Nur - Sabir Etibarlı

Nur - Sabir Etibarlı
20 noyabr 2023
# 18:20

Kulis.az Sabir Etibarlının "Nur" hekayəsini təqdim edir.

Babam azı 500 illik tarixi bilinən zadəgan bir ailənin ən yaşlı nümayəndəsi, böyük bir sərvət sahibi, dünyaca məşhur tarixçi və xəstəlikli dərəcədə işini sevən kolleksiyoner idi. Qəsrdən fərqlənməyən evimizdə dünyanın ən fərqli yerlərindən ən müxtəlif tarixi abidələr toplanmışdı. Tarixin başlanğıcı Mesopotamiya, Antik Misir, Qədim Yunanıstan və neçə-neçə qədim dövrlərdən möhtəşəm əsərlər evimizdə gülləkeçirməz şüşələr altında həssas siqnalizasiya sistemi ilə qorunurdu. Babamın vurğunu olduğu heyvan kolleksiyasındakı içi doldurulmuş quşların bəzilərinin artıq 200 il əvvəl nəsilləri kəsilmişdi. Bütün bunları və daha artıdığı nəzərə alsaq, muzey direktorlarının az qala qapımızda yatmaları təəccüblü deyildi.

Bu zənginliklər içində ata və anamızın yoxluğu məni, bacı və qardaşımı olduqca aciz hiss etdirirdi. Atam siyasi nüfuzu və kəskin fikirlərinə görə anamla birlikdə maşında güllələnəndən bəri babamın yanında yaşayırdıq. Babam bu cinayətdə yaxın qohumlarımızın əli olduğundan şübhələndiyi üçün hamısı ilə əlaqəni kəsdi. Artıq bizim bir-birimizdən başqa heç kəsimiz yox idi. Əlbəttə ki, atamın ölümündən bir az əvvəl evə gətirdiyi iki aylıq pudel cinsi iti saymasaq. O, ailəmizin ən sevimli və pozitiv üzvü idi.

İndi də yadımdadır. Babamın 75 yaşı olanda uşaqlıq dostu ona əntik kitab bağışlamışdı. Verəndə bu sözləri işlətmişdi:

- Afrikanın ən güclü sehrbazlarının, Antik Misirin sadəcə ən böyük rahiblərinin mənsub olduğu gizli dinin salamat vəziyyətdə əldə qalan tək kitabıdır. Təqribi 1250 yaşı var. Güman ki, bu dinə mənsub sonuncu adamların qələmə aldıqları axırıncı nüsxələrdəndir.

O kitabı yazana da, babama verənə də, o kitabı oxuduğumuz günə də lənət olsun. Yaxşı yadımdadır. Mənim 16, qardaşının 14, bacımın isə 11 yaşı var idi. Axşam 10-11 arası idi. Babam günün yorğunluğundan, ya da qəbul etdiyi dərmanların təsirindən elə iş masası üstündə yatmışdı. Boynundan ip keçirdiyi köhnə eynəyi sallanırdı. Kitab masanın üstündə səhifəsi açıq formada babamın əllərindən bir az aralıda idi. Gözünü açandan tarixi şeylərin içində olan və müstəqil, sərbəst şəkildə yetişdirilmiş biri olaraq o kitabı götürüb oxumağımı kim qəribsəyə bilər ki? Kitab olduqca maraqdoğuran idi. Fransız, italyan və ispan dillərində sərbəst danışır, farcsa və ərəbcə gündəlik danışığı anlayırdım. Danışa bilməsəm belə, latınca oxuya bilirdim. Amma kitabın dili bu dillərdən heç birinə bənzəmirdi. İçində hərf və işarələri heç vaxt heç bir mətndə, başqa bir kitaba görmədiyimə əminliklə and içə bilərəm. İçindəki təsvirlər necə də aydın, güclü görünürdü. O qədər valeh olmuşdum ki, bacımı və qardaşımı ayinlərdən birini həyata keçirməyə çağırdım. Onsuzda bu bzim lap çoxdankı oyunumuz, hobbimiz idi. Az Anubis olmamışdım. Qardaşımın üçdişli nizəsi ilə suları çoşdurduğu, bacımın həyat öpüşü ilə oyuncaq heyvanlara can verdiyi hələ də yadımdadır.

Təbaşir ilə yerə kiçikdən böyüyə üç konsentrik çevrə çəkdim. Çevrələrin içərisindəki işarələri qardaşım cızdı. Olduqca çətin simvollar idi. Kitabda təsvir olunduğu kimi bədirlənmiş ayın pəncərədən görünməsi oyunumuzu daha da maraqlı edirdi. Şəkildəki kimi bir-birimizdən aralı durub əl-ələ verərək gözlərimizi yumduq. Yalandan nə isə pıçıldamağa başladıq. Birdən bacımın əlinin soyuduğunu hiss elədim. Əlimi var gücü ilə sıxırdı. Gözümü açıb ona baxdım. Dəhşətdən, ağrıdan üzü eybəcər hal almışdı. Ağzı açıq idi, fəryad qopardığı hiss olunurdu, amma səsi çıxmırdı. Sonra yerə yıxıldı, sara xəstələri kimi, ya da sudan çıxmış balıq kimi çırpınmağa başladı. Qardaşım ilə qıraqda qalıb bu dəhşətverici səhnəyə baxmaqla kifayətləndik. Özümüzü itirmişdik. Qəfildən sakitləşdi, bədəni süstləşib rahatlıq tapdı. Ağız-burnundan, gözlərindən, qulaqlarından və qızlığından qan gəldi. Yerdə ölü kimi uzanması bizi özümüzə gətirdi. Qaçıb babımızı oyatdıq. Babam həyəcan içində otağa girəndə içimizdən ən çox sevdiyi nəvəsini döşəmədə qanlar içində tapdı. Bir az aralıda - iki çevrənin düz mərkəzindən bir metr yuxarıda havada asılı qalıb lampa kimi ətrafa işıq saçan nur parçasını görüb bir anlığa donub qaldı. Ancaq dəhşətin yaratdığı hərəkətsizliyi saniyələr içində dəf edib yaşından gözlənilməyən çevikliklə qapını bağladı. Səsimizi eşidib otağa yüyürən xidmətçilərin heç birini babam içəriyə buraxmadı. Nəyin baş verdiyini anlamışdı...

O gündən bəri bacım yataq xəstəsi oldu. Danışmır, yemir, heç bir həyat əlaməti göstərmədən gözlərini tavana dikirdi. Dünyaca məşhur neçə-neçə həkimlər bu işin qarşısında aciz qalmışdı. Babamın müalicə üçün bacımı ildə bir neçə dəfə Amerikaya aparması, hər dəfə də nəticəsiz geri qayıtması hələ də yadımdadı. Üstündən 70 ilə yaxın ötüb, amma o günlər hələ də yadımdan çıxmır.

Babam bilirdi ki, bu məsələnin həlli tibbi deyil. Çox araşdırır, tapdıqlarını bizimlə bölüşürdü. Ömrünün bu işi bitirməyə çatmayacağından qorxur, yarımçıq işlərini bizə həvalə etmək istəyirdi. Tapdığı hər yeni məlumatı bizimlə müzakirə edir, qeyd dəftərçəsinə mütləq yazırdı. Söhbətlər əsnasında qardaşım ətli başını aşağı salıb səssizcə dinləməklə kifayətlənirdi. Kök sifətində itib batmış bir cüt qara gözlərdə mənasızlıq, bayağılıq, bezginlik var idi. O, sadəcə anlamırdı. İri qulaqları, sallaq yanaqları və seyrək saqqalı birlikdə qanmazlığını, ağlının kəmliyini hayqırırdı. Doğuşdan bir az geri qalmış zehni bacımın başına gələn hadisədən sonra sanki daha da pisləşmiş, kütləşmişdi. Onunla məşğul olmağa babamın sadəcə enerjisi, gücü yox idi. Danışıqdan onu tam təcrid etməməklə bərabər onunla çox ünsiyyətə girmir, üzünü mənə tutub danışırdı. Mən isə əlimdən heç nə gəlmədiyini bilə-bilə günahkarcasına, həm də babamın dediklərinin sadəcə yarısını anlamağıma baxmayaraq ona bütün diqqətimlə qulaq asır, tez-tez başımı təsdiq əlaməti kimi aşağı-yuxarı hərəkət etdirirdim. Bununla belə babamın günahımı üzümə vurmayan, məzəmmətsiz danışığının mənə əzab verən zülmmü, yoxsa lütfmü olduğundan əmin ola bilmirdim.

Aylar, illər keçdikcə necə böyük fəlakətə səbəb olduğumu daha yaxşı anlayırdım. Biz qapı açmışdıq, bu dünyaya aid olmayan bir şeyi dünyaya gətirmişdik. Üç çevrənin ən balacası portal, qapı rolunu oynayırmış. Yalnız bir tərəfə və bircə dəfə açılan qapı. Buna görə ayin bitəndə, hərçənd bunu necə etdiyimizi özümüz də bilmirdik və bacım o vəziyyətə düşəndə iç tərəfdəki ən kiçik çevrə yoxa çıxıbmış. İkinci çevrə içindəki məxluqun gücünü neytrallaşdırır, ən böyük çevrə isə içəridəki üçün qapan, qəfəs rolunu oynayırmış. Vaxt keçdikcə bacımın vəziyyəti pisləşirdi, arıqlayır, bədəni çürüyürdü. Otaqda ürəkbulandıran üfunət yayılırdı. Axşamlar qışqırığabənzər tükürpərdən səslər çıxarırdı. Neçə dəfə insanınkına bənzəməyən bu səslərə oyanmışam. Babam bir vaxtdan sonra bacımın otağında yatmağa başlamışdı. Qışqırıqlar başlayan kimi oyada bilsin deyə. Qulluqçular isə ancaq yedizdirmək, yuyundurmaq və təmizlik üçün otağa daxil ola bilirdilər. Bacımın pisləşən halı ilə paralel nur daha da inkişaf edirdi. Get-gedə parlaqlığı artırdı. Sonra işığının artması dayandı. Boyca uzanmağa başladı, böyüyürdü. Bir vaxdan sonra isə insanvari forma aldı.

***
Hadisədən dörd il ötürdü. Bacım tanınmaz hala düşmüş, artıq insana bənzəmirdi. Nur isə artıq insandan daha üstün bir varlıq kimi görünürdü. Tamamlanmışdı. Onun lüt-üryan bədənini şəhvani hisslərlə saatlar boyunca izləyirdim. Hüri idimi bu, ya bəlkə şeytanın özü idi? Bilmirdim. Amma sadəcə bu gözəlliyə tamaşa etmək belə mənə cənnət kimi görünürdü. 30-32 yaşlı yetkin, sağlam qadın cildində idi. O qədər ağ idi ki, süd ondan qara görünə bilərdi. İri budları, gözlərimi ala bilmədiyim döşləri ilə qüsursuz görünürdü. Belinə qədər tökülən zil qara saçları, uzun kirpikləri, şəhvətoyandıran dodaqları ilə hər bir kişinin arzuladığı qadın idi. Təkcə bu qüsursuz sinəyə baş qoyub yatmaq bütün dərd-qəmi unutmağa bəs edərdi. Gözlərindəki işıq qarşısında sanki günəş sönük qalırdı. Hamar, toxuna bilməsəm belə yumşaqlığı hiss edilən dərisi məndə ona yaxınlaşmaq istəyi oyadırdı. Qeyri-adi dərəcədə uzun, arıq barmaqları maraq doğururdu. Zehnimdə bu əllər insan əllərinə deyil, dişi aslanın pəncələrinə bənzəyirdi. Bu caynaqlarda parça-parça olmaq üçün hər şeydən keçməyə hazır idim.

Düz dörd ilin sonunda bacım qışqırıqlar, ağrı içində öldü. Qışqırıqları hələ də qulağımdadır. Antik qayda yerinə yetirildi. Nur buraya aid deyildi. Əgər onu buraya gətirmişdiksə, o tərəfə də birini göndərməli idik. Tərəflər tarazlaşdırılmalı idi. Bu taraz daşı da bacım idi. Bu nurun nə olduğunu bilmirəm, amma insan cildində doğumu tamamlandı, bacımı isə itirdik. Ayinin birini hissəsi tamamlandı.

Bütün evi yaş havası bürüdü. Ölkə gündəmi bu ağır xəbərlə çalxalanırdı. Bəzi jurnalistlər atamı öldürənlərin bacımı da zəhərləyib öldürmələri barədə axmaq şeylər yazırdılar. İki-üç həftə evdə adam əskik olmadı. Xəbəri eşidən dostlar, tanışlar, illər əvvəl görüb nəinki adını, hətta varlıqlarını belə unutduğumuz neçə-neçə adamlar evə axın etdilər. Yəqin ki, nüfuzumuz, pulumuz ziyarətçilərin çoxluğuna az təsir etməmişdi. Muzey direktorlarından tutmuş rəssamlar, musiqiçilər, yazarlar, heykəltaraşlar – incəsənətin elə bir sahəsi yox idi ki, yas mərasimində olmasın. Digər ziyarətçi qrupu biznesmenlər idi. Nəcib gülüşlərindən, saxta rəftarlarından onları seçmək çətin deyildi. Hələ aralarından bir-ikisi utanmazca vaxt tapıb babamla hansısa qazanclı işi müzakirə etmək istədilər. Əlbəttə ki, layiqli cavablarını aldılar. Digər bir qrup isə siyasətçilər idi. Atamın dostları, keçmiş yoldaşları, əqidədaşları. Aktyorları paxıllıqdan çatladacaq qədər peşəkarlıqla hüzn maskaları üzlərində babama başsağlığı verirdilər. Bir az aralanandan sonra isə partiyadaxili məsələləri, rəqib partiya qarşısında üstünlüklərini, aparacaqları kompaniyaları müzakirə edirdilər. Bu qədər fərqli qrupda və dəhşətəgətirən çoxluqda ancaq cüzi faiz bacımın ölümünə qəlbdən hüznlənir, bizim kədərimizi, ağrımızı bölüşürdü.

Yasdan sonra nura daha uzun-uzadı tamaşa etməyə başlamışdım. Bacımın ölümü onun təqsiri deyildi, mənimki idi. Mənsə bu günah haqqında fikirləşmək istəmirdim. Sadəcə bu bihuşedici gözəlliyə sahib olmaq istəyirdim. Onu tez-tez dilə tutur, səsini eşitmək istəyirdim. O isə heç nə demirdi, sadəcə ətrafa baxırdı. Bu gözlərdə qətiyyən xamlıq, qorxu, acizlik, rəhm diləyən ifadə yox idi. Əksinə meydan okuyurcasına baxırdı. Mən isə gözlərimi bədənində gəzdirir, tez-tez gözlərinin içində ilişib qalırdım. Artıq qərarımı vermişdim. O, mənim olmalı idi, sadəcə mənim. Amma babamın dediyinə görə, çevrələrdən içəriyə daxil olan insan tilsimi qırmış olur. Onu - həyatımın eşqini, mənasını əlimdən buraxa bilməzdim. Bilmirəm niyə belə hiss elədim, amma bir anlıq mənə elə gəldi ki, babam bu məsələnin həllini bilir. Ömrümdə birinci dəfə idi ki, oğurluq etdim. Mənim qayğıma qalan, valideynlərimdən sonra mənə həm ana, həm ata olan babamdan. Qeyd dəftərçəsini oğurlamaq çox asan oldu. Axır vaxtlar sayıqlığı azalmış, yaddaşı zəifləmişdi, ağlı itmiş kimi olurdu. Ona görə də seyfin kodunu yanımda 1-2 dəfə yığanda kodu əzbərləmək çətin olmadı. Qeyd dəftərçəsində lazım olanı tapmaq cüzi vaxtımı aparmışdı. Orada belə yazılmışdı: “İkinci çevrə içində həbs olunan şeyin gücünü bu aləmdə - Dünyada neytrallaşdırır. İkinci çevrəni məhv edib üçüncü ən böyük çevrəni saxlasaq, otaqda həbs olunmuş məxluq yenə də məhbusluqda qalacaq. Amma bu halda ona toxunmaq mümkün olacaq. Bunun müqavilində o, hansı güclərə sahibdirsə, onlardan yenidən istifadə edə biləcək. Onun gücünü neytrallaşdıran məhz ikinci çevrədir.”
Oxuya-oxuya hiss edirdim ki, babam təkcə bacımı xilas etməyə çalışmayıb. O, həm də bu işlə elmi araşdırma ciddiliyində məşğul olub, hər detalı ətraflıca qeyd edib, tapdıqlarını müqayisə edərək mülahizə irəli sürüb, müxtəlif alternativləri araşdırıb. Araşdırdıqca tapdıqlarını, müxtəlif ayinləri həm təsvirlər, həm də sözlər ilə izah etmişdi. Yazdıqlarından məlum oldu ki, ikinci çevrənin məhvi üçün dəyərli bir can qurban verilməli idi. Bu məsələ məni çox incitsə də, o qurban ailəmizin üzvü kimi gördüyüm itimiz oldu. İtin qanı ilə simvolları yerdə çəkdim, babamın oxunuşunu dəqiq yazdığı sözləri 12-ci dəfə təkrarlayanda gözlənilməz bir şey baş verdi. Birdən gözəgörünməz qüvvə məni yerdən qaldırb yerə çırpdı. Özümə gəlib ufuldaya-ufuldaya ətrafa baxanda bacardığımı gördüm. İkinci halqa yox olmuşdu.

Əlini, o möhtəşəm, pak əlini uzadıb məni çağırırdı. Özümü tez toparlayıb ona tərəf addımladım. Əlini iki əlimlə tutub çox qısa vaxt ərzində gözlərinə baxdım. Sanki bu gözlərdə kəhkəşan, bütün qalaktikalar, bütün varlığı ilə kainat yerləşmişdi. O möhtəşəm varlıq qarşısında özümü necə də aciz hiss edirdim. Nəzərimdə get-gedə böyüyürdü, mənsə balacalaşıb dəyərsizləşirdim. Amma yox, bu davam edə bilməzdi. Erkək şirin ovuna acımadan hücum etdiyi kimi dodaqlarına atıldım. Dilim onun ağzında dövr edirdi. Onu möhkəmcə qucaqladım. Necə də isti idi, dərisinin altında axan isti qanı hiss edirdim. O qan mənə axar çayları xatırladır, mənim şəhvət dəyirmanımı hərəkətə gətirirdi. İndi isə o, nəzərimdə kiçilir, acizləşirdi, amma qətiyyən dəyərini itirmirdi. Əksinə daha da dəyərli olurdu. Vaxt keçdikcə daha çox qan-tər içində qalır, təngnəfəs olurdum. Özümü tanıya bilmirdim. Mənim kimi daim sakit, səssiz olan birinin içindən dəlisov, hər şeyi etməyə qadir döyüşçü və bəlkə də bir manyak çıxmışdı. Hər keçən dəqiqə, saniyə məni həzzə daha da yaxınlaşdırır, ondan aldığım ləzzəti artırırdı. Onunla bütün ilkləri yaşadım. İlk öpüş, ilk şəhvani qucaqlaşma, ilk iniltilər, ilk ilahi birləşmə. İndi şükür edirəm ki, birləşmə sadəcə bir dəfə olmadı. Həzzin pik nöqtəsinə sonunca dəfə çatdıqda yorğunluqdan yatıb qaldım. Ondan sonra bir daha heç vaxt əsl kişi ola bilmədim.

***

Səhəri gün günorta leş kimi oyananda lüt idim, yerdə uzanmışdım. Ətrafa baxanda otaqda tək olduğumu gördüm. Nə it cəsədi, nə üçüncü çevrə, nə də nur orada idi. Zehnimdə dünəndən qalma görüntülər keçdikcə qəlbimdə sevinc ilə kədər, həzz ilə narahatlıq toqquşurdu. O harada idi? Mənim gözəlim, həyatımın tək eşqi, mənası harada idi? Yəni doğrudan onu itirmişdim? Görünür nəyi isə səhv etmişdim və bu səhv çox böyük idi. Heç kəs görmədən öz otağıma gedib əynimə paltar geyindim, əl-üzümü yuyub duş almadan babamın otağına qaçdım. Artırdığı dərmanların dozası onu keyləşdirib dərin yuxuya aparmışdı. Oyatmaq çox çətin oldu. Gözləri qızarmış, gözlərinin altları torbalanmışdı. Mənə bir müddət elə gəldi ki, danışdığımı anlamır. Məni otaqdan çıxartmaq, qəhvə içib özünə gəlmək istəyirdi. Bir təhər olanları ona danışdım. İtimizi öldürdüyümü dedikdə caniliyimdən, yaşadıqlarımızı danışanda əxlaqsızlığımdan çox utanmışdım. Sözlərimi idrak edəndə gözləri bərəldi. Bu bərəlmiş gözlərdə dəhşət, qorxu, çarəsizlik var idi, üstəlik iyrənti, istehza və günahlandırma hiss olunurdu.

Babam tezliklə məni və qardaşımı evdən göndərdi. Evimizdən çox uzaqda, ölkənin sərhədinə yaxın bir evdə qardaşımla yaşamağa başladıq. Babamla tez-tez telefonda danışır, vəziyyətini soruşurdum. Hər dəfə səsində xırıltı artırdı, get-gedə cümlələri arasında əlaqə zəifləyirdi. Üçüncü aydan sonra qorxduğunu qəbul etməyə başladı. Bir dəfə mənə dedi ki, qulluqçular nəyinsə düz olmadığı hiss edirlər, narahat olurlar, daha burada işləmək istəmirlər. Evdə hamı qarabasma görür, səslər eşidirmiş. Evdə tez-tez nələrsə itir, əşyaların yerləri dəyişir, eksponatlarda səbəb yox ikən zədələr yaranır, elektron cihazlar normal işləmir, həyətdəki qoruma itləri qəfil ölür, hamının üzərilərində hiss etdikləri ağırlıq durmadan artırmış. Səhv etdirəmsə, dörd ay yarımdan sonra babam WhatsApp-dan səsli mesajda lənətli kitabı tamam oxuyub qutardığını, sonunda çıxış yolunu tapdığını dedi. Amma həmən çıxış yolunun nə qədər dəhşətli olduğundan danışsa da, onun nə olduğunu demədi. Səsindəki çarəsizlikdən və yorğunluqdan ürpərmiş, tüklərim biz-biz olmuşdu. Nə yazacağımı bilmirdim, söhbətimiz çox mənasız yerdə kəsilmişdi. Narahatlıqla dolu günü stress, əsəb içində başa vurdum. Səhəri gün uğursuz, qara xəbər gəldi. Babam ölmüşdü. Bizim üçün dünya dağılmış, məhşər qurulmuşdu.

Maşın ilə 8 saatlıq yolu 5,5 saata getdik. Öyrəndiklərimiz bizi dəli elədi. Babam özünü asmışdı. Ölümündən saatlar əvvəl mənə ünvanladığı məktubu əllərim əsə-əsə açıb oxudum. Orada belə yazılmışdı:

“Ölməyimi istəyir, bunu hər axşam qulağıma fısıldayır. Amma məni öldürmək istəmir, mənim özümü öldürməyimi istəyir. Bu yolla azad olacaq. Hərdən gözümə görünür. Oğlum... Oğlumu görürəm, nəvəmi görürəm. Bəzən qadın kimi görünür. Mən... Mən bu yaşımda, xəstə halımda damarlarımda qanın axdığını hiss edirəm. Məni aldadır, hərdən elə hiss edirəm ki, cavanlaşmışam, gücüm geri qayıdıb. Dünən axşam yatağımdan durdum, otağımda idi. O möhtəşəm gözəlliyi ilə lüt-üryan qarşımda dayanıb məni çağırdı. Asta-asta ürkütmədən yaxınlaşdım. Yaxına gedəndə dəhşətdən qışqırdım. Gözlərindən, ağzından qan gəlirdi. Bu mənzərə mənə tanış idi. Deyəsən, burada qalmaq onu incidir. Bədənində yaralar var idi. O, insan deyil, o insan deyil”.
Az qala havalanmışdım. Altıncı hissim olanları daha dərindən araşdırmalı olduğum barəsində qışqırırdı. Bu qışıqırığa istər-istəməz boyun əymişdim. İstintaq üçün hadisə yerində çəkilmiş şəkilləri tapmaq çətin olmadı. Babam boynunda ip havada asılı qalmışdı. Bilmirəm niyə polislər fikir verməmişdilər. Babamdan arxada, güzgüdə qadın üzü, onun üzü kölgəli formada görünürdü. Bilmirəm, bəlkə də bunu məndən başqası da görmüşdü, amma, güman ki, işığın əks olunmasına bənzədib üstündə durmamışdılar. Bəlkə də bu, sadəcə mənə görünürdü. Bu barədə danışmaq istəmirəm.
Babamın itkisinin şokunu üzərimizdən atmamış qardaşımla mən bütün işçiləri evdən mədəni formada tez-tələsik qovduq. Evə qapanıb heç bir başsağlığını qəbul etmədik. Biz döyüşdə idik. O, burada – bu evdə idi. Qərara gəldik ki, babamın əşyalarına baxaq. Yazmağa vurğun biri kimi bu keçən aylar ərzində heç nə yazmaya bilməzdi. Babamın iş otağının qapısı önündə durub bir-birimizə mənasızca, nə edəcəyimizi bilməzcəsinə baxırdıq. Bu axmaqca baxışmağa son qoyub cibimdən açarı çıxartdım. Qalın açarın ağır qapının kilidi içində fırlanması səssiz geniş evdə əks-səda verdi. Babamın otağına girdik. Elə qəribə hal almışdıq ki, elə bil bura birinci dəfə girdiyimiz yad otaq idi. Babamsız hər şey görümüzə yad, bəlkə düşməncə, bir az mənasız, bir az da vəhşiləşmiş kimi görünürdü. Bununla belə otağın hər yeri səliqəli, nizamlı idi. Bizcə iş masasndan başqa. Üzərində müxtəlif yazılar, simvollar, təsvirlər olan qədimi sarı vərəqlər masanın üzərinə səpələnmişdi. Beş dəqiqə bunları incələdikdən sonra heç nə anlamadığımızı dəqiqləşdirib seyfə yönəldik. Xoşbəxtlikdən kodu dəyişdirməmişdi. Orada o lənətli kitabı və gündəlik də deyə biləcəyimiz babamın qalın qeyd dəftərçəsini tapdım. Son 4 ayda bir xeyli şey yazmışdı. Kitabdakı tilsimlərin tarixi, gücü, istifadə yolları və s. ilə əlaqədar uzun-uzudı qeydlər. Vaxt keçdikcə xəttindəki eybəcərləşmə aydın duyulurdu. Son səhifələrə çatdıqca bu cümlələri gördüm:

“Tapdım, axır ki, tapdım. Mən yaşamaq üçün çox qocayam. Həm də oğlum, nəvəm üçün darıxmışam. Getmək vaxtıdır. Amma qorxuram. Bilinməzlik məni qorxudur. O tərəfdə məni nəyin gözləyəcəyindən, ya da hal-hazırda nəyin gözlədiyindən az-çox xəbərim var. Əsas sual budur, ölümüm işə yarıyacaq? Onu göndərə biləcəyəm?”

Bunları səsli oxuyanda qardaşım mənə sual dolu gözlərlə baxırdı. Sanki mən cavabı bilir və ya bilməli idim. Söz deməyə fürsət tapmamış yan otaqdan – nurun doğulduğu otaqdan səs gəldi. Sanki kimsə tez sınan bir şeyə güclü təpik vurdu, ya da kimsə nəyi isə bilə-bilə yerə çırpdı. Axı evdə kimsə yox idi. Deməli, bu nurun özüdür. Deməli, babamın ölümü, özünü fəda eləməsi işə yaramamışdı. O, özünü bizim üçün, ailəsi üçün hədər yerə qurban vermşdi.
Qardaşım səsi eşidib yan otağa yüyürdü. Mənsə bilmirəm niyə, qalıb axrıncı səhifəni oxumağa davam etdim. Elə bil ki, hansısa qüvvə məni buna məcbur edirdi. Babamın eybəcər hərfləri sanki bağırırdı. Onlar bu çığırtını mənə çatdırırdılar:

“Bir can onu buraya gətirdi. Bir can onu azad etdi. İndi isə qayıtmaq üçün bir cana da ehtiyacı var. Kitabda aydınca belə yazılıb - onu buraya gətirən canlardan birinin doğuş yerində ölümü. Bir nəvəmin də ölümünə dözə bilmərəm. Sadəcə dua edirəm ki, mənim ölümüm, ya da ruhum, ya da canım – nə tələb olunursa, qapını açmaq üçün qəbul olunacaq”.
Bərəlmiş gözlər, peşmanlıq dolu üz ifadəsi ilə öz-özümə pıçıltı ilə dedim - Hə, aydındı. Hər şey aydındır. Deməli belə olmalıdır. Burada qurtarmalıdır. Elə başladığı yerdə. Elə indi.

Qorxmadan, sanki arxamda ordu varmış kimi, qələbəyə tam əminliklə yan otağa keçdim. Otaqda qoyun kimi gəzinən qardaşımın çənəsinə elə güclü yumruq vurdum ki, lırt bədəni yerə sərildi. Sonra boğazından yapışdım. O an necə də möhtəşəm idi. Qardaşım böyük müqəddəs məqsəd uğrunda özünü babam kimi fəda edirdi. Əsl qəhrəman. Üstündən 50 il ötüb, amma hələ də gözləri yadımdadı. Bu gözlərdə imdad çağırışı, suallar, yalvarışlar, təəssüf, qorxu, acıma var idi. Onu boğanda əlimin altındakının bir neçə dəfə sevgilim olduğunu gördüm. Sevgilisini öldürmək necə də dəhşətli hissdir.
Bacarmışdım. Çətin olmuşdu, amma bacarmışdım. Ağıl xəstəxanasında keçirtdiyim bu illərə, itirdiyim nüfuz və sərvətə bir an belə heyifslənmədim. Sevgilimi itirsəm belə, onu aid olduğu yerə göndərə bilmək mənə bu qoca yaşıma qədər bəs elədi.
Amma son günlər onu yenidən görməyə başladım. Heç qocalmayıb. Yenə də tərəvətlidir. Amma olduqca qəzəblidir. Yəqin ki, mənim üçün darıxıb. Ona görə də gedirəm. Sevgilim, bir az da səbirli ol.

***

Səhəri gün bir çox qəzetlərdə kök üzlü, xırda gözlü, seyrək saqqallı kişi şəklinin yanında bu məzmunlu yazılar çap olundu:
Otuz yaşlı A.X adında ruhi xəstə kişi (hərflər şərtidir) ağıl xəstəxanasında özünü asmış halda tapılıb. İntihar etmiş şəxsin bədəninin müxtəlif yerlərində: qollarında, sinəsində, qarnında, bud nahiyəsində ülgüc ilə kəsilmiş yaralar aşkar edilib. Yaraların oxunması mümkün olmayan hərflərə bənzər olması xüsusi diqqət çəkib. Mərhumun ipi və ülgücü haradan tapması, hadisənin intihar, yoxsa vəhşicəsinə törədilmiş qətl olması hələ dəqiq bilinmir. Qeyd etmək lazımdır ki, mərhum 14 yaşında ikən polis olan atasının tapancası ilə valideynlərini, babası, bacısı və qardaşını qətlə yetirdikdən sonra dünən ölü olaraq tapıldığı xəstəxanaya yerləşdirilib və bu müddət ərzində digər xəstələrdən mümkün qədər ayrı saxlanılıb. Həkimlər tərəfindən bildirilir ki, xəstə şiddətə meyilli olub, amma heç vaxt özünə zərər verməyə təşəbbüs göstərməyib. Məsələ ilə bağlı araşdırma hələ də davam etməkdədir...

# 1140 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #