Kulis.az Maya İmranın "Xocalı" adlı yeni hekayəsini təqdim edir.
Xocalı faciəsi ilə eyni ildə doğulan uşaqlar mənimlə yaşıddı...
Həmin gecə Xocalıda doğula bilməyən uşaqlar da Xocalının həsrəti ilə yaşıddı.
Sinfimizdə bacı-qardaş oxuyurdu, əkiz deyildilər, amma 10 ay yaş fərqi ilə eyni ildə məktəbə qəbul edilmişdilər. Hər il Xocalının anım günündə anası sinif otağımıza halva gətirirdi.
Tək bizim sinfə yox, bütün məktəbə. Halvanın qoxusu məktəbi elə bürüyürdü ki, məcburən, boşqablara bölüb, sinif-sinif paylamalı olurdu.
Məktəblə evimizin arasındakı məsafə cəmi 300 metr olsa da, uşaq ağlımla “onlar necə xoşbəxtdir, məktəb evlərindədir” deyə qibtə etdiyim də olmuşdur zamanla...
Dərsə heç zaman gecikməz, ürəyi evi istəsə, sadəcə yan otağa keçər, anası ilə, atası ilə söhbətləşər, su içər, çay içər, yenə dərsə qayıdardılar. Ya da anası Cəmilə xala sinif otağımızın qapısı astaca açıb, müəllimdən icazə alırmış kimi təbəssüm edib, “Müşfiq, gəl yeməyini ye, qayıdarsan, müəllim icazə verdi” deyə uşağı dərsdən “evə aparardı”. Beləliklə, o uşaqlar dərsin gərginliyini “evlərinin içi”ndə qətiyyən hiss etməz, həmişə anaya, yeməyə, suya, çaya yaxın aramla elmlə məşğul olardılar. Qəribədir ki, müəllim də heç zaman onlara əsəbiləşməz, hər istəklərinə, xahişlərinə təmkinlə cavab verərdi. Dərsarası fasilədən başqa heç bir halda sinifi tərk etməyimizə icazə verməyən müəllimimiz onların xahişi qarşısında həmişə aciz hiss edərdi özünü. Bunu 3-cü, 4-cü sinifdən daha yaxşı duymağa başlamışdıq. Dəfələrlə öz aramızda səbəbini axtarmağa çalışsaq da, nəticəsi olmamışdı.
Dekabrın sonları idi, yeni ilə sayılı günlər qalmışdı. Yenə məktəbi halva qoxusu bürümüşdü. Görünür, bu dəfə halvanı bütün məktəbə paylamamaq üçün dərs saatının sonlarında bişirməyə başlamışdılar.
Məktəbin tamamilə “sakinlərinə” aid olan dəhlizində bir qadın gördüm. Onu ilk dəfə deyildi görürdüm..
Birinci dəfə Novruz ərəfəsində görmüşdüm. Tətilə az qalmış sinfin uşaqları evlərində bayramqabağı bişən şəkərbura-paxlavadan gətirib, dərsarası həvəslə yeyirdilər. Bu dəfə Müşfiqi və bacısını çağırmaq üçün qapını anası Cəmilə xala deyil, daha gənc, uzun hörüklü, sərviboylu xanım açdı. Heç müəllimənin üzünə baxmadan, “Müşfiq, gəl uşaqların kətə payını apar” deyib, qapını örtdü. Müəllim icazə istənilməsini gözləmədən, “get, Müşfiq” dedi.
10 dəqiqə sonra sinifə üzəri qıpqırmızı, isti Qarabağ kətəsi paylandı. Dərsarası fasilədə bircə uşaq da sinif otağından dəhlizə çıxmadı. Hər kəsin başı kətə yeməyə elə qarışmışdı ki, milçək uçsa səsi gələrdi.
- Kətənin sirrinə, gücünə bax a, dərs izah edəndə belə dinməz qalmazsınız heç- müəllim yarı zarafat, yarı gerçək halda dedi. Uşaqlar gülüşdü.
- Dadlıdı, müəllim. Siz niyə yemədiniz?
- Siz yeyin, mən istəmirəm.
Müşfiqin bacısı Ləman uşaq lovğalığı ilə dilləndi:
- Müəllimin payı ayrıcadı, anam qavqarıb.
- Nə ehtiyac var, qızım. Deyərdin, əziyyət çəkməsin.
- Yox, müəllim, elə şey olar? Qonşuyuq burda. Qoxusu yayılır. Dadmasanız, ayıb olar.
Müəllim xeyli fikirə getdi. Bir az uşaqlıq yaşamayan uşaqlardan, bir az məktəbə dönən həyatlardan, bir az da evə dönən məktəblərdən keçdi xəyalı...
Uşaq ağlı ilə hər kəs bir-birinin ağzına baxırdı. Bu dəfə heç kim tez bitirməyə tələsmirdi. Asta-asta çeynəyir, hər tikənin ləzzətini almağa çalışırdılar. Qəmər mənzərədən lap zövq alırdı. Onların evində bütün bayramların ən ləziz şirniyyatı bu qədər uşaq üçün yeni dad idi. Gizlincə anası ilə öyünürdü də həmin an...
- Sizin ananız bu kətədən bişirə bilmir?
Hər kəs ilk “yox”u gözləyirmiş kimi bir-birinin üzünə baxdı. Ard-arda “yoox” kəliməsi eşidilməyə başladı.
- Eybi yox, mən sizə hər bayram gətirərəm Qarabağ kətəsi. Mənim anam çox bişirir, hamıya çatar. Hələ deyib ki anam, “Qarabağ geri qaytarılsın, bütün məktəbə Qarabağ kətəsi bişirib paylayacam.” Onlar Xocalıdan gələndə kətənin xəmiri süfrədə qalıb. O gecə anamgil çərşənbə üçün biş-düş edirlərmiş.
- Yaxşı, Qəmər. Anam deməmişdi, hər sözü danışmaq olmaz?
-Bu, gizli söz deyil ki.
- Amma yenə də danışmaq olmaz. İstəyirsən Sara bacı yenə ağlasın?
- O burda deyil ki...
- Burda deyil, amma eşidə bilər. Görürsən, o qapını açanda heç tıqqıldatmır da. Elə birbaşa açır. Bəlkə, indi də qapının ağzında dayanıb bizə qulaq asır? Sus.
Hə, elə həmin gün ilk dəfə görmüş, haqqında ilk dəfə eşitmişdim Saranın. Müşfiqlə Qəmərin əmidostusu (əmisinin həyat yoldaşı) imiş. Uşaqlar tətilqabağı dərsə soyuqluq göstərir, biri şənlik üçün əldə etdiyi bileti çantasından çıxarıb yüksək səslə lovğalanır, biri deyir ki, “yeni il bizim kənddə elə maraqlı olur ki.. Atam məni kəndə- babamgilə aparacaq”. Bir sözlə, dərsdən başqa hər mövzuda səs-küy eşidilirdi dəhlizdə.
Məktəbimizin qaçqın və məcburi köçkünlər yaşayan uzun dəhlizinin lap sonunda bir qadın divara söykənib çöməlmiş, saçları yeri süpürürdü. Uşaqlarla bərabər səs-küy də dəhlizdən bayıra çıxdı, uzaqlaşdı. Mən ayrılıb dəhliz boyu Saraya tərəf getdim. Bəli, düz təxmin etmişəm, Saradır. Belə uzun hörük başqa kimdə var ki?! İki əli ilə qarnını bərk-bərk sıxmış, başını da dizinə qoyub dinməz oturub.
- Sara, nə olub sənə?
Deyəsən, məni eşitmədi..
- Sara, yaxşısan?
- Sara? Sara ölüb.
- Necə yəni? Axı burdasan, danışırsan.
- Amma ölmüşəm. Ən pis ölmək də bax budur. Belə ölmək. Ölmək, amma nəfəs ala-ala.
- Niyə belə deyirsən. Ölsün səni istəməyənlər.
Anamın bu sözü son zamanlar dilimə düşmüşdü, həm də xoşuma gəlirdi.
- Bilirsən, sinifimizdə hər kəs deyir ki, Saranın hörüklərindən uzun hörük görməmişik. Heç bizim sinifdə də səndən gözəl qız yoxdu. Müəllimimiz də demişdi ki, “Müşfiq, əmidostun elə Sara xatun kimidir.” Bilirsən Sara xatun kimdi?
- Bilmirəm. Heç nə bilmirəm. Mən ölmüşəm.
- Eh, bəsdi də. Niyə ölürsən axı?!
Qarnını ovuşdurur, hıçqırırdı. Deyəsən, ağladığını indi anlayıram. Qarnını qucaqlayıb için-için ağlayan gənc qadına baxdıqca müəllimin danışdıqları şeiriyyətdən, bədiilikdən çıxıb film kimi canlanırdı gözümün önündə.
- Sara, ağlayırsan? Nə olar, ağlama. De, sənə necə kömək edə bilərəm?
- Ölülərə kömək etmək olmur. Get burdan.
Məyusluğumu sığdıracaq söz tapmadım. Saradan xəbərsiz incidim ondan, evə getdim.
Tətildən qayıdandan onu bircə dəfə də görmədim. Qəmərdən bir neçə dəfə soruşmuşdum, demişdi ki, “əmidostum xəstələnib, anam bizi onun yanına buraxmır”.
- O sizinlə birlikdə yaşayır?
- Həə. Bizim otaq böyükdü, bizimlə qalır. Amma indi atam pərdə çəkdi otağa, dedi ki, daha Saranın ayrıca otağı olsun. O, bəzən, heç kimi görmək istəmir.
- Əmini də görmək istəmir?
- İstəyiiir, istəyir. Amma görə bilməz axı, əmim ölüb. Heç qəbri də yoxdur. Bircə şəkli var, toylarında çəkilən şəkil. Gözəl olub e əmim. Anam deyir o vaxtlar kəndin bütün qızları əmimə görə Saraya paxıllıq edərmiş. Çox qızlar sevirmiş əmimi, amma əmim təkcə Saranı sevib. Sonra da elə Sara üçün ölüb.
- Necə ki?
- Anam elə demişdi. Deyir, Sara üçün öldü. Ermənilər Saranı öldürmək istəyəndə əmim onun əvəzinə özünü atıb silahın üstünə. Axı çox sevirmiş Saranı... Onların balaca uşaqları da varmış, hələ əmidostumun qarnında imiş. O da həmin gecə ölüb. Anam deyir ki, əmin adını Nərgiz qoymuşdu. Axı qışdan sonra ilk çiçək açan gül nərgizdir. Onlar da həmin il baharın gəlişini Nərgizin gəlişi üçün gözləyirmişlər. Amma ölüb Nərgiz... Ermənilər çox pisdir. Nərgiz hələ əmidostumun qarnında imiş, bapbalaca qız onlara nə edib ki?! Sara tez-tez ağlayır, çox darıxır Nərgiz üçün, əmim üçün. Mən saçlarını sığallayıram onun, deyirəm, bəlkə gəldilər, ağlama. Amma həmin vaxt, yəqin ki, o, məni eşitmir. Bəzən yatana qədər saçlarını darayıram onun. Bilirsən Saranın saçları niyə elə uzundu? Anam deyir ki, əmim öləndən sonra Sara heç zaman saçlarını kəsdirməyib.
Dərsarası fasilədə Qəmər “evlərinə keçir”, Müşfiq oğlanlarla söhbət edirdi, dərsboyu da danışmağa, Sara haqqında uzun-uzadı söhbətləşməyə imkan olmurdu. Amma dəhlizin həmin hissəsindən keçəndə gözüm həmişə Saranı axtarırdı. O tarixdən sonra Saranı heç zaman görmədim. Ara-sıra anidən ağlıma gəlir, beynimdə onunla bağlı səbəbsiz suallar dolaşır, uzaqdan tanıdığım birinin yaddaşımda belə dərindən iz buraxması özümə də qəribə gəlirdi. Hətta bəlkə də, Müşfiqdən, Qəmərdən daha çox mənim yadıma düşürdü Sara...
Fevralın 25-i müəllim sonuncu dərsi Xocalı faciəsinə həsr etdi:
- Əziz şagirdlərim, bu tarixi unutmayın. Məhz bu gündən sabahkı tarixə keçən gecə ermənilər rusların 366-cı motoatıcı alayının köməyilə Xocalını işğal etmiş, əhaliyə misli görünməmiş vəhşilik göstərmiş, soyqırımı törətmişlər. Təsəvvür edirsiniz, 25 uşaq- sizdən kiçik 25 uşaq hər iki valideynini məhz həmin gecə itirib! 613 günahsız Xocalı sakini həmin gecədən səhərə sağ çıxmayıb. 63 uşaq...
Müəllim udqundu, ağlamamaq üçün dərindən nəfəs aldı və davam elədi...
- 63 uşaq, bəlkə də yenicə addım atan, həmin gecə anasının laylası ilə yuxuya gedəcək körpə də o dəhşətli gecənin qurbanı olub. O zaman bəziləriniz yenicə doğulmuş olardınız, bəlkə də heç dünyaya gəlməmişdiniz. Amma bu tarixi öyrənərək, oxuyaraq, o gecə düşmən vandalizminin qurbanı olmuş həmvətənlərinizi tanıyaraq böyüyün, qisas hissi sizinlə bərabər böyüsün, o körpələrin, o günahsız insanların qanı yerdə qalmasın. Xocalıya ədalət tələb edin! Mənim danışdıqlarımı indi yalnız bu otağın içindəkilər eşidir, amma siz elə böyük adam olun ki, səsinizi daha yüksək yerlərdə eşitdirə biləsiniz. Xocalıya ədalət tələbimizi qoy bütün dünya məhz sizdən eşitsin! Böyüyün, oxuyun, tariximizi, bizə edilən haqsızlıqları, ədalətsizlikləri bilin, mübarizə aparın! Xocalı yaramızı siz sağaldın. Lazım gəlsə güc yolu ilə, yetər ki, bu haqqı yerdə qoymayın! Hə, bir də ki, sabaha Xocalı haqqında fikirlərinizi, düşüncələrinizi əks etdirəcək rəsm çəkə bilərsiz, inşa yazın və ya şeir əzbərləyin. Sabah hər kəs bir nəfər kimi Xocalının səsi olacaq sinifdə. Yaxşımı?
O gün hər zaman ağırlığından gileyləndiyimiz çanta yük olmamışdı çiyinlərimizə, yalnız kitablardan, danışılanlardan bildiyimiz bir tarixin hüznü ağırlaşdırmışdı addımlarımızı, məyusluğun ağırlığı asılmışdı çiyinlərimizdən. Dərsdən evə buraxılınca məktəbin dəhlizinə quzğun kimi səpələnən, səs-küyündən divarları silkələyən uşaqlar həmin gün dolmuş bulud kimi ötüb keçdik boş dəhlizlərdən.
Müəllimin tapşırığını yerinə yetirmək üçün dəftərçəmlə qələmi götürüb yatdığımız otağa keçdim. Saranın hörüklərindən yazmağa başladım...
Səhər saat 8-də məktəbin bütün şagirdləri məktəbin qarşısında sıra ilə düzülür, A,B,C,D bölgüsü üzrə məktəbə daxil olurdular. Məktəb “evlərində” olan Müşfiqlə Qəmər sıra düzülüşü üçün həmişə gec qalar, hətta dərsin başlamasında 10 dəqiqə keçmiş güclə çatdırardılar özlərini. Artıq onların sinif otağına təngnəfəs girişinə hər kəs alışmışdı. Adətləri üzrə, bu gün də sırada yox idilər.
Təqvimin məzmununa uyğun məktəbin girişinə “XOCALI FACİƏSİ” sözləri yazılmış böyük lövhə asılmışdı. Himn səsləndi, şagirdlər uca səslə himni oxudular. Eyni anda məktəbin içərisindən dəhşətli qışqırıq qopdu. Kimsə “ay amaaan!” deyib haray çəkdi! Məktəbin qarşısına düzülmüş məktəb direktoru, müavini, müəllim heyəti geri çevrilib məktəbin içərisinə yüyürdülər. Müəllimlərin ciddi nəzərləri altında sırada səliqə ilə dayanmış şagirdlər, müəllimlərin təlaşını görüb bir-birini itələyərək məktəbə soxuldular. Hər kəs qaçqın və məcburi köçkünlərin yerləşdiyi yarıqaranlıq dəhlizə- Saragil tərəfə qaçırdı. Dünən saçlarına hekayə yazdığım Sara bu səhər saçlarından asılmış halda qarşımda idi... Əllərimlə gözlərimi örtdüm. Bir anlıq bu mənzərənin yuxu olmasını dua etdim. Amma dualar çox zaman gecikmiş olur...
Boynundan qəddarca dartan kəndirin üzərinə həm də hörüklərini dolamışdı. İlk baxışda saçları qatili kimi görünürdü. Rəngi göyərmiş, göz qapaqları şişmişdi. Müşfiqlə Qəmər kənardan baxıb için-için ağlayırdı. Görünür, yuxudan yenicə oyanmışdılar- dərsə gecikəcəkdilər...
Həmin gün yenə məktəbi halva qoxusu bürüdü...
Cəmilə xala sinif-sinif gəzərək kiçik boşqablarda halva payladı...-Saranın Xocalı dadında halvasını...
***
23 il ötüb uşaqlığımın o ağır xatirəsindən. Bu illər ərzində Müşfiqi bircə dəfə 2019-cu ildə görmüşəm. Dedi, Qəmər ailə qurub, iki qız övladı var. Bir də dedi ki, Qəmər qızlarına Sara və Nərgiz adını qoyub. Özü də arzusudur ki, tezliklə torpaqlarımız düşməndən azad olunsun, Sara ilə, Nərgizlə birlikdə Xocalıya getsin. Həm də Saranın məzarı üçün Xocalı torpağı gətirsin. Bəlkə bədbəxtin ruhu onda rahatlıq tapar...
İnşallah, dedim. İçimdə ümid var idi. Bizimlə yaşıd Xocalı yaramız bizimlə böyüyürdü. Axı biz həm də güclənirdik... İçimdə 2016-cı ildə Cocuqmərcanlıdan, Lələtəpədən başlayan yolun Xocalıya qədər gedəcəyinə ümid bəsləyir, o ümidi ilbəil böyüdürdüm.
Biz böyüdük, gücləndik. O gecə Xocalıda haray çəkən, fəryad qoparan qadınların, körpələrin səsi, sonra Saranın ölümündə- intiharında gizlətdiyi səssiz üsyanı bir gün mütləq zəfər sevincinin qışqırığına çevriləcəkdi! İlahi ədalət varsa, belə olacaqdı!
Xocalı yarasının da, mənim də, Müşfiqin, Qəmərin də 31 yaşı var...
2023-cü ildir.
Məzlumun ahını alanların haqqın doğanağından keçdiyi dövrü yaşayırıq. Ədalətin tərəzisi “Laçın” sərhəd-buraxılış məntəqəsində qurulub.
Atam eyni uşaqlığımdakı kimi sözümüzü yarıda kəsib deyir: “Kiriyin bir, kiriyin! Sonra danışarsız!”
Bizə qəhər içində Zəfər xəbərini çatdıran xanım aparıcı təbəssümlə “axşamınız xeyir, əziz tamaşaçılar!” deyərək, birbaşa xəbərə keçir.
- Sizə çox vacib xəbəri çatdırmaq istəyirəm: “Qarabağın “təhlükəsizlik şurasının” keçmiş sədri Arşavir Qaramyan Surenoviçin Laçın nəzarət-buraxılış məntəqəsində saxlanılıb”. Bildiniz yəqin bu hansı Qaramyandır?! O Qaramyan ki, 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub. Hələ xüsusi cəza üsullarından ibarət siyahı hazırlayıb, onları bir-biri tətbiq edib. “Hə, Qaramyan, hələ bu harasıdır?! Qara günlərin hələ qarşıdadır!” deyərək, aparıcı istehza edir.
Heç kim eşitməyəcək tərzdə pıçıldadım...:
- Hə, Sara. Bax indi rahat uyu. Bu yaz Nərgizlər çiçək açacaq Xocalıda... Bu yaz sevdiyin nərgizdən çələng taxacaq hörüklərinə... Xocalı Azərbaycandır! İndi ən çox da Xocalı sənindir, Nərgizindir, sevdiyinindir! Bu həsrətə sadiq qalanlarındır...
Xocalı - Maya İmranın hekayəsi
Maya İmran
7 oktyabr 2023
12:35
2648 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi
14:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi
11:24
22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi
13:16
21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi
16:40
18 noyabr 2024