Kulis.az İlahə Səfərzadənin "Lal" hekayəsini təqdim edir.
Həyəcandan ayağı ayağına dolaşa-dolaşa, sürətlə addımlayırdı. Hərdən şiddətlənib, hərdən də yavaşıyan yağış kələ-kötür asfalta dolub hər tərəfdə gölməçə yaratmışdı. Gecə saatları olduğu üçün ətrafda, demək olar ki, adam gözə dəymirdi. Buna baxmayaraq, qıza yenə də elə gəldi ki, kimsə onu izləyir. Addımlarını yeyinlətdikcə bu qorxu hissi bütün vücudunu sarıb, ruhunu əsir alırdı. Məntiqli düşünə bilmirdi. Fikirlər beynində fırlanır, az öncə törətdiyi dəhşətli hadisənin də bu məntiqsiz düşüncənin nəticəsi olaraq meydana gəldiyini yəqin edir, lakin bu qərara gəlmək üçün illərlə düşündüyünü xatırlayıb, soyuq tər tökürdü.
Anası həmişə bu misalı çəkərdi: “Qorxunun əcələ faydası yoxdur”. Hərçənd, anasına nifrət edirdi. Aciz və müti olduğu üçün onu bu dünyada tanıdığı ən pis qadın olaraq qiymətləndirmişdi. Amma yaxşı ki, bu məsəli demişdi. Ən çox qorxduğu anlarda belə bu cümlə həmişə dadına çatmışdı. Düşündü ki, hər insanın həyatında mütləq mənəvi güc aldığı hansısa cümlələr olmalıdır...
Təkcə qorxudan dili tutulduğu gün talisman kimi sığındığı bu cümlə də köməyinə yetişməmişdi. Uşaq evində müəlliminin onu vəhşicəsinə döyməyi yaddaşının dərinliyində silinib getməyən ləkə kimi qalmışdı. Hər dəfə qazıyıb atmağa çalışanda daha da dərin, mikroblu yaraya çevrilmişdi. Bir müddət sonra o yaranın çapığı ilə barışmış, hətta isinişmişdi ona. Bəsləyib böyütmüş, unutmamaq üçün hər gün xatırlamışdı. Uşaqkən aldığı bu yara gələcəkdə onun intiqam hissini körükləyib, qisas ala bilməsi üçün stimul olacaqdı. Onu ana öz balasını əzizlədiyi kimi əzizləmişdi.
O gündən sonra bir daha danışmamışdı. Əslində, dili tutulmuşdumu, yoxsa danışmadan yaşamaq ona daha rahat gəlmişdimi – bu özünün də bilmədiyi bir sirr idi. Danışıq qabiliyyətinin olub-olmaması barəsində belə heç nə bilmirdi.
Fikri qeyri-iradi olaraq eramızdan əvvəl milyon illər öncəki zamanlara getdi. Görəsən, necə olmuşdu ki, insanlar səsləri sözlər, onları isə cümlələr halına salıb öz duyğularını ifadə etməyi öyrənmişdilər? Ya da, görəsən, yaşanmış elə bir duyğu qalmışdımı ki, onu sözlərlə ifadə etmək mümkün olmasın? Onun anasına qarşı olan bu hisslərinə nə ad vermək olardı? O, anasını həm sevir, həm də nifrət edirdi. O, anasını həm yaşatmaq istəyir, həm də ölməyini arzulayırdı. Bu ölümlə əbədi rahatlığa qovuşacağına inanırdı. Ola bilərdi, heç kimlə ünsiyyətdə olmamaq onun ağlını da əlindən almışdı. Görəsən, o hansısa müvəqqəti dəlilik sindromundan əziyyət çəkir? Hər halda, anasını öldürmək arzusuna haqq qazandırmaq üçün bu bəhanənin ardına sığınmaq ona çox sevimli görünür. Nəticədə, dünyadakı bütün qatillər bir bəhanənin həndəvərində özlərini daha yüngülləşmiş cəzaya layiq görürlər.
Gözləri doldu. Anasını həmişə sevmək istəmişdi. Bəlkə də, ona olan nifrəti də mərhəmət duyğusundan irəli gəlirdi. “Mərhəmət” sözünün ağlına gəlməyinə yeni bir söz kəşf edibmiş kimi sevindi.
Birdən beyni keçmiş xatirələri dünən baş veribmiş kimi canlandırdı. Bir an gözlərini çox bərk sıxıb keçmişin ruhi xəyalətlərini qovmağa çalışsa da, bunu edə bilmədi.
Ögey atası onu öz evində istəmədiyini, uşaq evinə aparmalı olduqlarını deyəndə, qapının ardından eşitdiyi bu sözlər onun üzünə şillə kimi dəymişdi. Hələ beş yaşlı uşaq olsa da, onun çəlimsiz, arıq bədəni bu sözlərin ağırlığı altında əzilirdi. Anasından ayrılmaq mümkün ola biləcək ən qorxunc hadisə idi. Düşünmüşdü, Tanrı onu cəzalandırır. Ola bilsin, qonşunun uşaqları ilə oynayarkən istəmədən öldürdükləri o pişiyə görə. Axı anası demişdi ki, heyvanları öldürmək günahdır. Hələ bu harasıdır! Tanrı o biri dünyada da onun yaxasından yapışıb cəhənnəmə vasil edəcəkdi. Cəhənnəm haqqında o qədər ciddi düşünürdü ki, elə bil bu mücərrəd bir məkan deyil, həqiqətən də, mövcud olan yerdir. Artıq iyirmi üç il keçməsinə baxmayaraq, hələ də bu fikirdə idi. Nə zamansa cəhənnəmə gedəcək. Fərqi nədir, illər sonra, ya da bu gün?!
Uşaq evindən çıxandan sonra müxtəlif işlərdə çalışmışdı. Bir də anasının harada yaşadığını öyrənə bilmişdi. O, əri öldükdən sonra tək yaşayırmış. İkinci ərindən olan uşaqları isə başqa ölkəyə işləmək üçün gediblər. Dərindən köks ötürdü. Nəfəsi çatmırdı.
Bəzən, sevgi münasibətləri də yaşamışdı. Amma həmin münasibətlər möhkəmlənməyə başlayanda onu sevən adamları özündən uzaqlaşdırmaq üçün əlindən gələni edirdi. Eynən anasının uşaq vaxtı onu uşaqlar evinə qoyub getdiyi kimi. Çünki qəlbinin dərinliyində bir gün mütləq tərk ediləcəyinə inanırdı. Heç kim onu öz yoxluğu ilə sınayıb, qürurunu parçalamadan, özü onları tərk edib bundan mənəvi zövq alırdı. Ardında qoyduğu adamları düşünmək necə də xoş idi! İndi o, özünü daha güclü hiss edirdi. Onun sevgi anlayışı bu idi. Sevgi tərk etməkdir.
Baxmayaraq, uzun illər məhz anasını öldürəcəyi bu günü gözləmişdi, nədənsə, indi peşmanlıq hissi ürəyindən ağır bir yük kimi asılıb, rahat nəfəs almağına belə imkan vermirdi. Ayaqları onu gəldiyi yolla daha da sürətlə geri apardı. Qapını ürkək toxunuşla yavaşca döydü.
- Kim lazımdır, qızım? – anası qapını açıb illər öncə tərk etdiyi qızına şəfqətlə baxdı. Bəlkə, şəfqət deyildi. Çünki o, qızını heç tanımırdı. Böyüyüb necə biri olduğu barədə məlumatı yox idi. Ola bilsin, onun gözlərində şəfqətə oxşayan bu ifadə sadəcə insanlıq duyğusundan irəli gəlir. Çöldə yağışdan islanıb qapını döyərək məlul-məlul baxan qıza hamı acıya bilərdi. Amma indi bunun fərqi yox idi. İndi anasının gözündəki hər hiss ona doğma idi və sevgi vəd edirdi.
Haradasa, yarım saat öncə onun qapısına işlədiyi şirniyyat dükanının məhsullarından qoymuşdu. Amma bəzilərinə zəhər qatmışdı. Ürəyinin dərinliyində inanmışdı ki, xainliyin hökmran olduğu ikiüzlü dünyadan anası kimi qorxaq və iradəsiz insanı ancaq bu şəkildə xilas edə bilər. Uzaqdan gizlicə baxıb şirniyyatları götürdüyünə əmin olduqdan sonra oranı tərk etmişdi. Bunca nifrətin qarşısında bəs hansı hiss olmuşdu onu ardına belə baxmadan hövlnak geri dönməyə məcbur edən? Sevgi? Buna kim inanar? Gülüncdür! Onun ki içində belə gözəl duyğulara yer yox idi. Qəribə sükutu yenə anası pozdu:
– Qızım, nəsə lazım idi? – nəsə düşündü, ya da, deyəsən, doğmalıq hiss etdiyi üçün dedi. – Çöldə yağışdır, gəl içəri.
Heç nə demədən bu təkliflə tez razılaşdı. Yaxşı ki, anası hələ şirniyyat bağlamasını açmağa macal tapmamışdı. İndi onları sadəcə yox etmək lazım idi. Anası onun islanmış paltarlarını dəyişməsi üçün öz paltarlarından gətirdi.
- Al, qızım, geyin. Köhnədir, amma təmizdir.
Heç nə demədən paltarları alıb müti şəkildə əynini geyindi. Ana qayğısı onun qəlbini isidirdi. Bu duyğunu yaşamaq üçün nə qədər göz yaşı tökmüş, neçə könül ağrısı yaşamalı olmuşdu. Mətbəxdə çay dəmləyən anasının nədənsə gözləri dolmuşdu. Amma danışdığı söhbətlərin qarşılığında ondan cavab gözləyən baxışlarını üzünə dikmirdi artıq. Deyəsən, onun lal olduğunu anlamışdı.