Vaqif və Xarıbülbül, ya da Leyli və Məcnun - Sevinc İbrahimzadə

Sevinc İbrahimzadə

Sevinc İbrahimzadə

10 dekabr 2021
# 13:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sevinc İbrahimzadənin “Vaqif və Xarıbülbül, ya da Leyli və Məcnun” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

"Çiçəklərin çəkir gözü intizar,

Ayrılıqdan betər dünyada nə var?"

Nigar Rəfibəyli

Həmin ərəfədən bir il keçmişdi artıq. Amma Xarıbülbülün hələ də bir üzü şən, bir üzü qəmli idi. Axı başqa necə ola bilərdi? Əlindən gəlsəydi, özünə düşən ömür payını Vaqifə bəxş edərdi ki, o, yaşasın. Ancaq bu zaman dodağının kənarında kədər qarışıq həmin gülümsəyiş bəlirirdi. Bu gülümsəyiş Vaqiflə dolu xatirələr gözlərinin önündən bir kino lenti kimi keçəndə, onun xəyallarından, arzularından danışarkən gələcəyə ümidlə baxan, işıl-işıl parıldayan gözlərini xatırlayandakı gülümsəyişdən idi. Sevgidən yoğrulmuş, kədərdə bişmiş gülümsəyiş idi.

Hətta bəzən Xarıbülbül özü-özünə Vaqifdən küsərdi. "Axı necə məni tək qoymağı gözə alacaq qədər çox sevdin onu?" deyə düşünürdü. "Məni düşünmədin, bəs anan?" Bu zaman sanki qəlbinin ən dərinliklərindən gələn bir hiss, bir ruh başını onun dizləri üstə qoyar və eyni Vaqifin həmin sərin, duru səsiylə ona cavab verərdi: "Bəs Vətənimiz?" Onda Xarıbülbül susar, gözlərinin yaşını silər, başını qaldırıb qarşısındakı pəncərədən görünən sərhədsiz səmaya baxar və "Sən ən doğrusunu etdin, qürur duyuram səninlə, şəhidim" deyərdi.

Vaqifin Vətən müharibəsindəki şəhidliyindən bəri Xarıbülbülün lüğətini iki söz təşkil edirdi: “sevgi” və “şəhid” sözləri. Özü yazmağı çox sevən, ədəbiyyatla arası möhkəm biri idi. Vaqif də çox sevirdi ədəbiyyatı, tez-tez öz aralarında ədəbiyyat günləri keçirərdilər. Amma həmin 3 noyabr günündən sonra əlinə qələm almayan Xarıbülbül bir gün yenə pəncərədən göyüzünü seyr edərkən dizləri üstdə həmin ağırlığı, hissi duydu. Qəlbində Vaqifi hər görəndə hiss elədiyi uçuşan rəngbərəng kəpənəkləri də hiss etdi. O, yenə gəlmişdi. Düz deyirdilər, şəhidlər heç vaxt ölmür, yoxsa indi Xarıbülbül onun başını necə dizləri üstdə hiss edə bilərdi ki? Həmin səs ona pıçıldayırdı: "Yadındadır, mənə şeirlər oxuyardın? Öz yazdığın hekayələri sənin şirin səsindən eşitməyi o qədər çox özləmişəm ki. Düzdür, hər yerdən bizə-şəhidlərə gözəl mahnılar oxuyan, şeirlər yazan, bizdən fəxrlə danışanlar var. Amma məgər mənim gülüm, sevgilim o qədər küsüb ki məndən, heç məndən bir misra belə yazmır? Axı o tək deyil, onun sözləri, bir şəhid sevgilisinin dilindən, qəlbindən gələn hər bir cümlə digər şəhid yarlarına hayandır. Niyə sevgimdən yazmırsan, ay uğruna öldüyüm torpağın gülü? Səncə, mən də bir Məcnun deyiləm?"

Xarıbülbül diksindi, gözlərini açdı, tək idi otaqda. Beynində həmin sual fırlanırdı. "Aman Allah, necə unuda bilərəm?" deyə deyindi özünə. Ayağa qalxıb kompüterini götürdü, yeni bir fayl yaratdı və "Vaqif ilə Xarıbülbül"-ü yazmağa başladı. Gözlərindən yaşlar damla-damla axır, arada artıq qaralmış səmaya baxır və üzr istəyərək yazısına davam edirdi. Bitirəndə üzündə təbəssüm var idi, azca da olsa kədərdən arınmış həmin təbəssüm ilə hekayənin sonunu oxumağa başladı. Oxudu ki, eşitsin...

"Siz heç Məcnun kimi sevmisinizmi? Mən sevmişəm. Vaqif də sevib. Nizaminin Leyli və Məcnunu kimi nakam sevgi... Sevdiyinə qovuşa biləndə dünya bir ayrı gözəlləşir, qovuşa bilməyəndə isə sevginiz dastana dönür, dillərə düşür, hamı gələcək nəsillərə ötürür. Bu hekayədə də sevənlər qovuşmadı, qovuşsaydılar, bəlkə də, yazılmayacaqdı. Burada 2 Məcnun var. Biri Xarıbülbül, biri Vaqif. Leylisiz Məcnun? Təbii ki, yox. Leyli olmasaydı, Qeys Məcnun olardımı? Torpaq uğrunda da ölən olmasaydı, Vətən olardımı, şəhid olardımı? Qeys Leylinin eşqindən Məcnun oldu, onu dəli kimi sevdi, çöllərə düşdü deyə. Vaqif kimi əsgərlər də Vətənin, Şuşanın xarıbülbülünün eşqilə Məcnuna döndülər, şəhid" oldular. Vaqifin sevgilisi Xarıbülbül və onun simasında digər əsgər yarları da şəhidlərinin sevgisindən Məcnuna döndülər. Məcnunun biri şəhid olaraq Leylisinə - torpağına qovuşdu, Məcnunun digəri öləndən sonra öz Leylisinə - şəhidinə qovuşacaqdır. Leyli və Məcnun bitməyəcəkdir, nakam olsa da, sevgi hər zaman qalib gələcəkdir".

# 1843 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #