“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsini təqdim edirik.
Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.
Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər.
Prisyavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izin verilmirdi.
Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb “haff” eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: “tişe”; yəni “yavaş”. Və sonra genə girirdi içəri.
Pristavın aşpazları, bellərində ağ önlük hərdən bir həyətə çıxıb qlavanın birinə deyirdi:
- Tez yarım girvənkə zəfəran tap.
Qlava “baş üstə” deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:
- Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin.
Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:
- Qlava, dörd-beş yüz yumurta lazımdır.
Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:
- Nə danışırsan? Burada mindən artıq yumurta var.
Birdən qaçaqaç düşdü; dedilər “naçalnik gəlir”. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.
Genə katlet bıçaqlarının taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücə-toyuqların və qlavaların bağırtısı və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və katdalar atdan yenib, dolu xurcunları doldururdular həyətə. bir ucdan kəndlilər dallarında qab-qazan, xalı və palaz daşıyırdılar. Bir ucdan kəndlilər həyətin dibində quzuları və toyuq-cücələri yan-yana yığıb öldürüb təmizləyirdilər.
Birdən qaçaqaç düşdü; dedilər “naçalnik gəlir”. Qlavalar qaçdılar qapıya, xanım və qonaq çıxdılar balkona, tulalar tullandılar həyətə və bir qədər keçdi genə qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, kazak böyüyü bir əfsər imiş. bu da atdan yendi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpüb, kefini soruşdu və sonra girdilər otağa.
Bir qədər keçdi genə qaçaqaç düşdü; genə dedilər “naçalnik gəlir”. Amma bu da yalan oldu. Adamları araladılar, bu qonaq da girdi həyətə. bu da “Qapazlı” kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi.
Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:
- Malades cobak – və sonra qalxıb xanımı balkonda görüb çığırdı:
- İzdrasti! – və börkünü götürüb sağ əlilə qalxızdı yuxarı və qışqırdı:
- Urra! – Sonra qalxdı balkona və xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəliyə. Bəy xanımın əlini alıb rusca dedi:
- Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım.
Xanım bir az güldü və dedi:
- Spasibo.
Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri.
Bir az keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, iki uçitel gəldi, genə bir əfsər[1] arvadı ilə gəldi, genə bir özgə həkim arvadı ilə gəldi.
Bir az keçdi genə qaçaqaç düşdü; dedilər”naçalnik gəlir”. Qlavaların biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çığırdı:
- Naçalnik idyot.
Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, şaqqıltı və çığır- bağır, qoyma, dinmə, çəkil, gəl, get... axırda bir yoğun çinovnik girdi həyətə, yeridi xanıma tərəf sol əlilə börkünü çıxardıb sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb qonaqlarla bir-bir əl-ələ verib qalxdı balkona və girdi otağa.
Naçalnikdən sonra genə bir neçə qonaq gəldi. Bunların da bir neçəsi arvadları ilə gəlmişdilər.
Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samovar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına.
Naçalnik oturmuşdu yumşaq divanın üstündə, pristavın arvadı oturmuşdu onun yanında, qonaqlardan da bir neçəsi düzülmüşdü bunların yanına və naçalnik qabağındakı stəkanın qəndini qarışdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi.
Bu heyndə küçədən açıq akoşkalardan bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha da ucadan başladı kişnəməyə. Qonaqların bir neşəsi akoşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı:
- Ədə Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qurtarıb qaçar.
Bir az keçdi, atlar daha da şiddətlə başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa və qonaqların hamısı qaçdılar akoşkaların qabağına.
Küçədə tövlənin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolandırırdı. Bu at naçalnikin atı idi.
Qurbanəli bəyin nökəri bir kəhər atın cilovundan yapışıb bir az kənarda dolandırırdı. Bir-iki kəndli də bir az kənarda bir ayrı atların cilovlarından yapışıb dolandırırdılar. Akoşkanın qabağında kəndlilər düzülüb pristavın akoşkalarına baxırdılar.
Hərdən bir naçalnikin atı kişnəyə-kişnəyə qabaq ayaqlarını döyür yerə və Qurbanəli bəyin atına baxıb, hirsindən cilovu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdən bir nərə təpib, qabaq ayaqlarını qaldırırdı havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovdan yapışıb çığırırdı:
- Buna bax ha!
Naçalnik gördü ki, kəhər at Qurbanəli bəyin atıdır və üzünü Qurbanəli bəyə tutub soruşdu ki, atı neçə yaşındadır? – Qurbanəli bəy papirosunu yandırıb naçalnikə dedi ki, atı bu il təzə dörd yaşa ayaq qoyur.
Genə naşalnik akoşkaya tərəf yeriyib, başladı Qurbanəli bəyə çönüb dedi:
- Nə gözəl atdı!
Doğrudan, Qurbanəli bəyin atı gözəl at idi.
Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub naçalnikə cavab verdi:
- Peşkəşdi.
Naçalnik Qurbanəli bəyə dedi:
- Sağ ol – və genə başladı ata tamaşa eləməyə və genə Qurbanəli bəyə üzünü tutub soruşdu:
- Qaçmağı necədi? İti yüyürürmü?
Qurbanəli bəy naçalnikə dedi:
- Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qırxdırmasam qurumsağam.
Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Otağın ortasında uzun xörək stolu, üstünə düzülmüşdü hər cür xörəklər və içkilər.
Pristavın arvadı oturdu stolun baş tərəfində. Xanımın sağ tərəfinə naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular.
Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanını, sonra pristavın arvadının, sonra xanımların və sonra qeyri-qonaqların fincanlarını doldurub durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi:
- Mübarək olsun xanımın ad bayramı.
Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb həmin sözləri dedilər və sonra naçalnik və qeyrləri şüşələri başlarına çəkib boşaltdılar.
Pristavın arvadı fincanı götürdü əlinə, qonaqlardan razılıq elədi, amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ çəkməyib. Xanım bəydən soruşdu ki:
- Niyə içmirsiniz?
Bəy gülə-gülə başını saldı aşağa və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəh-qəh çəkib dedi ki:
- Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən?
Qonaqlardan bir neçəsi güldü və bir neçəsi də dedi ki:
- Götür iç!..
Axırda Qurbanəli bəy rumkasını götürdü əlinə və dedi:
- A kişi, siz allah bu nədi? Buna bizdə üskük deyərlər ki, arvadlar barmaqlarına geyib tikiş tikərlər; yoxsa bizlərdə bunnan araq içməzlər.
Qonaqlar bu sözləri eşidib genə qəh-qəh çəkib güldülər və pristavın xanımı dedi:
- Da, da, doğrudur. Günah məndədir. Qurbanəli bəy rumkaynan araq içməz.
Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi:
- Bax, buna nə demişəm?!. Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var, nə yox...
Qonaqlar genə gülüşdülər və Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına.
Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. İki saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanın qabağına və başladılar tamaşa eləməyə.
* * *
Baharın ikinci ayı idi. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə, çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdən bir zurnanın səsi ucalıb, özgə səslərin hamısını batil eləyirdi. Zurna sakit kimi adamların səsi ucalırdı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qədlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yastıq və balışlar. Bir tərəfdə qlavalar tatarı əllərində kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər.
Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər “urra” deyibpapaqlarını atdılar göyə və yapışdılar yallı getməyə. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar, çayın kənarında başladılar yallı getməyə.
Ağalar və xanımlar yendilər. Kəndlilər genə “urra” çəkib qarışdılar bir-birinə və sonra genə başladılar yallı getməyə.
Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub, əllərini qoymuşdu ciblərinə, baxırdı və Qurbanəli bəyi görcək ikiqat əyildi. Bəy papirosunu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və spiçkanı cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosu yandırıb dedi:
- Axmaq oğlu, axmaq, bə sən niyə yallı getmirsən?
Kərbəlayı Qasım başını əydi aşağı və dedi:
- Ay ağa, mən qocalmışam. Daha mənə yallı getmək yaraşmaz.
Bəy papirosunu göyə üfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi:
- Yapış, heyvan balası, heyvan! Yoxsa vallah döyə-döyə səni öldürərəm!
Kərbəlayı Qasım yapışdı kəndlilərin əlindən və istər istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başından yapışıb başladı atılıb düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəh-qəh çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəh-qəh elədi və çığırdı:
- Ay xanım, mən istəyirəm sənin sağlığına içim. Buyur mənə çaxır gətirsinlər. Urra, urra!
Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib genə başladı fırlanmağa, genə başladı dolanmağa.
Bir qədər keçdi, genə bir stəkan içib çığırdı:
- Xanımın sağlığına – və genə başladı dolanmağa, bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb və dedi:
- İç.
Kərbəlayı Qasım başladı yalvarmağa:
- Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm.
Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi.
Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və üzünü tutub dedi:
- Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə kimi nə qədər eləmişəm ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı, ay axmaq, sən ki, üzümü yeyirsən, axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir.
Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəh-qəh çəkdi və dedi:
- Necə qanmır? Çox yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır? Ancaq biqeyrətdi, onun üçün içmir.
* * *
Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirdilər. Xanımların biri hərdən bir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, “zurnanın səsindən az qalır qulaqlarım tutulsun”. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyçular sakit oldular.
Toyun səsi kəsilcək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı:
- Ədə, çalın, namərdlər!
Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa, pristava dedi:
- Mən ölüm qoy çalsınlar, mən istəyirəm oynayam. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı:
- Ədə, çalın! “Uzun dərə” çalın.
Toyçular hazırlaşırdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub dedi:
- Bəy, hələ sonra oynarsan. Göndər nökərini sizin atınızı çəkib gətirsin, mən istəyirəm ata baxam.
Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi:
- Naçalnik, qurbandır sənə mənim atım!
Bu sözlərdən sonra bəy nökərini çağırdı:
- Kərbəlayı Qasım, tez get atı çək gətir, naçalnik baxsın.
Kərbəlayı Qasım qaçdı və tövlədən atı çıxartdı eşiyə. Naçalnik, pristav, Qurbanəli bəy, pristavların biri və xanımların biri getdilər atın yanına. Qurbanəli bəy ata yavıqlaşıb başladı atın alnını tumarlamağa. Naçalnik keçdi atın dalına, sonra keçdi qabağına və istədi ağzını açıb dişlərinə baxsın. At başını göyə qalxızıb çəkildi bir tərəfə. Qurbanəli bəy çığırdı ata:
- Tərpənmə, axmaq!
Naçalnik genə çəkildi atın dal tərəfinə. Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı və naçalnikə dedi:
- Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax bu il dördünə ayaq qoyur.
Naçalnik yavığa gəlib əyildi və başını uzatdı atın ağzına. At genə başını qovzadı göyə. Qurbanəli bəy hirslənib istədi atın ağzından bir yumruq vursun. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. Kərbəlayı Qasım asıldı noxtadan və çığırdı:
- Buna bax, ha!
Sonra naçalnik Kərbəlayı Qasıma dedi ki, bir az atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Heyvan Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdən bir o tərəfə-bu tərəfə baxıb kişnəyirdi.
Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnikin üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. At durduğu yerdə bir neçə arşınfasiləni sıçrayıb, üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdənn itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırışıb qaçdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi:
- Moladets – və bəy cavab verdi:
- Naçalnik, bu nədi ki! Hələ sən mənim o biri atımı görməmisən. Bəlkə onu görəsən! Bu nədi ki, onun yanında.
Kərbəlayı Qasım atı çəkib apardı.
Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Saat on bir də qonaqları genə dəvət elədilər xörəl otağına və genə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü çaxır butulkasını və başladı əvvəl öz stəkanını, sonra qonşularının stəkanını doldurmağa və sonra ayağa durub stəkanı uzatdı pristavın arvadına tərəf və dedi:
- Bu gün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza.
Bu sözləri deyib, naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırı içib oturdu. Yavuqda oturanqonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və içdilər. Qurbanəli bəy də yerindən qalxıb, dolu stəkanını götürüb vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi:
- Mən özüm bugün xoşbəxt hesab eləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləmisən. Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim. Ondan ötrü ki, bilmirəm nədəndirsə keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma beş-on il bundan irəli burda bir pristav vardı; çox lotu oğlan idi. Mənə bir tula bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamımızı sağ eləsin. İçirəm mən sənin sağlığına, a xanım, urra!
Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı çöndərib ağzı yerə tərəf tutdu ki, görsünlər stəkanda bir qətrə də şaxır qalmayıb və keçib oturdu yerində. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşularının stəkanlarını doldurub üzünü naçalnikə tutdu və dedi:
- Mən özümü borclu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib məni sərəfraz buyurursunuz.
Sözlərini deyəndən sonra xanım fincanını tutdu dodaqlarının qabağına. Qonaqlar da stəkanlarını uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan gəlib durdu naçalnikin yanında və dedi:
- Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib dedib, mən onların heç birini o qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər ki, bizim mahalda camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər ki, mən sağam nökərəm sənə. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Urra!
Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına, stəkanın ağzını çöndərdi yerə, guya bir qətrə də qalmadı; sonra gedib oturdu yerində.
Qonaqlar genə məşğul oldular yeməyə.
Bir qədər keçəndən sonra xanımın əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşularının stəkanını doldurdu və sonra ayağa durub dedi:
- Ağalar və xanımlar! Məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qonşularımız olacaq. Buna cəhət mən içirəm bu stəkanı bizim qonşularımızın əfsəri Nikolay Vasilyeviçin və onun xanımı Anna İvanovnanın sağlığına.
Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar da habelə stəkanlarını çaqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanını uzatdı əfsərə və arvadına tərəf dedi:
- Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər! Bu xəncəli mən soxaram onun qarnına! Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç bir kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım, urra!..
Bəy çaxırı çəkdi başına.
Bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy dururdu ayağa, hərənin barəsində bir nitq söyləyir, bir dolu stəkan içirdi və otururdu. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına və lap axırda bəy bərk kefləndi.
Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə. Xanımlar bir-bir stəkanlarını uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən getsin. Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanı yuxarı qalxızıb dedi:
- Ağalar və xanımlar! Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Amma, ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınızı sabah öz evimə qonaq təklif eləyirəm. Vallah, billah, atamın goru haqqı, mən bilmirəm necə sizin xəcalətinizdən çıxım?! Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağının torpağı da ola bilmənəm. Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm, ay xanım, səndən də təvəqqə eləyirəm. Anna İvanovna, qurban olsun sənə mənim canım, səndən də təvəqqə eləyirəm. Ağalar, xanımlar! Hamınızdan təvəqqə eləyirəm. Hər kəs gəlməsə, namərddi. Aman dünüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra!.. Urra!..
Bəy stəkanı çəkdi başına. Naçalnik siğarı damağına salıb, üzünü tutdu pristavın xanımına və dedi:
- Gələsən sabah qonaqlığa gedək, Qurbanəli bəyə qonaq olaq? – Xanım baxdı ərinin üzünə və dedi:
- Mən çox xoşhallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm necə paltar geyir.
Əfsər də arvadından soruşdu:
- Gedərsənmi? – Arvadı dedi:
- Gedərəm.
Qonaqların biri də dedi ki:
- Əgər bəy bizə bir yaxşı müsəlman plovu versə, gedərəm.
Qurbanəli bəy plov sözünü eşitcək tez qalxdı ayağa və çığırdı:
- Necə plov? Atamın goru haqqı, sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşpazım bişirən plovu kim bişirə bilər? İnanmırsınız Kəblə Qasımdan soruşunuz. Hanı Kəblə Qasım, Kəblə Qasım!
Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa; guya ki, Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki:
- Çağırın o axmaq oğlunu gəlsin.
Nökər çıxdı getdi və bəy özü də qapıya tərəf yeridi. Pristavın arvadı bəyə dedi ki:
- Sən zəhmət çəkmə, nökərlər çağırırlar gələr.
Bəy genə başladı plovu tərifləməyə.
- Mən siznən mərc gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə.
Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi:
- A bəy, söz yox ki, evdəki tərifli atını da bizə görsədərsən.
Qurbanəli bəy naçalnikə yavıqlaşıb hər iki əllərini qoydu gözünün üstə və dedi:
- Bu gözlərim üstə, hansını bəyənsən, peşkəşdi. Lotu lotuyana deyirəm, mən təzvir-məzvir bilmənəm. Hansını xoşlasan, atamın goru haqqı peşkəşdi sənə.
Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərinin dəstəsindən yapışıb dedi:
- Get, o haramzada oğlu haramzadaya de ki, bu saat durub bura gəlməsə, bu xəncəli gedib soxaram onun qarnına!
Nökər çıxdı eşiyə. Pristavın arvadı bəyə üzünü tutub dedi:
- Niyə bişarə kişini oyadırsan? Nəyə lazımdır?
Bəy cavab verdi:
- Ay xanım, başına dolanım, necə nəyə lazımdır? Ağzı nədi bu tezliklə yatsın. Qoy gəlsin görək kimin hünəri var mənim aşpazım bişirən plovu bişirsin?!
Qonaqlar genə gülüşdülər.
Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib, girdi içəri. Ağası genə əlini xəncərin dəstəsinə aparıb dedi:
- Kəblə Qasım, mən səni öldürərəm!
Qonaqlar genə gülüşdülər.
Kərbəlayı Qasım əllərini döşünə qoyub, alçaq səslə dedi:
- Niyə, başına dönüm, ağa?
Bəy hirsli və uca səslə:
- Hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim Əli bi.irən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar.
Kərbəlayı Qasım alçaq səslə cavab verdi:
- Bəli, ağa, Əli yaxşı plov bişirir.
Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi:
- Di, gördünüz? Di, gördünüz? İndi sözünüz nədi?
Qonaqların çoxusu cavab verdi:
- Doğrudu, doğrudu, inanırıq.
Kərbəlayı Qasım çıxdı eşiyə.
Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdən bir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi:
- Bu xəncəli soxaram sənin qarnına!
Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi:
- Niyə, başına dönüm, ağa?
Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi:
- Kimin hünəri var Əli bişirən plovu bişirsin?!
İki saatdan sonra ağa və nökər yetişdilər kəndə. Kəndin içindən üç-dörd köpək hürə-hürə hücum çəkdilər Qurbanəli bəyin üstünə. At hürküb özünü verdi bir tərəfə, az qaldı bəyi salsın yerə. Qurbanəli bəyin börkü düşdü yerə və Kərbəlayı Qasım özünü atdan salıb ağasının börkünü qalxızıb verdi bəyə. Qurbanəli bəy xəncərini sıyırıb, atını sürdü itlərin üstünə. İtlər başladılar qaçışmağa.
Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib, xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi:
- Əli, bu xəncəli soxaram qarnına!
Nökəri cavab verdi:
- İxtiyar sənindi, ağa!
Sonra bəy atdan yenib girdi həyətə və pilləkəni qalxıb girdi otağa. Bəyin qaravaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi:
- Ay ağa, nə gec gəldin? Xanım səndən ötrü çox niyaran oldu.
Bəy xəncərin tiyəsini arvada göstərib dedi:
- Gülpəri, bu xəncəli soxaram sənin qarnına!
Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib, gördü ki, arvadı paltarlarını soyunmamış dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O, xəncərin tiyəsini arvadının üstünə qalxızıb dedi:
- Bu xəncəli soxaram sənin qarnına!
Arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana, bir az su içdi və uzandı yerinə.
Bəyi yuxu tutdu.
Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb; yavaşca paltarını geyib çıxdı eşiyə. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub, arpa təmizləyirdi ki, aparıb versin atlara.
Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samavara kömür salırdı. Həyətin bir tərəfində toyuq-cücələr dən yeyirdilər və sərçələr hərdən bir dəstə ilə toyuq-cücələrin yanına yenib başlayırdılar dənlərdən yeməyə; amma bir səs eşitcək genə dəstə ilə qalxırdılar tut ağacına.
Qaravaş xanımı görcək əlində süpürgə getdi xanımın yanına, salam verdi. Xanım gözlərini ova-ova soruşdu ki, bəy nə vaxt gəlib yatdı? Qaravaş cavab verdi ki, gecədən çox keçmişdi ki, gəldi. Xanım Kərəblayı Qasımı çağırdı. Kərbəlayı Qasım tövlədən çıxıb tez gəldi və baş yendirib durdu xanımın qabağında. Xanım Kərbəlayı Qasımdan soruşdu ki:
- Niyə belə gec gəldiniz? – Kərbəlayı Qasım cavab verdi:
- Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik. – Xanım genə soruşdu:
- Pristavın qonağı çox idimi? – Kərbəlayı cavab verdi:
- Bəli, xanım, çox idi. – Xanım soruşdu:
- Kim idilər qonaqlar? – Kərbəlayı Qasım cavab verdi:
- Ay xanım, nə bilim, bir çoxlu böyük adamlar idi. Çoxlu xanım idi. Naçalnik özü də orada idi. Çox adam vardı. – Xanım genə soruşdu:
- Kəblə Qasım, xanımlar da elə kişilərnən bir yerdə oturmuşdular, ya ayrı oturmuşdular? – Kərbəlayı Qasım cavab verdi:
- Yox, elə hamısı qarışmışdı bir-birinə.
Qaravaş bu sözləri eşitcək öz-özünə dedi:
- Bıy, aman allah!
Xanım oturdu pilləkənin pilləsinin üstündə, Kərbəlayı Qasımı bir az yavığa çağırdı və dedi:
- Sən allah, Kəblə Qasım, nağıl elə görək qonaqlıq necə keçdi, qonaqlara nə verdilər, ağan nə qayırırdı, kimnən danışırdı, nə danışırdı? Sən allah, Kəblə Qasım hamısını nağıl elə.
Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzının və burnunun suyunu sildi. Tövlədən atlar başladılar bir-birinin üstünə çığırışmağa və Kərbəlayı Qasım üzünü tövləyə tərəf tutub çığırdı:
- Buna bax ha! – Xanım genə Kərbəlayı Qasıma dedi:
- Sən allah, Kəblə Qasım, nağıl elə, görək.
Kərbəlayı Qasım cavab verdi:
- A xanım, dəxi nə deyim? Çox qonaq vardı. Nəçəlnik də orda idi.
Xanım genə Kərbəlayı Qasımdan soruşdu:
- Kəblə Qasım, urus arvadları bə kişilərnən nə danışırdılar? – Kərbəlayı Qasım cavab verdi:
- Xanım, mən nə bilim ki, nə danışırdılar? Mən onların axı dilini bilmirəm ki?
Xanım genə soruşdu:
- Kəblə Qasım, doğrusunu de görək, ağan da urus arvadlarıynan danışırdımı?
Kərbəlayı Qasım genə üzünü tövləyə tutub, şığırdı atların üstünə və xanıma cavab verdi:
- Ağam urus arvadlarıynan az danışdı; amma nəçəlniknən çox danışdı.
Aşpaz Əli samavarı gətirdi və çıxarıb qoydu pilləkənin üstə. Qaravaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünə və samavarı qalxızıb apardı evə. Aşpaz Əli yenib durdu xanımın qabağında və soruşdu:
- Xanım, du gün nə bişirim?
Xanım qaravaşı çağırıb dedi:
- Bə Qurbanəli bəy gecə demədi ki, nə bişirək?
Qaravaş əlində çay qabı xanımın yanına gəlib cavab verdi:
- Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün. – Xanım təəccüb elədi və dedi:
- Yaxşı, yaxşı, elə danışma! Dəli olmamısan ki!
- Vallah, a xanım, ağam evə girən kimi xəncəlini çıxartdı və mənə dedi: “xəncəlnən səni öldürərəm!”
Xanəm bir qədər dinmədi və üzünü tutdu Kərbəlayı Qasıma:
- Kəblə Qasım, ağan niyə hirslənmişdi?
Kərbəlayı Qasım cavab verdi:
- Ağam heç zada hirslənməmişdi. Ancaq kəndə yetişəndə köpək oğlunun itləri töküldülər üstümüzə və atlarımızı hürkütdülər.
Xanım durdu ayağa və dedi:
- Kəblə Qasım, yəqin ağan genə keflənmişdi. – Kərbəlayı Qasım cavab verdi:
- Xeyr, keflənməmişdi.
Xanım girdi içəri və yavaşca Qurbanəli bəyin yanına yavıqlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə və aşpaz Əliyə on altı qəpik verib dedi:
- Əli, get, iki girvənkə ət al gətir, boşbaş pişir!
Əli pulları aldı və dedi:
- Baş üstə.
Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə.
* * *
Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım oturmuşdu tut ağacının dibində və hərdən bir daş götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu və hərdən bir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasmın yanına və başladı tutları seçib yeməyə. Bir az keçdi xanım da gəldi bunların yanına və başını qalxızıb, bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, bir az tut silkələyib töksün. Qaravaş evdən bir çarşov gətirdi. Aşpaz Əli də bunların yanına gəldi və dedi:
- Siz çarşavı tutun, mən çıxım silkələyim.
Əli çıxdı ağaca. Xanım, qaravaş və Kərbəlayı Qasım çarşovu tutdular və Əli ağacın budağının birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldü çarşova. Budağa bir-iki təpik vurandan sonra Əli qaxdı bir aaz da yuxarı. Ağacın başından kəndin ətrafı əl içi kimi görünürdü. Bir tərəfdə düzülmüşdülər “Sapıç” dağları, dağların ətəyində “Sapıç” kəndi aşikar görünürdü. Kəndin aşağısında “Əhəmdxan gölü” ağarırdı. Gölün yanında hacı Heydərin dəyirmanı meşəsi daha da açıq görsənirdi. Dəyirmandan “Qapazlı” kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri. Bax, görürsən, gah burada, gah orada kotanlar və cütlər şum yerləri sürürlər.
Həmin tamaşagaha bir qədər nəzər salandan sonra Əlinə gözünə bir belə şey də sataşdı: hacı Heydər dəyirmanının yanında kəndə sarı bir dəstə atlı gəlirdi. Əli əvvəl buna qulaq asmadı və başladı budağın birini silkələməyə. Amma sonra genə diqqət saldı və gördü ki, atlılar kənd əhlinə oxşamırlar. Bunu görüb, Əli üzünü tutdu aşağı və dedi:
- Kəblə Qasım, kəndə çoxlu atlı gəlir; amma kəndliyə oxşamırlar.
Kərbəlayı Qasım, xanım və qaravaş bir qədər baxdılar bir-birinin üzünə. Xanım dilləndi:
- Kəblə Qasım, çıx aşpazxana damına, gör neçə atlıdılar?
Kərbəlayı Qasım gedib qalxdı alçaq divara, oradan qalxdı aşpazxana damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa.
Kəndin yavığında Kərbəlayı Qasımın gözünə əvvəl iki atlı göründü. Bunlar atlarını bərk çapırdılar. Dəxi bunlardan savayı yolda bir şey görünmürdü. Amma bir qədər keçdi, “Mərəzə”nin yanında söyüd ağaclarının dalından bir dəstə atlı çıxdı. Bunların içində naçalnik və pristavların düymələri və xanımların şlyapaları aşkar bilinirdi Kərbəlayı Qasım tez yendi aşağı, qaçıb gəldi xanımın yanına və tövşüyə-tövşüyə dedi:
- Xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlardı. – Xanım çarşovun ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma yavıq və dedi:
- Dünənki qonaqların burda nə işləri var?
Kərbəlayı Qasım əllərini qoydu bir-birinin üstünə və cavab verdi:
- Mən nə bilim, a xanım?
Bu heyndə küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tappıltısı. Və bir az keçdi, küçə qapısı döyüldü.
Xanım qaçdı içəri və pəncərədən içəri baxıb gördü ki, küçə doludur atlılarla; hamısı rus qulluqçuları və rus xanımları. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib dayanıb qapıya.
Xanım tez qaçdı eşiyə və Əlini çağırıb dedi:
- Get, de ki, ağa evdə deyil.
Əli qaçdı küçə qapısına və xanım qaçdı evə. Qurbanəli bəyi oyatdı. Bəy “a... a...” eləyib çöndü o biri səmtə, arvadı dedi:
- A kişi, dur, dünənki qonaqlar gəliblər bizə.
Qurbanəli bəy genə “a... a...” eləyib gözlərini açdı və arvadına dedi:
- Cəhənnəm ol! – və genə gözlərini yumdu.
Arvadı genə dedi. Qurbanəli bəy göxlərini açıb, qalxdı oturdu və soruşdu:
- Nə deyirsən?
Arvadı sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəfinə-bu tərəfinə, arvadına dedi:
- Qoy desinlər ağa evdə deyil.
Arvadı genə qaçdı eşiyə və bəy mələfəni götürüb çarşav kimi saldı başına, çıxdı həyətə, qaçıb soxuldu tövləyə və girdi atın axuruna.
Nökərlər qonaqlara dedilər:
- Ağa evdə deyil.
Naçalnik bu cavabı eşidib təəccüb elədi; habelə qeyri qonaqlar mat qaldılar. Kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxardıb papirosunu yandırdı və nökərlərdən soruşdu:
- Bəy hara gedib ki, evdə deyil? – Nökərlər cavab verdilər:
- Bilmirik.
Naçalnik bir qədər dinməyib genə soruşdu:
- Bəs o ki, özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırdı?
Nökərlər cavab verdilər ki:
- Bilmirik.
Xanımların biri bir stəkan su istədi. Kərbəlayı Qasım qaçdı evdən kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki:
- Dəxi niyə dururuq, qayıdaq gedək.
Naçalnik də buna razı oldu; amma Kərbəlayı Qasıma üzünü tutub soruşdu:
- Bəyin atları tövlədədir?
Kərbəlayı Qasım dedi:
- Bəli.
Bu heyndətövlədə atların biri başladı kişnəməyə. Naçalnik yoldaşlarına belə təklif elədi:
- Çox əcəb. Biz bu qədər yolu zəhmətlə gəlmişik; barı heç olmasa bəyin atlarına baxaq, sonra qayıdaq.
Yoldaşları razı oldular. Naçalnik genə Kərbəlayı Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım dedi:
- Buyurun!
Naçalnik, iki pristav, mal həkimi, xanımların ikisivə kazak əfsəri girdilər həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb, qaçdı soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi:
- Bu helə bəyin dünənki atıdır.
Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib Kərbəlayı Qasından soruşdu:
- Budurmu bəyin tərifli atı? – Kərbəlayı Qasım dedi:
- Bəli.
Qonaqlar başladılar atın o tərəfinə-bu tərəfinə dolanmağa. Naçalnik axura tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Axura yavıqlaşan kimi naçalnik dik atıldı və çığırdı:
- Ax, çort vozmi!
Axurun içində guya kəfənə bürünmüş bir çey naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdü. Bunu görcək naçalnik çəpik çalıb, qəh-qəh çəkib güldü və dedi:
- A... a... a... rəfiq, sən burda imişsən!!..
Qonaqlar da bir-bir gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda.
Qurbanəli bəy yerindən heç tərpəşmədi.
Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə.