Bu gün tanınmış türkiyəli şair Ece Ayhanın doğum günüdür.
Kulis.az ədibin həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.
Türk ədəbiyyatının “çılğın” və “tündməcaz” şairi kimi yaddaşlarda qalan Ece Ayhan Çağlar, İkinci Yeni şairlər hərəkatının öncül simalarından biri olmaqla yanaşı, özünəməxsus poetik dili, sərt üsyanı və faciəvi həyat hekayəsi ilə XX əsr sənət tarixinin maraqlı şəxsiyyətlərindən biridir.
Onun həm məmur kabinetlərindən uzaqlaşaraq sənətə sığınan üsyankar ruhu, həm də ağır xəstəliklər və yoxsulluqla keçən ömür yolu dərin bir dramın təzahürüdür.
Ece Ayhan 10 sentyabr 1931-ci ildə Muğlanın Datça rayonunda anadan olub. Atası Behzat Çağlar mal müdiri vəzifəsində çalışırdı, anası Ayşe Hanım isə Gelibolulu bir ailənin qızı idi.
Atasının işi ilə əlaqədar olaraq uşaqlığı müxtəlif bölgələrdə keçən şair Küre, Çanakkale və Eceabat kimi yerlərdə ibtidai təhsilini alıb. Ailənin İstanbula yerləşməsindən sonra Karagümrükdə təhsilini davam etdirən Ece Ayhan, orta təhsilini Zeyrek Ortaokulu və Taksim Lisesində (Beyoğlu Lisesi) başa vurub.
Gənclik illərində akademik sahəyə yönələn sənətçi, 1953-cü ildə Ankara Universitetinin siyasi bilgilər fakültəsinə daxil olub və 1959-cu ildə buradan məzun olub.
Dövrün tələblərinə uyğun olaraq İstanbulda təcrübə keçib və kaymakamlıq kursunu bitirib. Ardınca Gürün, Alaca və Çardak kimi müxtəlif Anadolu bölgələrində kaymakamlıq və bələdiyyə sədri vəzifələrini icra edib.
1963-cü ildə Alacada vəzifədə olarkən yeganə övladı olan Ege dünyaya gəlmişdir. Lakin nizam-intizam tələb edən dövlət məmurluğu və sərt bürokratiya onun azad və hərəkətli ruhu ilə əsla uzlaşmırdı.
Sərt intizamlı məmurluq həyatı ilə vidalaşan Ece Ayhan 1966-cı ildə dövlət qulluğundan ayrılaraq həyatının mərkəzinə çevrilən və "nəfəs aldığını həqiqətən hiss etdiyim yeganə şəhər" olaraq adlandırdığı İstanbulda məskunlaşdı.
İstanbulda ensiklopediyada və müxtəlif dərgilərdə yazarlıq və müdirlik edib. İdris Damsarsar kimi təxəllüslərdən istifadə edərək yazılar yazıb.

Onun şəxsi həyatı ağır itkilərlə sarsılıb. 1968-ci ildə xərçəng xəstəliyindən həyat yoldaşı Dəniz Hafizeni itirib. Dərin iqtisadi sıxıntılar və övladının kiçik yaşda olması səbəbindən oğlunun baxımını həyat yoldaşının ailəsinə həvalə etmək məcburiyyətində qalıb.
Bu dövrdə Nilgün Marmara, Tezer Özlü, Haydar Ergülen, Cemal Süreya, Cahit Külebi və Ülkü Tamer kimi dövrün aparıcı ədəbiyyatçısı və şairləri ilə sıx dostluq münasibətləri qurdu. Xatirələrində Nilgün Marmara və Tezer Özlü ilə bağlı səmimi və şən xatirələrə də yer verib.
O, II yeni hərəkatın görkəmli simalarından biri olsa da, bu cərəyanı "vətəndaş poeziyası" adlandırmağa üstünlük verib. Onun "Baxışsız bir pişik qara" və "Ortodokslar" kitabında müasir türk ədəbiyyatında homoerotik şeir nümunələri yer alır.
Ece Ayhanın ömrünün böyük bir hissəsi sağlamlıq problemləri ilə mübarizə içində keçib. 1974-cü ildən etibarən beynində yaranan şiş səbəbiylə sağ qulağında ağır eşitmə itkisi və sağ gözündə zədələr meydana gəldi.
Dünyaca məşhur beyin cərrahı professor Qazi Yaşargilin əməliyyatları sayəsində bu xəstəliyin ölümcül olmasından qurtulsa da, şişin bədəndə yaratdığı fəsadlar ömrü boyu onu tərk etmədi.

Maddi çətinliklər içində yaşayan şairə Çanaqqala Bələdiyyəsi dəstək olaraq onu müvəqqəti işçi statusuna almış, sosial təminat qazanmasını və pulsuz tibbi xidmətlərdən yararlanmasını təmin etmişdi. Sağlamlığının pisləşməsi və ayaqlarının iflic olması nəticəsində yaxın dostu Metin Üstündağın köməkliyi ilə Çapa Tibb fakültəsinə yerləşdirilib.
Bir çox xəstəxana və özəl qocalar evində (Maltəpə Qocalar evi, Özel Acıbadem qocalar evi) baxılan şairə dövrün baş naziri Bülənd Ecevit və digər sənət dostları da yaxından dəstək oldular.
Aparılan müalicələr nəticəsində ayağa qalxmağı bacaran şair 2001-ci ilin aprelində yenidən Çanaqqalaya qayıdıb və əsərlərinin nəşr hüququnu alan Yapı Kredi Yayıncılığın ödənişləri ilə dolanıb.

Ece Ayhan 2002-ci ilin iyulunda İzmir Böyükşəhər Bələdiyyəsi Gurçeşmə Qocalar evinə yerləşib. 12 iyul 2002-ci ildə halı pisləşərək aparıldığı Əşrəfpaşa xəstəxanasında həyatını itirdi. Vəfatından sonra doğma torpağı olan Çanaqalanın Eceabat rayonunun Yalova kəndində dəfn edildi.
"İkinci Yeni"nin "tərs dirəyi" adlandırılan və sözlə xəmir kimi oynayan Ece Ayhan ömrü boyu rədd etdiyi yeknəsək həyatı cəmiyyətinin də rədd etməsini istəyib. Həyatdakı ən böyük ehtiraslardan biri olan fərdi eşqi sosial bir hərəkata çevirə bilmək arzusu ilə yaşayıb.
Ece Ayhan Çağlar yalnız şeirləri ilə deyil, həm də cəmiyyətin qəliblərinə sığmayan, hər cür məhdudiyyətə qarşı çıxan sarsılmaz etik duruşu və faciəvi həyat hekayəsi ilə türk ədəbiyyatının böyük imzalarından biri sayılır.