Torpaq - Vüsal Məmmədzadə

Vüsal Məmmədzadə

Vüsal Məmmədzadə

14 dekabr 2021
# 15:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Vüsal Məmmədzadənin “Torpaq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

- Elnur. Ay, Elnur. Bala, niyə torpağın üstündə uzanmısan yenə? Soyuq dəyəcək. Uşaq vaxtı böyrəyinə görə aldığın müalicələri yaddan çıxarmısan? Demirsən, yenə xəstələnərsən?

- Torpaq rahatdır, ana. Narahat olma, heç nə olmaz mənə.

- Bala, qalx ayağa. Soyuqdur. Bu havada yerə uzanmazlar.

- Ana, yadındadır, uşaq vaxtı məni apardığın həkimlərdən biri demişdi ki, “Bu, nə çəlimsiz uşaqdır?!” Onda “çəlimsiz” sözünü ilk dəfə idi eşidirdim. Səndən soruşanda ki, “Ana, “çəlimsiz” nə deməkdir?” Demişdin ki, “güclü”.

- Yadımdadır. Uşaq vaxtı çox cılız idin. Məktəbə gedəndə də ibtidai sinifdə ən balaca boylu sən idin. Yox, qonşumuz Nərgizin qızı səndən bir az balaca idi.

- Bəs, niyə həkimin sözünü səhv izah elədin mənə?

- Sən mənim bircə balam idin. Mənim gözümdə sən hər şeyin ən yaxşısı idin. “Çəlimsiz” sözünü sənə yaraşdırmırdım. Bir tərəfdən də istəmirdim sən özünü zəif hiss edəsən. Onsuz da uşaqlığın müalicələrdə keçirdi. Həm, yalan demədim ki, birdən-birə boy atdın, maşallah.

- Vəfa necədir?

- Vəfa kimdir?

- Nərgiz xalanın qızı.

- Yaxşıdır. Yazıq qız tək canı ilə anasının qulluğundadır. Uşaqlıqdan gün görmədi bədbəxt.

- Neyləsin?!

- Sənin uşaq vaxtı günün onunla keçirdi. Yadımdadır, bütün günü bir yerdə oynayırdınız. Hələ, qulağıma çatmışdı ki, bir-birinizdən xoşunuz gəlir.

- Bunu kim deyib?

- Dostun Aqil.

- Aqilə bax e sən. Ağızıboş imiş.

- Mən bilirdim ki, sizinki alınmaz. Vəfa həyatını anasına həsr edib. Heç indinin özündə də başqa şey düşünmür. Deyir, anamı tək qoyub heç yerə gedə bilmərəm. Nərgizi bircə o başa düşür.

- Nərgiz xalaya nə olub ki? Niyə xəstədir?

- O vaxt əri ilə ailəlikcə qonşu kəndə toya gedəndə maşınla qəzaya düşüblər. Vəfa da maşında olub. Vəfanın onda 3-4 yaşı olardı. Əri qəzada öldü. Özü də şikəst qaldı. Dili də həmin vaxt tutuldu. Yaxşı ki, Vəfaya bir şey olmadı. O vaxtdan Nərgiz yataqdan qalxa bilmir...

- Aqil neyniyir? Çoxdandır görmürəm.

- Yaxşıdır. Arada gəlir. Müharibədə ayağının birini itirib. Bədənində də qəlpə yaraları var. Müalicəsi hələ davam edir. O gün gəlmişdi yenə. Məktəb vaxtı başınıza gələn əhvalatlardan danışırdı. Heç bilmirdim ki, məktəb vaxtı yeni il şənliyində içki içmisən. Başqa vaxt olsa, səni nar çubuğu ilə döyərdim. İndi əlim gəlmir.

- Əşi, Aqilə çox fikir vermə sən. Deyirəm də, ağzıboşun biridir. Uşaqlar araq almışdılar. Dedim, dadına baxım. Ondan sonra içki içdiyimi xatırlamıram.

- Bilirəm. Bircə siqaret çəkməyin də olmasaydı, səndən yaxşısı yox idi.

- Əsgərlikdən qalan vərdişdir. Bir-iki dəfə yoxladım, təgidə bilmədim.

- Heç olmasa, mənim yanımda çəkmə də. Bilirsən ki, o zibili görəndə əsəbilişirəm... Söndür onu!

- Baş üstə, Səmayə komandir!

- Məzələnmə, ey, mənimlə. Deyəsən, ürəyin yenə nar çubuğu istəyir.

- Ana, sən 25 ildir məni nar çubuğu ilə hədələyirsən, amma bir dəfə olsun vurmamısan. Belə eliyirsən, mənim də ayağım yer alır. Bir dəfə döysən, bəlkə də adam olacam.

- Sənə qıya bilmərəm, Elnur. Sən mənim bircə balamsan. Səni atasız böyütmüşəm. Bir dayağım sənsən. Çətin günlərimdə səninlə təskinlik tapmışam. Səni vura bilərəm mən?

- Ana, bu gün nə bişirəcəksən?

- Nə istəyirsən?

- Yarpaq dolması. Amma nanə də vur. Sənin nanədən xoşun gəlmir. Amma dolmanı nanəsiz yeyə bilmirəm.

- Yaxşı. Zirzəmiyə düşüm, görüm yayda bağladığım tənək yarpaqlarından qalıb?! Bu yay üzümə xəstəlik düşmüşdü. Yarpaqların hamısı zay oldu, getdi. Ona görə, qışa çox yarpaq saxlaya bilmədim. Olmasa, Vəfadan alaram... Elnur, day bəsdi. Dur ayağa. Bu soyuqda xəstələnəcəksən.

- Yox, ana. Rahatdır belə. Sən mənə görə heç narahat olma.

- Nə-nə, nə-nə...

1 yaşı təzə tamam olmuş Elnurun kiçik əlləri Səmayə xalanın üzünə dəydi. Təzə danışmağa başlayan Elnurun birinci “nənə” sözünü deməsi Səmayə xalanı o qədər sevindirirdi, elə bil, Elnur “nənə” deyəndə dünyaları ona verirdilər. Ona görə, nəvəsinin onu dərin yuxudan oyatmasına da əsəbiləşmədi...

Səmayə xala nəvəsinin başını tumarladı, qalxdı ayağa. Evin küncündə asılan Azərbaycan bayrağına yaxınlaşdı. Kiçik masanın üzərinə qoyulan şəkli əlinə götürdü.

- Elnur, bala. Üzünü görmədiyin oğlun gəzməyə, yeriməyə başlayıb. Heç, məndən övladını soruşmadın. Gələn dəfə mütləq sənə ondan danışacam. Bilirsən, necə ağıllı uşaqdır? Sənin kimi çəlimsizdir, amma sənin kimi tənbəl deyil. Bir dəqiqə dayanmır. Gəzməyə başlayandan anasını yaman yorur. O gün sənin medalını götürüb oynadırmış. Anası görüb, əsəbiləşib. Medalı əlindən alanda uşaq başladı ağlamağa. Mən də taxtım yaxasına. Medal ağır idi deyə paltarından sallanırdı. Anası gizlədib medalları. Deyir, böyüsün, verəcəm. İndi uşaqdır, o medalın dəyərini anlamır. İstəmirəm medallara nəsə olsun. Düz deyir. Gərək, əvvəl balaca Elnur böyüsün, sonra qəhrəman Elnurun medallarına sahib çıxsın.

- Səmayə xala, yeməyini çəkim? – Mətbəxdən gələn səs Səmayə xalanı diksindirdi.

- Yox, bala. Günorta yeməyindən sonra yuxu tutub, yatmışam, heç, yediklərimi həzm edə bilməmişəm.

- Onda sənin payını qazanda saxlayıram, acanda yeyərsən.

- Mən dolma yeyəcəm, qızım. Yemək yeyəndən sonra bax, gör tənək yarpağı, nanə var?

- Yarpaq var, amma sən nanə xoşlamırsan axı.

- Ürəyim istəyir...

# 2344 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #