Pomada - El Romandan hekayə

Pomada - El Romandan hekayə
6 mart 2024
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində El Romanın "Pomada" hekayəsini təqdim edir.

- Ülkər, nəsə problem var?

Ülkər əda ilə gülümsədi:

- Sabah ad günü olan adamın nə problemi ola bilər ki?

Sevdiyim qızın ad gününə saatlar qalmışdı. Ülkərin xoşbəxt görünməyinə sevinirdim. Həmin günün gəlişi isə məni həyəcanlandırırdı. Amma məndə elə fərasət hardandı ki, onun ad gününə yaxşı hədiyyə seçim.

Hökmən maraqlı hədiyyə almalıydım, onun bir də on səkkiz yaşı olmayacaqdı.

Bu barədə Adildən başqa köməyimə çatacaq adam ağlıma gəlmədi.

Dördüncü zəngimdə telefonu açdı. Ülkərin sinif yoldaşı idi. Mütləq görüşməliyik dedim.

Adil saf, sakit uşaq idi. İndiyə kimi bircə qızın da əlini tutmamışdı. Bizim küçədə saflıq, təmizlik bununla ölçülürdü: "Əli qız əlinə dəyməyib."

Belə pis çıxmasın, mən də saf uşaq idim...

Bir tərəfdən günəşin şüası ac qırğı kimi üstümə şığıyırdı, o biri tərəfdən yolboyu Adilin mənasız hədiyyə təkliflərindən təmiz tıncıxmışdım.

"Pomada al. Onsuz da Ülkər tez-tez pomadasını dəyişir. Qırmızı pomada ona yaraşar" - Adil qorxa-qorxa dedi.

Onun bu yersiz xeyirxahlığı məni qıcıqlandırsa da, əslində, heç də pis fikir olmadığını düşündüm.

"Gəl, Sabir, bacım həmişə makyaj ləvazimatlarını buradan alır. Həm ucuzdur, həm də keyfiyyətli".

Mağazaya girəndə rənglərdən gözlərim qamaşdı. Həm divarlarda, həm də şüşələrin altındakı vitrinlərdə az qala bütün rənglər vardı. Fikirləşdim, nə yaxşı daltonik deyiləm.

– Bu, ən yaxşı firmanın məhsuludur. Dadı da qəşəngdir, iyi də. Tamında yeni və fərqli bir aroma var, aldığınız xanım mütləq fərqi hiss edəcək.

Başım çıxırmış kimi elə sakitcə qulaq asırdım, elə bil, birdən-ikiyə pomada vurmuşam. Amma Adil satıcı xanımla bu mövzuda o qədər peşəkar danışırdı ki, kənardan heyrətlə izləyirdim. Yəqin bir oğlanın bacısının olması belə bir şey idi.

Adilin seçimi ilə satıcının təriflədiyi ən bahalı, qırmızı və fərqli aromalı pomadanı aldıq.

Evə çatanda nədənsə narahat olduğumu hiss etdim. Əvvəl düşündüm ki, yəqin üstümdə sabahın həyəcanı var. Nə qədər olmasa, ilk dəfə bir qıza sevgi etirafı edəcəkdim.

Gecə yatanda tavana baxa-baxa fikirləşirdim, görəsən, pomada necə dadır ki, satıcı onu bu qədər tərifləyir? Axı bu, əvvəlki pomadaların dadından fərqli idi.

Əvvəlkilər necə idi?

Bu necədir?

Gecədən səhərə qədər bunu düşündüm. İş o həddə çatdı ki, Ülkərlə görüşün həyəcanından yatmamışam deyib özümə təsəlli verdim. Hədiyyə paketini dəfələrlə açıb-bağladım. Səhər açılan kimi Adilə düz dörd dəfə zəng elədim.

– Adil, satıcı qırmızı pomadanın dadı barədə nə demişdi?

– Nə bilim, Sabir. Demişdi, əvvəlkilərdən fərqlidir.

– Dadının necəliyi bəs? O barədə nəsə demədi?

– Sabir, keyfiyyətli məhsuldur, narahat olma. Ən tanınmış firmanın ən bahalısındandır. Ülkər də bəyənəcək.

– Yox, Adil. Səncə, qırmızı pomada necə dadır?

– Nə bilim, çiyələk dadar da!

– Doğrudan? Lap elə çiyələk?

Üzümə telefonu söndürdü. Onu xeyli söydüm.

Üç saat sonra Ülkərlə görüşəndə həyəcandan tir-tir əsirdim. Bütün cəsarətimi toplayıb ad gününü təbrik elədim. Belə bir vəziyyətdə ona sevgimi etiraf eləməyim qeyri-mümkün görünürdü. O isə məndən fərqli olaraq, rahatca təşəkkür elədi və pomadanı ən sevimli makyaj dəstinə qoyacağını söylədi.

Ülkər hədiyyəni açmamış içində pomada olduğunu necə bilmişdi?

Yəqin, indiki oğlanların hamısı sevdiyi qıza qırmızı pomada alırdı.

Görüşdən sonra tələsik Adilə zəng elədim. Dördüncü zəngimdə telefonu açdı və uğursuz hədiyyə seçiminə görə yenə onu xeyli söydüm. Ülkərlə yaşanan biabırçılıqdan danışdım.

Pomadanın dadını heç cür ağlımdan çıxara bilmirdim. Günün hər saatı bu mövzu beynimi deşirdi. Qurtulmaq istəyirdim, unutmaq istəyirdim, alınmırdı.

Buna görə Ülkərə sevgimi də etiraf edə bilməmişdim. Həyəcan bəhanə idi.

Adil mənə psixoloq Günay xanımı israrla tövsiyə etdi:

- Bacım əvvəllər gözəl olmadığını fikirləşirdi, tez-tez depressiyaya düşürdü. Onu bu sarsıntılardan Günay xanım xilas elədi. İndi problemi qalmayıb. Hətta özünü bütün qızlardan gözəl sayır.

Adilin məsləhətindən sonra Günay xanımla danışıb görüş təyin elədim. Bir tərəfdən ilk seans olduğu üçün həyəcanlıydım, digər tərəfdən, psixoloq yanına gedənləri dəli, psixoloqları psix hesab eləyirdim. Fikirləşirdim, necə oldu gəlib bu nöqtəyə çatdım? Məndəmi dəliyəm?

Günay xanımı görən kimi qapını çırpıb otaqdan çıxanda, əminəm ki, o da öz içində bu suala "hə" cavabını vermişdi. Nə olur-olsun, bütün günahı Adildə axtarırdım. Məni qıpqırmızı pomadalı psixoloqun yanına göndərməyin başqa adı ola bilməzdi. Fərqi yoxdur, istər psix olsun, istər psixoloq. Axı heç kəs "pomadanızın dadını bilmək istəyirəm" cümləsini normal qarşılamazdı.

Adil adəti üzrə telefonu dördüncü zəngdə açdı. Onu bir neçə dəqiqə söydüm və telefonu söndürdüm. O qədər dəli olmuşdum ki, Adili söyəndə qulağıma qıraqdan Ülkərin səsi də gəlirdi. Gecənin bu saatında Ülkərlə Adilin səsini eyni yerdən eşitmək məni dəli, Günay xanımı da əsl psixoloq edəcək material idi.

Hə, artıq həqiqətən dəli olmuşdum. Küçə-küçə düşüb psixoloq Günay xanımın adını qışqırırdım. Beynimi qurdalayan tək şey pomadanın dadıydı. Dodağıma vura bilməzdim, dişləyib dadına baxa bilməzdim. Ağlıma gəlirdi ki, əvvəldən dadına baxmış kimdənsə soruşum. Tində siqaret çəkən üç oğlandan indiyə kimi qızla öpüşüb-öpüşmədiyini soruşmaq, sözsüz ki, yaxşı fikir deyildi. Hələ bundan sonrakı sualı vermək yazıqlıqdan başqa bir şey olmazdı:

– Pomadaları necə dadırdı?

Qaqaşlardan ən yekəpərinin birinci yumruğu məni yerə uzatdı. Bədənim ard-arda vurulan təpik zərbələrinin altında dincəlirdi. Oğlanlardan birinin burnunun ucundakı tər damcıları muncuq-muncuq üzümə tökülürdü.

Birtəhər ayağa qalxdım. Axsaya-axsaya gedib, masaj salonunun qarşısında dayandım və bir siqaret yandırdım. Bilirdim ki, bir az sonra öpəcəyim qadın heç Ülkərin dırnağı da deyil. Amma başqa çıxış yolum qalmamışdı. Siqaret kötüyünü dodağımdan çəkdim. Qəfil diksindim. Kötüyün dodaq hissəsindəki qıpqırmızı rəng məni silkələdi. Dilimlə dodaqlarımı vəhşicəsinə sümürməyə və dodağımdakı dadı udmağa başladım. Bu tanış dad məni ayaq üstə sərsəm hala salmışdı. Çox xoşbəxt idim. Dodaqlarımdakı pomadanın qan dadması qırx il düşünsəm, ağlıma gəlməzdi.

Özümü xoşbəxt hiss edirdim.

Beynimdə dolaşan ən böyük suala cavab tapsam da, içimdə bir o qədər də böyük boşluq yaranmışdı. Dünəndən bu günə ağlımda ilişib qalan sualla yanaşı, heç fərqinə varmadan qapıldığım möhtəşəm bir yalanı da həqiqətə çevirə bilmişdim:

Sən demə, Adil evin tək uşağı imiş, bacısı yox imiş...

Ona zəng etdim, dördüncü dəfədə də telefonu açmadı.

# 2341 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #