Xocalıdakı qovaq ağacları - Adil Quliyevin hekayəsi

Xocalıdakı qovaq ağacları - Adil Quliyevin hekayəsi
19 sentyabr 2024
# 10:57

Kulis.az 19 sentyabr – uğurlu antiterror əməliyyatının ildönümündə yazıçı Adil Quliyevin Qarabağ səfərinin təəssüratları ilə rus dilində qələmə aldığı “Xocalıdakı qovaq ağacları” hekayəsini təqdim edir.

Xocalı. Otuz ildən artıq bu balaca Qarabağ şəhəri dərdin, faciənin, vahimənin sinoniminə çevrilib. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı “Xocalı” sözünü eşidəndə ürəyindən bir sızıltı keçib. Çünki bu şəhərin və ətrafının torpağı günahsız qətlə yetirilmiş məsum uşaqların, qadınların və qocaların qanı ilə sulanıb.

3 iyul 2024-cü il. Maşınımız asfalt yolla Qarabağa tərəf sürətlə şütüyür. Pəncərədən tanış mənzərələr görünür: meyvə bağları, kənd evləri, dükanların qabağında aramla söhbətləşən kənd adamları.... Amma mənim ürəyim sıxılır. Qarşıda bizi tamam başqa mənzərələrin gözlədiyini bilirəm. Azərbaycanın bu guşəsində sakit, dinc həyatdan əsər-əlamət yoxdur, biz orada saysız-hesabsız dağıntılarla üzləşəcək, insan qəddarlığının, insan zalımlığının izlərini görəcəyik.

Bir neçə saat sonra erməni işğalçılarından təmizlənmiş əraziyə çatırıq. İndiyə qədər gördüyümüz mənzərələrlə bir müddət qaniçən quldurların nəzarətində qalan ərazilər arasındakı fərq sarsıdıcıdır. Maşının pəncərəsindən tamam dağıdılmış kəndləri sükut içində seyr edirəm. Nə vaxtsa içində həyat qaynayan evlərin sadəcə divarlarının qalıqları görünür. Onlar xiffətlə yola baxırlar. Sanki yaralarını bağlayıb sağaldacaq sahiblərini gözləyirlər.

Yolumuzun üstündəki ilk şəhər Ağdamdır. Daha doğrusu, Ağdamdan qalanlar. Sürücüdən maşını saxlamağı xahiş edirəm. Ətraf darmadağındır. Düşmən Ağdamda xüsusi qəddarlıq göstərib, onu yer üzündən birdəfəlik silməyə çalışıb. Şəhərdə bircə salamat tikili var – şəhəri azadlığına qovuşduran xilaskarların bərpa etdiyi məscid.

Ağdam mənə lap əvvəldən əziz olub. Cavanlığımda bura tez-tez gəlirdim. Şəhərin mərkəzində şərq üslubunda tikilmiş üçmərtəbəli “Çay evi” boy göstərirdi. Hər gəlişimdə mütləq ikinci mərtəbəyə qalxıb bir çaynik ətirli çay alır, masa arxasında oturub şəhərin seyrinə dalırdım.

80-ci illərdə Ağdam Azərbaycanın ən çiçəklənən şəhərlərindən idi. Ağdam camaatı lap əvvəldən diribaşlığı ilə məşhurdur. SSRİ vaxtı iqtisadi böhran digər şəhərlərdəki mağazaların piştaxtalarını silib-süpürəndə, Ağdamda ürəyin istəyəni tapa bilirdin. İndi isə bu xaraba şəhər 90-cı illərin əvvəlində gedən döyüşlər nəticəsində tamamilə dağıdılmış vəziyyətdədir. Amma inanıram ki, işğaldan azad edilmiş o biri şəhərlərimiz kimi Ağdam da Səməndər quşuna dönüb öz küllərindən doğulacaq və küçələrində yenə musiqi sədaları, şən uşaqların səs-küyü eşidiləcək.

Növbəti dayanacağımız Əsgəran şəhəridir. Müharibəyə qədər burada azərbaycanlılarla yanaşı ermənilər də yaşayırdı. Çox təəssüf, milli münaqişə başlanan kimi rəsmi İrəvan azərbaycanlı əhalini Əsgərandan didərgin salmaq üçün əlindən gələni etdi. Əsgəranlılar evlərini, bağ-bağatlarını, doğmalarının məzarını qoyub şəhərdən ayrılmaq məcburiyyətində qaldılar. 2023-cü il sentyabrın 19-dan sonra isə ermənilər bu şəhəri tərk etdi. Doğrudur, evləri salamat qaldı, lakin Əsgəran da “xəyallar şəhəri”nə çevrildi. Rusların məşhur bir atalar sözü burda lap yerinə düşür: “Özgənin bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”. Yəqin bizim dava-dava deyən qonşularımız bu atalar sözünü eşitməmişdilər, yoxsa dinc azərbaycanlıları doğma yurdlarından didərgin salıb, evlərini yağmalayıb, onların göz yaşı üzərində xoşbəxtlik qurmağa çalışmazdılar.

Burda çox dayanmayıb, elə bu düşüncələrlə yolumuza davam etdik. Ürəyim bərk döyünürdü. Axı irəlidə fikri-xəyalı uzun illər mənə rahatlıq verməyən şəhəri ziyarət edəcəkdim. Bütün diqqətimi maşının altı ilə axıb gedən yola cəmləmişdim, sanki arzuladığım ünvandan yan keçməkdən qorxurdum. Asfaltı dönəndə göy rəngli yol lövhəsini gördük: “Xocalı”. Bu an mənə elə gəldi ki, lövhəni göydə saxlayan dəmir dirəklər deyil, şəhərin yerin altından sıyrılıb-çıxan ağ əlləridir. Dərdli Qarabağ torpağı sanki bizə deyirdi: “Ey insanlar, yan keçməyin! Bir dəqiqəlik ayaq saxlayın, susun və mənim ağrılarımı duymağa çalışın”.

Maşından endim, yol işarəsinə yaxınlaşdım, şəhərin “əlini” tutdum və astadan dedim:

“Salam, Xocalı! Azadlığın mübarək, doğma diyar! Sən çətin sınaqlardan keçdin, sağ qaldın və yenidən doğuldun!”

Ətraf səssizliklə cavab verdi. Elə bil şəhər hələ də azadlığına inanmırdı. Axı cəmi bir ildir düşmən pəncəsindən qurtulmuşdu. Bir il evlərin, küçələrin, dağların o boyda faciəni unutması üçün çox azdır. Amma Xocalı qətliamı heç vaxt unudulmayacaq! Uşaqların göz yaşlarını, anaların naləsini, qocaların yalvarışını unutmaq olarmı?

“Xocalı” lövhəsinin yanında xeyli durdum, Qarqar çayına və çayın o tayındakı balaca dağlara baxdım. Deyəsən, doğmalarını itirən qadınların ah-naləsi hələ də eşidilirdi.

Maşınla bir az da irəliləyib yol kənarındakı mağazanın qarşısında dayandıq; burada sanballı bir kişi oturub, başına xeyli adam toplaşıb. Çox keçmir onun şəhər icra nümayəndəliyindən olduğunu öyrənirik. O dəhşətli faciənin şahidlərini axtardığımızı deyirik, bizi həmin qanlı fevral gecəsi sağ qalmış Xocalı sakininin yanına aparır. Yol boyu yarıçılpaq, ayaqyalın insanların ölümdən xilas olmaq üçün qaçdığı dağları və Qarqar çayının yatağını göstərir. Necə həyəcanla danışırsa, xatirələrin ona əzab verdiyini açıq-aydın görürük.

“Başqa şəhərlərdən fərqli olaraq, ermənilər Xocalını dağıtmayıb”, – Xəlil müəllim deyir. – “Dəhşətli qətliam törədib, yerli əhalini didərgin salandan sonra, işğalçılar azərbaycanlıların evlərinə köçüb. Təsəvvür edirsiniz, dünənki qonşularımız artıq fevralın 27-də bizim evlərə doluşub, onları yağmalayıb?! İndi evlərin əsl sahibləri qayıdıb. Ancaq, təəssüf, səadət hər evə qayıtmır, çünki elə ailələr var, bir nəfər də sağ qalmayıb”.

Xəlil müəllimlə şəhərin kənarındakı evlərdən birinə gəldik. Bizi Abbasqulu adlı bir kişi qarşıladı. Dəhşətli fevral gecəsi həyat yoldaşını və azyaşlı oğlunu itirmiş, digər iki oğlu ilə təsadüfən sağ qalmışdı. Bu evi müharibədən əvvəl özü tikibmiş. İşğal dövründə onun da evində ermənilər yaşayıb.

Otuz illik işğaldan sonra Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində şəhər azadlığına qovuşdu. İgid əsgərlərimiz öz qanları-canları bahasına Qarabağı düşməndən təmizlədi. Xocalılılar nəhayət öz evlərinə qayıda bildi. Onların arasında Abbasqulu kişi də vardı.

İndi bizimlə söhbət edə-edə səmimiyyətlə gülümsəyirdi: “Öz doğma evinə qayıtmaq başqa şeydir!”

Darvazadan çıxıb sağollaşanda Abbasqulu kişi bizə hasarın dibindəki ağacları göstərdi:

“Bu qovaqlar əvvəl yox idi, onları mənim evimdə yaşayan ermənilər əkib”.

Hamımız ağaclara baxdıq. Heç beş yaşa çatmamışdılar. Demək, axır vaxtlara qədər bu torpaqların həmişəlik onlara qalacağına əmin olublar.

Maşına minməzdən əvvəl çəlimsiz qovaqlara yenidən göz atdım. Yarpaqlarını tərpətmədən, budaqlarını aşağı əyib, sakitcə dayanmışdılar.

Sanki keçmişlərindən utanırdılar.

– Abbasqulu kişi, düzünü de, heç bu ağacları kəsmək istəmisən?” – soruşdum.

– Yox, – bir az düşünüb cavab verdi. – Biz barbar deyilik. Əlim gəlməz elə şey eləyəm. Ağacların nə günahı var?

– Halaldı sənə, Abbasqulu, – dedim. – Səndən heç başqa cavab da gözləmirdim.

Xocalıdan sonra Azərbaycanın incisi Şuşa şəhəri ilə görüşə tələsirdik. Xarıbülbülün vətəni! Azərbaycana Üzeyir Hacıbəyov, Bülbül, Natəvan, Vaqif kimi dahilər bəxş edən incəsənət və poeziya beşiyi...

İndi Şuşa bütün azərbaycanlılar üçün sülh rəmzinə çevrilib.

Yol gedə-gedə fikrim gənc qovaqlarda qalmışdı.

Heç cür anlaya bilmirdim, ermənilər onların əkdiyi ağaclara belə qıymayan bir insanın həyat yoldaşını və oğlunu necə öldürə bilmişdilər?

Səssizcə dayanıb müvəqqəti sahiblərindən utanan günahsız qovaqlara yazığım gəldi.

Tərcümə Ulvira Qarayevanındır.

# 1111 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #