığımız dünyanın keyfiyyətini müəyyən edir.

Söz gücünü qorumaq üçün dilimizi təmiz, aydın, müsbət və müqəddəs saxlamalıyıq. Çox danışmaq sözün gücünü zəiflədir. Danışıq israfçılığı təzahür sahəsində yoxsulluq yarada bilər.

“Başlanğıcda Kəlam var idi. Kəlam Tanrı ilə idi və Kəlam Tanrı idi.”

Biz hər zaman təzahür edə bilən varlıqlarıq. Bunu dərk etmək, həm öz həyatımızda, həm də dünyada istədiklərimizi yaratmağa kömək edər.

Təzahürün əsas açarı Yaradanın bütövlüyünü və tək reallıq olduğunu dərk etməkdir. Kainatda hər şey bir-biri ilə əlaqəlidir və enerji axınlarına mane olan heç bir sərhəd yoxdur. İnsan necədirsə, ətrafını da elə cəlb edir.

Təzahür bütövlük şüuru içində, Yaradanla uyğunlaşma nəticəsində baş verən enerji keçididir.

Bu, passiv gözləmə deyil, dinamik şüurluluq halıdır.

Təzahür gündəlik əməyin əvəzi deyil; əksinə, əməyin canlılıq və sevgi ilə icra edilməsi anlayışıdır.

# 149 dəfə oxunub

Oxşar xəbərlər

Heç kimin oxuya bilmədiyi əlyazmanın sirri açıldı

Heç kimin oxuya bilmədiyi əlyazmanın sirri açıldı

16:52 8 yanvar 2026
Alimlərdən iddia: "Leonardo Da Vinçinin DNT-si tapılmış ola bilər"

Alimlərdən iddia: "Leonardo Da Vinçinin DNT-si tapılmış ola bilər"

16:40 8 yanvar 2026
Aleyna Tilkinin test nəticəsi müsbət çıxdı

Aleyna Tilkinin test nəticəsi müsbət çıxdı

15:41 8 yanvar 2026
Yıldız Tilbe: "Ailə üzvlərim xəstəxanaya gələndə məni tanımadılar"

Yıldız Tilbe: "Ailə üzvlərim xəstəxanaya gələndə məni tanımadılar"

15:09 8 yanvar 2026
"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski  nə söyləmişdi?

"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski nə söyləmişdi?

15:00 8 yanvar 2026
AYB-dən üzvlük haqqını ödəməyənlərə - Xəbərdarlıq

AYB-dən üzvlük haqqını ödəməyənlərə - Xəbərdarlıq

14:20 8 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər