Kulis.az Sənan İsmayılovun “Proobraz” adlı yeni hekayəsini təqdim edir.
Başqa koloniyaya köçmək barədə aldığı təklifi dəyərləndirmək fürsəti ilə o, xeyli asanlıqla razılaşdı. Çox götür-qoy eləmədi, çünki tanımadığı o cavan oğlanın həmlələrinə davam gətirmək müşkül məsələ idi. Əlbəttə, çoxdan bəri məskunlaşdığı bu köhnə yerdə onun görəcəyi bir iş-zad qalmamışdı, həm də bunu özünə yalnız indi etiraf eləyirdi. Bəs, görəsən, yeni məskən necə olacaqdı?
Köhnə koloniya yetərincə kiçik bir planetdə salınmışdı. Bura necə kiçik planet idisə, ilk sakinləri onu sadəcə "Dağ şəhərciyi" adlandırmışdılar. O da arvadı ilə birgə burada ilk məskunlaşanlardan sayılırdı və əslində, bu planetə sırf arvadına görə gəlmişdi, çünki qadın "Kainatın o biri başında da Yer kürəsindəkilərə bənzər böyük bir bağ salmaq" arzusuna düşmüşdü. Amma indi doğmalarının hərəsi baş alıb, bir tərəfə getmişdi. Bəziləri isə, onun xanımı ilə oğlu da daxil, hətta Yerdə məskunlaşmaqla, köhnə qaydalara əsasən yaşamaq qərarına gəlmişdilər.
İndi tək-tənha qalmasına rəğmən, o, əsla darıxmır, öz yeknəsəq həyat tərzindən əsla bezmirdi. Heç arvadı da bu ayrılıqdan sən deyən şikayətlənmirdi, çünki ehtiyac duyulanda əri bir neçə gün içində uçub-gəlməklə, xanımına baş çəkə bilirdi.
“Dağ şəhərciyi”ndəki həyatından o həzz alırdı – burada öz xatirələri ilə baş-başa qalan insanlar bəxtəvər bir həyat sürürdülər. Yeni koloniya üçün sakinlər toplayan bu inadcıl gənc agent, görəsən, haradan çıxmışdı belə?! Üstəlik də, niyə qarşısında o cür qəribə şərt qoyurdu axı?..
***
Həmişəki velosiped gəzintisi əsnasında qoca bir hovur nəfəsini dərmək istədiyi vaxt o cavan oğlan yanında peyda olmuşdu.
Gülər üzlə:
– Günaydın! Mən koloniyamız üçün işçi toplayan komandanın üzvüyəm. Yaşı iyirmini aşsa da, ora tamamilə yeni tipli koloniyadır, – deyən agent tanışlıq üçün əlini qocaya uzatmışdı. Sonra xeyli vacib bir sirr açarmış kimi, pıçıltı ilə əlavə etmişdi: – O, eksperimental xarakter daşıyır.
– Əşşi, qoy oturmuşuq! – deyən qoca uğunmuşdu və agentin sözlərini iri reklam lövhələrində yazılan o təkliflərdən zənn etdiyi üçün əlini havada yelləmişdi. – Mən hər cür eksperimentdən uzaq durmağa can atıram. Özünüz də bilirsiniz ki, həm yaş, həm də səhhət insanın əl-qolunu bağlayır. Hətta arvadıma baş çəkməkdən ötrü Yer kürəsinə uçmağı da mən hey ölçüb-biçir və ertələyirəm. Elə burada da günüm xoş keçir. Həkimlər də bizə kosmik uçuşlar zamanı diqqətli davranmağı məsləhət görürlər. Axı qısamüddətli çəkisizlik də səhhətimdə çətin bərpa olunacaq təsirlər yaradır. Bu indiki uçuş gəmilərinə mən bir elə güvənmirəm. Onlar çəkisizliyin yaranma ehtimalını tamamən aradan qaldırmalıydılar. Amma biz onların bu məsələdə ümidləri doğrultmadığı barədə xəbərləri eşitməkdən tamam bezmişik.
– Hə, sizi başa düşürəm. Ancaq həkimlərin də hər dediyinə əməl etməyə başlasanız, özünüzü xeyli nemətdən məhrum edərsiniz, – deyən agent elə davranırdı ki, sanki qocanın pedala basmağa hazırlaşdığının fərqində deyil və uca səslə davam elədi: – Məsələn, siz illər öncə itirdiyiniz bir insanla təkrar görüşmək fürsətini itirərsiniz. Deyək ki, öz kiçik qardaşınızla.
Dayanan və sağ ayağı ilə yerə dayaq verən qoca baxışlarını yerə dikdi. Sonra başını qaldırmadan boğuq bir səslə soruşdu:
– Mənim qardaşım barədə siz haradan bilirsiniz ki?
Cavan oğlan inamla dedi:
– Mən axı agentəm. Müştəri yığmaqdan ötrü bazarı araşdırmaq – mənim vəzifə borcumdur. Gəlin, o kafeyə girib, orada söhbətləşək. Məncə, müzakirə edəcəyimiz məqamlar tapılacaq.
Kafeyə tərəf gedərkən qoca ağır-ağır irəliləyirdi. Elə ağır ki, hər gün bir saatlıq velosiped yürüşünə çıxan şəxsin məhz bu kişi olduğuna adam çətinliklə inanardı. Səbri daralan agent qabağa qaçıb, qocanın üzünə kafenin giriş qapısını açdı. Qoca necə taqətsiz idisə, buna görə cavana təşəkkür eləmək də yadına düşmədi. Hər ikisi şəkərsiz qəhvə sifariş verdi. İsti qəhvədən bir qurtum alan qocanın davranışından söhbətə həvəs duymadığı sezilməkdə idi.
Agent maraqlandı:
– Həlak olduğu vaxt qardaşınızın neçə yaşı vardı?
Qoca başını aşağı salladı.
– Həyatı nöqtələnəndə onun yaşı iyirmidən bir az keçərdi.
Agent özündənrazı halda dilləndi:
– Mən isə onun yaşını sizə daha dəqiq, hətta gün hesabı deyə bilərəm.
Başını qaldıran qoca karıxmış halda öz cavan həmsöhbətini süzdü.
O isə bayaqkı əminliklə sözünə davam elədi:
– Axı bayaq sizə dedim ki, potensial müştəriləri hərtərəfli araşdırmaqla, mən yüz faizlik hazırlığa can atıram. Bu səbəbdən də onları nadir hallarda məyus qoyuram.
– Mən heç vaxt günlərin hesabını aparmıram. Sadəcə il və ayların sayını bilirəm. Onun necə qısa ömür sürdüyünü düşünəndə isə, canıma əməlli-başlı üşütmə düşür, – deyən qoca qəhvəsindən bir qurtum almaqla, təkrar başını aşağı salladı. Sonra isə titrək, güclə eşidiləcək bir səslə dedi: – O rəqəmlər, bax, burama elə həkk olunub ki... – deyib, gicgahına işarət elədi.
– Sizi anlayıram. İndi isə təsəvvürünüzə gətirin ki, onunla təkrar qarşılaşa bilərsiniz. Öz qardaşınızla. Həm də dipdirisiylə.
Başını qaldıran qoca tərəddüdlü baxışlarla agenti süzdü.
– Bəyəm bu könlünüzcə deyil ki?! Yoxsa onunla qarşılaşmağı arzulamırsınız? Tamamilə diri halda? Cavan yaşda, yəni, məhz həlak olduğu halıyla?
Agentin bu sualından qoca lap çaş-baş qaldı.
– Demək istəyirsiniz ki, dünyadan çoxdan köçmüş bir insanla görüşməm mümkündür? Onillər öncə həlak olmuş birisiylə?
– Məhz bunu deyirəm. İki yüz il əvvəl rəhmətə gedənlə də bu mümkündür!
– Axı siz buna necə nail olmağı düşünürsünüz? Spiritik seansların köməyi ilə?
– Biz o cür fırıldaq əməllərlə məşğul olmuruq. DNT-nin köməyi ilə! Qazanılan bir sıra nailiyyətin təməlində məhz bu dayanır!
Qoca, deyəsən, özünü ələ almağa başlamışdı. Baxışlarını yerdən qaldırmaqla, o, yaşarmış gözlərini agentə zillədi:
– Bəyəm qardaşım öz DNT-sini saxlamağı rica eləmişdi ki?
– Hə. Ancaq soruşmayın ki, bunu niyə istəyibmiş. Bununla bağlı mən hər hansı yazılı dəlil-sübut tapa bilmədim. Nə isə, uzun sözün qısası, biz insanı təzədən bərpa edirik. Bu proses iki mərhələdə gedir. İlk mərhələ sırf texnoloji özəllik daşıyır və bundan mənim sən deyən də başım çıxmır, həm də prosesin bu qismi yüksək ixtisaslı peşəkarların cəmləşdiyi xüsusi laboratoriyalarda gerçəkləşir. Qardaşınızdan qalan DNT onun fiziologiyasının, yəni, bütövlükdə orqanizminin bərpası əsnasında bir xammal kimi işimizə yarayacaq, – deyə sözünə ara verən agent qəhvəsindən bir qurtum aldı. – Qəhvənizi için, zəhmət olmasa. Artıq o, soyumağa başlayıb və ağzınızı yandırmaz. Belə görürəm ki, təklifim sizin marağınıza səbəb olub. Bunu baxışlarınızdan da sezirəm. Yeri gəlmişkən, istədiyiniz sualı mənə verə bilərsiniz. Hansısa sualınız var?
Əvvəlki çaşqınlığını qoruyan qoca bu səfər artıq uca səslə: “Yox” – dedi.
– Eləmi? Mən isə sualların yaranacağını düşünmüşdüm. Axı indi söhbət qardaşınızın təkrar bərpasından gedir. Əgər proses normal axarla gedərsə, qardaşınız həyatınızda təkrar peyda olacaq. Ancaq hər hansı sualınızın doğmaması heç cür ağlıma sığmır. Zəhmət olmasa, bir az düşünün, – deyən cavan oğlan sözlərinə ara verdi.
– Hə, deyəsən, bir sual gəldi ağlıma.
Agent gümrahlıqla dilləndi:
– Onu verin, qulağım sizdədir.
Qoca tərəddüdlə soruşdu:
– Sizin dediyiniz kimi, yəni, bərpa və ya təkrar bərpa olunduğu vaxt qardaşım hansı yaşda olacaq?
– Əla sualdır. Agentliyimizin apardığı hesablamalara əsasən, müştərilərimizin doxsan faizini maraqlandıran ilk sual məhz bu olur. Əgər siz indi durub, başqa bir sual versəydiniz, baxın, onda mən həm heyrətlənər, həm də potensial bir müştəri sayılmadığınız üçün artıq sizdən əlimi üzərdim.
Qoca ürkək tərzdə xəbər aldı:
– Müştəriləriniz çoxdur ki? Bəs onlarla bağlı bütün bunlar necə alınıb?
– “Bütün bunlar” deyərkən siz nəyi nəzərdə tutursunuz ki?
– Məncə, çoxdan dünyasını dəyişən doğmalarla görüş bir mənada “hisslərin tüğyanı” kimi bir şey olmalıdır. Bu isə mən yaşdakı insan üçün təhlükəli sayıla bilər. Bəlkə, mən haqlı deyiləm? – deyə qoca çəkinə-çəkinə soruşdu.
– Əlbəttə ki, haqlısınız. Ancaq sizi bu işə ən təcrübəli peşəkarlar hazırlayacaq. İrəlidə mən sizi bəzi başqa məqamlarla da tanış edəcəyəm. Ancaq hər işdə bəlli bir ardıcıllıq qorunur. Deməli belə, obrazı bərpa olunacaq qardaşınızın yaşıyla bağlı sualınıza cavab kimi deməliyəm ki…. – bu yerdə agent bir neçə saniyəlik pauza elədi, sonra səmimiyyətlə gülümsəyərək, sözünün ardını gətirdi: – Burada məsələnin hüquqi tərəfi ilə bağlı bir məqam var. Hələlik insanların məskunlaşdığı elə bir planet yoxdur ki, oranın koloniyası insanı DNT-dən bərpa etmək üçün qanunvericiliyə malik olsun. Heç Yer kürəsində də buna icazə verilmir. İnsanların qəbul etdiyi qanunların nə qədər dəhşətli olduğunu ağlınıza gətirə bilirsinizmi? Deyirlər ki, insanın kopyasını yarada bilməkdən ötrü DNT daşıyıcısının prosesdə iştirakı mütləq şərtdir. Bəs o qadın və ya kişi çoxdan ölübsə, necə olsun?! Belədə onlar buna necə razılıq verə və ya razılıqlarını öz iştiraklarıyla necə rəsmiləşdirə bilərlər axı?! Bir də əgər insan sağdırsa, onun kopyasını yaratmağa nə ehtiyac varmış?! Buna görə də hazırda hüquqşünaslar qanunvericilikdə bir boşluq axtarmaqla girincdirlər. Əcəb də mənasız işdir bu! – deyən cavan oğlan xısın-xısın güldü. Qoca da buna cavab olaraq, zorla gülümsəməli oldu. Və agent ruh yüksəkliyi ilə sözünə davam elədi:
– Həm də təkcə bizim koloniyada insanoğlunun kopyalanmasına icazə verilir. Hələ ilk salındığı vaxtlarda bu məskənin sahibləri insanın kopyalanma ehtimalını nəzərdə tutmuşdular. Ancaq bu imkan sən deyən də geniş reklam olunmurdu, bu səbəbdən də vaxtilə ölən doğmalarının kopyaları ilə bir araya gəlməyi arzulayanların sayı elə də çox deyildi. Çünki bu məsələdə ən vacib məqam – bərpa üçün xammaddənin varlığıdır. Yəni DNT-dir! İnsanın kopyalanmasına icazə verən qanunvericiliyimiz eyni zamanda onun məhz dünyasını dəyişdiyi vaxtdakı görkəmlə bərpasını uyğun sayır. Yəni siz öz qardaşınızın beş yaşındakı kopyasının yaradılmasını indi sifariş edə bilməzsiniz.
Qoca ümidlənərək dedi:
– Elə isə qardaşımın öldüyü yaş, məncə, daha uyğundur.
– Görürsünüz? Bu, artıq yaxşı nəticədir. Başqa bir sualınız varmı?
– Hə. Deyin görüm, bəs niyə siz məhz mənim kimi bir ahıla bundan ötrü müraciət edibsiniz? Əgər siz kosmik məskən üçün insan səfərbərliyinə başlamısınızsa, o halda onları ömrü-günü hələ irəlidə olan cavanların arasından seçməniz daha məqsədəuyğun olmazdımı?
– Verdiyiniz bu suallar sizin parlaq bir zəka sahibi olduğunuza dəlalət edir. Bu cür dərin marağa hər ahıl insanda rast gəlinmir. Bu son iki həftə ərzində mən sizi müşahidə altında saxlamışam. Necə velosiped sürdüyünüzə diqqət yetirmişəm. Koloniyamızın sizə ehtiyacı var. Orada cavanlar onsuz da çoxdur. Həm də ki, düzünə qalsa, sakinləri təzəlikcə yığmağa başlamışıq. Üstəlik, bu yaxınlarda etiraf elədik ki, həyat təcrübələrindən çox şey öyrənə biləcəyimiz ahıllara da koloniyamızda ehtiyac duyulacaq.
Qoca gülümsədi. Bunun qarşılığında çöhrəsi işığa bürünən cavan oğlan ruh yüksəkliyi ilə dedi:
– Deməli belə, qardaşınızın kopyasının yaradılması prosesindəki ilk mərhələ mərhuma xas bütün cizgilərin cəmləndiyi tam fizioloji insan obrazının yaradılmasından ibarət olacaq. Burnu, gözlərinin rəngi, boy-buxunu, qan qrupu və saçlarının rəngi də daxil olmaqla. Bir sözlə, siz onu asanlıqla tanıyacaqsnız. İkinci mərhələdə isə sizin köməyinizə tələbat yaranacaq.
Ehtiyatlanan qoca soruşdu:
– Mənim? Sizə necə kömək edəcəyəm ki?
– Siz he-e-ç narahat olmayın! Məsələ də ondadır ki, qardaşınız sadəcə bədəndən ibarət deyil axı. Onun da fikir, duyğu və xatirələri varmış, baş verənlərlə bağlı öz şəxsi mövqeləri olub. Uzun sözün qısası, onu başqalarından fərqləndirən bənzərsiz cəhətləri nəzərdə tuturam. Kopyalanan fiziki bədənə biz onun “mən”inə xas bir ruh üfləməli olacağıq. Yəni xatirələri və yaşantıları. Bu məqsədlə sizin başınıza bir cihaz qoşacağıq. – Barmağının uc qismini göstərən agent dedi: – Bu boyda bir çip. Sonrakı bir ay ərzində qardaşınızla bağlı bütün xatirələriniz həmin çipə köçürüləcək. Ta uşaqlıqdan üzü bəri. Məktəb, həyət, birgə yürüşləriniz və oyunlarınız, bir-birinizdən incikliklərinizlə bağlı. Ananızın hazırladığı ləziz təamlar barədə. Sizin də görüb-tanıdığınız onun oğlan və qız dostları barədə. Başa düşürsünüz də? Sonra bütün bu bilgiləri biz qardaşınızın yaddaşına köçürəcəyik. Nəticədə görüşünüzə gələcək o yetkin insanın həm özü, həm də dostları barədə, onun xasiyyəti, davranışları və duyğuları barədə məlumatları sizinkilərlə tamamilə üst-üstə düşəcək. Bu isə həmin fiziki bədənin canlanmasına şərait yaradacaq.
Tərəddüdlü ovqat təkrar qocaya hakim kəsildi:
– Başa düşürəm.
Araya sükut çökdü. Qoca təkrar başını aşağı əydi, o ara qəhvəsindən qurtumlar alan cavan agent baxışlarını ona zilləmişdi.
Qoca titrək səslə soruşdu:
– Sizə bir sual vermək olar?
– Təbii ki.
– Bəs birdən qardaşım… yəni o təkrar yaradılan və qardaşıma hədsiz bənzəyəcək o adam fərqli biri olsa, nə edəcəksiniz? Axı aradan o qədər il ötüb. Mənim özümdə də xeyli dəyişiklik baş verib. Birdən mən onu anlamasam, qəbul edə bilməsəm, necə olacaq? Axı xatirələrim əsasında canlandırılacaq o adam hər halda mənim ümidlərimi doğrultmaya da bilər.
Ovuclarını şappıltıyla bir-birinə vuran cavan oğlan ürəkdən qəhqəhə çəkdi. Bundan qoca səksəndi.
– Hə-ə, sizi ilk baxışdan müştəri kimi seçərkən, görünür, mən yanılmamışdım! Sizin kimi insanlar koloniyamıza hava, su qədər lazımdır. Sizin heyrətamiz bir zəkanız var. Verdiyiniz sual da misilsizdir. Odur ki, mən prosesin mütəxəssislərimiz tərəfindən planlanan qismini sizə izah etməyə sadəcə məcburam artıq. Canlı-canlı rastlaşmazdan öncə qardaşınızı siz bir filmdə görə biləcəksiniz.
Qoca heyrətləndi:
– Necə yəni?
– Hə. Eynilə o köhnə filmlərdəki kimi. Sizin xatirələriniz əsasında yaradılan insanın, yəni qardaşınızın, həyatınızdan uzun illər öncə çıxan bir insanın xasiyyət və davranışları ilə siz bu sayədə tanış olacaqsınız. Uşaqlıq və yetkinlik dövrünə dair bütün xatirələriniz də, sevinc və itkiləriniz də, küsüb-barışmalarınız da sizin o doğma adamınızın timsalında öz əksini tapacaq. Həmin filmə tamaşa etdikdən sonra görülən işin nəticələrindən razı qalsanız, biz mərhumun kopyasının yaradılması işini yekunlaşdıracağıq və o, artıq real dünyaya qədəm qoyacaq. Özünün məlum davranış və xarakteri ilə o, fiziki baxımdan sizin həyatınıza girəcək. Təbii ki, sizin simanızda öz qardaşına alışmaq heç onun üçün də asan olmayacaq. Etiraf etdiyiniz kimi, siz özünüz də dəyişmisiniz.
İnamsızlıq hissi qocanı daha betər sıxmağa başlamışdı. Cavan oğlan yerindən qalxıb, həmsöhbətinə yanaşmaqla, onun sümükləri sezilən kürəyini xəfifcə döyəclədi.
– Bunu sınamanız məsləhətlidir.
– Ancaq mən xanımıma baş çəkməkdən ötrü hətta Yer kürəsinə getmək üçün də özümdə cürət tapmıram və bunu gələn ilə ertələmişəm. İndi isə birdən-birə durub, tamamilə yad bir planetə yollanmam…
– Amma bütün bunlar – sizə doğma bir insandan, yəni qardaşınızdan ötrüdür. Əgər bunu indi etməsəniz, bəs nə vaxt edəcəksiniz?!
Qoca könülsüz halda başını tərpətdi.
***
Agentin koloniyasının məskunlaşdığı planet də sən deyən böyük sayılmazdı. Həm də agent doğru deyirmiş – burada addımbaşı cavan adamlar dəyirdi gözə. Nadir hallarda yaşlı kişilər və qadınlar görərdin. Baxışlarını gizlətməyə çalışan belələri, nə isə bir sirr tutarmış kimi, başqalarına çox da yovuşmurdular.
Yeni planetə köçdükdən sonrakı bir ay uzunu mərhum qardaşıyla bağlı xatirələr qocanın yaddaşında fasiləsiz şəkildə canlanmaqda idi. Agentin tövsiyə elədiyi o xüsusi cihaz da buna münbit şərait yaradırdı. Qardaşının DNT təməlində bərpa olunan obrazına “ruh qatacağı” düşünülən xatirələr bu sayədə qocanın beynində uğurla qeydə alındı.
Qardaşının bənzəri sayılan adamın xasiyyəti və ovqatı ilə tanışlıqdan ötrü çəkilən filmin nümayiş olunacağı gün də gəlib, yetişdi. O filmə baxan şəxs ekranda gördüyünün mərhum qardaşı olduğuna zərrəcə şübhə bəsləməməliydi ki, bunun ardınca qardaşının gerçək həyata qayıtmasına da öz razılığını verə bilsin.
– Keçib kresloda əyləşin və hissi yaşantılarınıza görə də heç narahat olmayın. Siz daim həkim nəzarəti altında bulunacaqsınız: bədəninizə bağlanan cihazların göstəricilərinə əsasən bu nəzarət gerçəkləşəcək.
Qoca kresloda əyləşincə, bir qadın həkim xırda cihazları onun biləklərinə bağlamağa başladı və gülümsəyərək bildirdi:
– Sağlamlığınıza nəzarətdən ötrü bu iki cihaz gen-bol yetərlidir. Ehtiyac duyularsa, gərəkli dərman müdaxiləsi də təmin olunacaq.
Agent də:
– Səhhətiniz etibarlı əllərdədir. Həkimlərimiz, bax, belə mütəxəssislərdir, – deyərək, qocaya baş barmağını göstərdi.
O, cavan agentdən soruşdu:
– Siz də filmə baxışda iştirak edəcəksiniz?
– Əlbəttə və ümidvaram ki, buna etiraz etməzsiniz. Biz ta məsələ bitənə qədər öz müştərilərimizi müşayiət edirik, – deyən cavan agentin səsində özünəinam hissi sezildi. Qocadan gələcək cavabı gözləmədən o da yaxın kreslolardan birində yerini rahatladı.
Otaqdakı işıqlar keçirilincə, işıqlanan ekranda cavan bir oğlan zühur elədi. O ara qocanın gözləri yaşardı. Ekrandakı kiçik qardaşı zahiri görkəmcə mərhumun ölümündən əvvəl, o son günlərdə gördüyünün birəbir eynisiydi. Budur, o, axşam yeməyi vaxtı mətbəxdə anası ilə söhbətləşir. Son dərəcə mehriban davranır. Ləziz xörəyə görə təşəkkür edir, süfrədən qalxarkən qadının yanağından öpür. Qonaq otağında ayaqlarını önə uzatmaqla kitab oxuyarkən bacısından xahiş edir ki, işığı yandırmasın. Bacısı isə buna rəğmən, işığı yandırır və deyir ki, belə etməzsə, qardaşının gözləri zəifləyər. Qardaşı isə dodaqaltı nələrsə deyərək, durub, işığı söndürür. Uşaq vaxtı əl fənəriylə yorğanın altında oxuduğu kimi, hələ də o, alaqaranlıqda oxumaqdan həzz alırdı axı. Budur, qardaşlar bu günlərdə kiçik qardaşın mağazadan aldığı ikinəfərlik, xudmani uçuş aparatının modelini gözdən keçirirlər. O, bu yeni maşın barədə bütün bilgiləri böyük qardaşına ətraflı şəkildə və səbrlə izah edir…
Bayaqdan gözlərini bürüyən yaşlar ən nəhayət, qocanın yanaqlarından üzüaşağı axmağa başlayır. Kiçik qardaşı gözləri qarşısında məhz onun xatırladığı şəkildə, yəni diqqətcil, həssas və bənzərsiz biri kimi canlanmışdı axı...
Ancaq o ara kiçik qardaşıyla yanaşı ekranda qocanın heç tanımadığı cavan bir xanım da zühur elədi. Qoca ilə cavan agent heyrətlə bir-birlərini süzdülər – həmin səhnədə nədənsə böyük qardaş harayasa qeyb olmuşdu artıq. Ekrandakı kiçik qardaş həmin xanımın yanından ötərkən ona toxunduğu üçün qızın əlində olan gözlük yerə düşüb, qırıldı.
– Bağışlayın, – deyən cavan oğlan gözlüyün yerdəki qırıqlarını yığmağa girişdi. Qız isə hərəkətsiz dayanıb, gülümsünürdü.
Kiçik qardaş xəcalət hissiylə dedi:
– Sınan gözlüyün bir neçə iri parçaya ayrılacağını, düzü, heç ağlıma gətirməzdim. Mən onun çilik-çilik olacağını düşünürdüm.
Cavan xanım gülümsəyərək dilləndi:
– Əslində gözlük heç qırılmamalıydı.
Kiçik qardaş utandı:
– Sizi anlayıram.
Utandığı zaman adətən onun üz əzələləri necə gərilirdisə, qulaqları şəklənibmiş kimi görünürdü. Yəqin o durumda qardaşı həmişəki kimi xəcalətdən çuğundur kimi qızarıbmış da, sadəcə indi ekranda bunu sezmək imkansız idi.
– Yox, yox, siz nəyi qəsd etdiyimi anlamadınız. İndiki zəmanədə gözlüklər, ümumiyyətlə, qırılmamalıdır, axı onları yetərincə sərt materialdan hazırlayırlar.
Cavan qadın ovcunu önə doğru uzatdı və kiçik qardaş gözlüyün qırıqlarını ona verdi. Yana tərəf bircə addım atmaqla, qadın ovcundakıları zibil qutusuna atdı. Bu hərəkət kiçik qardaşa daha betər yer elədiyindən, o, başını aşağı salladı.
Gördüklərinə qocanın getdikcə daha çox heyrətləndiyini sezən agent filmin nümayişinə ara verməli oldu.
Qocanın heyrətlə:
– O, bu barədə mənə heç söz açmamışdı, – deməsi agentin təlaşlanmasına səbəb olsa da, o, filmin nümayişinə davam etməyi uyğun saydı. Bu dəfə ekrana kiçik qardaşın o qadına çımxıraraq bu sözləri dediyi səhnə gəldi:
– Sən şantajçısan! Sanki bir-birimizə bəxş etdiyimiz bütün o həzzlər sənə yetmirdi, hələ durub, iddia edirsən ki, məndən hamiləsən, həm də körpənin doğulmasını arzulayırsan. Çox yəqin bu işə də sırf mənim və ya valideynlərimin varına-puluna görə niyyətlənibsən! Əgər belə bir fikrə düşdüyünü bilsəydim, yəqin iki gün əvvəl səni dənizdə boğa da bilərdım mən.
Bozumtul rənglərə bürünən otaqdakı divanda əyləşən və yumaq tək bükülən qadın hönkürür. Nə isə söyləmək istəsə də, sözlər onun boğazında düyümlənir.
Kişi çılğın halda bağıraraq:
– Sən o uşağı mütləq saldırmalısan! Xərci hər nə olsa, özüm ödəyəcəm. Mən bu yaşda uşaq atası olmaq istəmirəm! Başa düşürsən bunu? İs-tə-mi-rəm! – deyir, sonra geri dönüb, otaqdan çıxır və qapını da öz ardınca möhkəmcə çırpır.
Gözlərini ekrandan ayıran qoca bu səfər böyründə oturan cavan agenti karıxmış halda süzməyə başladı. Agent də özünü itirmişdi və eynilə qoca kimi, o da ekranda cərəyan edənləri həyəcanla izləyirdi. Cavan qadın kiçik qardaşa zəng vurmaqla bildirirdi:
– Mən o körpədən qurtuldum. Sənin puluna da ehtiyacım yoxdur.
Kiçik qardaş dəhşətlə bağırdı:
– Nə etdin?!
Bunun ardınca o, deyəsən hələ ağladı da. Bir neçə saniyə sonra həmin qadın ekranda peyda oldu və kişinin zənginə cavab verdi.
Cavan oğlanın bağırtısı eşidildi:
– Mən – bir çağa qatiliyəm. Bu günahla yaşaya bilmərəm.
Qadın dilləndi:
– Dayan görüm, mən axı…
Güclü bir zərbə səsi eşidildi.
Təpədən-dırnağa titrəyən qoca cihazları biləklərindən açmadan da oturduğu yerdən dik atıldı. Ona tərəf cuman qadın həkim əlüstü cihazları ayırdı. Özünü otaqdan bayıra atan cavan agent uca səslə kimləsə danışmağa başladı. Səndələyərək otaqdan çıxan qoca pilləkənə tərəf yönəldi. Yıxılmasın deyə, o, hər iki əliylə məhəccərdən yapışmışdı və pillələri yanı-yanı enirdi.
Pilləkənin baş ucunda dayanan agent qocanın ardınca çığırdı:
– Hansısa qadının mərhum qardaşınızla bağlı xatirələri də filmimizə calaq edilibmiş. Bu, tam bir təsadüfdür! Axı qardaşınız sırf sizin xatırladığınız kimi bir insan olmayıb. Başqalarının da onunla bağlı və sizinkilərdən fərqli xatirələri mövcudmuş. Bu, normal haldır! Həm də o, ideal biri deyilmiş.
Qoca pəsdən dedi:
– Ola bilsin, o, intihar edibmiş. Və hətta başqasının canına qıymağa da qadirmiş.
Ancaq agent bu deyilənləri eşitmədi və qocanın pilləkənlə ağır-ağır endiyini görüncə, o, əlini havada yellədi.
***
Cavan oğlan inandırıcı bir tərzdə qocaya izah elədi:
– Bütün digər qurumlar kimi, bizdə də hədsiz nadürüst əməkdaşlara rast gəlinir. Məsləkdaşım sayılan agentlərdən birisi də mənimlə eyni material üzərində çalışırdı.
Qoca pəsdən soruşdu:
– Hansı material üzərində?
– Hə, dünyasını çoxdan dəyişənlərin DNT-sini biz belə adlandırırıq axı. Bilirəm, bu deyim bir az qəribə səslənir, deyəsən aramızdakı söhbətlərdə biz bu barədə danışmışdıq. Deməli belə, məsləkdaşım kiçik qardaşınızın DNT-sinə rast gəlincə, mərhumun kopyasının yaradılmasına maraq göstərə biləcək bir şəxsin axtarışına çıxdı. Soraqlaşmaq yoluyla, sonradan ekranda gördüyünüz cavan xanımı tapdı. O başıbəlalı məsləkdaşım həm də and-aman edir ki, mənim sizi tapdığımdan xəbərsiz imiş. Ola bilsin, həqiqətən də bundan agah deyilmiş. Ona görə də iş elə gətirdi ki, qardaşınızın bu obrazı sadəcə sizin xatirələriniz əsasında yaradılmadı.
– Bəlkə də, qardaşım canına qıyıbmış. Özünü bir çağanın qatili sandığı üçün o, sürdüyü uçuş aparatını birbaşa dənizin qoynuna yönəldibmiş. Bəs sizin necə, o qadının kimliyindən və başına nələr gəldiyindən xəbəriniz varmı?
Cavan agent pəsdən, amma qətiyyətlə cavab verdi:
– Müştərilərimizin adlarını və həyatı ilə bağlı bilgiləri biz gizli tuturuq. – Sonra sözünün ardını gətirdi: – Növbəti çalışmaya qədər qurumumuz bənzər texniki çatışmazlıqları aradan qaldıracaq. Axı eyni materialın bir-biriylə bağlı olmadan fərqli insanlar tərəfindən canlandırılması yolverilməzdir.
Baxışlarını cavan agentə zilləyən qoca dedi:
– Yetər artıq. Qalan yolu mən özüm gedəcəyəm. Təkbaşına.
Qoca koloniyanı tərk edən insanların mindiyi kiçik uçuş gəmisinə tərəf üz tutdu. İçəridə artıq on, on iki nəfər vardı. Kişili-qadınlı bu insanların hamısı artıq ahıl yaşda idi. Yarıqaranlıq salonda həm onların üzləri fərli-başlı görünmürdü, həm də sərnişinlərin yad baxışlardan qaçındığı şübhəsiz idi. Bütün uçuş boyu göyərtədəki sükut heç pozulmadı.
Qocanın mindiyi uçuş gəmisi xeyli iri və işıqlı bir kosmodromda yerə endi. Çıxışda dayanan bir kişini çıxmaq şərtiylə, gələnləri heç kəs qarşılamırdı. Get-gedə ona yaxınlaşdıqca, qoca öz-özünə etiraf edirdi ki, bu kişi onun kiçik qardaşına hədsuz dərəcədə bənzəyir. Həm də hər barədə – üz cizgilərinə, boyuna və bədən quruluşuna görə də! Qoca ilə eyni uçuş gəmisində gələn yaşlı qadını qarşıladığı zaman etdiyi əl-qol hərəkətləri də məhz qardaşına xas idi.
Qoca mat-məəttəl halda o kişini süzürdü. O isə özünə yaxınlaşan qadına işarətlər verməklə, qocanı ona göstərirdi. Qocaya nəzər salan qadın gülümsədi və o kişi ilə birlikdə ağır addımlarla çıxışa tərəf yönəldi. Bir anlığa qoca qaçaraq, bu cütlüyü haqlamaq fikrinə düşdü, ancaq koloniya agenti ilə bağlı yaşanan o məyusluğu xatırlayıb, çiyinlərini çəkdi və bu niyyətindən daşındı. Öz-özlüyündə: “Hər şeyə rəğmən, məncə, səfərim uğurlu keçdi” – deyə qət edən qoca: “Qardaşım onsuz da həmişə mənimlədir” – qənaətiylə çıxışa tərəf addımladı.
Ruscadan tərcümə: Azad Yaşar