Sınıq durbin - Xavyer Mariasın hekayəsi

Xavyer Marias, yazıçı

Xavyer Marias, yazıçı

17 sentyabr 2022
# 09:00

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində ötən günlərdə vəfat edən yazıçı Xavyer Mariasın "Sınıq durbin" adlı hekayəsini təqdim edir.

Xavyer Marias (isp. Javier Marías; 1951-2022) – ispan nasiri, tərcüməçisi və jurnalisti

X.Marias Madriddə doğulub, Orteqa-i-Qassetin şagirdi, məşhur filosof Xulian Mariasın ailəsində böyüyüb. Atasına 1940-1970-ci illərdə İspaniyada dərs demək qadağan olunduğundan ABŞ-da mühazirə oxuyub, Xavyer də uşalığını və yeniyetməliyini orada keçirib. O, 60-cı illərin sonlarında rejissorlar – dayısı Xesus Franko Manera və əmisi oğlu Rikardo Franki üçün ssenarilər yazıb. Madriddə Kompltense universitetinin ingilis dili filologiyası fakültəsini bitirib. Bir neçə il Oksford universitetində ispan ədəbiyyatını tədris edib. İlk qələm təcrübələri 70-ci illərin əvvəllərinə işıq üzü görüb. O vaxtacan yazıçı kimi tanınsa da, “Bütün ruhlar” (1989) romanı ilə geniş şöhrət qzanıb. “Bəyaz qəlb” (1992), “Sabah döyüş vaxtı məni xatırla” (1994), “Sənin işlərin, sevgi” (2011) bə başqa romanları dünyanın bir çox dillərinə tərcümə olunub. Eyni zamanda bir çox ingilisdilli şair və yazıçıların əsərlərini ispan dilinə çevirib.

X.Marias ədəbi uğurlarına görə, Fastenrat (1995), Romul Qalyeqos (1995), “Femina” (1006), Nelli Zaks (1997), Dublin İMPAC (1997), Beynəlxalq Albert Moravia (2000), “Salambo” (2003), Avstriya Dövlət (2011), Beynəlxalq “Formentor” və başqa mükafatlara layiq görülüb. 2006-cı ildən İspaniya Kral Akademiyasının üzvüdür.


SINIQ DURBİN

San-Sebastyanlı Mersedes Lopes-Bayesterosa
ithaf olunur

İsa Məsihin hicrəti günü dostlarımdan, demək olar, heç kəs Madriddə deyildi, buna görə də axşam vaxtımı cıdır meydanında keçirməli oldum. Tamam maraqsız olan ikinci cıdırdan sonra bir tip finişi daha yaxşı görmək üçün durbinini gözlərinə qaldıranda məni təsadüfən dirsəyiylə itələdi. Durbinimi artıq gözlərimə tutmuşdum, zərbədən əlimdən düşdü – onu həmişə boynumdan asmağı unuduran, buna görə də ziyan çəkməli oluram, ən azı o dəfə ziyan çəkdim – durbin pilləyə dəyəndə şüşəsinin biri sındı, xırda hissəcikləri ətrafa səpələndi.

Durbini götürmək üçün aşağı əyilmək istəyirdim ki, dirsəyiylə itələyən adam məni qabaqladı. Şüşənin sındığını birinci o, sezdi, məndən üzr istədi.
-Bağışlayın, - dedi, sonra əlavə elədi. – Baxın, sınıb. Lənətə gəlsin!

O, əyilib durbini yerdən götürdü, mənə uzadanda qolunun düyməsi nəzərimə sataşdı: indi heç kəs belə bir düymə taxmır, bu bayağı və köhnədəbli görünür. Əyiləndə pencəyinin ətəyi aralandığına görə onun sağ böyündə (görünür, solaxay idi) qobur gördüm. Bu, artıq çox qəribəydi, fikirləşdim ki, o, yəqiin, polisdi. Sonra qəddini düzəldəndə çox uca, məndən bir boy hündür olduğunu sezdim. O, otuz yaşlarında olardı, sdüz və çox uzun bakenbard saxlayırdı, bu cür bakenbardlar da çoxdan dəbdən düşmüşdü. Həmin dəb xeyli qabaq – on beş il əvvəl – yayılmışdı. Ya da ötən əsrdə dəbdəydi. Ola bilsin, bakenbardıları sifətini enli göstərmək üçün uzatmışdı – başı kiçik, uzunsov idi, kibrit çöpünün başına oxşayırdı.

– Sizə təmirpulu verərəm, – o, utana-utana əllərini araladı, – Hələlik mənim durbinimi götürün. İkinci cıdır yenicə başlayıb.

Bu məqamda ikinci cıdır artıq başa çatmışdı. Qaliblərin adlarınımn necə elan edildiyini eşitmədik, adətən, əlimizdə saxladığımız, pul qoyduğumuz atın qalib gəlmədiyini eşidəndəsə dərhal cırıb yerə atdığımız uduş biletlərini hələ cırmamışdım. Artıq lazımsız olan kağızları atır, səhv proqnozumuzu unuduruq. Bununla belə, istəsən də, hələlik bilti cırıb arta bilməzdim, əlimdə iki durbin – mənim sınıq dorbinim və həmin adamın durbini (o, öz durbinin mənə uzatdı, mən də düşünüb-daşınmadan aldım ki, yerə düşüb sınmasın, o da əlimdən bileti alıb pencəyimin döş cibinə qoydu, əlilə üstünə vurdu, elə bil, biletimin sağ-salamat olduğunu təsdiqlədi) vardı.

– Ancaq siz durbinsiz qalacaqsınız? – Ondan soruşdum.
– Cıdıra birgə bamağa etirazınız yoxdusa, ondan növbəylə istifadə eləyə bilərik, – O, cavab verdi. – Təksiniz?
– Təkəm.
– Bax, ancaq məhz burdan baxmalı olacağıq. Mən müşahidə aparıram. Bu gün yerim buradı, heç yerə gedə bilmərəm.
– Polissiniz?
– Nə danışırsınız! Çoxdan acından ölərdim. Onların necə yaşadıqlarınıə bilirəm. Necə fikirləşirsiniz, polislər mənim kimi geyinə bilərlər? Bir baxın!

O, bu sözləri deyib bir addım geri çəkildi, sirkdə illüzionçu növbəti nömrədən əvvəl eləyən kimi əllərini araladı. Düzünü deyil, o, bahalı da olsa, çox zövqsüz (mənim fikrimcə) geyinmişdi: ikidüyməli (bununla yanaşı, artıq dediyim kimi yaxası açıq idi), ağlagəlməz boz-yaşıl rəngli pencək, açıq-çəhrayı, həddən artıq zərif çalarlı, öz-özlüyündə yaxşı, amma belə uca boylu kişiyə heç yaraşmayan köynək geyinmişdi; yerliyi sarı, həddən artıq ala-bəzək (quşlar, həşəratlar, Miro ruhunda iyrənc fiqurlar, pişik gözləri) qalstuk taxmışdı, lap meşşana oxşayırdı. Amma ayaqqabısı daha qəribəydi: nə qaytanlı botin, nə də mokasin idi, hətta topuqlarını belə örtməyən uşaq ayaqqabısına oxşayırdı.

Yəqin ki, ayaqqabı ondan ötrü son dəbliydi, qalanlarınısa, görünür, az qala, klassika kimi qəbul eləyirdi. Yarpaq formasında olan düymələri çox gözəl idi, çox güman ki, Düran firmasının məhsuluydu, əməlli-başlı parıldayırdı. Yeni tanışım ciddiyyətlə lovğalana bilməzdi, amma həm də orijinallıq eləmirdi – yəqin ki, onu elə uşaqlıqdan bu cür geyinməyi öyrərtmişdilər, vəssalam.

– Görürəm, - nəsə demək xətrinə dilləndim. – Nə müşahidə eləyirsiniz axı?
– Mən cangüdənəm.
– Hə... Bəs kimi qoruyursunuz?

O, bir qədər əvvəl verdiyi durbini əlimdən aldı, gözlərinə yaxınlaşdırıb xüsusi lojalara göz gəzdirdi (düzünü desəm, lojalar lap yaxında yerləşirdi, hətta adi gözlə belə görmək çətin deyildi), sonra durbini geri qaytardı. Mənə elə gəldi ki, rahat nəfəs aldı.

– Hələ gəlməyib. Bir az vaxtım var. Hər halda, gəlsə, dördüncü cıdırdan sonra gələcək. Əslində, onu yalnız beşinci cıdır maraqlandırır, o məqamı hamısından fərqləndirir, çünki başqalarına baxmaq üçün vaxt tapmır. Məsələn, siz burda vaxtınızı keçirə bilərsiniz, o isə indi ya telefonla danışır, ya da işə başlamazdan əvvəl uzanıb dincəlir. Tez gəldim ki, burda hər şeyin yerli-yerində, təhlükəsiz olduğuna əminlik hasil, qüvvələr nisbətini götür-qoy eləyim.

– Nə danışırsınız? Burda nə baş verə bilər?

– Güman ki, heç nə. Bununla belə, kimsə vaxtından tez gəlməlidi. Bir nəfər, aydın məsələdi ki, onunla birgə çıxmalı, yanında olmalıdı. Mən, adətən, tez gəlirəm. Məsələn, restorana, yaxud kazinoya gedəndə, ya da yolüstü bir parç pivə içmək üçün bara girəndə, həmişə irəli düşürəm ki, ordakı vəziyyəti öyrənim. Belə yerlərdə bir-iki səfehə rast gələ bilər, bir də gördün, bir-birinin sifətini əzişdirdiklər. Yəni, daim onun yanında olmalısan, özünüz bilirsiniz, ofisiant şərabı müştərilərdən birinin üstünə tökə, o da hiddətlənib ofisiantı çırpa bilər.

Mən bossumun belə bir şeyi görməsinə, ən pisi də özünün dava-dalaşa cəlb edilməsinə imkan verə bilmərəm. Butulkaların sürətinə özünüz bələdsiniz. Bir gündə Madriddə nə qədər butulka uçur! Arabir bıçaqlar da işə düşür. İndi camaat dəymədüşər olub, hamının əsəbi gərilib. Təsadüfən varlı-hallı bir adamla bu cür hadisəyə qarışanda hamı o dəqiqə fikirləşir: “Qoy o pul dağarcığı hər şeyin hesabını ödəsin!” O dalaşanlar dərhal öz aralarında dil tapacaq, birgə varlının üstünə atılacaqlar: “Pul dağarcıqları rədd olsun!” Yo-ox, burda göz-qulaq olmaq lazımdı!

Sonra barmağını sol gözünə tutdu.

– Nədi, bossunuz o qədər varlıdı ki, dərhal gözə dəyir?

– Bu, onun sifətindən bəllidi. Aydın bilinir. Hətta üç gün üzünü qırxmasa, əyninə cır-cındır geyinsə belə, yenə sifətindən varlı olduğu sezilir. Kaş, belə bir sifətim olaydı! Bahalı dükana gedəndə, yenə əvvəlcə girirəm, satıcılar məni görəndə - baxmayaraq ki, özüm də yaxşı geyinirəm, - əzilib-büzülür, özlərini elə göstərirlər ki, guya məni görmürlər: o məqamacan heç diqqət yetirmədikləri adamlara xidmət göstərməyə cumurlar, ya da qutularda eşələnir, guya, nəsə axtarırlar. Onlara bir söz belə, demirəm: hər şeyin yerli-yerində olduğunu yoxlayır, geri qayıdır, qapını bossun üzünə açıram. Satıcılar onu görən kimi, dərhal müştərilərini də, qutuları da buraxır, gülümsəməyə başlayır, qabağına qaçırlar.

– Amma bəlkə, bossunuz təkcə varlı deyil, həm də məşhur adamdı? Bəlkə, onu sadəcə tanıyırlar?
-Bəlkə də elədi, - cangüdən düşüncəli halda dilləndi, deyəsən, əvvəllər bu ağlına gəlməmişdi. Onun barəsində get-gedə daha çox danışırlar. Axı bank sahəsindədi. Amma gəl aşağı gedək, üçüncü cıdıra mərc qoymaq lazımdı.
Yolda uduş düşməmiş biletlərimizi xırda tiklərə bölüb düz yerə atdıq. Rastımıza bazar günü cıdırlarına daim gələn filosof və gözəl arvadı Almirayla birgə admiral rast gəldi. Onlar mənə nəzakətlə baş əydilər, amma bir söz demədilər, ola bilsin, başım çiyninə güclə çatan yekəpər bir adamın yanında görüb sadəcə təəccübləndilər. Yeni tanışımın durbini boynumdan asılmışdı, öz sınmış durbinimisə əlimdə tutmuşdum. Mənim durbinin balaca və güclü, onun durbinisə iri və ağır idi. Qayış boynumu sürtürdü, amma çıxarmırdım, qəfildən onu da salıb sındıra bilərdim. Atlara tamaşa eləmək üçün ayaq saxladıq, hiss elədim ki, indi tanışım məndən nəylə məşğul olduğumu soruşacaq. Özüm barədə danışmaq istəmirdim, buna görə də onu qabaqladım:
– Baxın, on dörd nömrəli necədi?
– Yaxşı eksteryerdi, – o, həmişə atdan başları çıxmayanların söylədikləri kəlməni işlətdi. – Deyəsən, mərci ona qoyacağam.
– Mənsə yox. Mənə elə gəlir, o bir qədər əsəbidi.
– Belə düşünürsünüz?
– Burda varlının siması heç kəsi aldatmır.

Yoldaşım güldü. Dərhal, düşünüb-daşınmadan güldü – tərbiyə görməmiş, gülüşünü ətrafdakıların necə qiymətləndirəcəkləri barədə düşünməyən adamlar bu cür gülürlər. Sonra izin-filan istəmədən durbinini məndən aldı, cəld gözlərinə apardı, burdan görünməsə də, xüsusi lojalara baxdı. Durbini əlimdən kifayət qədər kəskin tərzdə çəkmiş, ağrıtmışdı.

– Nədi, gəlməyib? – Mən maraqlandım.
– Xoşbəxtlikdən, hələ görünmür, - məncə daha çox intuissiyasına bel bağlayıb dedi.
– Sizə çox iş verir? Demək istəyirəm ki, çox hərəkətdə olursunuz, yəni həyatınız üçün təhlükə yaranır?
– Arzuladığımızdan da az olur. Axı işimizin xüsusiyyətini özünüz təsəvvür eləyirsiniz: bir tərəfdən, daim gərginlik içində olursan, digər tərəfdən də demək olar, heç bir iş görmürsən. Həmişə sayıq qalmalısan, sənin işin qabaqlamaqdı. Hər şey qaydasınca olmalıdı: əllərini arxasında burmalı, neytrallaşdırmalı, şillə ilişdirməlisən. Sonrasa özümə də əməlli-başlı çatır. Ona görə də ağılla qabaqlamalıyam. Amma demək olar, heç vaxt heç nə baş vermədiyinə görə, ehtiyatlı olmaqla bağlı bütün həvəsin ölür, çünki, əslində, kimsəyə lazım olmadığını hiss eləyirsən.
– Aydındı, adamın əli-qolu boşalır.
– Nəinki əli-qolu boşalır, sonra özünü məcbur eləmək çətinləşir. Bax, mən irəli keçəndə bossun yanında olan həmkarım, həqiqətən, zəifləyir. Hətta bunu hiss eləyir, hərdən iradımı bildirirəm. O, gözlədiyi müddətdə videooyunlarla başını qatır, boş vaxtını onunla keçirir. Amma bu cür olmaz. Məni başa düşürsünüz?
– Başa düşürəm. Bəs, bossunuz buna necə münasibət bəsləyir?
– Necə deyim axı? Biz onun üçün gözəgörünməz adamlarıq. Yanında olmağımıza fikir vermir, istədiyini eləyə bilər.
İstədiyini eləyə bilər?
– Cangüdən qoluma girdi, mərc kassalarına doğru getdik. İndi bu cür ucaboy adamla yanaşı yeridiyimə görə, özümü həm də naqolay hiss eləyirdim. O, məni açıq-aşkar qoruyurdu, ola bilsin, sadəcə məhz bu cür münasibət bəsləməyə - qorumağa – alışmışdı. Bir anlığa tərəddüd eləyib dilləndi:
– Hə, məsələn, maşındakı qadınlarla. O, bu cür məsələlərdə əməlli-başlı donuzdu. Nəsə burası – barmağıyla gicgahını döyəclədi, - qaydasında deyil. Bura baxın, təsadüfən qəzetçilərdən deyilsiniz?
– Yox-yox, - tələsik onu sakitləşdirməyə çalışdım.
– Onda eybi yoxdu.

Mən səkkiz nömrəyə, o, on dördüncü nömrəyə mərc qoyduq – tanışım inadkar (ya da mövhumatçı) adam idi – sonra tribunaya qayıtdıq. Oturub üçüncü cıdırı gözləməyə başladıq.

– Durbin məsələsini neyləyək? İstəyirsiniz, mən başlanğıca baxım, siz sona. Qarşınızda günahkaram.

O, qayışını boynumdan çıxarmadan durbini gözlərinə yaxınlaşdırdı. İndi yanaşı oturduğumuza görə, qayış dartılmırdı. Bir anlığa lojalar səmtə baxıb durbini dizlərimin üstünə qoydu. Nəzərlərim ayaqqabılarına sataşdı – hər halda, ayaqqabılar ona heç yaraşmırdı, iri topuqları içində lap uşaqsayağı görünürdü.

Cıdır başlayanda o, vəcdə gəldi, on dörd nömrəli ata qışqırmağa başladı: “Di, Narniya, onlara özünü göstər! Cəld ol!”
Bu, ata kömək eləmədi, cıdırı uğursuz başlayıb ancaq dördüncü yerlə kifayətləndi. Mənim səkkizincim finişə ikinci çatdı, buna görə də biletləri nifrətlə

(“Alın!”) cırıb atdıq.

Qəfildən onun sarsıldığını sezdim. Bu, uğursuzluqla izah oluna bilməzdi.

– Nəsə baş verib? – Ondan soruşdum.

Dərhal cavab vermədi. Başını lap aşağı əyib, paçasının arasına salıb oturmuşdu, sanki ürəyi bulanır, qusub şalvarını batıracağından qorxurdu, yerə, biletin parçalarına baxırdı.

– Yox, – nəhayət, dilləndi. – Sadəcə üçüncü cıdır başa çatdı, boss həmkarımla gələcəksə, lap tezliklə peyda olacaq. Gəlsə, mən hərəkət eləməli olacağam.

– Burda qalmalı, müşahidəni davam etdirməli olacaqsınız?
– Bəli, burda qalmalıyam. Mənim yanımda oturacaqsınız? İstəyirsiniz, gedin mərc qoyun, sonra qayıdın. Durbin hələlik məndə qalsın. Hər ehtimala qarşı.
O, ikilikdə oynamaq üçün on min, qalibə mərc qoymaq üçün beş min peset verdi. Aşağı enib cəld mərc qoydum – hələ növbə yox idi. Mən qayıdanda cangüdən yenə başını aşağı salıb oturmuşdu. O, sayıq cangüdənə heç oxşamırdı. Dərin düşüncə içində barmaqlarıyla dizlərini döyəcləyirdi.
– Gəldi? – Sualım onu düşüncələrdən ayırdı.– Hələ yox, - cavab verdi, durbini gözlərinə qaldırıb (hərəkəti, az qala, mexanikiydi) loja tərəfə baxdı. – Bəlkə, bu gün daha gəlmədi.

Görkəmi hələ də sarsıntılıydı. Mehribanlığından və şənliyindən əsər-əlamət qalmamış, bulud kimi qaralmışdı. Daha məndən heç nə soruşmur, ümumiyyətlə, üzümə belə baxmırdı. Artıq ona cıdıra aşağıda baxmaq fikrində olduğumu, orda durbinsiz ötüşə biləcəyimi demək, çıxıb getmək istəyirdim, amma vəzifəsiylə bağlı narahatlıq duydum: məhz öz vəzifəsini yerinə yetirməyə başlamalı olduğu məqamda düşüncələrə dalmışdı, içə hazır adama heç oxşamırdı.

– Hər şey qaydasındadı? – Ona işini xatırlatmaq üçün soruşdum, sonra təklif elədim. – Özünüzü pis hiss eləyirsinizsə, əvəzinizə müşahidə apara bilərəm. Ancaq mənə bossunuzun kim olduğunu söyləyin...
– Müşahidə-filan lazım deyil. Bu gün baş verəcək hər şeyi bilirəm. Ya da artıq baş vermiş...
– Necə yəni?
– Bilirsiniz, öz canını qorumaq üçün sənə pul verən adama xüsusi sevgi bəsləmək olmur. Artıq dediyim kimi, bossum candüdənini görməzliyə vurur, adımı da düz-əməlli bilmir, bütün bu illər ərzində məni, demək olar, sezməyib, yalnız həddən artıq canfəşanlıq eləyəndə töhmətləyib. O, əmr verir, mən əmrləri yerinə yetirirəm, o, nə vaxt və harda olacağımı müəyyənləşdirir, mən ora gedirəm. Vəssalam. Onun təhlükəsizliyi qayğısına qalıram, amma sevgi bəsləmirəm. Dəfələrlə o vəziyyətə çatmış, özüm ona sui-qəsd təşkil eləmək istəmişəm ki, təhlükəni duysun, ona lazım olduğumu başa düşsün.

Ciddi bir şey yox idi – qarajda kiçik bir dava-dalaş salacaqdım: boş günlərimin birində komediya düzəltmək, qorxutmaq istəyirdim... Amma onu elə ordaca öldürməyin mümkünlüyü heç ağlıma belə gəlməzdi.

– Öldürmək?! Onu kim öldürə bilərdi?!

– Həmkarımla mən. Daha doğrusu, ya o, ya da mən. Ola bilsin, o, artıq işini görüb. Bu, yaxşı olardı. Belədisə, onda boss artıq bura gəlməyəcək: o, artıq evindəki xalının üstündə uzanıb. Ya da maşının yük yerindədi. Bununla belə, gəlib çıxsa, deməli, həmkarım işini görə bilməyib, mən bitirməliyəm. Cıdırdan evə gedəndə, elə həmin maşında öldürməliyəm. Sükan arxasında həmkarım olacaq. İplə boğacağam, ya boynunun ardına bir güllə çaxacağam. Təki gəlməsinlər. Açıq deyirəm, ona sevgim-gilanım yoxdu, amma özüm öldürmək... Bu, ürəyimcə deyil.

Az qala, düşünəcəkdim ki, zarafat eləyir, amma indiyəcən zarafat qabiliyyəti olan adama oxşatmamışdım. Əksinə, qaraqabaq idi. “Məhz buna görə də - beynimdən keçirdim, - mənim heç də gülməli olmayan zarafatıma gülürdü. Zarafat eləməyi bacarmayan adamlar başqasının duzlu-məzəli zarafatına çox təəccüblənir, bundan çox sevinirlər”.

– O qədər də başa düşmürəm... – dilləndim.

Cangüdən hələ də dizlərini barmaqlarıyla döyəcləyirdi. Sonra yanakı məni süzdü:

– Hər şeyi başa düşürsünüz. Çox aydın danışıram. Bir də təkrar eləyirəm: onu heç xoşlamıram, amma gəlməsələr, həmkarım hər şeyi özü eləyə bilsə, sevinərəm.

– Bəs, öldürməyə nə ehtiyac var axı?

– Bu, uzun əhvalatdı. Əlbəttə, pul üzündən də öldürmək olar, amma bəzən sadəcə başqa çıxış yolu olmur. Arabir elə işlər görməli olursan ki, ürəyini bulandırır, amma yerinə yetirməlisən, çünki eləməsən, daha pis olacaq. Başınıza belə bir hadisə gəlməyib?

– Gəlib, - mən razılaşdım. – Amma belə bir... ifrata varmamışam. – Lojaya nəzər saldım. – bütün bunlar doğudusa, mənə niyə danışırsınız?

– Məndən ötrü fərqi yoxdu. Axı qaçıb heç kəsə xəbər verməyəcəksiniz. Hətta sabah bu barədə bütün qəzetlər yazsa da, vecimə belə deyil. Çünki xəbər versəniz, sizin üçün daha pis olacaq – ora-bura çəkəcək, sorğu-suala tutacaqlar. Xeyri olmasa, heç kəs heç kəsə heç nə demir. Polisə yardım eləməksə, lap axırıncı məsələdi. Bununla kimsə məşğul olmayacaq, siz də baş qoşmayacaqsınız. Mənim də bu gün sirr saxlamaq üçün arzum-filanım yoxdu.

Durbini ondan alıb lojaya yönəltdim. Loja, demək olar, boş idi – yəqin, hamı mərcə pul qoymağa getmişdi. Çıdırın başlanmasınıa hələ bir neçə dəqiqə vardı. Mən nə görə bilərdim axı? Onun bossunu tanımırdım, bəyəm, sifətində çox varlı olduğu yazılmış adamı tanıya bilərdim?

– O, ordadı, – tanışım cıdır zolağına qorxuyla baxa-baxa dilləndi.

– Deyəsən, yoxdu axı. Orda, ümumiyyətlə, heç kəs görünmür. Özünüz baxın.

– Yox, bir az gözləyim. Cıdır başlayıb, camaat gedənəcən gözləyəcəyəm. Mənə xəbər verərsiniz?

– Xəbər verərəm.

Susduq.

Onun ayaqqabılarına nəzər salırdım (indi ayaqlarını uzatmışdı), özüsə açıq-çəhrayı köynəyinin qolundakı düymələrə baxırdı. Hiss elədim ki, tanışımın bossunun artıq ölü olmasını istəyirəm. Yəni onu artıq oldürməyə ehtiyac qalmamalıydı.

Tribunalar get-gedə doldu, indi ətrafımızda adamlarla qaynaşır, cıdır zolağını görmək üçün ayağa qalxmaq lazım gəlirdi.

– Alın, – durbini ona uzatdım. – Danışmışdıq ki, əvvəlcə siz baxacaqsınız.

Cangüdən durbini aldı, kəskin hərəkətlə (elə onu əlimdən aldığı kimi) gözlərinə yaxınlaşdırdı.

Əvvəlcə atlar dayanan yerə baxdı, sonra da xüsusi lojaya nəzər saldı, bir an sonra atəş səsi eşidildi, atlar yerlərindən tərpəndilər.

– Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on. Gəlmədi, - o, dilləndi.

– Artıq başlandı, – onun diqqətini çəkdim.

O, qaçış zolaqlarına sarı dönüb (atlar birinci dövrəni qaçırdılar) qışqırdı:

– Di, Xaron! Cəld ol, Xaron, cəld ol!

O, baş verənlərə cumsa da, atlar son dövrəyə girəndə durbini əlindən aldım – söz danışıqdan keçər: özü mənə son mərhələyə baxmağı təklif eləmişdi.

Yeni tanışımın mərc qoyduğu Xaronun mənim mərc qoyduğum Ağ Ürəyi yarı gövdəsiylə qabaqladığını gördüm. Nə olar! Biletləri yenidən cırıb atmallı olacağam...

Təəccüblüydü ki, yoldaşımda coşğun sevinc hissi duyulmurdu. Durbini aşağı salıb ona üz tutdum:

– Siz uddunuz!

Amma o, görünür, cıdır zolağında baş verənlərlə çoxdan maraqlanmırdı. Nəzərləri lojalara tərəf yönəlmişdi. Artıq ona durbin lazım deyildi. Sonra mənə sarı çevrildi, hətta üzümə də baxmadı, elə bil, tanış deyildik. Pencəyinin yaxasını düymələdi. Sifəti tutulmuşdu, ayaq üstdə zorla dayanırdı.

– Ordadılar. Beşinci mərhələyə gəliblər, - dedi. – Bağışlayın, mən getməliyəm. Tapşırıq almağa gedirəm.

Başqa bir söz demədi. Hətta heç vidalaşmadı da. Başını aşağı saldı, camaatı yarıb keçməyə başladı. Uzun müddət kürəyini görə bildim. Xüsusi lojalar tərəfə gedir, əlini sağ böyrünə, pencəyinin altında qobur olan yerə vururdu. Durbini məndə qaldı.

Biletlərimi cırdım, onun udmuş biletlərinisə cibimə qoydum: fikirləşdi ki, daha uduşunun dalınca gəlməz.

Tərcümə: Nəriman Əbdülrəhmanlı


# 2326 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #