Xəyanətə görə ərinin içdiyi suya zəhər qatan qadın - Yeni hekayə

Xəyanətə görə ərinin içdiyi suya zəhər qatan qadın - Yeni hekayə
29 sentyabr 2021
# 17:30

Kulis.az "Hekayə günü" Şəfiqə Şəfanın “Son qərar” hekayəsini təqdim edir.

Bayaqdan gözlədiyi qapı səsi nəhayət eşidildi. Gecədən xeyli keçmiş, açarı burulub cırıltı ilə açılan qapının səsini gözləsə də, hər dəfə eyni həyəcanla diksinirdi. Artıq aylardır ki, davam edən, həftədə bir neçə dəfə təkrarlanan bu “gecə gəzintiləri” necə başladı? İlk dəfə bu səsi eşidərkən nə hisslər keçirdi, o ağrıya necə dözdü, şübhə içində saatlarla necə qovruldu?..

Yaddaşının bu ağrılı tərəfinə basmağa ehtiyat edirdi, çox dözülməz hisslər idi... Üstəlik, həşərat ordusu kimi hər tərəfdən üstünə gələn hadisələr təkrarlandıqca, yaddaş da artıq dözmür, sapı qırılmış inci kimi bütün hüceyrələrinə dağılırdı. Beyni müvəqqəti də olsa uyuşurdu, amma canına dolmuş vəsvəsə, şübhə, narazılıq, çarəsizlik sancısı çəkilmirdi. Axşama qədər var-gəl edir, gün ərzində məişət işləri, yazı-pozuyla, mütaliəylə, internetlə nə qədər başını qatmağa çalışırdısa, zehni ancaq getdikcə vücudunu zəhərləyən son hadisələrlə məşğul idi. Ən dəhşətlisi isə gecə başlayırdı, xüsusən də həftənin cüt günləri...

Sevdiyi, uğruna nə çətinliklərə dözdüyü, nə fədakarlıqlar etdiyi kişinin başqa qadının yanına getdiyi günlər... Xəyanət... Nə dəhşətli hiss imiş, ilahi! Bu günə qədər çox eşitmişdi, oxumuşdu, bu ağrıdan əziyyət çəkənləri, intihar edənləri, qatil olanları görmüşdü, amma heç cür anlamırdı. Hətta qınayırdı da! Xəyanət olunan niyə dözməlidi?! Biləndən sonra çıx get, unut və yeni həyata başla. Hələ xəyanətə görə cinayət edənlər onun üçün ümumiyyətlə insan kateqoriyasına aid deyildi. Bax, burda haqlıymış! Xəyanət ağrısını yaşayan bir kəs həqiqətən də insanlıqdan çıxır. Bu günə qədər “etmərəm”, “olmaz” dediyi hər şeyi edir. Çünki öncə şübhə qurdunun, daha sonra acı gerçəyin təsiri ilə beyin öz normal funksiyasını itirir. O, artıq sahibi tərəfindən idarə olunmur. Zombiləşmiş beyin də təkbaşına idarəetmə qabiliyyətində deyil, o indi ağrıyan ürəyin, yanan bağrın, keyiyən, titrəyən əl-ayağın, qıcanan dişlərin sərəncamındadır: onların səsinə hay verməsə, istədiyini etməsə, müxalif bədən üzvləri tezliklə beyni iqtidardan salacaq. Ona görə də güclü təsir altında, affekt vəziyyətində olan beyindən hər cür qəddarlıq gözləmək mümkündür.

Qapı yavaşca örtülsə də, diksindi, əslində fikrə qapılmış beynini ayıldan səsdən deyil, onun otağa girəcəyi, yatağına uzanacağı düşüncəsindən diksindi. Həmişəki ardıcıllıq: dəhlizdən birbaşa yataq otağına keçid, üst pal-paltarını soyunub stulun başına tolazlamaq, yataqdakını düşünmədən özünün bütün ağırlığı ilə üzüqoylu atılmaq... Və... qadınının oyaq olub-olmadığını vecinə belə almadan başqası ilə bir neçə saat öncə yaşadığı həzzin davamı kimi hər cür səs çıxarmaq... Hə, bir də bir-iki saatdan sonra ayılıb su içəcək.

Qadın bədəni qıc olmuş kimi sıxılıb qalmışdı, düyünlənmiş barmaqları açılmırdı. Spirt iyinə qarışmış yad qadının ətrini qoxlamamaq üçün burnunu yastığa basdı. Bu aylar ərzində yalnız həmin qoxunu duymuşdu. Təkcə kişidən yox, hər kəsdən, hər yerdən. Sanki ətrafda başqa qoxular yoxmuş, silinibmiş kimi bütün iyləri əvəzləyirdi. Ətriyyat mağazasından, küçələrdən, blokdan, liftdən, hətta hər cür yemək iyinin qarışdığı kafelərdən belə bu iyi duyurdu. Burnu başqa qoxulardan imtina etmişdi. Sanki o qadın da bilərəkdən hər dəfə eyni parfümlə ətirlənirdi. Bu, mətnsiz məktub, boş ismarıc kimi görünsə də, əslində soyuq müharibənin ağır artilleriyası idi: “qənimət” uğrunda savaşda varlığın təsdiqi və daimiliyi, hətta üstünlüyü!

Son aylar ərzində kişisinə bircə söz belə keçirə bilmədiyi, evin bütün dərd-sərini üstləndiyi halda, həmin qadın adamın boynuna ip salıb otel-otel, restoran-restoran gəzdirirdi. İşə gedib-gəlmə saatlarının belə hesabatını ona verirdi. Və həftənin bəlli günlərində də beləcə, aşa-aşa, sanki boş, kimsəsiz evə gəlirmiş kimi qayıdırdı. Bəlkə də qayıtmaq istəmirdi, o qadın yollayırdı. Məğlub olmuş tərəfi daha da əzmək, alçaltmaq üçün. İçindəki ağrını, nifrəti daha da alovlandırmaq üçün. Hə, indi o hər kəsə, hətta dilsiz-ağızsız əşyalara da nifrət eləyirdi. Bu kişi ilə bağlı hər şeyə - evə, divarlara, pərdələrə, yatağa, masaya, qab-qaşığa belə nifrət edirdi: hər yerdə onun murdar əli, nəfəsi, kölgəsi vardı. İlahi axı nifrətin də həddi olmalıdı! İnsan sevdiyi adama necə bu qədər nifrət edə bilər?! Həm də bu boyda nifrətin qabağında sevgi hələ də qalırdı. Əlbəttə! Qalmasaydı nifrət edərdimi? Onun xəyanətinə, soyuqluğuna, kobudluğuna əhəmiyyət də verməzdi. Hər kəs bir küncə çəkilib öz həyatını yaşayar, bir-birinə heç nə olmamış kimi göz yumardı. Sevgidən nifrətə bir addımdı deyirlər. Yox, əslində sevgi elə nifrətlə eyni dalğadadı, nifrət sevginin bətnindədi, günü gələndə sancısı tutacaq, doğulub yenə sevgidən qidalanacaq, bütün şirəsini əməcək. Getdikcə daha güclənib vaxtı-vədəsində özünü alçaq şəkildə ortaya atacaq. Nifrət – sevginin arzuolunmaz övladıdı... Vaxtında “abort” etməyə əli gəlmədiyi, sevgisinin daha sağlam olduğunu düşündüyü üçün indi bu “naxələf övlad”ın əsirinə çevrilmişdi.

Sağ tərəfdən yataq cırıldadı. Yorğan dartıldı.

“Yəqin su içib yatacaq”, - deyə düşündü.

Yox, bu dəfə “yenilik” etdi. Hamama keçib qapını bağlamadan işini gördü, əllərini yumadan balkona keçdi, yəqin sərin havada üşüdüyündən, bayırda çox qalmayıb içəri girdi.

“Sanki ürəyinə damıb. Adam son dəfə şəhərinə, evinə baxmaq istəyir...” Otağa göz gəzdirib tumbanın üstündəki dolu su qrafininə baxdı. Kinayəli gülüşlə:

- Bah! Səndən nə əcəb, ağıllanmısan? Bilirsən içib gələcəm, əlimin altına su qoyursan... Bax burda deyərlər, adın nədir, Daşdəmir, yumşalısan yumşalı. – Xırıltıyla güldü, buna gülüş demək olarsa. – Sənə əvvəldən dedim ki, başuvu aşağı sal, arvaddığıvı elə! Yoxsa hara getdin, hardan gəldin, o qadın kimdi... Nəyivə lazım? Axmaq arvad! Sən şükür elə ki, hələ də bu evdəsən... İti qovan kimi qovardım səni, yenə də yazığım gəlir. Amma bir gün o da olacaq! – Boğuq öskürək tutmasaydı daha nələr deyəcəkdi. Demək ki, qadının oyaq olduğunu bilirdi. Bəlkə də həmişə bilirmiş. Başqa qadının yanından gəldiyi azmış kimi, onu daha da qəzəbləndirmək, canından bezdirmək üçün hər cür iyrənc hərəkətləri, saymazlığı da bilə-bilə edirdi. O adam ki, vaxtilə bu qadının sevgisini qazanmaq üçün nələr etmişdi...

Yaşadığı son hadisələrdən bu yana çox düşünmüş, çarə gəzmiş, hətta ali-təhsilli qadın olmasına, indiyə qədər belələrinə fırıldaqçı deməsinə baxmayaraq falçıların, mollaların evindən çıxmaz olmuşdu. Bacarmırdı, nə səbri ilə, nə də yaxınlarının verdiyi işə yaramayan məsləhətlər, təsəllilərlə. Dəfələrlə qərar vermişdi: ayrılmaq, bir daha geri dönmədən yeni həyata başlamaq, yeni məşğuliyyətlər tapmaq, xəyanətə xəyanətlə cavab vermək, eh, daha nələr... Olmurdu.

Bu da son qərar! Nəinki xəyanətinə, rəftarına, hətta nəfəs almasına belə dözə bilmədiyi kişidən birdəfəlik can qurtarmaq!.. Axşamtərəfi məhlul qatılmış su qrafinini tumbaya qoyanda dəqiqələrlə gözlərini qırpmadan eləcə suya baxa-baxa qalmışdı. Bütün yaşananlar gözlərinin önündə bir-bir canlanmışdı. Bəlkə də bu qərarı verəndən sonra peşman da olmuşdu. Geri dönüş, bağışlamaq üçün bir işıq ucu gözləmişdi. İynənin ucu boyda qalmış işığı da kişinin son sözləri söndürdü.

Heç bir söz demədən çevrilib hələ də üz-gözündən kinayə yağan kişinin üzünə, gözlərinə baxdı:

- Nuş olsun! – deyib gülümsədi.

Kişi onun bu soyuqqanlı təbəssümünə mat-məəttəl baxa-baxa suyu başına çəkdi...

# 3392 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #