Tapdığın avtobusu - Tağı Türkün hekayəsi

Tapdığın avtobusu - Tağı Türkün hekayəsi
20 may 2025
# 10:40

Kulis.az Tağı Türkün "Tapdığın avtobusu" hekayəsini təqdim edir.

Bizim kənd Qarabağın sinəsinə sığınmış sirli bir nağıl kitabı idi. Elə bil ki, dağlar bu kəndi qollarına alıb qoruyurdu. Səhərlər çayın ahəstə şırıltısı, quşların səsi, quzuların mələməsi və bir də sovxozun inəklərini otaran Əsgərən dayının uzaqlardan gələn səsi ilə açılırdı. Kəndin girəcəyində böyük, dərin bir göl vardı. Ağoğlan və Köndələn çayları axıb o göldə birləşər, sonra birgə susaraq kəndin sinəsini qucaqlayardılar. Göldən qalxan duman yavaşca təpələri aşıb məhəllələri dolaşar, ağacların budaqlarında dincələrdi. Bu göl bizim üçün yalnız bir su mənbəyi deyildi – uşaqlığımızın aynası idi.

Kənd yeddi məhəllədən ibarət idi: Aşırlı, Kavxalı, Rənşəlli, Lələli, O Tay Lələli, Qədirli və Çökək Məhlə. Hər məhəllənin öz havası, öz insanı, öz rəngi vardı. Amma hamımızı birləşdirən bir şey vardı – “Tapdıqın avtobusu”. Sarı rəngli PAZ markalı bu avtobus kəndlə Füzuli şəhəri arasında işləyərdi. Sükanın arxasında oturan Tapdıq kişi sərt baxışlı, amma mehriban adam idi. Uşaqlar avtobusun “Tapdıqın avtobusu” adlanmasından qürur duyardılar. Bu avtobus onları təkcə Füzuli şəhərinə yox, eyni zamanda xəyallara, əyləncəyə və azadlığa da aparırdı.

Yay aylarının birində, səhərin ilk işıqları yerdəki şehə toxunmamış, biz artıq yola çıxmağa hazır idik. Mən, qardaşım və əmioğlum – üçlükdə daim fermanın yollarını tozlandırardıq. Fermamız kənddən təxminən 1.5 kilometr aralıda idi. Hər gün oraya gedib qoyun otarar, sonra çayda çimər, bəzən də suya daş atıb yarışardıq. Cığırlarda yaranmış toz təbəqəsinin üstündə ayaqyalın gəzişməkdən həzz alardıq. Bizim üçün fermanın yolu azadlığın yolu idi...

Səhərlər Tapdıqın avtobusuna minib gedərdik. Pulumuz yox idi, amma Tapdıq kişi bir söz deməzdi. Bəzən bizə çörəyindən bir tikə uzadardı, bəzən də avtobusun sükanından əl çəkib zarafat edərdi. Biz həm də Füzuli şəhərində yaşadığımıza görə və mən məktəbə Füzulidən kəndə gəldiyim üçün məni daha yaxşı tanıyırdı. Hər dəfə kənddən şəhərə - evimizə gedəndə nənəmin qoyduğu payı avtobusda unudub gedərdim. Sabah Tapdıq əmi gülümsəyərək torbanı mənə uzadaraq, - yenə unutmusan, deyərdi.

Yolumuz gölün yanından keçirdi. Gölə baxanda insanın içində qəribə bir hiss oyanardı – həm heyranlıq, həm ehtiram, həm də bir az qorxu. Gölün tam qarşısında isə böyük bir təpə vardı. Təpənin ətəyindən keçən dar yol sıldırım qayaların dibindən uzanıb gedirdi. Yolun həmin hissəsinə “Sırçaq daş” deyərdilər. O qədər dardı ki, iki maşın eyni anda keçə bilməzdi. Əgər bir maşın gəlirdisə, o biri gözləməli olurdu. Yolun bir tərəfində sərt qaya, o biri tərəfində isə birbaşa gölə enən yamac vardı.

Bir səhər yenə yola düzəldik. Avtobus Sırçaq daşına çatanda Tapdıq kişi bizi süzgün-süzgün süzərək dedi:

– Ay uşaqlar, niyə piyada getmirsiniz? Cavansınız.

Biz susduq. Əmioğlum bir az duruxub dedi:

– Şeytandan qorxuruq, Tapdıq əmi...

Tapdıq kişi sükan arxasında gülümsədi. Amma zarafat etmədi. Səsini bir az yumşaltdı:

– Şeytan nədi, bala?

Əmioğlum əllərini dizlərinin üstünə qoyub başını aşağı saldı. Sonra cəsarət toplayıb dedi:

– O… o şeytan adamı itələyir. Bizi də bu dar yolda itələyib gölə salar deyə qorxuruq.

Avtobusun içində bir anlıq sükut yarandı. Sonra sanki bu uşaq məsumluğu hamının qəlbinə toxundu – bir-birinə baxıb gülümsədilər, Tapdıq kişi isə qəhqəhə çəkdi:

– Ay mənim balam, şeytan sizə bata bilməz! Mən varkən heç kim sizi itələyə bilməz.

O gündən sonra Tapdıq kişi bizə hər dəfə eyni yerə çatanda zarafatla deyirdi:

– Şeytan indi hardadı, a bala?

Və biz hər dəfə eyni cavabı verirdik:

– Sən onu gölə salmısan, Tapdıq əmi...

Həmin vaxtdan otuz beş il keçib. Tapdığın avtobusu çoxdan yoxdu, gölün yanından keçən o dar yol da indi tərk edilmiş kimidi. Amma nə vaxt o yerlərə qayıdıram, sanki sarı bir avtobusun səsi qulağımda səslənir – uşaqlıq illərinin səsi, qorxuların içində gizlənmiş şirinliklərin səsi...

image

Tağı Türk

# 241 dəfə oxunub

Oxşar xəbərlər

Atəşfəşanlıq - Zaman Piriyevin hekayəsi

Atəşfəşanlıq - Zaman Piriyevin hekayəsi

17:54 19 may 2025
Toyuq günü - Oljas Süleymenovun hekayəsi

Toyuq günü - Oljas Süleymenovun hekayəsi

10:00 18 may 2025
Zərgərin əmanəti - Aytac Məmmədlinin hekayəsi

Zərgərin əmanəti - Aytac Məmmədlinin hekayəsi

11:30 16 may 2025
Mənim atam... - Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri

Mənim atam... - Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri

09:00 16 may 2025
Səkkizinci simfoniya - Şahin Səmədovun hekayəsi

Səkkizinci simfoniya - Şahin Səmədovun hekayəsi

16:33 15 may 2025
Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

12:00 14 may 2025
# # #