Kişilərə dur deyin! - Günel Natiqin romanı - Dördüncü hissə

Kişilərə dur deyin! -  Günel Natiqin romanı - Dördüncü hissə
8 iyun 2024
# 10:00

Kulis.az Günel Natiqin "Kişilərə dur deyin!" romanının dördüncü hissəsini təqdim edir.

Əvvəli burada

Admin: “Qızlar, qadınlar qrupunda qonağımız var. Feminist psixoloq Xanım X. Suallarınızı verə bilərsiniz”.
Anonim: “Xanım X, niyə kişilər bizi Tükəzban, Fatma adlandırır, rus xanımlarını bizə nümunə göstərirlər?”
Xanım X: “Çünki özləri Novruzəli kompleksindən əziyyət çəkirlər. Deyirlər ki, Qaradivar şəhərinin xanımları inkişafdan geri qalır, amma özlərinin də əhəmiyyətli bir irəliləyiş əldə etdiyini görməmişəm. Qadın kişinin əsəridir. Dediniz ki, rus qadınlarını “Fatma, Tükəzban”dan üstün tuturlar? Elə isə getsinlər rus kişilərinə minnətdarlıqlarını bildirsinlər. Nataşanı azad və müstəql edən kimdir? İvan!”
Adsız qadın: “Xanım X, mən necə edim ki, komplekslərimdən qurtulum?”
Xanım X: “Qaradivar şəhərinin xanımlarının komplekslərdən qurtulması balaca məsələ deyil. Bu komplekslərin əsası əsrlərlə qoyulub. Yeri gəlmişkən, elə kişilər tərəfindən. Axı bəyənmədikləri, kompleks saydıqları xüsusiyyətləri dəyərə çevirən və öz ailələrində tətbiq edən onlardır. Azərbaycan ailəsində böyüyən qız uşaqları hələ körpəlikdən bilir ki, "yaxşı qız ağır oturar, batman gələr". "Çox gülməz, çox danışmaz, sonra qonum-qonşu nə deyər". Beləcə, Azərbaycan qadını qadın olmağın məsuliyyətini körpəlikdən çiyinlərində daşıyır. Hər hansı qərar qəbul edərkən birinci qonum-qonşunun, sonra əmi-dayının, sonra cəmiyyətin "nə deyəcəyini" düşünür. Əks halda, qonum-qonşu da, əmi-dayı da, cəmiyyət də deyəcəyini deyir. Azərbaycan qadını bu stereotiplərlə böyüyüb və onun cəmiyyətdəki davranışı da bu "qaydalara" hesablanıb. Bir sözlə, Qaradivar şəhərinin qadınının kompleksdən qurtulması üçün kişilər özlərini və ailəyə, qız uşaqlarına münasibətlərini dəyişməlidir”.

Nihal Xanım X-yə sualını yazmaq istədi, sonra vaz keçdi. Evləndikləri ilk illərdə ərinin sevgisindən-qayğısından şikayəti yoxuydu. Dilavər onun başına dolanırdı, az qalırdı onun eşqinə dağları çapsın. Nihalın həyatında ilk kişi olmağın qürurunu yaşayırdı. Qızı ilk dəfə öpmək istəyəndə, onun naşı olduğunu görmüş, bu da qəlbini isitmiş, qadınını gözündə ilahiləşdirmişdi. Ona gülməmiş, ələ salmamışdı. Bəs indi nələr oldu ki, Nihala baxışı dəyişdi? Nihal axı onun istədiyi kimi arvad olmağa çalışırdı. Bunu geyinmə! Tamam. Ora getmə! Tamam. Onu demə! Tamam. Bəlkə, problem elə burdan başlamışdı? Dilavərə çox güzəştə getmişdi.

“Kişilər, adətən, onlara güzəştə gedən qadınları sevmirlər", – bir rəfiqəsi belə demişdi. "Onlarla döyüşə həmişə hazır olacaqsan". Nihal bu sözlərə gülmüşdü. “Mən iki canda bir ürək olmaq istəmişəm, sevdiyimdə əriyib yox olmaq istəmişəm, onunla niyə döyüşüm ki?” Rəfiqəsi ona baxıb ah çəkmişdi: “ Bu illər də səni dəyişmədi, Nihal, bundan sonra çətin nəsə düzələ”.

Həmin rəfiqəsini on beş ildən sonra sosial şəbəkədə tapmışdı. Daha doğrusu, qadın özü onun həyatına yürüş etmişdi. Bu vaxt ərzində Nara keçmiş yaralarını sarmış, özünü yaxşıca tutmuşdu. Qızıl mədənini isə "dyadya Arif"lə tanışlıqdan sonra tapmışdı. “Dyadya Arif” zövcəsi və uşaqları ilə bərabər üzbəüz mənzildə yaşayırdı. 60-65 yaşlı ucaboy, şax qamətli adam olan Arif onun təsəvvürləri ilə daban dabana zidd idi. Naranın fikrincə, varlı-hallı adamın hökmən yekə qarnı olmalıydı.

Nara həmin vaxt aptekdə işə düzəlmişdi, azdan-çoxdan qazansa da, arzuladığı həyat üçün kifayət deyildi. “Dyadya Arif”ə çoxdan göz qoymuşdu, onu öz cənginə almaq üçün fürsət gəzirdi. Qonşunun evini “nişanda saxlamaq” üçün, az qala, binokl satın alacaqdı. Kim gəlir, kim çıxır, hamısını incələyirdi. Bir gün “dyadya Arif” evdə tək olanda, Nara işığı qovşaqdan ayırıb qonşunun qapısını döydü. “Dyadya Arif” tellərini əliylə buraraq ona şirin-şirin baxıb gülümsəyən qonşu qızı görəndə ilk əvvəl ağlına heç nə gəlmədi. Bir də ki, qız ona “dyadya” deyə müraciət edirdi:

– Dyadya Arif, işığımız yanmır. Baxıb çarə eləyə bilərsiniz?
– Əslində, elə də başım çıxmır, amma nəsə eləməyə çalışaram, – kişi mızıldadı.
Nara ona işvəli nəzər salıb mənzilinə girdi, “dyadya Arif” də ardınca. Yarım saatdan sonra kişi ordan çıxanda pörtmüşdü, tövşüyürdü, heç ağlına gəlməyəcək bir şey baş vermişdi.

O gündən Nara arzuladığı həyata qismən qovuşdu: tezliklə evini təmir etdirdi, qarderobunu dəyişdi və özünə yeni maşın aldı. Cidanı çuvalda gizləmək mümkün olmadığı kimi, bu münasibəti də uzun müddət gizli saxlamaq olmadı. Tezliklə xısınlaşmalar başladı, “dyadya Arif”in zövcəsi bu məsələyə aydınlıq gətirmək üçün şəxsən özü Naranın evinə gəldi. Nara and-aman eldi, hətta göy əskiyə bükdüyü “müqəddəs kitab”ı da gətirib əl basdı. “Dyadya Arif”lə mənim aramda nə ola bilər? Ayıb deyil? Bu adama mən “dyadya” deyirəm, “dyadya!”

“Dyadya Arif”in zövcəsi ona inanmağa başlamışdı ki, bir təsadüf hər şeyi aşkar etdi. O gündən sonra qadın Naraya düşmən kəsildi. Kim olduğunu da uca səslə hamıya elan elədi. Həyətdə üz-üzə gələndə, bərkdən: “Paho, bu fahişə də rastıma çıxmağa vaxt tapdı”, – deyə söyləndi. Məhəllədəki gözəllik salonunda görəndə ikrahla süzüb hamının eşidəcəyi səslə: “Fahişə də burdadır, mən sonra gələrəm", – deməkdən çəkinmədi. Amma hətta bu qədəri də Naranın “dyadya Arif”dən əl götürməsinə kifayət etmədi. Çünki hələ alacaqları vardı. Yeni tikilidə ev hədəfləmişdi; belədə həm “dyadya Arif”in arvadından uzaq olacadı, həm də çoxdankı arzusuna qovuşub geniş, axar-baxarlı mənzildə güzəran keçirəcəkdi.

Nihal özü də bilmirdi, belə bir qadınla onu nə birləşdirir. Əslində, on beş il əvvəl Nara heç də belə qız deyildi, bəlkə də, görə bilməmişdi. Nara Nihalın azadlığıydı, elə bir azadlığı ki, onun sayəsində həyatdan xəbər tuturdu.
… … …
Sahilə: “Qızlar, salam. Keçən gün sizə ərimin istədiyi kimi qadın olmağa qərar verdiyimi demişdim. Ona sürpriz etdim. Xarici görünüşümdə bəzi dəyişikliklər etdim… Gözəl paltarlar geydim… Və… və nəvaziş göstərmək istədim. O bunu anlamadı… Əlimdən elə tutdu ki, az qaldı qolum qırılsın. Dedim, qolumu ağrıdırsan. Bağırdı ki, sənin qolun qırılmalıdır. Bu oyunları hardan öyrənmisən? Dedim, sadəcə, sənə nəvaziş göstərmək istədim. “Nəvaziş göstərmək? Fahişə kimi davranırsan!” “Axı özün dedin ki... mən soyuğam…” “Sən də birdən-birə qızışdın, hə, qızışdın?” Qızlar, artıq nəyin pis, nəyin çox pis olduğunu ayırd eləyə bilmirəm, hər şey beynimdə qarışıb. Xahiş edirəm, mənə bir məsləhət verin, bircə qınamayın, nə olar. Onsuz da, özümü bərbad hiss edirəm…”
Ayla: “Xanım, inciməyin, amma sizə lap əcəb olub. Kaş ki söyməklə qalmazdı, həm də əzişdirərdi ki, bəlkə, ağlınız başınıza gələydi!”
Aliyə: “Ayla, niyə belə deyirsən. O da bir xanımdır, niyə belə sözlərlə onu incidirsən? Ərinə yaxın olmaq istəyib, burda nə var ki?”
Bəsti: “Ayla, bura bax, bəyəm ərə nəvaziş göstərmək şəxsiyyətsizlikdir? Ər- arvad arasında qürur söhbəti ola bilməz!”
Ella: “Qadına qürur elə ərə gedəndən sonra lazımdır. Yoxsa boynuna minərlər”.
Bəsti: “Ayla, sən subaysan, çox incəlikləri bilmirsən. Ərə gedəndən sonra bilərsən dünya neçə bucaqlıdır”.
Ayla: “Hörmət də qarşılıqlı olmalıdır. Səni adam yerinə qoymayan birinə nəvaziş göstərsən, əlbəttə ki, mənliyin tapdalanar. Ərə getmək haqqında isə düşünmürəm və düşünməyəcəyəm. Mən azad qadınam. Azad yaşamağa qərar vermişəm”.
Ay işığı: “Məhəbbətini nakam yaşayacaqsan?”
Ayla: “Heç də yox. Ərə getməmək o demək deyil ki, cinsəl həyatdan vaz keçəsən”.
Zəhra: “Bacı, günah edirsən, ağlını başına yığ. Biz müsəlman xalqıyıq, bizə yaraşmaz. Günah eləmə!”
Ayla: “Birincisi, müsəlman xalqı yox, müsəlman camaatı. İkincisi də ki, din insanın özəl həyatına qarışmamalıdır. Dinin də öz yeri var. Mən məsciddə müsəlmanam. Mən dinə sarı getməliyəm, din gəlib mənim nə işlə məşğul olduğuma müdaxilə etməməlidir. Həyatımı dinə uyğunlaşdırıb yaşamamalıyam ki!”
Adsız: “Bilmirəm, Aylasan, nəsən, yanımda olsaydın, saçlayardım səni. Bunun biədəb şeylər yazmağına bax. Tərbiyəsiz ləçər”.
Ella: “Ay “Adsız” xala, sən özünə bax da. Heç sən də özünü çox tərbiyəli aparmırsan”.
Möminlər adası: “Ella, başından böyük qələt eləmə, gəlib səni cıraram!”

Nihalın səbri tükəndi, sosial şəbəkədən ayrıldı. Qrupda belə davalar çox olurdu, kiminsə sözü kiminsə boğazından keçmirdi. Necə deyirlər, ikidən artıq qadının bir yerdə olması artıq fəlakətdir. Amma bu Ayla yaman cəsarətli qızdır. “Sevdiyim kişi var, amma ərə getməyəcəyəm, vətəndaş nikahı ilə yaşayacağıq”, – dedi. Yəqin, yol verməz ki, əri Dilavərin mənimlə davrandığı kimi davransın. Həm onun tapdığı kişi Dilavər kimisi olmaz. Müasir həyatla ayaqlaşan, qadınına hörmət edən bir kişi olar. Yoxsa Dilavər kimi: “Onu geyinmə, ordan keçmə, ucadan gülmə. Sənə görə mənə söz gəlsə, asaram səni”. Çox vaxt deyirlər, kişi cinsəl cəhətdən təmin olunmayanda əsəbi olar. Amma dünənki gündən sonra əmin oldum ki, belə deyil. Kişilərin istədiyi elə bir şeydir ki, o, gerçəkdə mövcud deyil. Yoxdur elə bir şey. Bizi lağa qoyurlar ki, qadın nə istədiyini bilmir, ya da filosofanə sual verirlər: “Axı qadın nə istəyir?” Yəqin, Nara olsaydı, deyərdi, canınıza azzar istəyir! Bəlkə də, kişilərə elə Nara kimi qadın lazımdır, son qəpiyinə kimi əlindən alsın, lümlüt qoysun. Hələ bu Ayla... Bəs bu zavallı Sahilə, mənim kimi ərinə sürpriz etmək istədi, amma əvəzində lağa qoyuldu. Onun nə günahı var? Yazıq qız həmcinslərilə dərdini bölüşmək istədi, amma heç dinləyən də olmadı, ortaya dava düşdü. Ey gidi dünya. İnsanlar zəif olanı əzməyi sevirlər, öz eqolarını təmin edirlər bir növ. Sanki bununla öz dərdlərindən intiqam alırlar. Çünki fərqinə varmadan həmin dərddən təsirlənirlər, az qalırlar, ona uysunlar, beləcə qəzəblənərək həmin dərdi iqnor edirlər. İnsan qəliz məxluqdur, nə vaxt nə edəcəyi heç bəlli deyil. Amma Dilavərin etdiyi məni çox üzdü. Görəsən, üzrxahlıq eləyəcək, yoxsa yenə görməzdən gələcək. Əslində, o bilmir ki, təhqir olunan qadın necə təhlükəli ola bilər..."
… … …
Qara paltarlı qadının qəfil gəlişindən sonra Begümlə Adamın arasında gözəgörünməz uçurum yaranmışdı. Begüm onun həmin qadının sözlərindən təsirləndiyini başa düşür, amma özünü o yerə qoymurdu. Çünki onun fikrincə, hansısa problemi qabartmaq həmin məsələyə diqqət çəkmək idi, nəticədə isə qarışqa böyüyüb fil boyda olurdu. Görməzdən gəlmək ən yaxşısıdır, deyirdi öz-özünə. Hətta demirdi, özünü görməzdən gəlirdi. Adamı sorğulamayacaq qədər güvənirdi özünə; evli olması onun aləmində heç nəyi dəyişmirdi, hətta bundan gizli bir həzz də duyurdu. Bir vaxtlar əri ona çox od qoymuşdu, üzə vurmasa da, onu başqa qadınlara dəyişməsi Begümə yer eləyirdi. İndi bu yolla öz keçmiş üzüntülərinin intiqamını alırdı.

Amma adam dəyişilmişdi. Daha ona əvvəlkitək heyranlıqla baxmırdı, saçını oxşamırdı, səhər yeməyini hazırlayıb (bəzən Begümün yanında gecələyirdi), sevimli qadınının yatağına gətirmirdi. Hərçənd, əsas vəzifələrini hər zamankı kimi görürdü, hər səhər onu işə aparır, axşam işdən götürür, evin bütün maddi qayğılarını həll edirdi.

Hətta Begümü artıq “Günəşim” deyə də çağırmırdı. Begüm, əslində, belə kiçik şeylərə fikir verən deyildi, amma ona pərəstiş edən kişinin belə lal-dinməz olması ona yer edirdi. “Bəlkə, vaxt keçib, bezib, soyuyub”, – deyə düşünmək ağlına gəlməsə də, bunları da beyninin bir yerində çözələyirdi. Amma o qədər də çox vaxt keçməmişdi, bu soyuqluq həmin qadının hücumundan sonra başlamışdı. Demək, məsələnin arxasında yalnız həmin söhbətlərdən çıxardığı nəticələr gizlənirdi. Sözsüz ki, özü üçün hansısa dərs çıxarmışdı. Bəlkə də, Begümün onu ən uyğunsuz vaxtda atacağından şübhələnməyə başlamışdı?

“Ərim”dən mesaj gələndə, qonağı olduğu “Avropa yayını” radiosunun canlı efiri tamamlanmışdı.
– Gəldim.
Begüm çəhrayı plaşını geyindi, sarı-narıncı saçlarını güzgüdə qaydaya saldı, brend markadan olan eynəyini və onunla dəst çətiri götürüb ahəstə addımlarla foyeyə düşdü.
“Dünya xalqlarının musiqisi” şöbəsinin müdiri onu görən kimi ağzı qulaqlarının dibinə getdi. Nə edəcəyini bir anlıq bilməyib, xəfifcə sağa-sola yelləndi. Sonra bir əliylə cəngavər jesti edib dilləndi:
– Yer üzünün ən əsrarəngiz və maraqlı xanımı! Sizinlə tanış olmaq şərəfini məndən əsirgəməyin.
Begüm gülümsünüb çətirini nazla adamın qoluna vurdu:
– Niyə də əsirgəyim? Balacaboy kişiləri sevirəm, qadına altdan yuxarı baxanda çox romantik görünürlər!
Kişi bərkdən gülüb qapıda onu irəli buraxdı.
– Yemə, içmə, bu xanıma pərəstiş et! Axı siz nə edirsiniz ki, gündən günə gözəlləşirsiniz! O biri xanımlar sizin yanınızda çox solğun görünürlər.
– Bu mənim günahım deyil, inanın, – Begüm əlini sinəsinə sıxdı. Əlinin xəfif titrəyişi müdirin gözündən yayınmadı.
Maşın siqnalı ikisini də söhbətdən ayırdı. Begüm indi fərqinə vardı ki, "Ərim"in maşını həyətdədir. Ona əl edib, üzünü müdirə tutdu:
– Sağ olun, sağ olun, biz hələ sirlərimizi bölüşərik, – deyib yüngül addımlarla maşına tərəf getdi.
Müdir udqunaraq qadının arxasınca bir neçə saniyə baxandan sonra arvadının mesajındakı tələbini (“gələndə iki kilo kartof alarsan”) yerinə yetirməyə yollandı.
Begüm avtomobildə oturandan sonra da Dilavər maşını işə salmağa tələsmədi. Begümün ondan heç nə soruşmadığını görüb özü dilləndi:
– O mənasız məxluq kim idi? Lap çaqqal əniyinə oxşayırdı.
– Çaqqal... nəyi? Radioda “Dünya xalqlarının musiqisi” şöbəsinin müdiridir, özü də ifaçıdır.
– Sən Allah, onu dünyaya-zada çıxarmayın, deyərlər, bu millət nə gündədir ki, aralarından bunu seçib göndəriblər.
Dilavərə öz sözləri o qədər ləzzət elədi ki, başını dala atıb bərkdən güldü.
– Heç də belə deyil. Müasir adamdır, dünya musiqisindən də yaxşı başı çıxır, – Begüm maşının güzgüsündə saçlarını qaydaya sala-sala dedi. – Yoxsa Alen Delonun cavanlığını görmək istəyirdin qarşında?
– Alen Delon təhqir olundu, – adam gülməyini kəsdi və birdən-birə ciddiləşdi. – Yaxşı, gedirik?
– Hara? – Begüm qəsdən soruşdu.
– Evə, sizin evə, hara gedəcəyik, – adam gözlərini maşının qabaq pəncərəsinə dikərək dedi. – Evə getməyəcəkdin?
İlk vaxtlarda Begümü işdən sonra harasa əyləncəyə aparardı. "Hansısa kafe açılış edir, yeni növ qəhvələrin dadına baxarıq, sonra da canlı musiqiyə qulaq asmağa gedərik" kimi təkliflər verirdi.
– Hə, təzə mahnımı evdə məşq etməliyəm, saat onda isə studiyaya yazdırmağa gedəcəm...
– Saat onda? Niyə belə gec?
– Bəstəkar Afik onda gələ biləcək.
– O da bayaqkı poklonnikinə – çaqqal əniyinə oxşayır? Yoxsa Alen Delonun kaftar vaxtına?
– Bred Pitə oxşayır, – Begüm ona sarı dönmədən dodaqlarını büzüb güzgüdə özünə bir də baxdı və ən şirin təbəssümü ilə dedi: – Əgər etibar etmirsənsə, özün apar. Bilirsən, nə təklif edirəm? Axşam yeməyini evdə yeyək, “Milan” restoranından pitsa filan və kofe sifariş verərik... Necə fikirdir?
– Əslində, işim vardı...
– İş gözləyə də bilər. Yoxsa Günəşini səsyazma studiyasına tək buraxacaqsan?
– Yox, həmin saatda gəlib səni götürə bilərəm... Yaxşı, sən yuxarı çıx, mən dostuma zəng edib gələ bilməyəcəyimi deyim.
– Yaxşı, Ərim. Evimizdə görüşərik.

Begüm onun "sənin evin” kəlməsindən sonra bilərəkdən “evimiz” kəlməsini dilə gətirdi – yəni, eyni sahildəyik.
Blokun ağır dəmir qapısının üstündəki kodu yığana qədər bir-iki dəfə dönüb maşına baxdı. Adam nədənsə telefonla zəng etmirdi, düz qarşıya baxırdı. O hadisədən sonra Begüm daha diqqətli idi, yan-yörəni nəzarətdə saxlayırdı ki, şübhəli nəsə olsa, lazımi yerlərə bildirə bilsin. Polis idarəsində yaxşı tanışları vardı, məxfi qaydada izahatını vermişdi. Polisdən bildirilmişdi ki, həmin qadın sarıdan (adı Bella idi) artıq bir problem ola bilməz, o özü də fərqində olmadan nəzarət altındadır. Amma onun tutulmasını Begüm istəmirdi, nədənsə özünü inandırmışdı ki, əgər Bellanı qazamata salsalar, doğrudan da, özünü suçlu hiss edəcək.
Yarım saatdan sonra sifariş etdikləri yeməklər artıq masaya düzülmüşdü.
– Ərim, ay Ərim...
– Hə, – Dilavər başını qaldırdı.
– Bilirsən, ən çox nə haqqında düşünürəm?
– Nə haqqında?
– Tanış olduğumuz ilk gün haqqında. Həmin gün həyatıma ayrı bir həyat qovuşdu.
– Elə? –Adam maraqla soruşdu.
– Elə.
– Elə bildim, mənə evdəki şkaf kimi baxırsan. Yəni varlığımla yoxluğum vecinə deyil.
– Zarafat edirsən? – Begüm özünü təəccüblənmiş kimi göstərdi. – Bunun belə olmadığını bilirsən. Sən mənim üçün özəlsən. Sən mənim ilk sevgim, ilk toxunuşum, ilk dodaq boyam kimisən, bilirsənmi…
– Açığı, mənə pomadan kimi baxdığını bilmirdim. – qəfil başını qaldırdı. – Begüm, maraqlı qadınsan, məni sənə bağlayan da, yəqin, budur. Nə olursa olsun, sən olmayanda bir yanım boş qalır. Sənin sözlərini, düşüncələrini özləyirəm. Səndə məni həm itələyən, həm də cəlb edən çox şey var…
– И Бог создал женщину...
Begüm məşhur fransız filmindən bu sitatı gətirməyi çox sevirdi.
– Bricit Bardonun kişiləri başdan çıxardan obrazını elə vaxtda xatırladırsan ki, lap yerinə düşür. Bəs niyə soruşmursan məni itələyən nədir səndə? Hə, bağışla, sənin buna ehtiyacın yoxdur. Sən nöqsanlarının olduğuna inana bilmirsən. Hər bir qadın kimi.
– Hmm... “Hər bir qadın kimi”. Əvvəllər Günəşin idim, indi hər bir qadınmı oldum? – Begüm bunu deyib incə-incə güldü, yəni, əslində, vecimə də deyil.
– Hərdən fikirləşirəm ki, bu qadın insanların ürəyini görə bilmir. Sən həyatın da, insanların da daha çox zahirini sevirsən.
– Yəni eyni uğurla bir maneken də mənim xoşuma gələ bilər? – Begüm yenə güldü.
– Bəlkə də. Xüsusilə, əgər dəblə geyinibsə.
– Məgər sən mənim zahirimi sevməmisən? Hə? – Dilavərin tutulduğunu görüb əlavə etdi: – Sən axı inciməməlisən, çünki sən də dəblə geyinirsən, elə deyil? – Begüm adama yaxın oturdu, başını nəvazişlə sığalladı, köynəyinin üst düyməsini açdı.
– Begüm, studiyaya gedəcəkdik…
– Vaxta çox var, – Begüm əlini onun dodaqlarına qoydu.
Adam incə barmaqların toxunuşuna qapıldı, Begümün öpüşlərini cavabsız qoymadı. Telefona gələn mesaj səsi də onları bir-birindən ayıra bilmədi.

Nəhayət, adam Begümdən ayrılıb hamama gedəndə, qadının nəzərləri bayaqdan “mən də burdayam” deyə bağıran telefona yönəldi.

Hamamın qapısı örtüləndə telefonu götürüb mesajı oxudu:

“Vacib bir məsələnin səninçün bu qədər önəmsiz olduğunu bilmirdim. Hər halda, mən hər gün hamilə qalmıram".

Ardı var...

# 2305 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #