Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi
12 dekabr 2024
# 15:00

Kulis.az Aydın Talıbzadənin "Qırmızı vedrə" adlı yeni hekayəsini təqdim edir.

Arvadım rəfiqəsigilin bağına gedib: Bilgəhə gedib. Bazar günü gedib. Səhərin ala-qaranlığından gedib.

Gedərkən yuxumu barmaqlarıyla aralayıb başını soxdu içəri, dedi ki, “axşam saat doqquz tamamda gələrsən metronun Koroğlu stansiyasına, girəcəkdə dayanıb gözlərsən məni: əlim ağır olacaq, bağdan əncir gətirəcəyəm mürəbbə bişirməyə”.

Dedi və xırp səsini kəsdi.

Sonra dırnaqları ilə yuxumun üz-gözünü cırmaqlayıb qanatdı: sonra tələsdi, yel olub əsdi, sonra da arxasıyca qapını bərkdən çırpdı.

Elə çırpdı ki, bina səksənib bir anlığa silkələndi, heç nə mənsimədi, təəccübləndi və qulaqlarını sükuta sallayıb təkrar yatdı.

Dünya batdı.

Mənsə ayıldım, amma yatağımdan bir müddət qalxmadım, divarlarda, tavanda qaçmış yuxumun ləpirlərini axtardım; tapmadım.

Səhər ötüşdü, günorta sürüşdü, axşam göydən düşdü.

Saat səkkizin yarısıdır, arvadımı qarşılamalıyam: gərək gecikməyəm. Ona görə də evi erkən tərk eləyirəm: qapını qıfıllayıram, açarları atıram cibimə, yol alıram düz metroya. Rahatam. Belə yavaş-yavaş, heç nə fikirləşmədən, bir ayaq-bir ayaq, nəzərlərimi ora-bura fırlada-fırlada addımlayıram.

Şər qarışır. Şəhər ağır-ağır nəfəs alır, qaranlığa, siqaret tüstülərinə alışır, açıq səma altında yorğansız-filansız yatmağa hazırlaşır, bazar günü ilə vidalaşır.

Mənsə pambıq kimiyəm, içiboş bambuk kimiyəm: heç nə vecimə deyil; hərdən xəfif bir meh yanaqlarımı, əllərimin üstünü tula kimi yalayıb ötüşür. Yay hələ getməyib, payız hələ gəlməyib: nə istidir, nə soyuq; mülayim, küləksiz hava var, bir az da nəmişlik. Küçələri şərf kimi boğazımdan aça-aça bir də görürəm ki, metro mənə gülümsəyir. İşıqlar uzun-uzun caynaqlarını saçlarıma sancıb onları ehmalca darayır. Uşaq kimi sevinirəm.

Şükür, çatdım.

Metro şəhərin lay şüşəli nağıllar mağarasıdır: haradasa böyüklər üçün Disneylənd variantıdır; ağzını geniş açıb insanları nəhəng kukla əjdaha kimi diri-diri udur, bir az gəzdirir, qarnında çalxalayır, axırda da təzədən qusur bayıra: asfaltı adamlarla kirləndirir.

Eskalatorla yeraltı dünyaya enirəm. Perronda sərnişinlər təkəm-seyrəkdir: əksəriyyət üzü divara dayanıb öz marşrutunu bir də yadına salır. Məktəbli vaxtımdan mənim bir nömrəli əyləncəm olub metro: orada həmişə kayf tutmuşam.

Dərsdən qaçardım, metroda sığınacaq bulardım: xoşuma gələn gözəl qızların arxasınca düşüb onların getdiyi stansiyalara qədər elə-belə, marağa gedərdim, qayıdardım: heç birinə sataşmazdım, söz atmazdım. İndi metro mənim muzeyim olub: o zamanlar gözaltı elədiyim qızların şəkillərini hərdən görə bilirəm vaqonların pəncərələrində və təəccüblənirəm ki, niyə onlar hələ də gənc qalıblar.

Çox çəkmir ki, qatar gəlir, tələsmədən vaqona minib əyləşirəm. Təptəzə vaqonlar işım-işım işıldayır: təchizat əladır; dəniz dalğası rəngində oturacaqlar tərtəmizdir, nikel tutacaqlarsa güzgü səthi kimi cilalıdır. Elə bu dəm incə, parıltılı, laklanmış bir qadın səsi vaqona əlvan, şən sabun köpükləri kimi dağılır:

- Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya 28 may.

Qatar yavaşca tərpənir, relslərə dirəşə-dirəşə sürət yığır, yırğalanır, coşur, irəliyə şığıyır.

Nə yaxşı ki, evdən çıxdım, yoxsa ürəyim lap qubar bağlamışdı, Allah arvadımdan razı olsun... Allah onun rəfiqəsindən də razı olsun... Allah əncirdən də razı olsun...

Ətrafda dinib-danışan gözümə dəymir: hamı elə bil ilbizə dönüb, qınına çəkilib, özünə qapılıb. Amma inanmıram ki, kimsə nəsə düşünə. Metro fikirləri toparlamağa imkan vermir: vaqonlarda izafi insan enerjisi yığılır deyə, orada həmişə bir gərginlik yaranır; hamı elə bil içinə bir yumruq qoyur metroya enəndə. Çünki hər bir adam altşüur səviyyəsində metrodan qorxur, ehtiyatlanır, bunu boynuna almasa da. Axı, metro da, zirzəmi də haradasa potensial qəbir variantlarıdır: yerin altı isə hər zaman soyuqdur, yaşdır, qaranlıqdır. Bəlkə də ona görə metroda heç kim heç vaxt dalaşmır bir-birilə. Şəxsən, mən bir dəfə də rast olmadım bu sayaq davranışlara. Hm, doğrudan, qəribədir. Qəfildən gözüm sataşır iki sevgiliyə: yanaqlarını bir-birinə toxundurub sanki quruyublar vaqonun künc oturacağında: elə bilirlər qatar onları cənnətə aparır.

Bir də eşidirəm ki, 28 maya varid olmuşuq. Bu stansiyanın perronunda adam daha çoxdur: qapılar açılan kimi camaat tələsik doluşur içəri. Əlində boş vedrələr tutmuş orta yaşlı, arıq, çevik davranışlı, qarasaqqal bir kişi qarşı tərəfdə mənimlə üzbəüz mürgü döyən birisinin yanında özünə yer eləyir: iri alüminium vedrələri qoyur vaqonun döşəməsinə ayaqları arasına, qırmızı kapron vedrənisə dizləri üstündə rahatlayıb qucaqlayır. O dəqiqə anlayıram ki, bu Allah bəndəsi kənd avtobuslarına minmək üçün “Koroğlu” stansiyasına gedir. Amma hansı kəndə? Bunu təxmin etməyə bəsirətim çatmır təbii...

- Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya Gənclik.

Elə ki qatar perronu tərk edir, kişi həməncə qırmızı kapron vedrəni götürüb keçirir başına, qollarını sinəsində çarpazlayıb daş heykələ dönür. Dəlidir, yoxsa bizimlə məzələnir? Bilmirəm. Hamı məəttəl-məəttəl çönüb baxır ona sarı. Bu nə hoqqadır? Heç kəs qımıldanmır. Qatar getdikcə gedir, sürət yığır, cüyüldəyə-cüyüldəyə yetişir Gəncliyə, dayanır: dayanan kimi də kişi kapron vedrəni başından çıxarır, salavat çevirirmiş kimi üç dəfə şəvə saqqalını barmaqları ilə tumarlayır və matdım-matdım, qəribə bir gicbəsər mimika ilə, sarsaq təbəssümlə, Aydan gəlmiş yadplanetli qismində tamaşa eləyir vaqona minənlərin sifətinə.

- Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya Nəriman Nərimanov.

Bunu eşitcək kişi təzədən qırmızı vedrəni papaq kimi qafasına geyinib şoqquyur. Zəif fıştırıq səsi eşidirəm. Kimlərsə bir-birini dümsükləyib tanışlarının diqqətini kişiyə yönəldirlər. Qapıya söykənmiş cavan oğlanlar yüngülcə, yəqin ki, rişxəndlə qımışırlar. Böyrümdə əyləşmiş şıq geyimli xanım qəfildən acıq, hikkə, etiraz püskürür vaqonun atmosferinə:

- Gərək bundan sonra metroya minmək üçün də sağlamlıq haqqında arayış tələb eləyələr. Bu qədər camaatın içində hər cür xəstələr gəzir. Pandemiya elə burdan əmələ gəlir də... metrodan... Buna baxın bir, – əlini saqqallıya sarı uzadaraq, – bu kimdi belə, cındırından cin hürkür, hələ bir meymunluq da eləyir, cavanlara tərz öyrədir. Onun həddi nədir ki, ictimai yerdə fit çalsın? Bu nə saymazyanalıqdır?

Birdən ucaboy çəlimsiz gənc bir qız şıq geyimli xanıma sarı çevrilib sözləri maqqaşlaya-maqqaşlaya, təmiz, aydın tələffüzlə, aşırı təmkinlə, bir natiq ədası ilə aram-aram danışır:

- Xala, salam! – Bir anlığa susur: şıq geyimli xanımın ona reaksiya verməyəcəyini yəqinləşdirib lütfkarlıqla əlavə edir: – Axşamınız xeyir! – Sözün saçını dartıb uzadır. – Necəsiniz? – Cavab gözləyirmiş kimi yenə pauza götürür. – Hər şey qaydasındamı? Əsəbiləşməyin. Nə üçün narahat olursunuz? Bəlkə o filosofdur, bəlkə üç meymunu bir vedrə altında tutub dünya tamaşasından imtina edir. Aman verin, ömrünü yaşasın: görün, – ovcunu açıb barmaqlarını kişiyə sarı aşırı bir nəvazişlə tuşlayaraq, – o necə sadə bir yolla hamının diqqətini özündə fokuslayır, bizə xoş bir təbəssüm bağışlayır, fərqli görünməkdən qorxmur, – vaqondakılara müraciətən, – ay camaat, hətta bu insan alqışlanmağa belə layiqdir.

Qız üzünə yalançı bir təbəssüm qondurub əl çaldı. Bir neçə cavan adam da ona qoşuldu. Alqış alınmadı: ritmsiz şap-şuplar palçıq kimi vaqonun divarlarına sıçradı. Sərnişinlərin əksəriyyəti bir-birilərinə şübhəli-şübhəli baxmağa başladılar: bir anlığa elə güman etdilər ki, ya onları Bakı metropolitenində qara basır, ya da şeytan balaları tamaşa oynayırlar.

Bu dəm şıq geyimli qadın xalis nəzakətdən yoğrulmuş qəfil etirazın, “xala” kəlməsilə onun yaşına edilən ironik eyhamın şokundan ayılıb qurcalandı: ağzını açıb qıza təpinmək istəyirdi ki, qatar Nərimanov stansiyasının nuruna qərq oldu. Kişi vedrəni qafasından götürüb qucağına aldı. Ucaboy çəlimsiz gənc qız da perron əhlinə qarışıb “əridi” və bir daha görünmədi. Nədənsə şıq geyimli qadın da dilinin ucuna yığılmış sözləri daha demədi: qaytarıb uddu; güman ki, qarasaqqal vedrə sahibinin üzünə naqolay nəsə söyləməyə cəsarəti çatmadı. Bu ara bizim vaqona vur-tut beş-on nəfər ya minmişdi, ya minməmişdi...

- Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya Ulduz.

Diktor xanım cümləsini bitirən andaca kişi qırmızı kapron vedrəni yenidən qafasına keçirib donur. Bu dəfə mən onu gürcü rəssamı Niko Pirosmaninin qəhrəmanlarına oxşadıram. Qatar perrondan sivişib fitilləyir üzü “Ulduz”a sarı. Vaqona təzəcə daxil olmuş cavan sərnişinlərdən biri telefonunu yandırıb bu tipin həm şəklini çəkir, həm də görüntüsünü videoya alır. Sonra digər sərnişinlər də ürəklənib qafasını vedrə içində gizlətmiş kişinin fotosessiyasını düzəldirlər.

Vaqon şənlənmişdi elə bil: gərginliyi, ciddiliyi azalmışdı; kimlərsə gülümsünürdü, kimlərsə yavaşdan zarafatlaşıb məzələnirdi. Hamı bir-birilə mehribanlaşmışdı sanki: doğma olmuşdu.

Amma bu, şıq geyimli qadının heç xoşuna gəlmədi: o, qalxdı ayağa, yaxınlaşıb az qala sifətini dirədi vaqonun şüşəli qapısına, küskün, incik, peşman bir şəkildə durub baxışlarını dikdi tunelin qaranlığına.

Qatar “Ulduz”da dayanan kimi şıq geyimli qadın ikrah dolu ədalarla özünü atır bayıra. Sərnişinlərin bir qismi də çöhrələrində xəfif oynaq təbəssüm vaqonu tərk edir. Kimsə vaqonun içindən qışqırıb dostuna deyir ki, görüntünü Tik-tok-da paylaş, bolluca layk alacaq.

Kişi vedrəni başından çıxarıb yenidən qucağında tutur, heç kimə reaksiya vermir və mən onun baxışlarından sezirəm ki, deyəsən, artıq darıxır, laklanmış qadın səsinin qatarı yola salmasını gözləyir. Mən bunu fikirləşərkən diktor alışdığımız sözləri salona üfürür:

- Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya Koroğlu.

Kişi anındaca qırmızı kapron vedrəni qaldırıb keçirdir qafasına. Qatar işıqlı perronla xudafisləşib soxulcan kimi girir qaranlığa. Vaqonda bir sükut bərqərar olur. Saata baxıram: hələ doqquza iyirmi beş dəqiqə işləyib. Arvadımı qarşılamağa çox qalır. Tələsmirəm. Vaxtım boydandır: hətta haradasa əyləşib kofe də içə bilərəm. Sərnişinlər asta-asta qapılara yaxınlaşırlar.

“Koroğlu” stansiyası həmişə qələbəlikdir, modern Çənlibeldir. Uzun illərin təcrübəsi artıq mənə stansiyaların xarakterini öyrədib. “İçəri şəhər” ovdandır mənim aləmimdə. “Sahil”i ağır cinayətkarların atıldığı zindan kimi qavrayıram. “28 may” mənə Şərq bazarını xatırladır. “Elmlər akademiyası” dəli qarışqalar yuvasıdır mənim üçün. “Nizami”yə enəndə təsəvvür edirəm ki, qırx otaqlı bir saraya daxil oluram və hər otaqda mənə bir nağıl danışacaqlar...

Maşinist qəfil əyləci basır və vaqonlar reslərlə sürüşüb fikirlərimi təkərlərinin altında xurd-xəşil eləyirlər, bir-birini itələyə-itələyə daxil olurlar “Koroğlu” stansiyasına. Üzeyir Hacıbəylinin eyniadlı operasının üverturasından bir neçə not perrona düşüb aşıqsayağı rəqs eləyir. Gözüm kişidədir: o, qapılar açılan andaca başından qırmızı kapron vedrəni götürüb keçirdir yol boyu böyründə mürgü döyən şəxsin qafasına və alüminium vedrələri qolundan salladıb üz qoyur qaçmağa.

Yuxulu adam ayılmır: heç tükü də tərpənmir; elə bil ki, əsəb deyilən bir şey yoxdur bunda. Anlaya bilmirəm ki, nə yaşanır. Yubanıram. Fikirləşirəm ki, bəlkə ölüb: qımıldanmır, cınqırı da çıxmır, nəfəs də almır. Yox, ola bilməz. Şaşırıram. Yəni doğurdanmı canını tapşırıb? Təpədən dırnağa süzürəm zavallını: birdən fərqinə varıram ki, qarnı yavaş-yavaş qalxıb enir. Yaşayır hələ... Məntiqlə düşüb getməliyəm. Çatmışam. Amma getmirəm...

- Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya Qara Qarayev.

Eybi yox, qayıdaram. Maraqlıdır, necə mümkündür ki, sənin başına bu boyda vedrə geyindirələr və sən də heç nə duymayasan. Bu qədərmi gönü qalın olmaq olar? İçəridə adamlar əməllicə seyrəlib. Ancaq hələ də kimlərsə qafası qırmızı vedrəli yatmış vətəndaşın şəklini çəkməkdən və tanışlarına yollamaqdan bezmirlər. Fikirləşirəm ki, insanlara hər yerdə oynatmağa bir kukla lazımdır.

Qatar “Neftçilər”ə çatarkən yerimi dəyişirəm, keçib yuxusuna haram qatmayan bu zavallı adamın yanında əyləşirəm. “Xalqlar dostluğu” da, “Əhmədli” də arxada qalır. Bu stansiyalar mənə qəti tanış deyil: məndə heç bir assosiasiya oyatmır. “Həzi Aslanov”da vaqon boşalır: bir o qalır, bir də mən. Məəttələm, bilmirəm nə eləyim. Vedrəyə bir çırtma vurub onu barmaqlarımın ucu ilə döyəcləyirəm. Səs-səmir yoxdur. Azacıq hövllənirəm. Şərə bulaşmağımdan ehtiyatlanıram. Heç kim də bu bədbəxtin halı ilə maraqlanmadı. Birdən pəncərədən görürəm ki, maşinist perronla tələsmədən ön vaqona doğru addımlayır. Ona müraciət eləyirəm, vəziyyəti qısaca anladıram: deyir “burda gözlə, indicə polis çağıraram”. Az çəkmir ki, iki şaqqalı, hündürboy cavan polis içəri girir və onlardan biri, yəqin ki, artıq məsələdən hali olduğu üçün, həməncə kapron vedrəni kişinin qafasından çıxardır. Ətrafı araq iyi bürüyür. 45-50 yaşlarında kök bir kişi domba gözlərini hövlnak açan kimi yerindən dik atılır və başlayır qışqıra-qışqıra vaqonun o biri başına qaçmağa:

- Soruşmayın, yox, yox, məndən heç nə soruşmayın, – əllərini başının üstündə silkələyir, – yox, yox, heç nə deməyəcəyəm, incitməyin məni, aparmayın məni, yox, yox, heç nə deməyəcəyəm.

Polislər onun ardınca daban əlli altı cumurlar, üç-dörd addıma kişini yaxalayırlar, gözləri hədəqəsindən çıxmış biçarəni vaqonun qapısına doğru sıxışdırırlar. Osa çığıra-çığıra, sözləri sanki isti maşa ilə qırtlağından qopararaq elə hey bayıra tullayır:

- And olsun Allaha ki, heç bir günahım yoxdur. Heç kimi öldürməmişəm, oğurluq eləməmişəm, bir nəfərin toyuğuna da daş atmamışam. – Onlara yetişirəm: maşinist yanımdadır. – Vurmayın məni, özüm danışacağam hər şeyi. Hə, hə, aldadıb borc götürmüşəm adamlardan. Sonra da qaytarmamışam. Başqa heç nə. Vəssalam. Neynim, heç kim kasıb olmaq istəmirdi, heç kim acından ölmək istəmirdi. Mənsə bir həsirdim, bir məmmədnəsir. – Danışa-danışa emosionallığı daha da artır, gərginləşir. – Mən ac idim, arvadım yalavac. Bizdən törənənlər oldu naəlac. Tifillər dözmədilər, xəstələnib öldülər. Azı bir otuz-qırx nəfərə pul atmışam. Bacarmamışam, zəifim olub, aldığım pulları arağa vermişəm, arvad-uşağa əməllicə pul xərcləməmişəm. İçmişəm, küpünə girmişəm, o ki var çəkmişəm. Kimə nə? Əcəb eləmişəm. Vurmayın məni, döyməyin məni. Nə cənnəti istəyirəm, nə cəhənnəmi.

Polislərdən biri kişini amiranə səsilə sakitləşdirməyə çalışır:

- Noolub, a kişi, nə çərənləyirsən, nə cənnət, nə cəhənnəm? Ayıl, özünə gəl. Sən metrodasan. Özünü uşaq kimi aparma.

- Nə? Nə dedin? Mən ölməmişəm? Mən qəbirdə deyiləm? Siz İnkir-Minkir deyilsiniz? Bəs o qaranlıq nəydi elə? – Kişi bunları söyləyib sanki nəyisə anlamağa başlayır və çöməlib ikiəlli qafasını tutur.

Polislər zavallının qoluna girib gülümsəyə-gülümsəyə onu ayağa qaldırırlar.

- Dur, görək, dur, utanma daha: sənin başına vedrə keçirmişdilər. – Bizə sarı çevrilərək: – Bu adamı həkimə göstərmək lazımdır. Gedək, ambulans çağıraq, – deyir polislərdən ifallısı.

O birisi, hansını ki, mən qəddar polis sanmışam, öz polis həmkarına acıqlanıb söylənir:

- İşin-gücün qurtarıb, nə ambulans, nə həkim? Buna nə əlac eləyəcəklər ki? Şöbədə atarıq kameraya, yatıb özü üçün şellənər. Səhər ayılanda sənin əllərindən öpəcək. Yapış qolundan getdik.

Polislər vaqondan çıxıb kişini özlərilə aparırlar, maşinist ön vaqona tələsir, mən keçib boş oturacaqlardan birində əyləşirəm. Laklanmış qadın səsi yenidən axıb salonda cilvələnir:

- Qatar depoya gedir, ehtiyatlı olun, qapılar bağlanır, növbəti stan...

Mən özümü hövlnak perrona tullayıram. Deyirəm axı, sərnişinlər niyə bu qatara minmədilər. Qatar yerindən tərpənincə, peşmanlayıram. Yadıma düşür ki, metronun deposu Bakmil stansiyasındadır, o da “Koroğlu”dan sonra gəlir. Dilxor oluram. Saata baxıram, artıq gecikirəm, saat doqquzu keçir. Nəhayət ki, “Həzi Aslanov”da perrona yenicə daxil olmuş növbəti qatara əyləşirəm və gəlib çatıram “Koroğlu”ya. Vaqondan düşüb çaparaq qalxıram eskalatorla yuxarı, yönəlirəm metronun girəcəyinə.

Nə görsəm, yaxşıdır. Görürəm ki, göbəyindən şirə axan yepyekə əncirlər dağılıb metronun qarşısına, bir xeylisi də ayaqlar altında qalıb tapdalanıb: iki dəmir vedrə isə yanpörtü düşüb o yan-bu yana yumalanır. Arvadımın hikkədən pörtmüş əsəbi üzünü gətirirəm təsəvvürümə. Xəcalətimdən balacalaşıram, tər basır məni: yenə də bacarmadım. Qaçıb vedrələri düzəldirəm. Turniketdən sivişib perronda it-bat oluram və heç kimə gözümün ucu ilə də baxmadan günahkar birisi kimi birbaşa dönürəm mənzilimə.

Arvadım yuxulayır yəqin: işıqları söndürüb, yataq otağının qapısını da bağlayıb. Vanna otağında əl-üzümü yuyub girirəm mətbəxə. Çaydanı oda qoyuram, televizoru yandırıram, bir qədər kanallarda oynayıram: fərli bir şey tapa bilmirəm baxmağa. Televizoru söndürürəm. Çay süzüb divanda rahatlanmağa çalışıram: küçə fənərləri pərdələrin arasından işıqla divarlara güllə atırlar; özünə nifrətin ağırlığından sinirlərim gərilir. Balışa dirsəklənib çayımı qurtum-qurtum iki Mədinə xurması ilə içirəm və sonra elə divandaca adyalı üstümə çəkib bu axşamı birdəfəlik unutmaq istəyirəm.

Səhər duranda görürəm ki, oba köçüb, yurdu qalıb: arvadım məni tək qoyub xəlvətcə əkilib öz poliklinikasına. Kefsiz qalxıram yerimdən. Yuxuya qalmışam. Çay dəmlənməyib: tosterdə çörək isidilməyib. Birtəhər yuyunub, tələsik geyinib evdən çıxıram, qaçıram metroya tərəf: qaçıram ki, işə gecikməyim. Eskalatorla aşağı enəndə perrona daxil olan qatarın səsini eşidirəm. Yüyürüb özümü salıram vaqona. Azacıq tövşüyürəm. Qapılar bağlanır, qatar yerindən tərpənir və birdən ona diqqət kəsilirəm ki, vaqonda əyləşənlərin də, ayaq üstə dayananların da hamısının başına qırmızı kapron vedrə keçirdilib. Bir anlığa çaşıram, tutuluram: görüntü mənə dəlixana effekti verir. Nədənsə xoflanıram: pis oluram, haradasa bir balaca reallıq duyğusunu itirirəm, hövllənirəm. Yanımda dayanan gənc oğlana sual dolu nəzərlərlə baxdığım andaca o, telefonun kamerasını üzümə tuşlayır və qırmızı kapron vedrəni mənə uzadıb deyir:

- Biz Bakıda fləşmob keçiririk. Məqsədimiz iqlim dəyişmələrinin və müharibələrin yer üzündə törədəcəyi fəsadlara beynəlxalq ictimaiyyətin diqqətini yönəltməkdir.

Sözünü tamamlayan kimi telefonu şalvarının arxa cibinə qoyur, bardaş qurub vaqonun döşəməsində əyləşir, vedrəni geyindirir qafasına.

Xəfifcə gülümsünürəm və mən də hamı kimi qırmızı kapron vedrəni başıma keçirirəm. Dünya sönür; fikirlərim daraşır qaranlığa:

o mənə ənciri bağışlamayacaq

təqsirini boynuna al

sən özünçün yaşayırsan

nə işinə qalmışdı sənin kim kimin başına vedrə geyindirir

olmazdı ki adam kimi gedib arvadını qarşılayaydın

eh

heç nəyə biganə qala bilmirəm

onsuz da hər zaman incikdi məndən

bəhanələri azalmır

nə eləyirəm gəlmir xoşuna

deyinməyə hazırdı

niyə gecikirdin ki

hər işim qıcıqlandırır onu

zalım olma

o mürəbbəni sənə bişirir

tamah dişimi çəkmişəm

axır vaxtlar anlamıram bu qadını

bəlkə də anlamağa qorxuram

əslində heç qorxmuram

hər şeyi də gözəl anlayıram

arvadlar ömür boyu ərlərində onlara aşiq birisini axtarırlar

həmişə aşiq-qəhrəman axtarırlar

ki eşq əlindən ya divanə olsun ya da qul

görəndə ki ərlərində belə bir halət yoxdur özlərindən şübhələnirlər

xəstələnirlər

min bir yolla gözəlləşməyə çalışırlar

əsəbiləşirlər

həyatı sənə haram eləyirlər

yediyini burnundan gətirirlər

daha demirlər ki

bütün günü sevmək olmur

bütün günü eşq dahisi olmaq olmur

- Qatar depoya gedir. Zəhmət olmasa, vaqonları tərk edin.

Fikirlərim qarışqalar kimi vedrənin içindən vaqonun döşəməsinə tökülür. Ayaq səslərindən duyuram ki, sərnişinlər vaqondan düşüb gedirlər.

Mənsə yerimdən tərpənmirəm, nədənsə dəli kimi əllərimi ovuşdurmağa başlayıram.

# 332 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #