Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Alpay Azərin "Viktoriyanın sirri" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.
Rasim Qaraca
“Parisdə az qala hər üç küçədən birində fahişə tapmaq olar. Axı bizdə seksual inqilaba nə ehtiyac var” - cümləsindən sonra hekayəni oxuya bilmədim. Müəllifə məsləhət görərdim öz gerçəklərimizi yazsın, Fransa prezidentinin həyatından yazmaq üçün onların öz yazarları var.
Aqşin Yenisey
Hekayənin mövzusu maraqlı idi, dili maraqsız. Ya da hekayənin təqdimindəki "Siyasi-psixoloji tipajlar" başlığı gözləntilərimi doğrultmadı. Çünki siyasi və psixoloji tipaj üçün fon vacib detallardan biridir. Söhbət ondan getmir ki, filmlərdə olduğu kimi psixoloji tipajın yan-yörəsində mütləq ildırım çaxsın, nəsə üsluba psixoloji rəng verən bir şey fikirləşmək olardı. Alpay bəyin bu hekayəsində isə psixoloji fon yoxdur deyə tipajlar cansızdır, özünəməxsusluqları ya azdır, ya da yoxdur. Amma mövzu baxımından hekayənin ədəbiyyatımızın Biləcəri səddini aşması uğurludur.
İlham Əziz
Alpayın hekayəsi siyasi nəsrin elementlərini özündə ehtiva edir. Bizim nəsrdə bu qəbildən hekayələr, demək olar ki, yoxdur. Hekayənin onlayn olması, bu günün reallıqlarını özündə əks etdirməsi yaxşı haldır. Hekayənin ən xoşum gələn tərəfi, həm də mətni quruluqdan xiıas edən yönü hadisənin sonlarda insan taleyinə enməsidir. Nazir vəzifəsindən istefa verib “kaskadyorluq” eşqinə düşən adamın taleyi hekayə mövzusudur, ədəbiyyatdır. Düzdü, Alpay xarakteri tam açmayıb, tələsib. Hekayəni canlı orqanizmə bənzətsək deyə bilərik ki, bütün orqanlar sağ-salamatdır, bircə ürək xəstədir, o ruhu bədənə ötürə bilmir. Ürək də ki “yaman şeydir”. Arada fikirləşirəm ki, bəlkə də, tərcümə prosesində dilindən şikayət etdiyim Alpayın hekayələri daha salamat çıxar, nəinki bizim bağlı-bağatlı hekayələrimiz. Hər halda, hekayəni Alpayın ən yaxşılarından sayıram, təbrik edirəm!
Təvəkkül Boysunar
Hekayəni necə başlayıb bitirdiyimi, demək olar ki, hiss etmədim. Çünki ustalıqla, gözəl şəkildə yazılıb. Nəticədə çox maraqlı alınıb. Bir sıra siyasi məqamları, məsələn, Fransa prezidentiylə müdafiə nazirinin dialoqunu öz əsərində əks etdirməyə, yəqin ki, çox yazıçı cəsarət etməz. Çünki bunun təbii və inandırıcı alınacağına inanmaq müşkül məsələdir. Amma müəllif, hekayəyə elə girişib ki, qarşısında onu gözləyə biləsi təhlükə və uğursuzluğun nəfəs almasına, göz açmasına belə imkan verməyib və elə bu səbəbdən də həm hekayəyə axıcılıq qazandıra bilib, həm qeyd etdiyim siyasi məqamları olduqca təbii göstərərək oxucuda şübhə yaranmasına izn verməyib, həm də mütaliənin zövqlü olması üçün lazım olan məqamları təmin edə bilib. Yazıçı üçün çox vacib olan uydurma ustalığının, maraqlı tərzdə yaza bilmək bacarığının uğurlu əksini bu hekayədə görmək mümkündür. Sonluqda da oxucunu təəccübləndirməyə nail ola bilib. Müəllifi təbrik edirəm və uğurlar arzulayıram.
Orxan Həsəni
Alpay Azərin hekayəsi maraqlı idi. Təbrik edirəm.