Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Mələk Əbilovanın "Qutu" hekayəsini təqdim edir.
1
Məktəb günlərinin birində Alisa sinifdə oturub həm dərsi dinləyir, həm də Marceline personajının eskizini cızırdı. Çəkdiyi eskizin ilk öncə uzun saçları, sonra isə əlindəki elektron gitarası diqqəti cəlb edirdi. Şəklin altına Marcelinenin cizgi filmdəki ən çox sevdiyi sözlərindən birini yazacaqdı ki, ədəbiyyat müəlliməsi-Mətanət müəllimə ilə göz-gözə gəldi.
– Alisa! - sakit səslə - Suala sən cavab ver.
Alisa ayağa qalxanda “sual nə idi?” təlaşi ilə Murada baxdı. Murad Mətanət müəllimənin eşitməyəcəyi səs tonu ilə,“ən çox sahib olmaq istədiyin əşya” dedi. Alisa bir müddət fikirləşib “Sehrli bir qutu” deyib əlavə etdi: “Elə bir qutu ki, istəkləri kağıza yazıb qutuya daxil olduqda həmin həyatı yaşayım”
Alisa aydınlıq gətirdiyini düşünürdü. Amma ətrafına baxanda, Mətanət müəllimədən başqa hamının ona təəccüblə baxdığını gördü.
Alisanın heç vaxt sadə xəyalları olmamışdı. Lakin yaşıdlarının ona “dəli” kimi baxmalarını istəmədiyi üçün fikrini dəyişmək istəsə də, Mətanət müəllimə sakit bir səs tonu ilə:
– Maraqlıdı – dedi – Niyə bu haqqında esse yazmırsan? Bu həm sənə fikirlərini cəmləməkdə, həm də bizə öz xəyalın haqqında daha çox məlumat verməkdə kömək edəcək.
Alisa “Müəllimə, bu sadəcə bir xəyaldı. Gerçəkləşməsi mümkün olmayan böyük bir xəyal” demək istəyirdi. Lakin zəng vuruldu və Mətanət müəllimə “sağ olun” deyib sinifdən çıxdı.
2
Alisa “boş yerə özümə problemlər yaradım” düşüncəsi ilə yerinə əyləşdi. Axı normal uşaqların ən çox istədiyi əşya kompüter və ya son model telefon olar, sehrli bir qutu yox. Qutudan çox, “kağız parçasına nə yazacam?” haqında düşünərkən Murad ona yaxınlaşıb;
- Qutu? - deyərək güldü.
- Bəyənmədin? - Alisa tənqid edici səs tonu ilə soruşdu.
- Bəyəndim, sadəcə daha gerçək xəyallar qurmalısan. Sən də bilirsən ki, belə bir şey mümkün deyil.
Alisa cavab vermədi. Bəlkə də Muradın haqlı olduğunu bilirdi, amma qəbul etmək istəmirdi.
Alisa musiqi çalarında “country” tərzdə mahnılar dinləyərkən, parkda, küçədə gəzib insanları müşahidə etməyi çox sevərdi. Qoca, cavan, və yaxud orta yaşlı yüzlərlə insan... Hər birinin öz hekayəsi və hər biri öz hekayələrinin baş qəhrəmanları idi. Bəziləri telefonla danışar, bəziləri harasa tələsər, bəziləri isə sadəcə oturub ətrafı seyr edərdi. Alisaya hər zaman onların iç dünyalarında nə düşündükləri maraqlı gələrdi. Görəsən, ən böyük məqsədləri nədir.Ya da müəlliməsinin sualı kimi “ən çox sahib olmaq istədikləri əşya”, “sevdikləri kitab və yaxud film”...
Alisa məktəbdən evə dönüb qapını açdığı an ilk öncə pişiyi Mianı gördü. Günün bu saatında evlərində Miadan başqa heç kim olmurdu. Gödəkcəsini asılqandan asdıqdan sonra Alisa otağına keçdi. Amma otağında görməyə alışmadığı bir şey var idi – Qutu. Qutu qəhvəyi rəngdə, içi boş, böyük və sadə idi. Üzərindəki “uti sobrie” yazısı diqqətini cəlb etdi. Alisa telefonunu götürüb tərcümə proqramını açdı və qutunun üzərindəki sözü yazdı. Sözlər latınca idi, tərcüməsi “Təmkinli istifadə edin” demək idi. Alisa bir anlıq donub qaldı. Deyəsən qutunun nə olduğunu anlamışdı. “Təmkinli istifadə edin” cümləsi üzərinə düşünəndə qəfildən bir şey daha diqqətini cəlb etdi. Qutuya yenidən diqqətlə baxdı. Qutunun iç tərəfində yeni cümlələr görsənməyə başladı. Bu doğurdan da möcüzə idi. Peyda olan yeni cümlələri tərcümə edib boş kağıza yazdı. Oxuduqlarına inana bilmirdi.
“Bu qutu şəxsin arzularını yerinə yetirmək üçündür. Fiziki və ya zehni arzularınızın həyata keçməsi üçün kağıza istəklərinizi yazın və qutuya atın. Sonra isə qutuya daxil olun. Diqqət! Əgər qutunu təmkinli istifadə etməsəniz sizin üçün ağır nəticələri ola bilər. ”
Alisa kiminsə onunla zarafat etdiyini düşündü, ya da bu haqda çox düşündüyü üçün xəyal gördüyünü hesab etdi. Cəhd etməkdən zərər gəlməzdi. Qorxusuna baxmayaraq kağız götürüb “italyanca bilirəm” yazdı. (Gələcəkdə “Balaca şəhzadə” kitabını italyanca oxumaq istədiyi üçün əvvəlcədən alıb rəfə qoymuşdu) Qutuya doğru irəliləyib kağızı qutunun içinə qoydu. Bir müddət düşündükdən sonra özü də qutunun içinə girdi.
3
Alisa oyananda harada olduğunu bilmədi. Qutunun içində yuxuya getmişdi. Qaranlıq, balaca bir yerdə idi. Alisa təlaşla özünü qutudan çölə atdı. Həyəcanla masanın üzərindəki “Balaca şahzadə” kitabını götürdü və oxumağa başladı. Oxudu, oxudu, oxudu... Alınmışdı. Baş verənlərə hələ də inana bilmirdi. Sevincinin həddi-hüdudu yox idi. Telefonunu açıb internetdən italyanca videolar dinlədi. Hər şeyi başa düşürdü. Qutu doğurdan da işə yarayırdı. Alisanın xəyalı gerçəkləşmişdi. Yəni, bu qədər asan idi?
4
Həftələr keçdi. İnsanlar hər hansı bir bacarığa tam yiyələnmək üçün illərlə çalışanda, Alisa bunu sadəcə 5 dəqiqəyə həll edirdi. Ötən aylarda Alisa italyan dili ilə yanaşı fransız, alman və rus dillərində öyrənmiş, riyaziyyatda, fizika ilə yanaşı digər bütün fənlərdə sinif birincisi olmuşdu. O eyni zamanda çox yaxşı rəsm çəkir, kompyuterdə, qrafik redaktorlarda işləməyi bacarır və yaxşı basketbol oynayırdı. Hər günəş doğduğunda Alisa yeni bir bacarığa yiyələnirdi. Amma o özünü hələ də xoşbəxt hiss etmirdi. Həyatında nəyin əksik olduğunu bilmirdi. Hər gün saatlarla güzgüyə baxır, istəyinin nə olduğu anlamaq istəyirdi. Bir neçə ay əvvəl bu bacarıqlara yiyələnsə özünü dünyanın ən xoşbəxt insanı kimi hiss edəcəyini düşünürdü. Xoşbəxt ailəsi, istədiyi bacarıqları və arzuladığı onlarla şey var idi. Bəlkə də o özünü belə hiss etməli idi? Oxuduğu bir kitabda “İnsanlar hər zaman sahib olduqlarından daha artığını istəyirlər. Sahib olduqları ilə yetinmək, onlar üçün bir həyat mübarizəsidir” yazılmışdı. Bu sözləri indi xatırlayır və nədə səhv etdiyini anladı.
5
Məktəbdə
Alisa partasında oturarkən yazdıqlarını bir daha oxuyur, bəzi düzəlişlər edir, eyni zamanda digər uşaqların esselərini dinləyir, onların gerçək xəyallarını öyrənirdi. Sıra Alisada idi. Yazdığı esseni oxumazdan əvvəl sinif yoldaşlarının və müəlliməsinin maraqlı gözlərlə ona baxdıqlarını gördü. Cəsarətini toplayıb kağızını açdı və oxumağa başladı.
– Bu essenin mövzusu “Özümü hara aid hiss edirəm” sualı ilə bağlıdır. Əslində çətin bir sual deyil, hə? Heç düşünmədən cavab versəm, “Sevdiyim insanların yanı” deyərəm. Ailəm, dostlarım, həyatda bundan artıq istəyəcəyim bir şey yoxdur. Bəs bir az da düşünsəm, sadəcə saydıqlarım bəs edərmi mənə? Başqa istəklərim? Onlar olmadan yaşaya bilərəm mi? Balaca olanda hər zaman bir qutum olsun istəyirdim. Ömür boyu o qutunun içində yaşamaq istəyərdim. Elə bir qutu ki, bütün arzularımı yazıb içinə qoysam, yazdıqlarım gerçəyə dönsün.
İndi, otaq dolusu qutularınız olduğunu xəyal edin. İstədiyimiz vaxt, istədiyimiz həyatı yaşaya bilərik. İstədiyimiz bacarığı, istədiyimiz əşyanı əldə edə bilərik. Qiymətlərimin mükəmməl olduğu, valideynlərimin mənimlə fəxr etdiyi, müxtəlif dillər bildiyimi, maraqlı dostlarımın olduğu həyat təbii ki, indiki həyatımdan daha yaxşı olardı... Qısa müddət əvvələ belə düşünürdüm. Amma sonra, bu esseni yazanda gözlərimi yumdum və düşündüm. Anladım ki, istəsəm o qutuya girə bilərəm. Bəlkə də, çox çalışsam, valideynlərim mənimlə fəxr edəcək. Çox çalışsam, qiymətlərim mükəmməl olacaq. Çox çalışsam istədiyim dilləri öyrənəcəm. Hər şey mənim əlimdədir. Bu həyat mənimdir, mən onu istədiyim kimi idarə edə bilərəm. Bəlkə də arzularıma mane olan səhvlər etmişəm, lakin bu hələ də onlara nail ola bilməyəcəyim mənasına gəlmir. Səhvlər doğrunu öyrənmək üçündü. Sonra gözlərimi yumdum və bir şeyi dərk etdim - Mən onsuzda o qutunun içindəyəm. Bəlkə də mükəmməl deyil, amma “yaxşı” deyə biləcəyim qiymətlərim, mənimlə fəxr edən ailəm, az olsa da yaxşı dostları var. Onda anladım ki, problemləri yaradan özümüzük, qarşımıza maneələr qoyan, arzularımıza əngəl olan özümüzük. Onda anladım ki, xoşbəxt olmaq üçün sehrli bir qutuya ehtiyac yox imiş...
6
Alisa qəti qərara gələndən sonra yazdığı kağızı götürüb sonuncu dəfə qutunun içinə girdi. Güclü işıq, sonra isə qaranlıq... Alisa qutudan çıxdı. Yenə ilkdəfəki kimi, italyanca olan “Balaca şahzadə” kitabını götürdü. Oxumaqda çətinlik çəkdiyi bir çox sözlər var idi. İndi isə son mərhələnin vaxtı idi. Alisa mətbəxdən kibrit götürərək həyətə düşdü və tərəddüd etmədən qutunu yandırdı. Son dəfə alovların arasında yox olan “Uti sobrie” sözlərinə baxdı. Təmkinli davranmamışdı. Amma təmkinli davranmamağı ona daha vacib bir şeyi başa salmışdı. Onun qutuya ehtiyacı yox idi.