Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Siraclı Natəvanın “Qorxu” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Bu hekayə bütün qorxuları ilə üzləşmiş, artıq heç nədən qorxmayan bir qadının hekayəsidir. Bu mənim hekayəmdir. Həyatımda yaşadığım unudulmaz yüz günümdən danışacağam.
Sentyabr ayı idi. Yayın isti günlərini payızın həzin küləyi ilə yola salırdıq. Karantinin ağır günlərini yenicə geridə qoymuşduq. Kirayə tutduğumuz evə köç edib ora alışmağa çalışırdıq. Ayın iyirmi biri günü yoldaşıma atası zəng edib tez rayona çağırdı. Hamımız bərk sarsıldıq. Çünki heç vaxt belə bir şey baş verməmişdi. Elə bil bir-birimizi axırıncı dəfə görürükmüş kimi bəm-bərk qucaqlaşdıq.” Qorxma, gedib gələcəm.” -deyib, uşaqları mənə, məni də Allaha əmanət edib getdi. O yüz günün ilk günü elə o an başladı. Sonra əlaqə kəsildi, səssiz-səmirsiz bir həftə gəldi, keçdi. Kimə, nəyə inanacağımızı bilmirdik. Sanki donmuşduq. Axı nə baş verirdi, heç nə anlaya bilmirdik. Ayın iyirmi yeddisi bütün televiziya və radiolar elan verdi ki, artıq müharibə başlayıb. Ardınca da tanımadığım bir nömrədən zəng gəldi: “Ola bilsin ki, bir də görüşmədik. Haqqınızı halal edin. Biz gedirik”. Gözlərimi yumdum, göz yaşlarım üzümdən süzülüb düşdü. Açanda isə atasının zəng elədiyini eşidib sevinən övladlarımı gördüm. Bu zəng bizə sevinc yerinə ancaq kədər gətirdi. Elə bilirdim ki, karantində keçirdiyimiz işsiz, gücsüz çətin günlər bizim ən pis vaxtlarımız idi. Necə də yanılmışam. Sən demə, ən xoşbəxt günlərimizmiş, qayğılı, amma birgə. İndi isə bizə lazım olan nə ev, nə pul, nə da ki iş idi. Yalnız tək bir can, bir quru nəfəs idi. Övladlarıma ata, anasına oğul, mənə isə yoldaş idi...
Günlər bir-birini qovalayırdı. Xəbərsiz keçən hər bir saat bizim üçün bir ilə bərabər idi. Hər an sanki şəhid xəbəri gələcəkmiş kimi qorxu içində gözləyirdik. O, gedən gündən bəri bizi tərk etməyən tək şey göz yaşlarımız idi. Bəzən ümidlər belə bizi tərk edirdi. Günlərlə, bəzən də həftələrlə bir zəng gəlmirdi. Gözümüzü telefona zilləyib durmuşduq. Bir neçə gün sonra zəng gəldi. Gecə saat on ikiyə işləmişdi. Özü odun-alovun içində ola-ola bizim qayğımıza qalırdı. Arxadan gələn atışma səsi məni qorxutmasın deyə, tez-tez söhbəti dəyişir, ancaq da qızını soruşurdu. “Qızımın gülüşü, qızımın səsi...” zəng kəsilir. Yenə xəbərsiz günlər bizi gözləyirdi. Müharibənin bitməyinə iki gün qalmış zəng gəlir: “Biz yenə ağır döyüşə giririk, uşaqlardan muğayat ol. Haqqınızı halal edin. Sizi sevirəm...” - deyir.
Hər kəs təskinlik verir, amma nə fayda. Qəlbim param-parça, ağlımdakı suallar məni tərk etmir. Uşaqlara nə deyərəm? Necə baxaram anasının üzünə? Axı nə asandır başqasının balasını fəda etmək, nə asandır başın sağ olsun demək... Ağlımda isə ancaq bu dolanır, ölsə şəhid qalsa qəhrəmandır...
Müharibənin bitməsi hamıda fərəh, sevinc hissi yaradır. Bizim isə bir yanımız gülür bir yanımız ağlayırdı. Bəzən o qədər gec zəng edirdi ki,ağlımıza ola biləcək hər şey gəlirdi. Zənglərin ardı-arası kəsilən günlərdən birində Müdafiə Nazirliyi rəsmi olaraq şəhidlərin siyahısını paylaşdı. Bütün gecəni səssiz hıçqırıqlarla siyahıda adını axtarmışam. Bunun necə bir hiss olduğunu yaşamayan heç kəs bilə bilməz.
Keçirdiyimiz bu əzab dolu günlərdə hər kəs təskinlik verir, yanımda olmağa çalışırdı. Amma təkcə atamın sözləri heç vaxt ağlımdan silinməz.
“Ağlama, qızım, ağlama. Göz yaşı qəm gətirər. Möhkəm ol ki, uşaqların da, yoldaşın da sənə baxıb yaxşı olsunlar. Özün də bilirsən ki, Kamran namaz qılmaqdan, pislikdən çəkinməkdən başqa bir şey etməyib. Odun, alovun içində yenə də namazını qılır. Allah onu qoruyar. Ağlama qızım...”
Salamat olduğu üçün Şükr edib, ümidlə yolunu gözlədiyim doxsan səkkizinci gün zəng gəldi.” “Evə qayıdırıq”-dedi. Sevinclə gəlişinə hazırlaşdıq. Gəlişi yüz gün çəkdi. Qayıdacam demişdi, nə atalığını, nə də oğulluğunu yarımçıq qoymadı. O, bizə odun alovun içindən sağ-salamat qayıdıb gəldi. Bu yüz günün ən şirin xatirəsi, uşaqların atasını bərk-bərk qucaqlayıb öpməyi oldu.
Həyatda ən çox qorxduğum şey müharibə idi. Nədən qorxsan başına gələrmiş. Qorxun gözündə böyüyər, sən isə kiçilərsənmiş. Mən müharibənin gətirdiklərindən savayı ən çox da apardıqlarından qorxuram. Mən bu hekayədə təkcə əsgər ailəsi deyiləm, şəhid anasıyam, şəhid bacısıyam. Ağlamağa taqəti olmayan, amma göz yaşlarında dünyanı boğmağa qadir olan şəhid atasıyam. “Mənim atam niyə öldü?” - deyə hayqıran uşağam, atasız doğulan neçə-neçə körpəyəm. Hər şeydən bixəbər oynayarkən, üzərinə raket düşən, bütün arzuları özü ilə birgə parça-tikə olan qızcığazam. Mən bu hekayə də arzuları puç olmuş yüzlərlə bəlkə də minlərlə insanam...